Hələ bundan öncə, 2013-cü ildə F.Köçərlinin 500 səhifəlik, “Əsərləri”ni yenidən transliterasiya edərək latın qrafikası ilə çap etdirməsi, ona olan ziyalı sevgisindən xəbər verməklə, bu əsərin də ərsəyə gəlməsinə yəqin ki, təkan vermişdir.
O, böyük ədibin publisistikasını incəliyərək belə qənaətə gəlir ki, ölkənin inkişafı təhsildən, onun əsası isə müəllimindən asılı idi. Göstərirdi ki, müəllim uşağa təhsil verməklə yanaşı, həm də ona mədəni rəftarı, ziyalıcasına hərəkət etməyi, etik-estetik davranış qaydalarını təlgin edirdi. Xüsusilə qadın təhsilinə xüsusi diqqət yetirərək qadın azadlığı məsələlərinə əsərlərində geniş yer vermişdir. Hətta o həyat yoldaşı Badısəba xanımla fərdi məşğul olaraq, ona yazıb-oxumağı öyrətmiş, maarif təşkilatçısı kimi yetişməsində müstəsna rolu oynamışdır. Təsadüfi deyil ki, bu ziyalı xanım sonralar Qazaxda “Yetim və qaçqın uşaqlar evi” açdırmış, uzun müddət Şəkidə “Uşaq evinin” müdiri olmuşdur. O, “Azərbaycan ədəbiyyətı” əsərində qadın şairlər haqqında materialları toplamış və nəşr etdirmişdir. “onun Azərbaycan tatarlarının ədəbiyyatı”, “Azərbaycan türklərinin ədəbiyyatı” nəhayət “Azərbaycan ədəbiyyatı” əsərlərini yazmaqla milli şuurun, milli kimliyin, son nəticədə milli təşanüdün tarixi təşəkkülündə müstəsna xidmətlər göstərmişdir.
Firudun bəyin milli-maarifçi baxışlarında uşaq ədəbiyyatı məsələləri, gənc nəslin təlim-tərbiyəsi xüsusi yer tutur. Qəza məktəblərindən, dini və xalq-kənd məktəblərinədək get-gedə şaxələnməkdə olan yeni tipli təhsil müəssisələrində nəhayət, “usuli-cədid” məktəblərində tətbiq edilən yeni təhsil quruculuğu, eləcə də uşaqlar haqqında yazıb-yaradan ziyalıların əsərlərinə, onların şərhlərinə məxsusi diqqət yetirməklə əsərdə görkəmli uşaq jurnallarına, oradakı materillara Firudun bəyin önəm verməsini qeyd etməklə, həm də na dilli mətbuat uğrunda mübarizə ilə milli maarifçiliyimizi yeni zirvəyə qaldırmasını yeni elmi üslubda araşdırmışdır.
Görkəmli maarifçi Əlisgəndər Cəfərzadənin “Dəbistan” adlı uşaq jurnalını nəşr etdirməsindən bəhs edən görkəmli maarifçi Nəriman Nərimanov 1906-cı ildə “İrşad” qəzetində yazırdı: bu vaxtadək kasıbsızlıqdan uşaqlarımız zərərli, əqidəni pozan kitabların əlində naəlac qalmışlar. “Dəbistan” isə bu dövr kitabların aradan götürülməyinə səbəb olub, ondan zəmanəmizə lazım olan məlumatlar verməyi gözləyirik.
Firidun bəy Köçərlinin böyüyüb boya-başa çatdığı ailəsində öyrəndiyi ərəb, fars, türk dilləri, sonradan isə rus dilinə mükəmməl yiyələnməyi onun gələcəkdə bu dillərdə savadının təkmilləşməsinə səbəb oldu.
F.Köçərli dövrünün bir çox ziyalılarından fərqli olaraq islamın heç də insan əxlaqında mənfi rol oynaması fikri ilə razılaşmayırdı. Bu barədə olan söhbətlərdə o həmişə islam dininin müdafiəsinə qalxaraq sübut etməyə çalışırdı ki, şəxsiyyətin formalaşmasında xarici mühitin və ailədə tərbiyənin rolu əsasdır. Köçərli yazırdı: “Tərbiyə amillərinin ən mühümlərindən birisi də ailə ailə tərbiyəsidir, ailədə, ailə arasında uşaq öz bilik və xəsaili-mənəviyyəsinin əsasını alır. Burada onun qəlbinə bəyənilmiş xasiyyətlərin, yaxud qəbahərlərin toxumları saçılır, ailədə hökmfərma olan mənəvi məfkurələr(idela) yavaş-yavaş onun qəlbinə yer edir. Uşaq bilaixtiyar hökmfərma olan mənəviyyata alışır və ailədəki saf qəlbinə ailənin mənəviyyatı əks salır”.
Göründüyü kimi o dövr ədəbi-maarifçi mühit yeni milli oyanışa təkan verməklə milli kimlik uğrunda mübarizəni cəmiyyətdə ictimai humanitar axın halına gətirmişdir.
F.Köçərli hələ XIX əsrin 90-cı illərində məsləhət görürdü ki, “təfəkkür sahibi olan yazıçılar” yeniyetmələr üçün “onların öz həyatını əks etdirən roman və povestlər yazsınlar” və belə əsərlərin qəhrəmanları mütləq öz gözəl, yeni əxlaqi keyfiyyətləri, işıqlı fikirləri, işləri, arzuları “köhnə əqidəli müsəlmanlardan seçilən” yeniyetmələr olsun. O dövr ədəbi proses üçün örnək olası bu fikirləri ancaq alqışlamaq olar!
Bu dövr ziyalıların ərsəyə gətirdikləri “Dəbistan”, “Məktəb” və “Rəhbər” jurnallarında nəşr edilən məqalələr, orada verilən maarifçi fikirlər böyük ədibin daim diqqətində olmuş, bu jurnalları daim izləmişdir.
Bütün bunlarla bərabər böyük ədibə qədər uşaq ədəbiyyatı haqqında bir sıra elmi-nəzəri materillar yazılsa da, bu sahədə sistemli tədqiqatın ona məxsus olması həm uşaq ədiblərini, maarifçiləri istiqamətləndirmək baxımından, həm də tədqiqatçı olaraq Firidun bəyin ədəbi-maarifçi fikrimizin əsas yönləndirici olaraq tarixi missiyasını müasir ədəbi-tarixi prosesə çatdırır.
Bu baxımdan haqqında bəhs etdiyimiz əsər görkəmli maarif fədaisini daha geniş anlamda müasir ədəbi-maarifçi mühitə təqdimat baxımından da ciddi əhəmiyyətə malikdir.
Böyük ədibin çoxcəhətli maarifçi-ədəbi araşdırmalarını sistemləşdirməklə Köçərlişünaslığa yeni töhvə verən Pərixanım Mikayıl qızının “F.B.Köçərli: Ummətdən-millətə doğru” əsəri həm də müasir ədəbiyyatşünaslığa layiqli töhvə kimi dəyərləndirilə bilər.
Həsən Bayramov
Pedaqogika üzrə elmlər doktoru
turan.info.az
.