turan.info.az xəbər verir ki, tədbirdə bölmələrin akademik-katibləri, həqiqi və müxbir üzvləri, elmi müəssisələrin rəhbərləri və digər alimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq gündəlikdə duran məsələ ilə bağlı məlumat verib.
Tədbirdə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin “Fizioloji fəal üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” mövzusunda məruzəsi dinlənilib. İnstitutun direktoru rəhbərlik etdiyi müəssisənin neft məhsullarının mikrobioloji zədələnməsinin qarşısını alan bioloji fəal maddələrin – biosidlərin sintezi, tədqiqi və tətbiq sahələrində əldə olunan nailiyyətlərindən danışıb. İnstitutun alimlərinin mikrobioloq və fizioloqlarla birgə apardıqları tədqiqatlardan bəhs edən akademik Vaqif Fərzəliyev sintez edilmiş biosidlərin digər sahələrdə bioloji fəallığının araşdırıldığını vurğulayıb. Bu istiqamətdə qazanılan uğurlara əsaslanaraq 2015-ci ildə AMEA Rəyasət Heyəti tərəfindən təsdiqlənmiş “Fizioloji fəal maddələrin sintezi, tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” adlı multidissiplinar elmi proqramdan söz açan institut direktoru Aşqarlar Kimyası, Mikrobiologiya və Fiziologiya institutları tərəfindən icra edilən birgə layihənin nəticələri barədə məlumat verib. Sonra yığıncaqda fizioloji fəal maddələrin sintezi və tədqiqi sahəsində Aşqarlar Kimyası İnstitutunun müştərək beynəlxalq qrup çərçivəsində fəaliyyəti, bu sahədə institutla əməkdaşlıq etmək niyyətində olan xarici elmi mərkəzlərlə bağlı məlumatlar, o cümlədən multidissiplinar elmi proqram üzrə çap olunmuş elmi əsərlər və perspektiv planlar iştirakçıların diqqətinə çatdırılıb.
Məruzə dinlənildikdən sonra suallar cavablandırılıb, aidiyyatı sahələr üzrə alimlər çıxış ediblər.
Sonra AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev məruzənin bir növ tarixi icmal xarakteri daşıdığını və burada Aşqarlar Kimyası İnstitutunun son illər əldə etdiyi uğurların təcəssüm olunduğunu qeyd edərək tədqiqat mövzusunu yüksək qiymətləndirib. Kimyaçı, bioloq, fizioloq, farmakoloq və həkimlərin birgə tədqiqatların vacibliyini vurğulayan akademik Dilqəm Tağıyev bu yöndə çalışmalarla elmdə daha mükəmməl nəticələrə nail olunacağını bildirib.
Son olaraq bugünkü multidissiplinar xarakterli toplantının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan akademik Əhliman Əmiraslanov gələcəkdə böyük tədqiqatlara yol açan məruzəyə dair öz tövsiyələrini verib.
Aysel MƏDƏDLİ,
turan.info.az
.