Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında “Akademik və tədqiqat əməkdaşlığı sahəsində” anlaşma memorandumu imzalanıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindin Gülnar Səma turan.info.az-a məlumat verib ki,
tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Koreya ilə Azərbaycan arasındakı münasibətin uğurla inkişaf etdiyini bildirib. Bu cür əməkdaşlıq müqavilələrinin qarşılıqlı münasibətlərin daha yaxşı inkişafına töhfə verəcəyini vurğulayıb.
Akademik qeyd edib ki,
mən Naxçıvan Dövlət Universitetində işləyərkən Koreyadan tələbələrimiz vardı, koreya dili kursu da açmışdıq. Sizin tərəfinizdən Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını tərcümə edib Koreyada yayımlamağınız çox yaxşı haldır. Həmçinin bildirib ki, Ədəbiyyat İnstitutunda şərq ədəbiyyatı hərtəfli öyrənilir. Professor Bədirxan Əhmədlinin rəhbərlik etdiyi Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi bu işdə xüsusilə fəaldır. İndiyə kimi, Çin, Hindistan, Pakistan kimi ölkələrlə əməkdaşlıq müqavilələri imzalanıb. Koreya üzrə kordinator isə həmin şöbənin əməkdaşı Leyla Həsənzadədir.
Sonra Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, YUNESKO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi Eunkyung Oh da Ədəbiyyat İnstitutu ilə əməkdaşlığın uğurlu töhfələr verəcəyinə ümid etdiyini bildirib. Xanım Eunkyung Oh Qarabağ haqqında kitab yazdığını bildirib. Həmçinin qeyd edib ki, Azərbaycan ədəbiyyatı koreya dilinə kütləvi şəkildə çevrilməyib. Koreyada türkoloji bölümdə doxsana yaxın tələbə oxuyur. Bu anlaşmadan sonra əməkdaşlığın daha da genişlənəcəyini diqqətə çatdırıb.
Eyni zamanda Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsənli və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xanım Zairova da imzalanma mərasimində iştirak ediblər.
Aygül ÇOBANOVA,
turan.info.az
.