Məhəmməd Hadinin yeniyetməlik dövrü çox acınacaqlı keçmiş, uşaqlıq xatirələrini yaddaşından silə bilməmiş və bütün həyatını haqqsızlığa qarşı mübarizəyə həsr etmişdir.
XX əsr Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərən Məhəmməd Hadi diqqəti cəlb edən simalardan idi. O şeirlərdən əlavə publisist məqalələri, poemaları, ədəbi qeydləri, xatirələri ilə də mətbuat səhifələrində tanınırdı. Hadinin ən səciyyəvi xüsusiyyətlərindən biri, onun yaşadığı dövrün ab-havasından çəkinməyərək azadlıq carçısı olması, haqq-ədalət uğrunda mübarizə aparması idi. Məhz bu xüsusiyyətlərinə görə o öz müasirlərindən çox fərqlənirdi.
1879-cu ildə Şamaxıda, Sarıtorpaq məhəlləsində tacir Hacı Əbdülsəlimin ailəsində dünyaya göz açan Hadinin ən xoş günləri atasının vəfatına qədərki günləri olmuşdur. Atası vəfat etdikdən sonra anası, Hadini və daha iki azyaşlı qızını tərk edərək başqa birisi ilə ailə qurur. Hadi və bacıları ata nənəsi Teyyibə xanımın himayəsində yaşamalı olurlar. Bu xoşbəxtlik də uzun çəkmir. Nənəsi vəfat edir və nənəsinin vəfatından sonra uşaqlar bəzi qohumların himayəsində böyüməli olurlar. Həm atanın, həm də ananın yoxluğu Hadinin kiçik qəlbində kədərli izlər buraxmış, onu həyata küsdürmüşdür.
İlk təhsilini mollaxanada alan Hadi atasının ölümündən sonra təhsilini davam etdirə bilmir. Bir müddətdən sonra o Azərbaycanın tanınmış şairi Abbas Səhhətin atasının məktəbində təhsilini davam etdiməyə başlayır. Hadinin təhsilə davam etməsində onun uzaq qohumu və o dövrün maarifpərvəri olan Mustafa Lütfi İsmayılzadənin böyük köməyi olubdur. Mustafa Lütfinin Hadinin fars və ərəb dillərini öyrənməsində də böyük əməyi olmuşdur. M.Lütfinin Həştərxana köçməsindən sonra Hadi bibisinin himayəsində yaşamalı olur və yarımçıq qalmış təhsilini yenidən məsciddə davam etdirir.
Hadi nə qədər çətinliklərlə üzləşsə də təhsildən ayrılmağı düşünmürdü. Baxmayaraq ki, təhsili mollaxana səviyyəsində idi, lakin bu onun dünyagörüşünə mane ola bilmirdi. Hadi çox genişdüşüncəli, eyni zamanda da müasir və azad fikirli idi. O, bəzən məktəbdə müəllimlərlə mübahislər edir, onların səsləndirdiyi bəzi məsələlərlə, xüsisilə də “axan ulduz” haqqındakı dini fikirləri ilə razlalaşmırdı. Bir əfəndi müəllimlə də kəskin mübahisəsi olmuşdu. O zaman Hadinin on beş yaşı var idi. Təbii ki, azyaşlı bir uşağın belə fikrdə olması o dövrün ruhanilərinin xoşuna gəlmirdi və onlar hətta Hadini etiqadsızlıqda günahlandıraraq “Etiqadsızlığını son dərəcəyə çıxarırsan ha! Bədbəxt olacaqsan... Bu əlamətləri xeyli vaxtdan bəri səndə müşahidə edirəm... Dərs əsnasında mücəhidlərə etiraz etdiyin yetməzmi? İndi də asari-ilahiyyata əl uzadırsan?...” deyə məzəmmət edərək lənətləyirdilər.
Dini təhsilin ona hər bir cəhətdən uyğun gəlmədiyini anlayan Hadi, getdikcə təhsildən soyuyur. Gündəlik dolanmaq üçün madiyyatı olmayan şairin vəziyyəti get-gedə ağırlaşmağa başlayır. Bir tərəfdən yoxsulluq, bir tərəfdən işsizlik, bir tərəfdən də bir könüldən min könülə aşiq olduğu əmisi qızını ondan ayıraraq zorla varlı bir tacirə ərə verilməsi, Hadinin həyata olan bütün ümidlərini alt-üst edir. O nakam sevgisini qəlbində dəfn edərək bu səbəbdən ömrüboyu evlənmir.
M.Hadinın ədəbi irsi olduqca mürəkkəb xüsusiyyətlidir. O yenilik sevən, sərbəst, yaradıcı bir sənətkar olduğu üçün bu xüsusiyyəti həyatda onu bir çox çətinliklərlə qarşı-qarşıya qoyurdu.
Azad fikirli, mübariz bir gənc olan Hadiyə müəllimləri dərs verməkdən imtina edirlər və onun təhsilinin tam olmadığını bəhanə gətirərək təhsildən uzaqlaşdırırlar. Sonradan Hadi yenidən təhsilini davam etdirmək fikrinə düşür. O ata-anadan, ailədən, sevgidən, məhrum olsa da, həyatdan küskün olsa da təhsilə olan həvəsi soyumur. Lakin, maddi imkansızlığı ona arzularını həyata keçirməsinə mane olur. Təhsilini davam etdirmək üçün ağız açdığı qohumlarının və tanışlarının heç biri ona köməklik etmir. Qəlbən kövrək olan Hadi bütün büşına gələnlərin bəzi məqamlarını öz şeirlərində göstərə bilmişdir.
Oxumaqçün nə qədər dadü-fəğan etdimsə,
Olmadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersəm, eşidər, sonra verər əksi-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.
Məhəmməd Hadi artıq buradan köçüb getməyi planlaşdırırdı.
1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələ nəticəsində evsiz-eşiksiz qalan minlərlə şamaxılılar şəhəri tərk edərək ölkənin müxtəlif bölgələrə üz tuturlar. M.Hadi də Kürdəmirdə olan bir dostunun yanına gəlir və o burada bir əttar dükanı açaraq qəpik-quruş qazanmaqla başını saxlamalı olur. Bir müddət sonra o, bu işin ona tamamilə yad olduğunu görür və Şamaxının maarifpərvərlərindən olan və Kürdəmirdə yaşayan Ağa Əfəndi ilə bir kiçik məktəb açaraq orada müəllimliyə başlayır. Ədəbiyyata və mətbuata olan həvəsi onu müəllimlik etməklə bərabər mətbuat səhifələrində də yazılarını dərc etmək həvəsindən uzaqlaşdırmır. “Lövhi-məkatib” adlı şeiri Hadinin mətbuatda dərc olunan ilk əsərdir.
İnqilab dalğası hər tərəfi bürüməkdə idi. Ölkədə 1905-ci il bu inqilabi hərəkatın oyanışı dövrünə təsadüf edir. Siyasi və istisadi vəziyyətin ağırlaşdığını görən Hadi başqa bir şəhərə getməyi planlaşdırır. 1906-cı ildə şair M.Hadi vaxtı ilə onun müəllimi olmuş və Həştərxana köçərək orada məskunlaşan Mustafa Lütfinin dəvəti ilə onun yanına gedir, müəlliminin açdığı məktəbdə dərs deməyə başlayır. Hadi, müəlliminin yazılarından görürdü ki, Həştərxan mühiti müəlliminin ürəyincə deyildi. Orada köhnəfikirli mürtəce qatı dindarlar Mustafa Lütfini təqib və təhqir edir, hədələyirdilər.
Hadi, müəlliminin redaktoru olduğu “Bürhani-tərəqqi” adlı qəzetdə, bir müddət müəllimini əvəz edir və ordan Bakıya “Həyat” qəzetinə yazılar göndərməyə başlayır. Mətbuat səhifələrində çap olunan yazıları getdikcə ona hörmət qazandırırdı. Günün aktual məsələlərinə toxunan şair, dövrün sərt qayda-qanunlarından qorxmayaraq, hər kəsin dilinə gətirə bilmədiklərini qələmə alaraq yazırdı. Bu da yoxsul təbəqənin ürəyindən xəbər verən arzular idi. M.Hadi ədəbiyyata gəldiyi ilk gündən yürütdüyü ideyalarına, söylədiyi açıq fikirlərinə görə özünü maarifpərvər və mütəfəkkir bir şair, jurnalist kimi göstərə bilmişdir. Buna görə M.Hadinin qələmi artıq geniş kütlə arasında tanınırdı.
Ədib, bir qədər sonra isə, yəni 1906-cı ildə türkçülük ideyalarını yayan Əlibəy Hüseynzadənin yenicə nəşr olunan “Füyuzat” jurnalı ilə əməkdaşlığa başlayır. Bu jurnalda az çalışmasına baxmayaraq Hadinin bu redaksiya ilə əməkdaşlıq etməsi onun xoşuna gəlmişdi. Bir çox hallarda fikirləri birmənalı qarşılanmasa da, hər halda o ürəyindən keçənləri söyləməyi bacarır, arzularını qələmə alaraq çap etdirə bilirdi. Hadinin çox ziddiyyətli fikirləri, arzuları olurdu. O, bir tərəfdən maarifdən, tərəqqidən bəhs edərək, insanları azadlığa, mübarizəyə səsləyirdi, digər tərəfdən isə fikirlərinin Quran ayələri ilə izahına çalışırdı.
M. Hadi qəlbinin saflığından yazdıqlarını elə düşündüyü kimi də yazırdı. Bu bəzi dostlarının xoşuna gəlməsə də onu bir yolla başa salmağa, səhvlərini düzəltməyə çağırırdılar. Bu işdə dostu M.Ə. Sabirin gözəl tövsiyələri olurdu.
Məhəmməd Hadi Şərq və Avropa mədəniyyəti ilə də yaxından tanış idi. O, əlinə keçən hər hansı bir Şərq və Qərb ədəbiyyatını mütaliə edir, bu da onun dünya ədəbiyyatından xəbərdr olmasına köməklik göstərirdi.
M.Hadi yeni həyat, rahat, azad yaşamaq arzusuyla 1910-cu ildə İstanbula gedir və orada “Tənin” qəzeti redaksiyasında Şərq dilləri üzrə mütərcim vəzifəsində çalışır. O vaxtlarda Türkiyənin bir çox tanınmış ədib və şairlərindən Namik Kamal, Əbdülhəq Hamid, Tofiq Fikrət ilə tanış olur. Bu tanınmışlardan Rza Tövfiqlə isə şəxsən tanış olur. Hadinin “Rübab”, “Şəhbal” və digər qəzet və jurnallarda şeirləri çap olunurdu. Hadi Azərbaycanda olduğu kimi Türkiyədə də eyni həyatın olduğunu görür. O, azadlıq haqqındakı fikirlərini öz vətəni hesab etdiyi Türkiyədə də səsləndirir, “həqiqət” axtarmaqda, “zülmətə batmış mühit”dən şikayətlənirdi.
Həqiqət! Ey bəşərin sərmədi-ilahəsi, çıx!
Görün bu zülmətə batmış mühitə çöhrən açıq!
M.Hadi 1913-cü ildə Türkiyədə qəzetdə çalışdığı dövrdə, Türkiyənin hərbi naziri qətlə yetirilir. Bu qətldə Osmanlı hökuməti kənardan gələn ziyalıladan da şübhələndiklərinə görə, onun da həbs edilməsinə qərar verilir və o Salonikə sürgünə göndərilir. Bu M.Hadinin həbsi üçün bir bəhanə idi. Əslində 1913-cü ildə şairin fars dilinə tərcümə edilmiş “Fünun və maarif” şeirinə görə həbs edildiyi qeyd olunur.
Minbir əzab və işgəncələr görən şair nəhayət ki, 1914-cü ildə Bakıya gəlməyə nail olur. Hadinin gəldiyi il Birinci Dünya Müharibəsinin başlandığı ərəfəyə təsadüf edir. Olduqca pərişan, əsəbi və sərgərdan həyat tərzi keçirən şair, Bakı milyonçularının təşkil etdiyi xüsusi bir orduya qoşularaq cəbhəyə gedir. Bu ordunun təşkil olunması şübhəsiz ki, çarın diqqətinə çatdırılması üçün yaradılmış bir ordu idi. Hadi 1915-ci ildə Qafqaz Ordusunda feldşer olaraq çalışır, Avstriyada və Karpatda olur. Onun vaxtı ilə aldığı dini təhsil burada köməyinə gəlir və müsəlman əsgərlərinin arasında alay mollası vəzifəsini icra edir.
1918-ci ildə müharibədən qayıdan M.Hadi Gəncəyə gəlir, burada bir müddət qaldıqdan sonra Bakıya qayıdır. Hədsiz yoxsulluq, səfalət içində yaşayan şairin heç bir yerdən gəliri olmadığından, o şeirlərini çap edərək vərəqə formasında satmalı olur.
Yaşadığı ağır həyat şairi hədsiz dərəcədə bədbinləşdirmişdi. O, Türkiyədən qayıtdıqdan sonra, dostu Abdulla Şaiqə “mən çar istibdadından qaçaraq, geniş nəfəs almaq və sərbəst həyat keçirmək fiki ilə ora getdim. Amma orda da eyni halı, eyni istibdadı gördüm. İttihadçılar yazıçılardan və məndən mədhiyyə gözləyirdilər. Şübhəsiz ki, mən bunu bacarmazdım. Mən mədhiyyə üçün deyil, aləmi alt-üst edib, inqilab yaratmaq üçün doğulmuşam” deyə şikayətlənmişdi.
M.Hadi yaradıcılığına dərindən nəzər yetirdikdə onun rahat həyat arzusunda olduğunu anlamaq o qədər də çətin deyil. Şair rahat həyat dedikdə, insanların hər bir işdə azadlığını istəyirdi. Yəni, yaşadığı mühitdə əzab-əziyyət, haqsızlıq, müharibə, həbsxana həyatı və sıxıntı görən şair, insanların rahar yaşamağını, sərbəst hərəkət etməsini, qorxmadan azad danışmasını, hətta sevgidə belə sərbəst, azad sevməsini arzulayırdı. Əgər nəzərə alsaq ki, şairin yaşadığı dövr dini mövhumatın hökm sürdüyü bir vaxta təsadüf edirdi, o zaman sevginin dilə gətirməyin nəinki mümkün olmadığını, hətta insanın canı bahasına başa gələ bildiyini anlamaq olur. Lakin, bütün bu qadağalara rəğmən Hadi sözünü kəskin deməyi bacarırdı. Çar üsul-idarəsinin insanların azadlığını məngənə kimi sıxdığını düşündükcə, M. Hadi kimi açıqfikirli bir şair üçün bunun nə qədər çətin olduğunu başa düşmək olar. Lakin, o inanırdı elə bir gün gələcək ki, cəmiyyət arzuladığı azadlığı əldə edəcəkdir.
M.Hadi məhəbbət şairi olmasa da, məhəbbəti nakam qalmış və ömürünün sonuna qədər sevdiyi qızın eşqiylə yaşayan, buna görə heç vaxt evlənməyən şairin təbii ki, kövrək xatirələri onun qələminə də öz təsirini göstərməyə bilməzdi. Lakin, onun şəxsi həyatından, nakam məhəbbətindən bəhs edən əsərləri demək olar ki, yox dərəcəsindədir.
M. Hadini bir qədər xəyalpərəst şair də adlandırırdılar. O arzuladığı həyatla real həyat arasında dərin uçurum olduğunu görürdü. Bəzən o mümkün olmayan arzuları səsləndirirdi və özünü inandırımağa çalışırdı ki, vaxt gələcək onun arzuları gerçəkləşəcək. Hadinin həm Şərq, həm Qərb təhsili görməsi onu həyata daha müqayisəli, real baxmağa sövq edirdi.
Humanizm və azadlıq ideyaları ilə yaşayan, qəlbində nakam bir sevgi daşıyan şair təbii ki, insanlara, ümumilikdə cəmiyyətə qarşı sərt, amansız ola bilməzdi. Çünki, şair qəlbinin duyğusal olması onun şeirlərində də özünü göstərirdi. Yaşadığı həyat ona bir çox manelər yaratsa da, zərbələr vursa da şairin qəlbində gələcək üçün olan sonsuz həvəsi söndürə bilmədi.
Hadinin “Dilək” adlı şeirində biz bu nikbin əhval-ruhiyyəni görürük:
Bu ağır yük çəkilməz,
Bu ağular içilməz,
Sənsiz a parlaq dilək,
Qaranlıqlar keçilməz!..
Məyus olma, amandır,
Məyus olmaq yamandır,
Qorxaq diləksiz yaşar,
Millətin qəhrəmandır.
Şairin həyatında baş verən bütün çətinliklərə baxmayaraq, misralarında hələ də arzularının bitmədiyini, qaranlıqlara qalib gəlməyin mümkünlüyünü, həyatda sınmamağın, qorxmaz olmağın və millətinin qəhrəmanlığını qeyd etdiyini görürük.
M.Hadi yaradıcılığının ilk günlərdən təkcə öz xalqının deyil, bütün bəşəriyyətin zillətdə yaşadığını və hər kəsin səadət içərisində yaşamağa haqqı olduğunu yazırdı. O da bir çox sənətkarlar kimi dünyanın bir “saheyi-qəm” olduğu fikri ilə razılaşırdı. “Beşikdən-məzara qədər bəşərin əhvalı”, “Təsviri məhəbbət” kimi əsərlərində şair bu fikirlərini açıq şəkildə bildirir:
“İnsan nə demək? Abideyi-dərdü ələmdir” deməsi,
Və yaxud:
Ancaq cahanda müsbət olan iztirab imiş,
Ümidlər vəsaiti-rəncü əzab imiş.
Dünya nədir? Dərdü qəmə rəhgüzardır,
Bu səhneyi-həyat nə pür intizardir!
M.Hadi bəşəriyyəti əzəl gündən bədbəxtliyə düçar olmuş adlandırırdı.
Ədibin əsərlərindən onu da hiss etmək olur ki, o da bir çox şairlər kimi romantikaya qapılaraq öz həyatını göstərməyi xoşlamayıbdır. Lakin, şeirlərində bir Vətən həsrətinin, uşaqlıq xatirələrinin, gənclik illərinin unudulmaz hislərinin olduğunu görmək mümkündür.
Şairin ömrünün sonluğu da həyatı kimi acınacaqlı bitmişdir.
1920-ci ilin may ayında müammalı şəkildə yoxa çıxan şairin ölümü barəsində dəqiq məlumat əldə olunmadığından, bəzi mənbələrdə onun Gəncədə baş verən üsyan zamanı öldüyü qeyd olunur. Lakin, bəzi mənbələrdə Əli Nəzminin öz xatirələrində Məhəmməd Hadinin 1920-ci ildə, Gəncə üsyanından bir neçə gün sonra ağır xəstələndiyini, hətta xəstəxanada yatdığını göstərmişdir. Çox güman ki, şair elə həmin günlərdə də vəfat edibdir.
Şairin Azərbaycan qadınlarının hüquqsuzluğundan, acınacaqlı həyatından bəhs edən şeirləri də çoxdur. Onun əsərlərində edilən şikayətlərdə bunun kim tərəfindən deyildiyi, kimdən şikayət olunduğu açıq-aşkar görünür. M.Hadi azadlığın elm və mədəniyyətlə eyni olduğunu söyləyir və azadlıq düşmənlərini mədəniyyətin düşmənləri adlandırır. Şairin düşüncəsinə görə azadlıq dünyası elm və mədəniyyət dünyasıdır.
M.Hadinin şeirlərini ərəb-fars üslubunda yazmasına irad bildirənlər, hətta, “belə yazı üsulu ilə yazması Hadinin nöqsanı deyil, bədbəxtliyidir” deyənlər də var idi. Bəzi mənbələrdə şairin “Füyuzat” jurnalında işləməyinin də bu yazılara təsir göstərdiyini qeyd edirlər. Çünki, filosof, həkim və jurnalist Əlibəy Hüseynzadənin “Füyuzat” jurnalı hər zaman sadə yazan ədibləri tənqid edirdi.
Təxminən on beş ilə yaxın yaradıcılıq yolu keçmiş M.Hadi bir çox şeirlər, məqalələr yazmaqla bərabər, Nizaminin, Sədinin, Hafizin və Ruminin əsərlərindən tərcümələr də etmişdir.
Olduqca vətənpərvər olan şair acınacaqlı həyatında az ömür yaşasa da, Azərbaycan mədəniyyət tarixində özünəməxsus iz qoya bilmişdir. Onun əsərlərinin çoxu demək olar ki, Vətən mövzusundadır. Hətta vətəni sevməyini imanından hesab edirdi.
Bilirsinizmi nədir, məncə nüxbeyi-amal?
Könüldəki əməlim millətin səadətidir...
Ey Vətən! Ey pəriyi-vicdanım!
...Səni sevmək deyilmi imanım?
Sovetlər dönəmində M.Hadi kimi şairlərin guya Cümhuriyyətə, müsavata nifrət etdiklərini yazırdılar. Sözsüz ki, bu o dövrün tələbi idi. Lakin, bir çox müəlliflər M.Hadinin Cümhuriyyət sevdalısı olduğunu, onun 1918-ci ildə yaranan Azərbaycan Cümhuriyyətinə, Milli Orduya, üçrəngli bayrağa olan sevgisini öz şeirlərində təmiz Azərbaycan türkcəsində necə ifadə etdiyini göstərirlər. Hətta, o da qeyd edilmişdir ki, Hadinin 1918-ci il sentyabrın 15-də “Azərbaycan” qəzetinin ilk nömrəsində şairin “Türk nəğməsi” şeiri dərc olunubdur:
Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhasə duveldən.
Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,
İstərsə cahan çevrilə tərsinə təməldən,
Türkün üzü çevrilməyəcək səmti əməldən.
M.Hadinin Vətən haqqında yazdığı şeirləri bu günümüzlə uyğunlaşan, aktual şeirlərdir. 2020-ci ilin 27 sentyabr tarixində Milli Ordumuzun cəsur əsgər və zabitləri otuz il erməni separatçılarının işğalında qalan əzəli torpaqlarımız olan Qarabağı mənfur düşmənlərin işğalından azad etdilər və bizə yaşamadığımız zəfər sevincini yaşatdılar. Hər zaman olduğu kimi Azərbaycan bu haqq savasından da zəfərlə çıxdı.
M.Hadinin qeyd etdiyimiz bu son şeiri bizim qan ilə qazandığımız zəfəri bir daha bizə xatırlatdı. Həyatında gördüyü çətinliklər onu nə Vətənindən, nə millətindən ayrı sala bilmədi. Ürəyi Vətən sevgisi ilə döyünən şair ağır həyat sürsə də ömrünün son günlərini Vətəndə başa vurdu.
PƏRİXANIM MİKAYILQIZI
“Elm və Təhsil” qəzetinin baş redaktoru, AJB-nin üzvü,
Dövlət qulluğunun baş müşaviri, F.b.Köçərlinin tədqiqatçısı,
“Xarı Bülbül” medalı mükafatçısı və bir çox media mükafatları laueratı
turan.info.az
.