Bu münasibətlə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev yubilyara TƏBRİK ünvanlayıb.
Təbrikdə deyilir:
"Çox hörmətli Misir müəllim!
Oktyabr ayının 2-si Sizin dünyaya bəxş olunduğunuz gündür.
Bu ildə Siz ömür nərdivanının 70-ci pilləsinə qalxmış, 71-ci pillənin astanasında vüqarla dayanmısınız.
Sizi 70 illik yubileyiniz münasibətilə Azərbaycan Təhsil Şurasının İdarə Heyəti, elmi-pedoqoji ictimaiyyət, çoxsaylı müəllimlər ordusu, şəxsim adından böyük səmimiyyətlə təbrik edir, Sizə möhkəm gümrahlıq, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Əzizimiz Misir müəllim!
Siz alicənablığınız, xeyirxahlığınız, səmimiyyətinizlə, işgüzarlığınızla pedoqoji ictimaiyyətin sevimlisinə çevrilmisiniz.
1998-ci ildən ötən 15 il ərzində təhsil naziri olaraq dövlətin təhsil siyasətini, Ulu öndər Heydər Əliyev ideyalarının reallaşdırılması sahəsində xidmətlərinizlə müstəqil Azərbaycanın “Təhsil pəncərə”sini dünyaya açmış, təhsilimizi innovasiyalar və modern texnologiyalarla zənginləşdirmisiniz, ictimaiyyət arasında qurucu, islahatçı nazir kimi tanınmısınız.
Sizin nazir kabinetinizin qapısı hər zaman xidmətkar insanların üzünə açıq olmuş, təhsil ocaqlarında, məktəblərdə şagirdlərlə, müəllimlərlə, valideyinlərlə keçirdiyiniz hər görüş, veriyiniz peşəkarlıq məsləhətləri yeni ruh yüksəkliyi yaratmış, insanların uğurlu gələcəyə inamını artırmışdır.
Çox hörmətli Misir müəllim!
Sizin pedoqoq alimlərlə, təhsil xadimlərilə apardığınız müzakirələr, məsləhətləşmələr, dərin məzmunlu kollegiya iclasları perspektivin daha optimal müəyyənləşdirilməsinə stimul vermiş, əməkdaşlığı artırmış, səmimiyyəti yüksəltmişdir.
Dərin zəka, çevik düşüncə, əzmkarlıq, təhsli elminə bələdlik və sadiqlik nümunəsi göstərərək 1998-ci ildən başlanan təhsil islahatının 15 illik tarixini meydana qoymaqla, çoxcildli “Azərbaycan təhsil tarixi” monumental əsərini yazıb nəşr etdirməklə təhsil və pedoqoji fikir tarixini zənginləşdirmisiniz.
Mehriban Misir müəllim!
Xidmətləriniz o qədər şox, insani keyfiyyətləriniz o qədər diqqətçəkəndir ki, kiçik bir təbrikdə onları əhatə etmək mümkün deyildir. ANS tv-dəki debatda dediyim kimi, Siz qara saçlarla nazir kürsüsündə əyləşdiniz, kürsüdən ağarmış saçlarla getdiniz. O ağ saçlar Sizin təhsil yolunda çəkdiyiniz zəhmətin izidir.
İziniz, sözünüz həmişə var olsun!.."
REDAKSİYADAN:
Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub.
1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universiteti) daxil olub.
1969-cu ildə Universitetin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
M.Mərdanov 1970-1972-ci illərdə BDU-nun əyani aspiranturasında təhsilini və elmi araşdırmalarını davam etdirib.
1973-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1973-cü il 28 setyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1981-ci il 25 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.
1989-cu ildə Ukrayna Elmlər Akademiyasının riyaziyyat institutunun müdafiə şurasında "Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1989-cu il 3 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1971-ci ildən 1989-cu ilədək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.
1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifəsində çalışıb.
1985-1986-ci illərdə BDU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb.
1996-cı ildən 1998-ci ilə qədər Bakı Dövlət Universitetinin nəznində doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri olmuşdur.
1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışmışdır.
1991-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsil nazirinin müavini işləmişdir.
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.
1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru olmuşdur.
1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
2000-ci ilin yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür.
2005-ci ilin aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvüdür.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.
2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.
2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidentir.
1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir.
2014-cü ilin оktyabrın 28-dən Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir.
2013-cü ilə qədər "Kurrikulum", "Ali təhsil və cəmiyyət" elmi-metodiki jurnallarının və "Elektron təhsil", "Təhsil", "Təhsil xəbərləri" jurnallarının baş redaktoru olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavinidir.
"Azerbaijan journal of Mathematics" jurnalının redaksiya heyətinin üzvidir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktorudur.
"TWMS Journal of Pure and Applied Mathematics" (Turkic World Mathematical Society) jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir.
"Чебышевский сборник" jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir.
Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvüdür.
Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədridir.
2015-ci ilin martın 2-dən Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 dissertasiya Şurasının sədridir.
Bir elmlər doktorunun məsləhətçisi olmuş və dörd fəlsəfə doktoru hazırlamışdır.
Ailəlidir, 3 övladı var.
Mükafatları:
2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxri adına,
2001-cı ildə "Qızıl qələm" media mükafatına,
2006-cı ildə isə "Şöhrət" ordeninə,
2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Əsas elmi nəticələri:
Geniş sinif-müxtəlif məhdudiyyətləri olan optimalidarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işlənmişdir. Təklif olunan metod, məlum metodları tətbiq edərkən ortaya çıxan bəzi prinsipial çətinlikləri aradan qaldırmağa imkan vermişdir. Həmin çətinliklərə-idarəediciyə daxil olan gecikmələrin bir-biri ilə müqayisə oluna bilməməsi, tədqiq olunan ekstremalın normallıq şərtini ödəməməsi, faza məhdudiyyətlərinin olması, tənliyin sağ tərəfinin zamana görə ölçülən olması və zamanın qeyd olunmaması daxildir. Gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edilmişdir. Diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil eilmiş və daha səmərəli metod işlənmiş, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər alınmışdır.
Pedaqoji fəaliyyəti:
1973-1998-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakultəsində analitik həndəsə, diferensial həndəsə, optimal idarəetmənin riyazi üsulları fənlərindən mühazirələr oxumuşdur. Eyni zamanda optimal idarəetmə ilə bağlı ixtisas kurslarında mühazirələr demiş və seminarlar aparmışdır, tələbələrin diplom işlərinə rəhbərlik etmişdir.
Misir Mərdanov ümumtəhsil məktəbləri üçün aşağıdakı dərsliklərin müəllifidir:
6-cı sinif üçün "Riyaziyyat".
7, 8, 9, 10, 11-ci siniflər üçün "Həndəsə".
7, 8, 9-cu siniflər üçün "Cəbr".
10,11-ci siniflər üçün "Cəbr və Analizin Başlanğıcı".
Siyasi fəaliyyəti:
2013-cü ilə qədər Yeni Azərbaycan Partiyası İdarə heyyətinin üzvü, hazırda Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvüdür.
(Foto 1999-cu ildə
indiki Heydər Əliyev adına
idman-konset sarayında
Heydər Əliyevin ilk dəfə
hakimiyyətə gəlməsinin
30 illiyi münasibəti ilə
keçirilən sərgidə çəkilib.)
Nəhayət, biz də, turan.info.az-ın Yaradıcı Heyəti adından
çox hörmətli alimimiz - Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru,
professor Misir Mərdanovu 70 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, elmi yaradıcılığında və
ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Böyük hörmət və ehtiramla,
.