Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə
iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
AMEA-dan turan.info.az-a bildiriblər ki, tədbirdə
AMEA-nın Humanitar
Elmlər Bölməsinin
akademik-katibi, akademik Teymur Kərimli “AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında geniş məlumat verən akademik tədqiqat işlərinin ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və intellektual inkişafına istiqamətləndiyini, elmi-təşkilati fəaliyyətdə innovativ ideyaların tətbiqinə xüsusi önəm verildiyini qeyd edib. Teymur Kərimli institut və təşkilatların 2016-cı ildə əldə etdiyi mühüm nəticələr, bölmədə elm və təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr sahələrində görülən işlər, dövlət proqramları çərçivəsində, o cümlədən Rəyasət Heyətinin qərarları ilə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər haqqında danışıb:
“Bölmə üzrə 9-u xaricdə olmaqla 167 kitab, 232-si xaricdə olmaqla 2024 məqalə və 37-si xaricdə olmaqla 160 tezis nəşr edilib. İmpakt faktorlu jurnallarda əməkdaşların 29 məqaləsi çap olunub.
Alimlərin elmi əsərlərinə 111 dəfə istinad edilib.
Bölmənin elmi müəssisələrində fəlsəfə doktorluğu üzrə 43, elmlər doktorluğu üzrə 5 dissertasiya işi müdafiə edilib.
Hazırda 46 əyani, 98 qiyabi doktorant, 235 dissertant və 11 magistrant təhsil alır.
Bundan başqa, keçən il bölmə üzrə əməkdaşlar 5 qrant proqramının qalibi olublar”.
Akademik-katib bölmənin elm və təhsilin inteqrasiyası və beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində fəaliyyətindən də bəhs edib. Bildirib ki, ötən il elmi müəssisələrdə Təhsil Nazirliyinin xətti ilə ali təhsil ocaqlarının alim kollektivi stajartırma, tələbələri isə təcrübəkeçmə kurslarında iştirak ediblər. Ölkə universitetləri ilə elm və təhsil sahəsində birgə fəaliyyəti nəzərdə tutan bir sıra əməkdaşlıq müqavilələri imzalanıb və bölmə üzrə 100-dən çox alim və mütəxəssis ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğuldur.
2016-cı ildə bölmənin institut və təşkilatlarının Almaniya, Polşa, Türkiyə, Rusiya, Ukrayna, Türkmənistan, Özbəkistan, İran, Çin və digər ölkələrin elmi və ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirdiyini deyən akademik-katib bu ölkələrin elm və mədəniyyət xadimləri ilə görüşlər keçirildiyini, bölmə alimlərinin elmi ezamiyyətlərə göndərildiyini qeyd edib.
Məruzəçi ölkə başçısı tərəfindən təsdiq edilmiş dövlət proqramları çərçivəsində, o cümlədən Rəyasət Heyətinin qərarları ilə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər haqqında da ətraflı məlumat verib.
Məruzə dinlənildikdən sonra ətralı müzakirə olunub.
Müzakirə zamanı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik
Kamal Abdullayev Azərbaycanda dilçiliyin müasir dövrün tələblərinə uyğun şəkildə inkişafına dair fikirlərini bölüşüb.
AR Prezidenti İlham Əliyevin dilimizlə bağlı qəbul etdiyi qərar və sərəncamların alimlər qarşısında yeni vəzifələr qoyduğunu qeyd edən K.Abdullayev Azərbaycan filologiyasının həm qədim, həm də müasir dövrdə inkişaf meyllərinin öyrənilməsinin vacibliyindən söz açıb.
Qədim dillərin mütəmadi şəkildə öyrənilməsinin zəruriliyini önə çəkən alim bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu diqqətə çatdırıb. Bildirib ki, AMEA-nın magistratura pilləsində müvafiq sahədə təhsil alan tələbələr Avropa ölkələrinə ezam olunmalı, qədim latın, misir və yunan dillərini öyrənməlidirlər. Bu ölkələrin təcrübəsini əldə etdikdən sonra AMEA-da institutlararası problem laboratoriyalar təşkil edilməli, alimlərimiz müxtəlif problemlərin həlli ətrafında birgə fəaliyyət göstərməlidirlər.
Akademik K.Abdullayev çıxışının sonunda Humanitar Elmlər Bölməsinin dünya elminə inteqrasiyası və daha mühüm elmi nəticələrin əldə edilməsi, alimlərimizin nüfuzlu elmi bazalarda təmsil olunması baxımından beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Azərbaycanda dilçilik sahəsində mövcud problemlərdən danışıb, onların həlli yollarına dair təkliflərini səsləndirib.
“Dil ən ali sərvətimizdir” – deyə bildirən alim müasir dövrdə filoloq-tərcüməçilərin yetişdirilməsi və klassik ədəbi əsərlərimizin dünyanın müxtəlif dillərinə tərcümə edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə işlərin yüksək səviyyədə təşkili məqsədilə gənc və yüksək potensialı olan kadrlar Avropa ölkələrinə ezam olunmalı, müvafiq dilləri mükəmməl öyrənməlidirlər.
Akademik Azərbaycanın tanınmış klassik şair və yazıçılarının bütün dünyaya tanıdılmasının humanitar elmlər sahəsinin qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edərək, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı kitab və monoqrafiyaların Avropa dillərində yayılmasının zəruriliyini önə çəkib: “Humanitar sahənin uğurlarını təbliğ edən əsərlər yazaraq dünya elminə inteqrasiya etməliyik”. Akademik R.Hüseynovun sözlərinə görə, bu, alimlərimizin ölkə hüdudlarından kənarda tanınmasına xidmət etməklə yanaşı, həm də mövcud problemlərimizin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
O, qədim əlyazma nümunələrinin oxunmasının Azərbaycan tarixinin öyrənilməsi baxımından xüsusi önəm daşıdığını qeyd edərək, bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsinin vacibliyindən danışıb. Hazırda AMEA-da dilçilik sahəsində fəaliyyət göstərən mütəxəssisləri, ədəbiyyatşünas alimləri bu prosesdə fəal iştiraka səsləyib.
R.Hüseynov ölkədə dilçilik və lüğətçilik sahəsində mövcud olan problemlərə də toxunub. Azərbaycanda lüğətçilik sahəsində klassik təcrübənin olduğunu söyləyən alim orfoqrafiya lüğətinin hər 5 ildən bir yüksək səviyyədə yenidən çap olunmasının zəruriliyini qeyd edib. Azərbaycan dilinin izahlı lüğəti, eləcə də terminoloji və sahə lüğətlərinin hazırlanması sahəsində peşəkar kadrların yetişdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Azərbaycan dilçiliyinin müasir dövrdəki problemlərinə toxunub, onların həlli yollarına dair təkliflərini səsləndirib.
O, xüsusən də orta məktəb dərsliklərinin vəziyyətindən söz açıb. Dərsliklərdə yol verilən nöqsanların aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
Alim Azərbaycan dilinin orfoqrafiya lüğəti ilə bağlı məsələyə də münasibətini bildirib. N.Cəfərov dərslik və tədris vəsaitlərinin hazırlanmasında, kino, efir və s. mətnlərinin tərtibində, həmçinin hər bir fəaliyyət sahəsində istinad və istifadə edilən lüğətin təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib.
O, həmçinin AMEA-nın Humanitar Elmlər Bölməsinin əldə etdiyi mühüm nəticələrin dünya elminə inteqrasiyası, burada elmi tədqiqatların dərinləşdirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı tövsiyyələrini də səsləndirib.
Məruzə müzakirə olunduqdan sonra Rəyasət Heyəti müəyyən olunan perspektiv istiqamətləri bölmənin gələcək fəaliyyəti üçün əsas kimi qəbul edib. Müəssisələrin elmi fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi, gənc alimlərin beynəlxalq miqyaslı qrant müsabiqələrdə iştirakının təmin edilməsi, həmçinin perspektiv istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.
Sonra Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “AMEA-nın Naxçıvan Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, təbii sərvətləri, flora və faunasının sistemli şəkildə öyrənildiyini bildirən akademik hesabat ilində bölmədə əldə olunan nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İsmayıl Hacıyev ötən il elmlə təhsilin inteqrasiyası, bölmənin beynəlxalq əməkdaşlığı, nəşriyyatçılıq fəaliyyəti, kadr hazırlığı və digər məsələlər haqqında məlumat verib.
İ.Hacıyev qeyd edib ki, 6 prоblemi əhatə edən 7 mövzuda 81 mərhələdə 31 iş üzrə tədqiqatlar aparılıb.
O, 76 mərhələ üzrə işlərin artıq tamamlandığını, bölmə əməkdaşları tərəfindən 3 tətbiqyönümlü patentin alındığını, 5 qrant layihəsinin həyata keçirildiyini bildirib.
İsmayıl Hacıyev 2016-cı ildə elmlə təhsilin inteqrasiyası istiqamətində mühüm işlərin görüldüyünü, bölmə əməkdaşlarının Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda, eləcə də orta məktəblərdə pedoqoji fəaliyyətlə məşğul olduqlarını qeyd edib. Akademik bölmənin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində aparılan işlər haqqında da məlumat verərək, ABŞ, Fransa, Almaniya, İngiltərə, İsveç, Bosniya-Hersoqovina, Türkiyə, Rusiya, Qazaxıstan, İran və digər ölkələrin elm və ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələrinin imzalandığını söyləyib.
2016-cı ildə Seysmoloji Xidmət Mərkəzinin və İnformasiya Kommunikasiya Texnologiyası kabinəsinin istifadəyə verildiyini deyən akademik bölmənin kitabxanasında 123 kitabın elektron variantının hazırlanaraq www.ameanb.nakhchivan.az saytında və kitabxananın daxili şəbəkəsində yerləşdirildiyini vurğulayıb.
İsmayıl Hacıyev bölmənin nəşriyyatçılıq fəaliyyəti və kadr hazırlığı məsələlərinə də toxunub: “Hesabat ilində 3-ü xaricdə olmaqla 23 monoqrafiya, biri xaricdə olmaqla 14 kitab, 4 metodik vəsait, 137-ü xaricdə olmaqla 560 məqalə və konfrans materialı və 7-si xaricdə olmaqla 15 tezis çap olunub. Elmi müəssisələrin alimləri impakt faktorlu jurnallarda 29 məqalə dərc etdirib, 26 beynəlxalq simpozium və konfransda məruzələrlə çıxış ediblər.
2016-cı ildə 7 əməkdaşa dosent elmi adı verilib, fəlsəfə doktorluğu üzrə 6 dissertasiya işi müdafiə edilib, elmlər doktorluğu üzrə isə 2 elmi iş AAK-a təqdim olunub”.
Məruzə dinlənildikdən sonra müzakirə edilib, Rəyasət Heyətinin qərarı ilə hesabat qənaətbəxş hesab olunub. Bölməyə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamların, dövlət proqramlarının icrası istiqamətində fəaliyyətin gücləndirilməsi, multidissiplinar mövzular üzrə birgə elmi tədbirlərin təşkili, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərə dair tapşırıqlar verilib.
İclasda AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin qeydə alınmasının nəticələri haqqında müzakirə aparılıb.
Məsələ ətrafında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə seçkilərin keçirilməsi haqqında Rəyasət Heyətinin 7 dekabr 2016-cı il, 14 dekabr 2016-cı il və 18 yanvar 2017-ci il tarixli qərarlar qəbul etdiyini xatırladıb.
Akademik sənədlərin qəbulu üzrə Komissiya tərəfindən namizədlərin siyahısının Rəyasət Heyətinə təqdim olunduğunu bildirib.
Rəyasət Heyəti namizədlərin siyahısının təsdiqi, AMEA-nın mətbu orqanında dərc edilməsi və digər tədbirlər haqqında qərar qəbul edib.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Gəncə Bölməsində Yer fizikası şöbəsinin yaradılması haqqında olub. Yer Elmləri Bölməsinin akademik-katibi, akademik
Fəxrəddin Qədirov bildirib ki, Prezident İlham Əliyev qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatı və emal sənayesini ölkənin gələcək inkişafında əsas prioritet sahələr kimi göstərib.
Akademik faydalı qazıntıların axtarışı və emalının elmi əsaslarının öyrənilməsi, yüksək texnologiyaların tətbiqinin qeyri-neft sənayesinin inkişafında mühüm tədbirlərdən olacağını qeyd edib.
Gəncənin faydalı qazıntıların yer aldığı və sənaye əhəmiyyətli bölgələrdən olduğunu deyən alim şəhərdə faydalı qazıntıların axtarışı, yüksək emal texnologiyalarının elmi əsaslarının hazırlanması və tətbiqi, geotermal suların öyrənilməsi üçün uyğun coğrafi şəraitin və elmi potensialın mövcud olduğunu diqqətə çatdırıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, Gəncə Bölməsində Yer fizikası şöbəsinin təşkili və əsasnaməsinin təsdiqi haqqında qərar qəbul edib.
İclasda Molekulyar Biologiya və Biotexnologiyalar, Torpaqşünaslıq və Aqrokimya institutlarının
Elmi şuralarının tərkiblərinin təsdiqi, AMEA-nın müxbir üzvləri Vaqif Quliyevin 60 illik və
Xəlil Qasımovun 75 illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul olunub.
Sonda bir sıra kadr məsələlərinə baxılıb.
Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Muxtar İmanov Folklor İnstitutunun,
iqtisadiyyat üzrə elmlər doktoru Nazim İmanov İqtisadiyyat İnstitutunun direktorları vəzifələrinə
təsdiq olunublar.
Həmçinin biologiya üzrə fəlsəfə doktoru Durna Əliyeva Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi katibi vəzifəsinə təyin edilib.
Müşfiq BORÇALI,
turan.info.az
.