Vaqif yaradıcılığı aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşağında

Vaqif yaradıcılığı aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşağında Mahirə Həmid qızı Quliyeva,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Erkən yeni dövr Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru

[email protected]



Ədəbiyyat tarixi əvvəla mətnlər tarixidir.
Mətnin bizə verdiyi şey sənətkarın iç aləmidir.
Bunu müasir elmin hüdudları içində psixoloji, fizioloji və xüsusilə psixopati baxımdan incələyib, sənətkarın ruh portretini vücuda gətirmədən bilgi, hiss, fikir, xəyal mələklərindəki qüdrətini müəyyən üsullarla ortaya qoymadan onu ədəbiyyat tarixi içinə oturda bilmərik. Bu tədqiq insan, dönəm problem üzərində olduğu üçün çox şümüllüdür.
M.Füzuli irsinin tədqiqi ilə bağlı söylənilən bu fikir, əslində klassik irsin hər bir dönəminə şamil edilməlidir ki, bu mənəvi irs tarixin zəngin səhifələrində dəyərini tapa bilsin.


Qeyd etdiyimiz fikir Azərbaycan ədəbiyyat tarixində xüsusi yeri olan və Azərbaycan şeirində yeni bir dövrün, bugününün elmi müstəvisi baxımından erkən yeni dövr Azərbaycan ədəbiyyatının əsasını qoyan milli şairimiz M.P.Vaqif irsinə də şamil edilə bilər.

Vaqifə verilən dəyər. Vaqif yaradıcılığı bir çox şairlərimiz üçün nümunə olmuşdur. Təsadüfi deyil ki, Zakir və Şakir kimi şairlər, XIX əsrdə yetişən Qarabağ şairləri Məhəmməd bəy Cavanşir, Aşıq Pəri və başqaları Vaqifdən öyrənmiş, onun irsini qiymətləndirmişlər.
Şairə ən düzgün və dəqiq qiyməti sözün dəyərini bilən, sənət dünyasında püxtələşən, onun bütün incəliklərinə bələd olanlar verə bilər. O, ədəbiyyatın hər dönəmində istər müasirləri, istər sələfləri, istərsə də xələfləri tərəfindən öz layiqli dəyərini ala bilmişdir. Şairin müasiri Aşıq Əlinin ona xitabən yazdığı şeiri Vaqifin ədəbiyyat tarixindəki məqamını müəyyənləşdirir.
Bu əsrdə şairlərin xanısan,
Müdərrisə bərabərsən yəni sən,
Lütfün mədənisən, fəzlin kanısan
Eşidənlər sözün səminə gəlmiş.
Vaqifin müasirlərindən olan Hüseyn xan Müştaqın onun “Tüfəng” rədifli şeirini oxuduqdan sonra aşağıdakı şəkildə dəyər verməsi də şairin ayrı-ayrı şeirlərinin belə nəzər-diqqəti cəlb etməsinə sübutdur:
Şeirinə əhsən ki, yetməz hiç bir əşar ona,
Hər kimin var isə həddi söyləsin göftar ona,
Kimsə ləb tərpətməsin ki gəlməz istifsar ona.
XVIII əsrin sonu və XIX əsrin əvvəllərində yaşamış Aşıq Valeh özünün “Cahannamə” əsərində Vaqifi klassik Şərq şairləri, ədəbiyyatın korifeyləri ilə birlikdə şeirinə gətirir, dünyanın bu şəxslərin simasında tamamlandığını qeyd edir, Vaqifi onların cərgəsində axtarır və təəssüf hissi ilə bivəfa cahanı sorğuya tutur, “o kamalda canın tapılmayacağı” kəlimələri ilə Vaqifin klassik dönəm şairləri sırasında yerini təsbitləşdirir:

Hafizü Nəvai, Füzuli, Cami,
Şeyx Sədi, Hilali, Urfi, Nizami,
Dünya səndə kəşf eyləyib təmami,
Firdovsitək nəzmi dürəfşan hanı?

Hanı Molla Pənah, bivəfa cahan,
Təxəllüsü Vaqif, nəzmi dürəfşan,
Indi eyləmisən xakilə yeksan,
Tapmaq olmaz, o kamalda can hanı.

Bu sətirlər Vaqif irsinin dərin məhəbbətlə sevildiyindən xəbər verir. Onu da qeyd edək ki, Aşıq Valehin bu şeiri “Əmrah” dastanının ustadnamələri sırasındandır.
Vaqif yaradıcılığının tədqiq tarixindən. Qeyd etdiyimiz kimi Vaqif yaradıcılığına maraq çox böyük olmuşdur. Onun irsi hələ şairin öz dövründə diqqəti cəlb etmiş, ilk dəfə olaraq Mirzə Yusif Nersesov Vaqifin əsərlərini toplayaraq 1856-cı ildə Teymurxanşurada “Vaqif və s. müasirin” adı altında çap etdirmiş, Adolf Berye M.F.Axundovun topladığı materiallara istinadən 1867-ci ildə Leypsiqdə çap etdirmiş, 1908-ci ildə isə şairin əsərləri “Tazə həyat” qəzetində Haşım bəy Vəzirov tərəfindən nəşr edilmiş, 1925-ci ildə isə onun şeirlərinin bir qismi Salman Mümtaz tərəfindən “Kommunist” qəzetində, 1937-ci ildə isə həmin şeirlər toplu halında işıq üzü görmüşdür.
Vaqifin elmi nəşri 1945-ci ildə AMEA-ın Nizami adına Dil və Ədəbiyyat institutu tərəfindən oxuculara çatdırılmışdır.
Vaqif yaradıcılığı eyni zamanda S.Vurğun, M.İbrahimov, A.Dadaşzadənin ümumi redaksiyası ilə Bakı-1960-cı ildə AMEA nəşriyyatı xətti ilə çap olunmuş “Azərbaycan ədəbiyyatı tarixi”, H.Araslının 1998-ci ildə Gənclik nəşriyyatı xətti ilə çap olunmuş Azərbaycan ədəbiyyatı: tarixi və problemləri toplusunda, Ə.Səfərli və X.Yusifli tərəfindən Bakı, Ozan-2008-ci ildə çap olunmuş Azərbaycan ədəbiyyatı tarixi və s. mötəbər kitablarda öz geniş təhlilini tapmışdır.
Vaqif şeirinin kitab şəklində nəşr olunmasında H.Vəzirovun, S.Mümtazın, H.Araslının, A.Dadaşzadənin xidmətləri böyükdür. Bu sahədə Mümtazın, Araslının, M.İbrahimovun, M.Quluzadənin, A.Dadaşzadənin, Ə.Səfərlinin, X.Yusiflinin, A.Cəmilin, N.Cəfərovun tədqiqat və oçerkləri də xüsusilə qeyd edilməlidir. N.Cəfərovun 2017-ci ildə “Renessans-A” nəşr evi xətti ilə elmin bugünkü bucağından çap olunmuş kitabını xüsusi qeyd etmək istərdik.
Qeyd etdiyimiz mənbələrdə M.P.Vaqif əsasən yeni bir dövrün-poeziyaya nikbin əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyin təsviri və bu gözəlliyə pərəstiş hisləri qatan realist şeirin banisi kimi qeyd edilir.H.Araslının sözləri ilə desək Vaqif öz ədəbi və siyasi fəaliyyəti ilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır.
Ə.Səfərli və X.Yusifliyə görə Vaqif yaradıcılığı ilə xalq şeirinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır, aparıcı mövqeyə keçir.
XVIII əsr şeirinin hər iki səciyyəvi qolunu-klassik şeiri və aşıq tərzini üzvi şəkildə öz yaradıcılığında birləşdirən sənətkar M.P.Vaqifdir. Vaqif Azərbaycan poeziyasına yeni nəfəs, yeni üslub gətirmişdir. Vaqif şeirindəki hisslərin təbiiliyi, obrazların rəngarəngliyi, dil zənginliyi və forma axtarışları indi də öz əhəmiyyətini saxlamaqdadır.
N.Cəfərovun Vaqiflə bağlı fikri də maraqlıdır: “...... Xalq, xüsusilə aşıq poeziyasının yaradıcılıq texnologiyalarını, demək olar ki, zədələmədən bir küll halında yazılı ədəbiyyata gətirmiş, onu bir mahalın estetik zövqü miqyasından çıxarıb bütövlükdə Azərbaycan türklərinin klassik bədii təfəkkürü səviyyəsinə yüksəltmiş, milli ruhu təzələmişdir. Necə ki, Vaqif ruhən qidalandığı, pərvəriş tapdığı torpağın miqyasına sığmasa da, .... yaradıcılıq üçün həmişə zəruri olan yeniliyi, özünəməxsusluğu o yerdə aradı ki, milli bədii təfəkkür etnoqrafik yaddaşını (Vətəni) itirməsin.
N.Cəfərovun bu fikrində Vaqif və onun yaradıcılığı xalqına, millətinə, türk xalqına, bağlı bir sənətkar kimi canlanır. Tədqiqatçının Vaqif yaradıcılığı ilə bağlı yüksək səviyyədə ümumiləşdirilmiş fikri Firidun bəy Köçərlinin çox əvvəllər söylədiyi fikirlə səsləşir. O, Vaqifi milli şair adlandıraraq yazır: Onun şeir və qəzəliyyatı bizim Azərbaycan türkcəsinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlirsə... tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin zirvəsində şeir və qəzəl yazan az olub.
Əgər XVII əsrdə ədəbiyyatda romantik əhvali-ruhiyyə aparıcı mövqeyə malik idisə, XVIII əsrdə romantik və realistik meyllər birgə yaşamış, hər iki üslubda diqqətəlayiq əsərlər yazılmışdır.
XVIII əsr poeziyasında qüvvətlənməkdə olan realist dünyabaxışın əsas təzahür formalarını şərti şəkildə belə qruplaşdırmaq mümkündür- yazır A.Dadaşzadə.
1. Təsvir edilən tarixi hadisə və şəxsiyyətlərin reallığı haqqında; danışılan adamların davranışının real təsviri
2. Məkan və zaman konkretliyi
3. Dünyəvi, təbii hisslərin, həyati duyğuların güclənməsi
4. Etnoqrafik və məişət koloritinin dəqiqliyi
5. Ədəbi dilin və bədii təsvirin xəlqiliyi.
İctimai-siyasi tələblərin nəticəsi olaraq XVIII əsr lirikasında dövrün konkret hadisələrinə diqqət artır. Məhz elə bu baxımdan da Vaqif yaradıcılığı seçilir. Əslində şairin yaradıcılığını onun yaşadığı dönəmlər və ya yazdığı şeir növləri baxımından da təhlil etmək olar. Bu da nəticə etibarı ilə Dadaşzadənin bölgüsü ilə mahiyyətcə eynilik təşkil etmiş olacaqdır. Biz isə Vaqifin yaradıcılığını onun qaynaqlandığı ilham mənbələri baxımından təhlil etməyə önəm verdik.
Şifahi xalq ədəbiyyatından bəhrələnmə. Şair ədəbiyyatda yeni bir cığırı yaratmasında ilk öncə şifahi xalq ədəbiyyatına aşıq yaradıcılığına borcludur. Vaqifin yaradıcılıq qaynağı ilə bağlı maraqlı fikirlərdən biri də M.H.Təhmasibə məxsusdur: “XVII-XVIII əsrlərdə aşıq ədəbiyyatı, aşıq şeiri o qədər geniş yayılmış, elə böyük şəxsiyyətlər yetişmişdir ki, hətta əgər belə demək mümkünsə, yazılı ədəbiyyatın önündə getməyə, ona istiqamət verməyə başlamış, Vaqif ədəbi məktəbinin formalaşmasında həlledici rol oynamışdır.
Dastanlara gəlincə onun mətninin əsasında mif, mifoloji düşüncə və bu düşüncənin gerçəkləşdiyi əfsanəvi əsatir mətnləri dayanır. Ancaq türk dastanlarında miflər yunanlardan fərli olaraq epizodik xarakter daşıyır və burada həyat gerçəkliyi, xalqın adət-ənənələri, ailə-məişət münasibətləri daha geniş ifadə olunur. Ən qədim dastanlardan biri olan “Kitabi-Dədə Qorqud” abidəsi də bu cəhətdən seçilir. Məhz bu sayaq mənbələrdəki həyat gerçəkliyi, adət və ənənələr Vaqif yaradıcılığını istiqamətləndirən, ilhamlandıran yönlərdəndir.
Aşıq yaradıcılığı, xüsusən də Aşıq Qurbanidə qadın gözəlliyinin təsviri məsələinə nəzər salsaq yuxarıda qeyd edilən fikri əyani şəkildə təsdiqləmiş və M.P.Vaqif və Qurbani yaradıcılığının səsləşməsinin şahidi olarıq.
Azərbaycan lirik şeirində gözəllik və qadın mövzusu geniş yer tutur. Bəzən şairlər məftun olduqları qadınlarla bağlı reallıqları, bəzən də xəyal etdikləri gözəllikləri, qadında görmək istədikləri ən kamil fikir və mənəvi keyfiyyətlər barəsində arzularını tərənnüm edirlər.
Aşıq yaradıcılığında, o cümlədən Qurbanidə də “qadın gözəlliyi” aktual mövzulardandır:

Alçalsın dağların görünsün köçü,
Cənnəti-məvadır qoynunun içi,
Müəttər zülfləri- müsəlsəl saçı
Hərdən şitab eylər belələrə doğru.

Aşığın eşqə verdiyi dəyərdənmi, qadını yüksək qiymətləndirdiyindənmi, ya qəlbində silinməyən iz salmış bir eşqin nəticəsi olaraq qadını, araşdırdığımız misallarda isə onun qoynunu, sözün əsl və məcazi anlamında Allahın hər kəsə nəsib etmədiyi əmin-amanlıq, salamatlıq guşəsi olan cənnətin “məva” mərhələsinə bənzədir. Düşünürük ki, Qurbani gözəlin qoynunu cənnətə bənzətməklə dünyəvi eşqi Haqq yolunu tutan, bu yolda xətaya yol vermədən öz məqsədinə çatan, hədiyyəsi və məkanı cənnət olanla müqayisə edərək bəşəri və ilahi eşq arasında gözəl bir fikir bağlılığı yaradır. Aşıq eyni zamanda Haqq yolunda irəliləyən ürəyi, bəşəri məhəbbətlə döyünən ürəklə qarşılaşdırır. Sənətin də gözəlliklərini məhz bu incəliklər təşkil edir!....
Eyni ilə bu motivlərin Vaqif yaradıcılığında da əksini görürük. Realcasına təsvir olunan qadının /Gərdənində tellər nə gözəl teldi, Onların məskəni o nazik beldi, Nə səngi-mərmərdi, nə bərgi-güldür, Bu ağ əndam kimi, bu bədən kimi./ mənəviyyatı şairin yaradıcılığında ən gözəl biçimdə /əhsəni-təqvim/ yaradılmışların ali mərhələsindədir.
Sinəni cənnətin səkkiz növündən birinə Cənnətül-məvaya mütəşabeh tutan şair orta yüzilliklər Azərbaycan ictimai fikrində ədəbiyyatda, ən şərəfli və müqəddəs çağırış olan qadın-anaya olan ehtirama üstünlük vermiş olur.
Vaqif nə qədər də yaradıcılığnda açıq-saçıqlığa yer versə də öz milli qadınının ləyaqətini üstün tutur, onun təəssübkeşliyini çəkir, yadlar əlinə düşməsinə təhəmmül etmir və belə olan halda ahu-naləsinin yerə-göyə sığışmayacağını, Ərşin ən yüksək, əlçatmaz təbəqəsinə (Ərşi-əlaya) çatacağını şeirinə gətirir:

Sən gedəli mən ziyadə ağlaram,
Vermişəm ömrümü badə ağlaram,
Hər düşəndə qəddin yada ağlaram
Ünüm çıxar ərşi-əlaya, Pəri.

Vaqif aşıq yaradıcılığından bəhrələndiyi kimi bu sənətə örnək də olmuşdur. Şairin təksim sənəti üstündə yazdığı:

Qəmzə kəman, müjgan xədənk, göz ala,
Göz qan olur, əyri baxsan hilala
Sözləri qənd, ağızları piyala,
Şəkər əzmiş dilə, dodağa qızlar.

beyti Aşıq Ələsgərin:

Xoş saatda xoş gəlibdi cahana,
Yoxdur gözəlliyə qüsur, bəhana,
Qənd əzilib dilə, dişə dəhana
Qaymaq dodaqlara bal bələnibdi.

bəndi ilə təşbihat və gözəlin şirindilliyinə işarə baxımından səsləşir. Aşıq Ələsgərdən nümunə gətirdiyimiz bənd insanın ən gözəl biçimdə yaradılması baxımından Molla Pənah Vaqifdən qeyd etdiyimiz aşağıdakı fikirlə eyniyyət təşkil edir:

Bu gün bir əcaib gözəl sevmişəm,
Beləsi olamaz heç vilayətdə,
Sanasan ki, cəmalından nur yağır,
Yaranıbdır, yarəb, nə xoş saətdə.

Hər iki nümunə- /“Xoş saatda xoş gəlibdi cahana”/ və /“Yaranıbdı, yarəb, nə xoş saətdə”/ insanın ən gözəl biçimdə yaradılması fikri ilə yanaşı, onun məqamının ucalığı üstündə qurulub.
Vaqif yaradıcılığının ən önəmli tərəfi sözün geniş mənasında gözəlliyin vəsfidir. Bəlkə şair bu gözəlliyin vurğunu olmasında doğulub boy atdığı, sonralar həyatını davam etdirdiyi vətənimizin dilbər guşələrinə borcludur.
Tədqiqatlarda yuxarıda qeyd etdiyimiz fikirlə bağlı yazılır: Vaqifin təsvir vasitələrində zəngin təbiət ifadələri nə qədər çoxdursa, onun təbiətin təsvirinə həsr olunmuş ayrıca bir əsəri (vəsfi-M.Quliyeva) yoxdur.... Vaqif şeirləri içərisində ayrıca təbiət təsvirlərinə təsadüf olunmaması heç də şairin təbiət gözəllərinə biganəliyi ilə izah edilə bilməz. Onun ayrı-ayrı gözəlləri təsvir edərkən təbiətlə bacarıqlı müqayisəsi, təbiət gözəllərini dərindən duyduğunu, onun incəliklərini yaxşı hiss etdiyni aydınlaşdırmaq üçün kifayətdir.
Zənnimizcə Vaqifin gözəli təbiətin bir parçası, təbiət isə onun gözəlliyini tamlaşdıran vahid bir tablodur. Yəni, Vaqif yaradıcılığında gözəl və gözəllik özünü vəhdət şəkildə göstərir. Gözəlliyi və gözəli duymaq, ürək dolu məhəbbətlə sevmək ən böyük nemət olsa da, klassik ədəbiyyatda ona yetişmək olmur. Vaqif gözəlinin uğrunda mübarizə isə öz səmərəsini verir.
Orta yüzilliklərdə, məlum olduğu kimi yaşamın ağırlığı, ictimai-siyasi səbəblər bir sıra zəka sahiblərinin obasından -yurdundan didərgin düşməsinə səbəb olub. Bir qisim bəsirət gözlü şair və ziyalılar yaranmış olan səbəblər üzündən öz ölkələrində qəribçilik hissi ilə yaşayıb-yaratmışlar. Onların böyük dərdinin mayasında yurddaşlıq, vətəndaşlıq hissi dururdu.
Vaqif də yaşadığı dövrün ictimai-siyasi vəziyyətini öz yaradıcılığında əks etdirir. O, görkəmli, ağıllı dövlət adamı kimi Kür qırağının təbii imkanları və gözəllikləri ilə ictimai-siyasi vəziyyətdən doğan geriliyi duyur və bu mənzərəni özünəməxsus şəkildə, böyük ürək ağrısı ilə qələmə alır.
“Kür qırağının əcəb seyrangahı var” şeirinə keçməzdən öncə bu məsələ ilə bağlı N.Cəfərovun Mirzə Yusif Qarabağinin yazdıqlarına əsasən qeyd etdiyi fikir üstündə dayanmaq istədik: “İbrahim xan səfərlərinin birində, bəzi mülahizələrə görə, böyük bir qüvvə ilə Kür qırağında dayanmış imiş. Qoşun böyükləri bu tuli-mukənnətdən təngə gələrək Molla Pənah Vaqifdən rica edirlər ki, Qarabağa dönmək üçün bir əlac taparaq və hər nə tövr olur-olsun, İbrahim xana icrayi-nüfuz etsin Vaqif isə aşağıdakı mürəbbei yazaraq xanəndələrə verir ki, məqamında İbrahim xanın hüzurunda təğənni etsinlər:”

Siyah tel görmədim Kür Qırağında ,
Məgər heç yaşılbaş olmaz bu yerdə?
Tərlan könlüm yenə uça dağlara
Havalanıb hərgiz qonmaz bu yerdə...

... Nədənsə, xanəndələr bu mürəbbei xanın məclisində oxurkən istənilən nəticə hasil olmur. Bunu eşidən Vaqif həman dəm bədahətən bu rəqsan və olduqca dilbər mənzuməni inşad edərək xanəndələrə verir ki, təkrar oxusunlar:

Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur.
Üzü tər cığalı siyah tellərin,
Hərdəm tamaşası, hayıf ki, yoxdur.

Şair bu qoşmasında onu düşündürən, narahat edən bu məsələni, şeirin mənasını daha qabarıq çatdırmaq üçün “istifhəm” (ritorik sual) üstündə yazaraq “siyah telin, yaşılbaş sonanın” Kür qırağında olmamasından təəssüflənir, bir növ zəmanəni, özünü belə bu baxımdan ittiham edir.
Vaqif bu şeirində “əcəb seyrəngah” ifadəsi altında çox sadə, anlaşıqlı tərzdə Kür qırağının gözəl məkan olmasına işarə edir və bu mövcud gözəlliyin milli gözəllərdən məhrumluğunu, onu tamamlayan ərazi gözəllərinin olmamasını təzadlı şəkildə, özü də böyük təəssüf hissi ilə qeyd edir.
Onu da qeyd edək ki, ictimai-siyasi durumla bağlı yazılmış bu şeir təkcə təbiət təsviri, qadın gözəlliyinin tərənnümü deyil, eyni zamanda dövrün müəyyən tarixi hadisələrinin yaddaşlarda həkkinə xidmətdir.
Gözəllik Füzuli yaradıcılığının da cövhərindədir. Füzuli insan gözəlliklərini hər şeydən üstün tutur, onun mənəvi qüdrətini, zahiri gözəlliklərini tərənnüm edirdi. O, təbiətin bütün gözəlliklərini şair qəlbi ilə dərindən duyub məftun olduğu halda insanı daha yüksək qiymətləndirir, bütün bu gözəlliklərin insanın məziyyətləri qarşısında sönük göründüyünü qeyd edir:

Qanğı gülşən gülbünü sərvi-xuramanınca var?
Qanğı gülbün üzrə qönçə ləli-xəndanınca var?
Qanğı gülzar içrə bir gül açılır hüsnün kimi,
Qanğı gül bərqi ləbi-ləli-dürəfşanınca var?

Füzuli insanı dərin bir məhəbbətlə sevən aşıq sənətkardır. Onun bu məhəbbəti çox təmiz, səmimi və yüksək məhəbbətdir. Bu məhəbbət insanı nəcibləşdirən, onda sədaqət, səmimiyyət, vəfa, fədakarlıq kimi yüksək insani hisslər tərbiyə edən bir məhəbbətdir.
Füzuli əsərlərinin bir qiyməti də ondadır ki, bu qəzəllərində xəyali yox, həyatda olan real insanları, real gözəllikləri və eləcə də real gözəlləri tərənnüm edir.
Şairin təsvir etdiyi gözəllər əsasən konkret, həyati gözəllərdir. O, sevgilisinə bəzən xitab edərək öz dərdlərindən danışırsa da, bəzən də onun geyimini və xarici gözəlliklərini təsvir edir. Bu cəhətdən şairin aşağıdakı bəndlə başlayan müxəmməsi diqqətə layiqdir.
Ey hərir içrə tənin, mütləq bülur içrə gülab,
Qöysün abi-rövşən, ol ab üzrə düyməndir hübab,
Öylə zibasən ki, yox nəzzarənə aləmdə tab,
Vay əgər tezcik çıxıb, sərpib ləçək, salsan niqab,
Hiç şək yox kim, səni görgəc olur aləm xərab.

Bu müxəmməsin hər bəndində məşuqənin geyimi və aşiqin ona münasibəti ifadə olunur. Birinci bənddə şair məşuqənin ipək paltarını büllurə, bədənini gülaba bənzədir. Sinəsini saf suya, düymələrini isə su üzərindəki qabarcıqlara oxşadır. Belə bir gözəl səhər-səhər ləçəyini açıb niqabın üzündən salsa, dünya onu görüb özünü itirər.
Ayrı-ayrı müəlliflərdən Füzuli gözəlinin reallığı ilə bağlı gətirdiyim fikirlərə əlavə olaraq onu qeyd etmək istərdim ki, Füzuli qəzəli həqiqət, reallıq ilə məcaz arasında dövr edən bir gözəldir.

Vaqif yaradıcılığındakı gözəllərə gəlincə onlar hər anlamda daha konkret obrazlardır. Belə ki, klassik ədəbiyyatda göylərdə pərvəriş edən gözəl, Vaqifdə milli mənsubiyyətini, yurdunu-obasını, kimliyini tanıyan və tanıdan obrazdır. /Avçısı olmuşam sən tək maralın, xəyalımdan çıxmaz hərgiz xəyalın, Ənliyi, kirşanı neylər camalın, sən elə gözəlsən binadan Pəri!/
Şair “ənliyi-kirşanı neylər camalın” ifadəsi işlətsə də həyatının müəyyən dövrünü sarayda yaşadığı üçün elit qadın obrazlarına şeirində daha çox önəm verirdi.
Vaqif yaradanın insan qəlbinə sirayət etdirdiyi ilahi eşqin, ülvi gözəlin məqamını bilir və klassik ənənəvi mövzulara xas olan obrazları- pərvanə və odu mütabiqləşdirir:
Pərvanə tək özün oda salmağa
Yaslanıban eşiyində qalmağa,
Bir belə gözələ qurban olmağa
Vaqif kimi qəllac kimsə gərəkdir.

Şair pərvanənin eşqi yolunda özünü oda vurmasına qiymət versə də:
Boyun sərvü-cənnət, gülşənə zinət,
Qaşın məddi ayət, qabağın taət,
Vaqifi-pürmöhnət, çox çəkib həsrət,
Ta səninlə xəlvət ola həmağuş.

- real məhəbbətlə sevgilisiylə təmasda olmağa önəm verir ki, bu da onun realistliyindən və o dönəmə xas həyatın reallıqlarından irəli gəlir.
Vaqifdə yurddaşlıq, vətənpərvərlik, milli hiss güclüdür. Bu baxımdan onun gözəllərinin adları, hətta yaşadığı ərazi belə konkretdir:

Ey Qarabağın yeni açılmış güli-pakizəsi,
Xəstəyəm, qoynundakı ol narının müştaqıyam.....

Ol Xədicə haqqı, Səkinə haqqı,
Xeyrənnisə haqqı, Əminə haqqı,
Kəbə, Məkkə haqqı, Mədinə haqqı,
Dərdin bu Vaqifi aldı, sevdiyim!

Və ya: Bənövşətək ənbur zülfün buy verir,
Hər yuyub sərəndə həvayə, Zeynəb!
Onun ətrin dimağımdan üzməsin,
Əmanət et badi-səbayə Zeynəb!

Qadınların hər birinin başına ayrı-ayrılıqda and içən şair növbəti misrada “siyaqətul-ədəd” adlı poetik forma ilə müqəddəs torpaqları sadalayır. Bununla şair bir yandan milli qadının mənəviyyatını müqəddəsləşdirirsə, ikinci bir tərəfdən özünün xalqa bağlı milli ruhlu şair olmasını vurğulayır.
Yeri gəlmişkən onu da qeyd edək ki, Şərq, o cümlədən Azərbaycan lirik poeziyasının Avropa xalqları poeziyasından bir xarakterik fərqi də vardır: “Avropa poeziyasında məhəbbət lirikası çox zaman konkret şəxsə olan məhəbbətdən danışdığı halda (məs: Petrarka, Puşkin), Şərq poeziyasında məhəbbət lirikası şairin fəlsəfi, ideoloji görüşlərinin izahı üçün də bir bəhanə idi.
Füzuli məhəbbət lirikası ilə Vaqif yaradıcılığı yaxın olduğu qədər də fərqlidir. Nədən?, Əvvəla zaman, ictimai-siyasi durumun tələbatı baxımından. Belə ki, Zaman hər şeyin fövqündə durur və bir növ öz tələbləri ilə ədəbiyyatın mövzularını, ənənəvi mövzular xali olmaq şərtiylə, idarə edir. Ikincisi, Molla Pənah yaradıcılığında Avropa xalqları poeziyasına xas konkretlik ana xətti təşkil etdiyi kimi, Şərq poeziyasının məhəbbət lirikasına xas fəlsəfi-tarixi, ideoloji görüşlər konkretlik daxilində öz yerini tutur.
M.P.Vaqif öz sələflərindən fərqləndirilir: “.... o, sələflərindən fərqli olaraq əsrlərin imtahanından çıxmış, zəngin şifahi xalq şeirimizin nailiyyətlərini klassik şeirimizin həyati ənənələri ilə üzvi şəkildə birləşdirən orijinal bir sənətkar kimi də parlamış.....” fikri də keçir.
Vaqif klassik irsi tamam rədd etmir, ondan öyrənir. Hafizi, Camini, Rumini yaxşı bilir, ancaq onlar kimi yazmır. Onun əsərləri mahiyyət etibarilə Nizaminin, Füzulinin inkarı deyildir. Onların irəli sürdüyü idealların yeni şəkildə, şeirdə xalq şeirinin təsirinin gücləndiyi bir dövrün zövqünə uyğun şəkildə ifadəsidir.
Araşdırmalarda belə bir fikir də öz əksini tapıb: Vaqif orta əsrlər Azərbaycan ədəbiyyatının son böyük klassikidir.
Çox təəssüflər olsun ki, Vaqif yaradıcılığını tədqiq edənlər onun klassik irsə bağlılığını qeyd etsələr də, bu yönə tədqiqatlarında geniş yer ayırmamışlar.
Bu məqamda Əli Nihad Tərlanın sözləri yerinə düşər: Bazen elde olmadan şahsi və subyektiv deyerlendirmeye kalkışıyorsa bu hökm, sadece bizə aittir ve ilmi kıymetten mahrumdur.
Zənnimcə, ədəbiyyatın hər iki qoluna- aşıq yaradıcılığı və klassik irsə önəm verən şair bu iki dönəmin ədəbiyyatları arasında körpü yaradaraq xalq yaradıcılığına məxsus özəllikləri, vəzni, xüsusilə də sadəlik və dilinin şirinliyini klassik ədəbiyyatın zənginlikləri ilə birləşdirərək ədəbiyyata bəlağətli bir üslub gətirmişdir. (M.Q bucağından)
Ruhun ən gözəl tərbiyəçisi və müəllimi olan Quranın ən aparıcı mövzusu Allahın vəhdəniyyətinə sulukdur.Yaradılışın səbəbi məhəbbətdir. Şərq, o cümlədən dünya ədəbiyyatının yüksək, müqəddəs və böyük məhəbbətini tərənnüm edən əsər “Leyli və Məcnun”dur. Leylinin səri zülfünü düyüm-düyüm yapıb Məcnunun boynuna zəncir edən odur Leylinin səri zülfü kəsrət içindəki hilkət müəmmasıdır. Bu müəmma ilə Məcnunu dəli edib boynuna zəncir vuran yenə odur!Leyli və Məcnun yarandığı gündən poeziyamızda bir günəş kimi parlamışdır. Ondan sonra yazılan bütün dərinmənalı, dolğun fəlsəfi şeirlər insan ruhunun əbədi çırpıntılarını və məhəbbətin sonsuz təlaşlarını ifadə edən müxtəlif qəzəllər və fəlsəfi şeirlər bu günəşdən işıq almışlar. Bu işığın şüaları Vaqif gözəllərini də nurlandırıb:

Əgər mən Vaqifəm- Fərhad ilə Məcnundan əlayam,
Əgər sənsən- haman Şirin ilə Leyladan artıqsan.

Və ya: Bahari-ömrünü versə də başa,
Aşıq məşuqədən usanmaz, haşa!
Fərhad Şirin üçün sığındı daşa,
Məcnunun ovlağı Leyli dağıdır.

Əslində, bu beytin özünəməxsus deyim tərzi öz eşqinin böyüklüyünü Məcnundan üstün tutan Füzulidən irəli gəlir:

Məndə Məcnundan füzun aşiqlik istedadı var.
Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.

XX yüzillikdə belə bu mövzu öz aktuallığını saxlamış və Füzulinin qeyd etdiyimiz beyti ilə səsləşərək nəzmə çəkilmişdir:

Mənim aşiqliyim, Məcnundan artıqdır bilir aləm,
Onu yad eyləməz hər kim məni-rüsvayə baxdıqda.

Sufi poeziyada “söz”, “hərf” və “ədəd” simvol kimi işlənir. Bu ənənə Vaqif yaradıcılığına, xüsusən qəzəl və müxəmməslərinə sirayət edib. Şair bəzən öz durumunu hərflərin məna yükünə mütəşabeh tutur:
“Əlif” ərəb əlifbasının ilk hərfi, Allahın adının ilk hərfi, Allahın düzgünlüyünün rəmzi işarəsidir. “Dal” – Allaha itaətin, sülukun rəmzidir. Əslində bu ənənə də klassik ədəbiyyatdan gəlir:

Əlif – Əla qamətin hər kim görər bican olur,
Bey – Bəşarət buldu hər kim dilbəri-sultan olur.

Və ya: Ol – Əlif qəddinə münzəl gəldi xətti üstiva,
Be – bulundu qamətin vəsli vüsali-müntəha.
Sonralar hərflərin şəkli formasına uyğun olaraq məna yükü vermək aşıq yaradıcılığında da geniş intişar etdi:

Ibtidada “əlif” – Allah,
“Be” – birliyə dəlalətdir.
“Te” – təkdi vahidi-yekta,
Arif bu elmə bələddir.

Tədqiqatlarda Molla Pənah Vaqif öz sələflərindən fərqləndirilir: ....o, sələflərindən fərqli olaraq əsrlərin imtahanından çıxmış, zəngin şifahi xalq şeirimizin nailiyyətlərini klassik şeirimizin həyatı ənənələri ilə üzvi şəkildə birləşdirən orijinal bir sənətkar kimi də parlamış...
Vaqif klassik irsi tamam rədd etmir, ondan öyrənir. Hafizi, Camini, Rumini yaxşı bilir, ancaq onlar kimi yazmır. Onun əsərləri mahiyyət etibarilə Nizaminin, Füzulinin inkarı deyildir. Onların irəli sürdüyü idealların yeni şəkildə, şeirdə xalq şeirinin təsirinin gücləndiyi bir dövrün zövqünə uyğun şəkildə ifadəsidir.
Dönəmbədönəm tarix və zamanın qarşısında öz hesabatını verən ədəbiyyat Zaman vəTarixə sığışmayan Quranın süjet və motivlərindən bəhrələnərək ədəbiyyatın həmin dönəminə xas mərhələsini yaşayır və yaşadır. – M.Quliyeva
Ədəbiyyatda Qurandan gələn motiv və süjetlərin əksinə gəlincə, bəzən onlar tam, bəzən qismən, bəzən rəmzlər şəklində, yeni baxışla öz əksini tapır. Belə mövzulardan biri də “beş-pənci-Ali-Əba”, “əzimü-əziz”, “nəsli-əla”, “əşrəfül-məxluqat” və s. şəklində ədəbiyyatda öz əksini tapmış Hz. Peyğəmbərin nəsli məsələsidir. Mövzu Qurani-Kərimin “Əhzab” surəsinin 72-ci ayəsi, “Vida” xütbəsi, müxtəlif təfsirlərdə əksini tapmış yuxarıda qeyd etdiyimiz xütbənin məzmunundan irəli gəlir: Mən sizin aranızda iki ağır (əmanət) qoyuram: (Onlar) göylə yer arasında uzadılmış ip olan Allah kitabı (Quran) və mənim əhli-beytimdir. Onlar (Qiyamət günü) hovuzun kənarında mənə qovuşanadək bir-birindən ayrılmazdır.
Klassik ədəbiyyatda geniş intişar tapmış bu mövzu Şeyx İbrahim Gülşəni Bərdəidə aşağıdakı şəkildə şeirə gətirilib:

Vəlidir cümlə əshabi rəsulun,
Vəliyi sevməyən işi xətadır
Nəbivü Murtəza sibtu zühəda,
Xəmusu seyyidü Ali-əbadır.

Bu ənənə Vaqifin /Ey Vidadi, gərdişi-devrani-kəcrəftarə bax!, Ruzigarə qıl tamaşa, karə bax, girdarə bax!/ - mətləli qəzəlində, özü də bədbin bir ruhda öz əksini tapmışdır. Görünür, həyatın müəyyən dönəmindəki ağrılı-acılı günlər şairin yaradıcılığında da silinməz izlər buraxmışdır. Sənət əsəri təkcə ictimai-siyasi tələbatın deyil, sənətkarın yaşadığı acılı-şirinli həyat hayqırtılarının müştərək mehvəridir (– M.Quliyeva). Vaqifin aşağıdakı qeyd etdiyimiz qəzəli də bu hayqırtının nəticəsidir:
Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,
Nə qıza, nə oğula, nə dusta, nə yarə bax!

Vaqifa göz yum, cahanın baxma xubüziştinə,
Üz çevir ali-əbaya, Əhmədi-Muxtarə bax!

Deməli, Vaqif yaradıcılığında bədbin notlarda yazılmış şeirlər də var.
İlkin islam dövrünün nəqaid şairləri olan Cərir və Fərəzdək kimi Vaqifi Vidadisiz, Vidadini isə Vaqifsiz təsəvvür etmək mümkün deyil. Ədəbiyyatda öz nikbinliyi ilə Vidadinin bədbin ruhlu şeirinə rəng qatan Vaqifin Vidadi ilə müşairələri onun yaradıcılığında önəmli yer tutur.
Vaqif
Toy bayramdır bu dünyanın əzabı
Əqli olan ona gətirər tabı,
Sənin tək oğlana deyil hesabı,
Hər şeydən eyləyib qubar ağlarsan!

Vidadi
Oğlan, sən uşaqsan, cavansan hələ,
Yenicə cisminə düşüb vəlvələ,
Tazəcən dəyənək alıbsan ələ,
Qaim tut ki, nagah düşər, ağlarsan

Bu ənənə, (Beş-Pənci-Ali-Əba) bəlkə də Vaqifdən aşıq yaradıcılığına yol tapmış, aşıq yaradıcılığında və xüsusən də aşıq şeirinin Füzulisi olan Aşıq Ələsgərdə öz əksini tapmışdır:
Beş-Pənci-Ali-Əbadı, əzimü-əziz,
On iki imam, çardəh, məsum düzbədüz
Yüz iyirmi dörd min peyğəmbərimiz
Hər birinin ayrı məqamı vardır.

Vaqifin qəzəllərindəki mütəşabihatlar /Həbibim, bu nəzakətdə gülü-rənadan artıqsan,/ Mənim yanımda, billah, sən iki dünyadan artıqsan,/ Əliyyəlmürtəzadan istə, Vaqif hər nə istərsən,/ Hər kimin cananı kim, bir əhli-ürfanı olmaya, Şahi-aləm olsa, onda rahəti-can olmaya,/ Həblülmətin zülfün, Kəbə üzündür./ və s. bu kimi sətir və misralar realist ədəbiyyatın banisi kimi ədəbiyyat tarixində yer almış Molla Pənah Vaqifin klassik irsə bağlılığına dəlalət edir.
Vaqif klassik qəzəlin özünəməxsus ruhunu öz müxəmməs və qəzəllərində saxlamış, hətta onu dövrə uyğunlaşdıraraq sadə xalqın dil və ruhuna uyğun tərzdə qoşma və təcnislərə belə gətirib çıxartmışdır...


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin  300 illik yubileyi   ...

AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ...

AzTU
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər
Molla Pənah olan şair

Molla Pənah olan şair

Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə"
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan
Əziz ŞƏRİF:

Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pəna ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

"Zirvə", Turan
MÜBARİZ VƏTƏNDAŞ VƏ NƏĞMƏKAR ŞAİR M.P.VAQİF

MÜBARİZ VƏTƏNDAŞ VƏ NƏĞMƏKAR ŞAİR M.P.VAQİF

Naxçıvan, Elmi Məqalələr, Müsabiqə
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Bədirxan Əhmədli: BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
Saz, söz sərrafı – şair NƏBİ FAXRALI

Saz, söz sərrafı – şair NƏBİ FAXRALI

Bolus
SABİR RÜSTƏMXANLININ ŞEİRLƏRİNDƏ PEYZAJ

SABİR RÜSTƏMXANLININ ŞEİRLƏRİNDƏ PEYZAJ

Sumqayıt
AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2019-cu il materialları əsasında) - II Hİ ...

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2019-cu il materialları əsasında) - II Hİ ...

"SAZLI-SÖZLÜ BORÇALI"
MƏHƏMMƏD  FÜZULİ – 530

MƏHƏMMƏD FÜZULİ – 530

Elmi Məqalələr, "Elm və Təhsil"
Yusif Dirili: Dirili Qurbaninin şeirləri A.Bartkutaşvilinin tərcüməsində

Yusif Dirili: Dirili Qurbaninin şeirləri A.Bartkutaşvilinin tərcüməsində

Ədəbiyyat, Ədəbiyyatşunaslıq, Ədəbi əlaqələr
VAQİF SULTANLININ AZƏRBAYCAN  MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

Yeni nəşrlər, BDU
Rəy yazın: