Fevral ayının 10-da tanınmış tədqiqatçı alim, botanik, “Şöhrət” ordenli, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Sadiq oğlu Məmmədovun
anadan olmasının 60 yaşı tamam olur.
Tofiq Məmmədov 1957-ci il fevralın 10-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1974-cü ildə Dırnıs kənd orta məktəbini,
1982-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu (indiki Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini) bitirmişdir.
1986-cı ilə qədər müxtəlif vəzifələrdə çalışmış, elmə və təbiətə olan böyük marağı onu Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutuna gətirmişdir. T.Məmmədov ilk olaraq Botanika İnstitutunda baş mühəndis, 1990-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunun şöbəsi olan Mərdəkan Dendrarisində direktor müavini vəzifələrində çalışmış, 1996-cı ildən isə bu müəssisənin direktorudur.
Alim 2000-ci ildə “Mərdəkan Dendrarisində qiymətli ağac-kol bitkilərinin bioekoloji xüsusiyyətləri və onların Abşeronun yaşıllaşdırılmasında istifadəsi” mövzusunda namizədlik, 2004-cü ildə isə “Abşeronda yaşıllaşdırmada perspektivli ağac-kol bitkilərinin bioekoloji xüsusiyyətlərinin, aqrotexnikasının və xalq təsərrüfatında səmərəli istifadəsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Bu dövrlərdə apardığı geniş elmi-tədqiqat işləri nəticəsində o, Abşeronun quru subtropik iqlim şəraitində introduksiya olunmuş ağac-kol bitkilərinin bioekoloji xüsusiyyəylərini, ekoloji mühit amillərinə davamlılığını öyrənmiş, morfoloji əlamətlərinə görə seçərək qruplaşdırmış və yaşıllaşdırmada istifadəsi üçün bir sıra təkliflər vermişdir.
Görkəmli alim 2007-ci ildə “Botanika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
2014-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən bioloji və ekoloji fənnlər üzrə “professor” elmi adına layiq görülmüşdür.
T.Məmmədov yerli və xarici mətbuatda dərc edilmiş 22 kitabın, 200-dən çox elmi məqalənin və 8 patentin müəllifidir. Alimin rəhbərliyi ilə 1 elmlər doktoru və 9 fəlsəfə doktoru hazırlanmışdır.
2000-ci ildən onun redaktorluğu ilə “Bitkilərin introduksiyası və iqlimləşdirilməsi” elmi məqalələr toplusu dərc edilir.
Alimin “Qazon-bəzək memarlığı”, “Bonsay bitkiləri”, “Bitkilərin təyinində morfoloji terminlər” və digər kitabları yaşıllaşdırma mütəxəssisləri üçün təcrübi işlərin həyata keçirilməsində əsas vəsait kimi istifadə edilir.
T.Məmmədovun rəhbərliyi ilə 2006-cı ildə “Gülçülük ensiklopediyası”, 2007-ci ildə ”Otaq bitkiləri ensiklopediyası” kitabları yazılmışdır. Onun uzun illər apardığı tədqiqatların nəticəsi olaraq 2010-cu ildə Azərbaycanda ilk dəfə “Abşeronun ağac və kolları” monoqrafik əsəri çapdan çıxmışdır. Ardıcıl həyata keçirilən ekspedisiyaların və Azərbaycan dendroflorasının müasir vəziyyətinin monitorinqindən bəhs edən “Azərbaycan dendroflorası” fundamental əsəri dərc edilmişdir.
Botanik alim tərəfindən respublikanın florasında 42 fəsilə, 71 cinsə aid 189 növ nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkiləri öyrənilmiş, “Azərbaycanın nadir ağac və kol bitkiləri” kitabı çapdan çıxmışdır. Bu istiqamətdə tədqiqatlar davam etdirilir.
Onun elmi tədqiqatları nəticəsində dünya florasından tropik və subtropik mənşəli yeni növ ağac-kol bitkiləri introduksiya edilir, onların yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırılması, bioekoloji xüsusiyyətləri elmi əsaslarla öyrənilir. Bu bitkilər morfoloji, bioloji, ekoloji və dekorativ əlamətlərinə görə seçilir, qruplaşdırılır, bəzilərinin landşaft memarlığı əsasında tətbiqi üçün təklif və tövsiyələr verilir. Professor flora biomüxtəlifliyinin artırılması məqsədilə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq ağac-kol bitkisinin toxumlarını gətirmiş, onların yerli şəraitədə introduksiyası ilə məşğul olmuşdur.
T.Məmmədovun səyi ilə 2005-ci ildə Mərdəkan Dendrarisi Dünya Botanika Bağlarının, 2007-ci ildə isə Amerika Botanika Bağları Cəmiyyətinin üzvü seçilmişdir.
Alim Bolqarıstan “Paleobotanika” jurnalının, MDB ölkələri üzrə Botanika Bağlarının, eyni zamanda Qafqaz üzrə Botanika Bağları Ekspert Şurasının, Türkiyə Kahramanmaraş Sütçü İmam Universiteti Təbiət Elmləri jurnalının ekspert komissiyasının, “Hortus Botanicus” jurnalının redaksiya heyətinin üzvü, MDB ölkələri Botanika Bağları Cəmiyyətinin Azərbaycan üzrə sədridir.
2013-cü ildən Bakı Dövlət Universitetinin Botanika kafedrasının professoru və Odlar Yurdu Universitetinin dövlət imtahan komissiyasının sədridir. 2014-cü ildən AMEA Botanika İnstitutunda “Botanika” ixtisası üzrə Müdafiə Şurasının sədr muavinidir.
Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Səmərəli elmi-pedoqoji sahədə fəaliyyətinə görə o, 2015-ci ildə AMEA-nın 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Həmçinin Azərbaycan elminə verdiyi töhfələrə görə AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdür.
Görkəmli botanik alim Tofiq Məmmədovu anadan olmasının 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..
Müşfiq BORÇALI,
Aysel MƏDƏDLİ,
turan.info.az
.