Şəmil Sadiqin nəşr üçün
təqdim edilmiş
“İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı kitabının əlyazmasına
RƏY
Yazıçısı, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Mustafa oğlu Hüseynov (Muğanna) yaradıcılığı Azərbaycan ədəbiyyatında maraq dairəsində olsa belə, ədibin yaradıcılığı haqqında elmi tədqiqatlar kifayət qədər deyildir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin nəşr üçün təqdim etdiyi “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kitabın əlyazması bu baxımdan aktuallıq kəsb edir.
Kitabın əlyazması “Tarixilik, mistika, dini mifoloji aspekt” və “İsa Muğanna yaradıcılığına müqayisəli baxış” adlı iki fəsildən ibarətdir. Birinci fəsil İsa Muğanna romanlarında vahid dini konsepsiyanı, yazarın “Cəhənnəm” romanının dini-mifoloji kontekstdə təhlili, “İlan dərəsi” kitabında tarixilik və mistikanın qarşılıqlı tədqiqi, “GurÜn” romanında tarixiliyin, müasirliyin təhlili, “Türfə” romanında və “Mənim məhəbbətim” yarımçıq əlyazmadakı ədəbi yekunlaşdırma ilə diqqəti cəlb edir. İkinci fəsil isə Hüseyn Cavidin İsa Muğanna yaradıcılığına təsirinin tədqiqi, ədibin yaradıcılığına həsr olunmuş Z. Yaqubun “Ün” poemasının təhlili, İsa Muğanna yaradıcılığı və Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı arasında paralellərin verilməsi, onların “Dədəd Qorqud dastanı” ilə müqayisəli təhlili ilə maraq doğurur.
Birinci fəslinin “İsa Muğanna romanlarında vahid din konsepsiyası” yarımbaşlıqda dini zəmində yaranan münaqişələr nəticəsində yaranmış müharibə və çaxnaşmalara toxunulur. Ş. Sadiq dini görüşlər əsasında siyasi ideologiyaların yaranmasında böyük təhlükə mənbəyi görür. Müəllif İsa Muğannanı “bəşər övladını bütün sirli oyunlardan saflaşdırmaq üçün özünü təhlükəyə atan bir insan fədaisi” kimi dəyərləndirir. Şəmil Sadiq İsa Muğannanın qələmə aldığı “İdeal” əsərindən “sonrakı bütün yaradıcılığında təhrif dini-islamı rədd etdi”yi amilinə toxunur. Ş. Sadiq ədibin dinə münasibəti faktlarına toxunaraq, onun peyğəmbərləri rədd etmədiyini, yalnız peyğəmbərlərin zamanında da, ondan sonra da müqəddəs kitablara edilən əlavələri rədd etdiyi amilinə də toxunur. Şəmil Sadiq İsa Muğannanın “Tanrı birdirsə, onun dini də, dili də bir olmalıdır” fikrinin onun konsepsiyasının əsas ideyası olmasını vurğulayır. İsa Muğannanın konsepsiyasında peyğəmbərləri Allahın-Bağ atanın oğulları kimi təqdim edilməsinə, bunun əsasında ümumbəşər dəyərlərin qabardılmasına xüsusı diqqət yetirilir: “Dördü də dinlərin müqəddəs bir insan kimi təqdim etdiyi peyğəmbərlərdir. Muğanna onları bir olan Allahın oğlu kimi təqdim edir. Bu isə insanları qardaşlığa, birliyə səsləməkdir.” Bu cür tezislər ortodoksal İslam prinsiplərini inkar edir. Şəmil Sadıq qeyd edir ki, “İsa Muğanna da Tanrının oğulları deyərək təqdim etdiyi peyğəmbərlərə ilahi qüvvə kimi baxır, onları və onların ideologiyalarını məkrli insanların bulaşdırdığı çirkabdan təmizləyib, saflaşdırıb öz dərk etdiyi kimi bəşəriyyətə təqdim edir.”
İsa Muğannanın təliminin rəsmi SSRİ ideologiyasına zidd olmasına baxmayaraq, yazıçı hakim dairələrin qeyri-rəsmi dəstəyindən yararlanırdı. İsa Muğannanın İslamın əsas tezislərini təkzib etməsi dövlət siyasətinin marağında idi. Din o zaman təhlükə kimi qəbul edilirdi. “Yerdəki dinlərin Tanrıya heç bir aidiyyatı yoxdur” deməklə İsa Muğanna onların ardınca ilahi mənşəyi qəbul etməyərək, dini adi sosial təlimlərə endirir. İsa Muğanna tərəfindən mövcud dinlər mifin forması kimi qəbul edilir. Ş. Sadiqin öz kitabında İsa Muğannanın “Nəsimi” kinosunun çəkilməsi barədə xatrələrinin verməsi bu baxımdan xüsusi maraq doğurur. İsa Muğanna ssenari yazmağa tapşırıq aldıqda özü təəccüblənirdi: “- Mən Nəsimi haqqında heç nə bilmirəm.
Məlum oldu ki, xalq şairi Rəsul Rza Hələb şəhərinə bir aylıq məzuniyyətə göndərilib ki, Nəsimi haqqında Suriyada mövcud olan materialların hamısını yığıb gətirsin. Rəsul Rza Hələbdən qayıdanda məni yenə Mərkəzi Komitəyə çağırdılar. Nəsiminin iki “Divan”ı əsasında çap olunmuş böyük şeirlər kitabını və azərbaycancaya tərcümə olunmuş bir aləm material – məqalələr, jurnal məlumatları verdilər və mən Nəsimini öyrənməyə girişib, əvvəlcə roman yazmağa başladım. Bir neçə ay sonra isə ssenarinin ilk epizodlarını filmin rejissoru Həsən Seyidbəyliyə oxudum. Həsən bircə kəlmə: – Yaxşıdı, – dedi. Bundan sonra mən, demək olar ki, hər gün Həsənin evinə təzə epizodlar aparıb oxuyurdum və Həsəndən eyni cavabı: – Yaxşıdı, – eşidirdim.”
Diqqətəlayiq haldır ki, İ. Muğanna yaradıcılığında İslamın inkar etməsi tədricən güclənmişdır. Belə ki, əgər əvvəlki əsərlərdə bu inkarlıq mübahisə formasında özünü bürüzə vermişdırsə, sonrakı əsərlərdə İ. Muğanna oxucuya islamın inkarını aşkar formada oxucuya çatdırır. Şamil Sadiq düzgün qeyd edir ki: “Türfə” romanının çap olunmama səbəbi “Quran”a münasibət idi. İsa Muğanna “Türfə” romanında “İdeal” əsərində tezislər şəklində qoyduğu mətləbləri daha geniş şəkildə aydınlaşdırır. “İdeal” romanında təhrif edilmiş faktların adını çəkir, əslini deyəcəklər və ya gizlədilib deyə hayqıran Muğanna “Qırx kisə qızıl” povestində “Aşıq Qərib” dastanının əslini təqdim etdiyini iddia edirdisə, bu romanda “Quran”ın heç də Allah kəlməsi olmadığını, onun batininə yad əllərin dəydiyini faktlarla sübut etməyə çalışdığı üçün onlarla ayəyə şərh vermədən seçib təqdim edir və bunu “Allah deməz, Allah bu cür düşünə bilməz” deyə fəryad edir.” Şəxsi həyatında da İsa Muğannanın Allaha (onun yaradıcılığında – Bağ Ata) münasibəti birmənalı olmamışdır. İsa Muğannanın Ayasofiya məscidində duası zamanı Allahın tanımamasının qeydi xüsusi maraq kəsb edir: “biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!”. Bu bir tərəfdən İsa Muğannada özəl dini konsept yaratmış olur, digər tərəfdən isə Allahı tanımadığını bildirir.
Xüsusi qeyd etməliyik ki, İsa Muğanna peyğəmbərin qeyri-adi imkanlara malik olması, lakin peyğəmbərlik missiyası daşımaması tezisi alman filosofu Fridrix Nitsşenin “Zərdüşt belə deyirdi” əsərindəki əksini tapmiş fövqəlbəşər insan ideyası ilə oxşarlıq daşıyır. Fövqəlbəşər insan ideyası İsa Muğannada gizli biliklərin mövcudluğu tezisi formasında öz əksini tapmış olur. Gizli biliklər ideyası Ş. Sadiqin diqqətindən yayınmır. Ş. Sadiq İsa Muğannanın “GurÜn” əsərindən sitat gətirir: “Quranın bətni var. O bətnin də bətni var. Cəmi altı bətn var. Həqiqət yeddinci bətndədir.” Bu sirli bilikləri özündə cəmləşdirən konseptdi İsa Muğanna Saf Ağ adlandırır. Maraqlıdır ki, bu təlim siyasi idarəçiliklə əlaqəlidir. İsa Muğannanın özü V.İ. Lenin və N. Nərimanovu bu təlimin davamçıları hesab edirdi: “Bu gün tarixin sübut etdiyi Lenin və Nərimanovun zəhərlənməsini SafAğ elminin zəhərlənməsi və məhv edilməsi naminə edildiyi qənaətindədir. Stalinin “çekisti” Bünyad bəyin etirafı bunu ifadə edir: Nəriman Nərimanov Moskvaya aparılanda Zeynalabdin Tağıyev Muğannalardan kompanionu-Məmməd xozeyni kabinetinə çağırıb, qapını açarla bağlayıb deyib: “Nərimanov vəzifəyə yox, ölümə getdi... Nərimanın, sənin Muğannalara mənsub olduğunuz açıla bilər. Nərimanın Leninlə gizlin danışıqları Ulyanovların EvƏrEy OdƏrliyi, Tərikliyi də açıla bilər. Ulu Bağın cəmi Yer üzündə vahid ədalət Səltənətinə dair yazdıqları axtarılır. Hətta, bəlkə, hammızı qırarlar.”
İsa Muğanna tədqiqatçıları tərəfindən Saf Ağ elminin çox hallarda gen əsasında keçməsi ideyasına lazımı qədər diqqət yetirilmir. Lakin, bu məsələ İsa Muğanna konseptində ən çox suallar doğurur. İlk növbədə Saf Ağ elminin yaranma dövrü və coğrafi ərazisi haqqında suallar maraq doğurur. Eyni zamanda Saf Ağ elminə yiyələnmək üçün xüsusi şüura malik olan “quş dili” vasitəsi ilə İ. Muğanna tərəfindən oxucuya çatdırılır. İsa Muğanna “quş dili”ni insanın Allahla ünsiyyət dili hesab edir: “Bu poetik sistem özlüyündə bir “quş dili”dir. “Quş dili” Tanrı ilə insan arasında gizli ünsiyyət dilidir; o dili öyrəndikcə Tanrıya, yoxdan vara doğru yol gedirsən.” “Quş dili”nə istinad mühüm əhəmiyyətə malikdir. “Quş dili” İlahi dil kimi hind-ari xalqlarının mifləri üçün səciyyəvidir.
Bu baxımdan Əlişir Nəvainin “Quş dili” poemasını xatırlaya bilərik. Poemanın fabulası Simurq quşunun axtarış yolunu təşkil edir. Bu yol aşağıdakıları əhatə edir: axtarışlar vadisi, məhəbbət vadisi, dərk vadisi, laqeydlik vadisi, birlik vadisi, qiyam vadisi və dəstə vadisi.
Nəvai poemasının qəhrəmanları (quşlar) bu yolu keçdikcə başa düşürlər ki, Simurq özləridir.
İsa Muğanna fərdin transformasiyası zamanı xüsusi terminoloji aparata malik olmasının vacıbliyini “quş dili” vasitəsilə açıqlayır.
İsa Muğanna “Kainatın SafAğ Elmini batin saxlamağa məcbur” olmasına toxunmaqla Saf Ağ Elminə sahib olanları fövqəlinsan hesab edirdi. Məhz bu fövqəlinsanlıq meyarı kimi çıxış edir.
Şəmil Sadiqin İsa Muğannanın qədim türk dini görüşlərindən faydalanması tezisi mübahisəli hesab oluna bilər. İsa Muğanna tərəfindən Günəşə xüsusi sitayiş etməsi diqqəti cəlb edir: “Yer bəşəriyyətinə məhəbbətim kainatın planetlərində yaşayan nəhəng OdƏr bəşəriyyətinə məhəbbət OdƏr bəşəriyyətinə məhəbbətim Günəşin daxilindəki “Yadro” – EyOdƏr planetinin sahibi EyOdƏr EyƏsÜn babamıza məhəbbətdir. OdƏrcə Ey – uca deməkdir, Əs –yaradan deməkdir. EyƏsÜn – uca yaradan Ün deməkdir.” Lakin, solyaris xarakterli dini görüşlər hind-ari xalqlarının tarixinə xasdır. Eyni zamanda, İsa Muğanna hind-ari xalqlarına xas ilahi Bağ məkanını yaradır. Xüsusi qeyd olunmalıdır ki, İ. Muğannanın əsərlərində Bağ İslam və ya Xristianlıqdakı Cənnət Bağı obrazı ilə əsaslı şəkildə fərqlənir. Hind-ari xalqlarının irsinin təsiri Saf Ağ elminin hurifizmlə müəyyən yaxınlığında da özünü büruzə verir. Şəmil Sadiq düzgün qeyd edir ki, SafAğa aid “fəlsəfənin əsasını sufizim, hurifizm qoyduğu hamımıza bəllidir.”
Şəmil Sadiq akademik İsa Həbibbəylinin “İsa Muğannanın təqdim etdiyi konsepsiyaya obyektiv movqedən baxaraq müəllifin təhrif deyə təqdim etdiyi dünyanın sadəcə İsa Muğannaya aid” etməsini qeyd edir. Əslində akademik İsa Həbibbəyli “İdeal” romanının əsasına hopmuş müəllif ideyasının böhranına işarə edir. Bu özünü İsa Muğannanın sonrakı yaradıcılığında təsdiqini tapır: “İdeal” romanı çap olunduqdan sonrakı şəxsi həyatı və yaradıcılığı göstərdi ki, İsa Hüseynov özünün bu əsərlərində inandığı və sanki hətta yaşadığı dünyanı təqdim etmişdir. «İdeal»da və sonrakı əsərlərində İsa Hüseynovun inanaraq formalaşdırdığı Saf Ağ dünyası ədəbiyyat üçün utopiya kimi görünsə də, İsa Hüseynov üçün gerçəkliyin ifadəsidir. Əgər bu fəlsəfə «İdeal»la bitmiş olsaydı, onda Saf Ağ yolu İsa Hüseynovun yaradıcılığında keçici bir ovqat, yaxud keçid dövrü romanı kimi qəbul etmək olardı. Lakin yazıçının bundan sonra yazdığı “Qəbiristan”, “Cəhənnəm”, “GurÜn”, “İsahəq, Müsahəq”, “İlan dərəsi” kimi əsərlərində “İdeal”-da təqdim olunan dünyanın da sistemləşdirdiyinin, dərinləşdirildiyinin şahidi olduqdan sonra bütün bunlara İsa Muğanna dünyası kimi baxmaqdan başqa yol qalmır.”
Birinci fəslin “İsa Muğannanın “Cəhənnəm” romanı dini-mifoloji kontekstdə” yarımbaşlığında ölümdən sonra həyat probleminə toxunulur. Müəllif ölümdən sonrakı həyatın İsa Muğannanı düşündürdüyünü və yaradıcılığının ikinci dönəmində bu mövzuya “Cəhənnəm” romanında toxunduğunu qabardır. Müəllif tərəfindən “Cəhənnəm” romanının tarixi- roman nümunəsi kimi təqdimi mübahisəlidir: “Cəhənnəm” romanı fantastika janrının da ədəbiyyatımız üçün maraqlı nümunələrindəndir. Romanın növləri baxımından yanaşsaq, tarixi-fəlsəfi roman adını da vermək mümkündür.” Qeyd etmək lazımdır ki, romanda hadisələr tarixi faktları əks etdirməsinin özəllikləri əsəri tarixi romana aid edilməsi fikrini mübahisəli edir. Bununla belə, Ş. Sadiqin romanın fantastikaya aid etməsı əsaslıdır.
İsa Muğannanın Cənnət və Cəhənnəmin funksional eyniləşdirməsi maraqlıdır. İ. Muğannaya görə hər ikisi insanın kamilləşməsinə yönəlmişdir. Cəhənnəm və ya Cənnətdə insanların yanaraq saflaşması, təkrar yerə göndərilməsi İsa Muğanna tərəfindən təsvir edilir: “İlahi, özün kömək ol mənə! Cənnətdi, cəhənnəmdi, nə möcüzədi bu?! Deyə hayqıran, vicdan əzabında yanıb qovrulan Bünyad bəyə Sərvinaz: - Biləcəksən, Bəy. Səbirlə, dəyanətlə dinlə OdÜnü - həqiqət səsini! Biz odda yana-yana gözəlləşmişik burda. Sən də yanmalısan burda, Bəy!” İsa Muğannanın cəhənnəmdə cənnət yaradılmasına dair sətirləri də maraq kəsb edir: “OdÜn - həqiqət səsi cəhənnəmdə cənnət yaradır. Qəbahətini eşitdikcə, öz hərəkətlərini qarşındaca gördükcə, yavaş-yavaş yüngüllük hiss edəcəksən. Nədən olur o yüngüllük? Sadəcə, qatı qanın yuyulur, canında qan dövriyyəsi normallaşır, hüceyrələri sağlamlaşdırır”. Bu İsa Muğannanın dini görüşlərindəki paradokslardan biridir. Belə ki, dolayi olsa belə İsa Muğanla İblisi Tanrı ilə eyniləşdirir. Məsələn, “çekist”, İblisin qulluqçusu olan Bünyad Cəhənnəmdə verilən əzab nəticəsində saflaşır. Deməli, İblisin əsas sakral rolu insanları kamilləşdiməkdir? Bu sualın cavabı İsa Muğannanın İblisi bir sıra dini görüşlərə xas sirli Allah obrazı ilə eyniləşdiməsi barədə fərziyənin irəli sürməsinə şərait yaradır. Bu fonda İ. Muğanna yaradıcılığında Yaradıcı Allaha (Bağ Ata obrazı) qarsı səslənmiş ittihamlar xüsusi məna daşımağa başlayır: “İndi biləcəksən, ən böyük günahkar insanın taleyini yazan – “Yazan” – “Yazdan” – “EyƏsÜn” – “EyOdƏr” babamızdı, ay bədbəxt razvetçik. İkinci günahkar Yazanın yazdığını Bağ atamıza çatdıran BağBağÜn Babamızdı. Üçüncü günahkar yazılanların əsasında hökm verən Bağ Atamızdı. Dördüncü günahkar hökmləri icra edən EySarımızdı. Bəndədə nə günah var?!”
Birinci fəslin “İsa Muğannanın “İlan dərəsi” kitabında tarixilik və mistika” yarımbaşlığı İsa Muğannanın son kitabı “İlan dərəsində”n olan “İlan dərəsi və ya peyğəmbərin taleyi” povestinin təhlili ilə diqqəti cəlb edir. Həcmcə qısa olan povestə İ. Müğanna insanın daim axtardığı sualları cavablandırır.
Birinci fəsilin 4-cü yarımfəslində İsa Muğannanın yaradıcılığına magik realizmin təsiri tədqiq olunur. Şəmil Sadiq magik realizm anlayışına toxunur. Ş. Sadiq İsa Muğannanın “GurÜn” romanını magik realizmə aid roman kimi təqdim edərək qeyd edir ki, əsərdə “artıq fövqəlbəşər obrazlarla real həyati obrazların təmasını” və “əsərdə İlahi səs, qədim tarix və Muğanna arasındakı əlaqə iç-içədəir.” Doğrudan da, romanda romanın bədii zaman və məkanında surreal amillər üstünlük tutur, fabulaya önəmli təsir göstərir. Eyni zamanda İsa Muğannanın “GurÜn” romanında XII əsrdə baş vermiş hadisələr təqdim edilir, yazarın öz həyatına aid obraz və hadisələr təsvir edilir.
Surreal amillərın İsa Muğanna yaradıcılığında əksi probleminə toxunduqda, İ. Muğannanın mistik subyektlərlə təmasda olduğuna dərindən inandığını xüsusi vurğulamaq olar: “EySar deyir ki, təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə demir... Amma deyir gözün açılsın sonra deyəcəm. Stolumun üstündə bir səhifəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya bilirəm az-az.” Eysar, İsa Muğanna tərəfndən yaradılmış mistik obrazdır ki, müəllif özünün yaradıcılığında ona müraciət edir: EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” – Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – Həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı.”
Magik realizmin təsirini tədqiq etdikdə Ş. Sadiqin İ. Müğanna ilə “Türfə” əsərinin janr mənsubiyyəti ətrafında qiyabi mübahisəsi maraq doğurur. İsa Muğanna tərəfindən povest adlandırılan “Türfə” əsəri Şəmil Sadiq tərəfindən roman kimi təqdim edilir: “Bütün magik romanlardakı mistika və gerçəklik olduğu kimi “Türfə”də mistika və gerçəklik var. Lakin bu mistika və gerçəkliklə bərabər romana tarixi roman kimi də yanaşmaq mümkündür.” Şəmil Sadiq öz tezisini əsaslandıraraq qeyd edir: “Çünki əsərdə yetərincə tarixi şəxsiyyətlər var və onların həyatı müxtəlif məqamlarda izah edilir. Nəqşibəndilik təriqətinin XX əsrdəki vəziyyətini siyasi və məişət məsələləri fonunda təqdimatın özü birbaşa tarixiliklə müasirliyin vəhdətini göstərməkdədir.”
İkinci fəslin “İsa Muğanna həqiqəti Hüseyn Cavid İşığında” yarımfəslində müəllifin qeyd etdiyi kimi “Hüseyn Cavid və İsa Muğanna ideyalarındakı oxşarlıqlar müqayisə” edilir.
İsa Muğanna və Hüseyn Cavid yaradıcılıqlarında ilk paralellik özünü İblis obrazında göstərmişdir. Şəmil Sadiq İsa Muğannanın “Cəhənnəm” romanında Bünyad bəyi 1906-cı ildə Zeynalabdin Tağıyevi, Doktor Nərimanı zəhərləyən, Həmid Sultanovu, Baba Əliyevi, Səməd Vurğunu, Mehdi Hüseyni, Muğannanını zəhərləmək istəyən iblis kimi təqdim edir. Bünyad bəyi iblis kimi təqdim edən Ş. Sadiq göstərir ki, “iblisdir ki, birincisi “Qızıl ilandı”, ikincisi “Çax-çuxdu” (alverçi), üçüncüsü - “hökmdar”. “İblis” pyesində isə İblis gah xidmətçi, gah abid, gah zahid, gah da elə iblis kimi fəaliyyət göstərib öz kirli əməllərini həyata keçirir. Qeyd etmək yerinə düşərdi ki, İsa Muğannanın İblis obrazı Hüseyn Cavidin İblisini təkrar edir.
İkinci paralellik dini prinsiplərdən imtina edilməsində öz əksini tapır. Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində haqq aşiqi Dərvişin sözlərinə diqqət yetirək:
Şəriətdən, təriqətdən kənarəm,
Həqiqət istərəm, yalnız həqiqət!
Yetər artıq şəriət, ya təriqət.
Qulaq verməm bən əsla bir xitabə,
Pərəstiş eyləməm hiç bir kitabə!
Əvət, Quran, Zəbur, İncilü Tevrat
Birər röya bütün əlvahi-aləm,
Birər əfsanə, cənnət, ya cəhənnəm.
Bu sətirlər İsa Muğannanın dini görüşləri ilə müəyyən mənada üst-üstə düşür.
İkinci fəslin ikinci yarımfəslində İsa Muğanna yaradıcılığına həsr edilmiş Zəlimxan Yaqubun “Ün” poemasının təhlili öz əksini tapmışdır. Müəllif poemanı “İsa Hüseynovdan İsa Muğannaya keçilən yolun həyat fəlsəfəsini özündə ehtiva edən dəyərli poema” kimi dəyərləndirir. İsa Hüseynovdan İsa Muğannaya keçmə prosesi yazıçının qələmə almış olduğu “İdeal” romanının ilk nəşrinin ön sözündə açıqlaması maraq doğurur: “Ulularımızdan irs qalmış tərkidünyalıq bahasına, gecələrimi gündüzlərimdən seçməyib, o mənanı və hikməti ifadə eləməyə çalışdım. İş Qurtaranda isə qeyri-rəsmi daşıdığım “Muğanlı” familiyası əvəzinə, dünyadan üzüörtülü gedən əzabkeşlərimin şərəfinə “Muğanna” oldum.”
Poemada diqqəti cəlb edən amillərdən biri də, Zəlimxan Yaqubun da özünü Saf Ağ elminə bələd olanlardan hesab etməsidir:
Əzizimiz, Muğanna!
Heç kəs soruşmasın ki,
Haralıyam,
hardanam.
Mən də Odərlərdənəm,
Mən də Saf Ağlardanam.
İkinci fəslin sonuncu yarımfəslində müəllif “yeni Azərbaycan romanının, postmodernizmin başlanğıcını İsa Muğannanın (Hüseynovun) dünya ədəbiyyatı üçün də böyük önəm kəsb edə biləcək əsəri olan (700 səhifəlik) “İdeal” romanı ilə” əlaqələndirir. Ş. Sadiq xüsusi qeyd edir ki: “İsa Muğannanın 1980-ci illərdə yazdığı “İdeal” romanı və ilk dəfə 1993-cü ildə “Dünya” jurnalının 3-cü nömrəsində çap edilən “Cəhənnəm” romanı Azərbaycan ədəbiyyatının ilk postmodern əsərlərindəndir.” Şəmil Sadiq İsa Muğannanın Azərbaycan ədəbiyyatında postmodernin birinci dalğasının banisi hesab edir, ikinci dalğanı isə Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını ilə əlaqələndirir.
Şəmil Sadiq İsa Muğannanın “İdeal” romanına üzərində 6 dəfə dəyişiklik etməsinə toxunmuşdur: “Ehtimalımıza görə “İdeal” əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə “Yanar ürək” adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə “İdeal” adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə “Peyğəmbərin möhürü” hissəsi əlavə edilərək çap edilərkən (bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilməmişdir. Yəqin ki, Peyğəmbərin möhürünə verilən yeni yozumun yarada biləcəyi narahatlıqdan qaynaqlanır. Hətta hansısa bir redaktor və ya tərtib edən də yoxdur əsərdə. Məhz bu baxımdan nadir nəşrlərdən hesab edilir və çox da tapılmır).” Qeyd etmək lazımdır ki, “İdeal” romanın janr xüsusiyyəti odur ki, əsər tez-tez müəllif tərəfindən dəfələrlə dəyişikliyə məruz qalmışdır. Bu bir tərəfdən əsərin “canlı” olmasının göstəricisidir. Digər tərəfdən isə, Sovet reallığında yazılmış “İdeal” romanının postsovet şəraitinə uyğunlaşdırmasını əks etdirir. Başqa sözlə, İsa Muğannanın vaxtdan asılı olmayan əbədi əsərin yazması iddiasını sual altına qoyur.
Şəmil Sadiqin nəşr üçün təqdim etdiyi “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” əlyzması aktuallığı və problematikası baxımından maraq kəsb edir, geniş oxucu auditoriyasını İsa Muğanna yaradıcılığı ilə tanış etmək ücün faydalıdır. Bunları nəzərə alaraq, əlyazmanı kitab kimi çap edilməsi məqsədəuyğun hesab edilməlidir.
Salidə Şərifova
filologiya üzrə elmlər doktoru
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin
baş elmi işçisi
27 fevral 2017 ci il
.