Ulu keçmişinə nəzər salsaq təzatlı və təlatümlü vaxtları olub bu kəndin.
Adı-sanı bütün Borçalını tutan Səməd ağası, İstil İsmayılı olub bu elatın, mərd kişilər, xeyixah insanlar olub bu torpaqda.
Onun ulu tarixindən, etnoqrafiyasından, qəhrəman şəxsiyyətlərindən, adət-ənənəsindən,mərifət və mənəviyyətindən, tarixi abidələrindən yazsaq qalaq-qalaq kitablar əmələ gələr. Lakin qələm tutanlarımızın heç biri bunu etməyib, mən bu məsul vəzifəni öz üzərimə götürüb bu işin öhtəsindən gəlməyə çalışacağam və bununla öz ulu keçmişimə mənəvi borcumu yerinə-yetirmək üçün bütün bilik və bacarığımı, elatın yaşlı insanlarından eşitdiklərimi söz-söz, kəlmə-kəlmə kağıza köçürüb sizlərə çatdıracağam mənim əziz oxucularım.
Qasımlı kəndinin yaranımasının bir çox versiyaları mövcuddur.
Qədim yüzilliklər dövründə burada oğuz türklərinin yaşadıqları məlum olub.
Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-irəm” əsərində Borçalı mahalı, onun yaranması, kəndləri, onların meydana gəlməsi haqqqında ətraflı məlumat verilmişdir. Biz bu kəndlərin biri haqqında ətraflı danışıb, onun tarixi adları, abidələri və etnoqrafiyası haqqında geniş şərh verəcəyik. Bu elatın hər bucağını qarış-qarış gəzib onun keçmişi və bu günü haqda yazmaqla yanaşı, tarixi baxımdan ona analiz verməyə çalışıb, bütün olub keçən tarixi olayları zaman süzgəcindən süzüb, saf-çürük edib ən realını, ən həqiqətini qələmə alıb sizlərə çatdıracağıq mənim əziz möhtərəm oxucularım. Qasımlı kəndi çox qədimlərdən yaşayış məskanı olub. Bu kənd Təbədöy çayının sol sahilində Babakər dağlarının ətəyində yerləşir. Bu kəndin əzəmət-vüqarı olan Babakər dağlarının ən hündür yerində yerləşmiş ”Haça-qaya”dan baxanda kəndin içində ən xırda şeyı belə görmək olar.
Qasımlı kəndi Təbədöyün sol sahilində, Qaçağan elatından sonra ən böyük kənddir.
Bu kənddə 3312 nəfər əhali yaşayır ki, bununda 100%-ini azərbaycanlılar təşkil edir.
Sovetlər dövründə kəndin abatlaşmasına böyük fikir verilmiş və o sıçrayışla inkişaf etmiş, yeni 2-mərtəbəli yaşayış binaları tikilmiş, kənd arası yollar başdan-başa təmir olunmuşdur. 1974-cü ildə Gürcüstan Respublikası MK-nın o zamankı birinci katibi E.Şvardnadzenin Qasımlıya gəlməyi Şulaveri-Qırmızı körpü avtomobil trasından Qasımlıya qədər torpaq yolun asfaltlaşmasına səbəb olmuşdur.
Kənddə xəstəxana, məişət evi, çörək bişirmə zavodu, 500 şagird yeri olan 3-mərtəbəli gözəl məktəb binası tikilmişdir.
Çox təssüflər olsun ki, 1989-cu ildə baş verən zəlzələ naticəsində məktəb binası bərbat hala düşmüş və Gürcüstan eksbert komisiyasının qərarı ilə məktəbdə tədris dayandırılmış, maarif nazirliyinə və rayon rəhbərliyinə binanı yenidən əsaslı təmir etdirmək tapşırığı verilmişdir. Lakin bu günə qədər heç bir nəticə yoxdur. Qasımlı kəndi uzun müddət kartofçuluq üzrə ixtisaslaşdığından burada 2000 tonluq kartof toxumu saxlama anbarı, 80-tonluq kartof toxumu cücərtmə kompleksi və kartofu uzun müddət normal şəraitdə saxlamaq üçün dondurma kompleks anbarı tikilib istifadəyə verilmişdir. Çox təssüflər olsun ki, Gürcüstan respublikası öz müstəqilliyini əldə edəndən sonra bu əsaslı binaların hamısı sökülüb dağıdılmılşdır. İstər məişət evi, istərsə də kartof toxumunun saxlanması üçün inşa olunan binalar Qasımlıya xüsusi gözəlik verirdi. Indi onların yeri xarabalığa çevrilmişdir. Onların yerində xüsusi adamlar əkmək üçün torpaq sahəsi düzəltmişlər.
Qsımlı kəndi nə vaxt yaranıb? Onun adı nə zamandan Qasımlı olub? Yuxarıda dedik ki, bu haqda müxtəlif versiyalar var. Dinlədiyim ağsaqqallların, sözünə-söhbətinə məftun olduğum aqil, müdrik insanların söhbətləri, söylədikləri həqiqi faktlara qulaq asdıqca belə qənaətə gəlirəm ki, bu kəndin tarixi çox-çox uzaqlara gedib çıxır. “Gülüstani irəmdə” göstərilir ki, əvvəli və əzəli olaraq bu yerlərdə türk dilli tayfalar yaşayıb, yaşayır və yaşayacaqdır. Babakər dağlarının sinəsi boyu salınan bu kəndin ayaq tərəfindən böyük Təbədöy çayı axır. Kənd Babakər dağları boyunca Ermənistan respubuplikası ilə həmsərhəddir. Marneuli Sınıq körpü trasından 4 km uzaqda dağların qoynuna sığınan bu kəndin çox füsünkar, cazibəli, ləcvərəd görnüşü var. Onun üst tərəfi yaşıl meşələrə qərq olunmuşdur. Burada akasiya, iydə, alça, badam, ərik, göyrüş, vələs, müxtəlif növlü şamlar və s. əkilmişdir. Bu da ki, burda yaşayan əhalinin karına gəlir. Hələ onu demirəm ki, bu meşəli yamacların qoynundan süzülüb kilometrlərlə yol gələn, insanın qanını damarında donduran dum-duru və saf sulu ayna bulaqlar, Qasımlıda yaşayan bütün əhaliyə aydınlıq nur gətirir onların yaşaması üçün həyat verir. Adı dillərdə dastan olan, aşıqların, şairlərin mövzu mənbəyi olan mənzərəli bir dağ yamacında yerləşən “Üç bulaq”, “Kora bulaq”,”Çır-çır bulaq”,”Zoğallı bulaq” və başqaları bu elə, bu obaya həmişə şöhrət gətirib, bura gələn qonaqlar bu sulardan içib ürəyinə, qəlbinə bir sərinlik, rahatlıq gətirib, burdan ayrılmaq istəməyiblər. Kəndin üst tərəfində Babakərin ən yüksək zirvəsində bu elatın tacı sayılan ”Haça qaya” gələn qonaqları ilkin salamlayır. Buranın ən hündür yerindən Qasımlı kəndi ovuc içi kimi görünür, bununla bərabər, Təbədöy şayının göy ləpələrinin, sakit sularının şırıltısının səsi eşidilir, çay sanki ayağının altından axır. Uzaqdan görünən kəndin 2-mərtəbəli yaşayış evləri, cərgə ilə düzülmüş muncuq qatarına bənzəyir. Amerikanın Kaliforniya ştatının plantasiyalarına bənzəyən barlı-bərəkətli əkin sahələri insanın üzünə gülür. Elə hiss edirsən ki, dünya yaşıllığa bürünüb, sən də bir quş kimi o yaşıllığın üzərində pərvaz edirsən. 2500 ha. qədər suvarılan əkin sahəsi olan Qasımlının əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Yerli əhali əsasən əkin sahələrində qarğıdalı, tütün, bostan bitkiləri və icrayə götürdükləri torpağın çox hissəsini mal-qaranı yemləmək üçün biçənəklər əkib becərirlər. Torpaqlar, 1996-cı ildə ölkəmizdə aparılan torpaq reforması zamanı icradarlara verilib. Kənddə 78 icradar var. Onlar bütün kənd əhalisini öz icra torpaqlarına üzv qəbul ediblər. Ümumiyyətlə kənddə hamının icrayə torpağı var. Kəndin içərisindən 3 iri suvarıma kanalı keçir.”Xan arxı” adlanan 4-cü kanal isə kəndin aşağı hissəsindən əkin sahələrinin başı üstündən keçir. Bu arxlar əhalinin suvarıma suyuna olan ehtiyacını tamamiylə ödəyir.
Son illərdə, yəni 1998-ci ildə kənddə yaşayan 200-dən artıq gənc aulələrə həyat yanı torpaq sahəsi verilmişdir. Hal-hazırda həmin torpaq sahələrində gözəl evlər tikilmiş və gənc aulələr həmin evlərdə yaşayırlar. Bu da kənddə inkişafın, tərəqqinin, yeni firafan həyatın bir nümunəsidir...
...XVII-əsrin sonu XVIII-əsrin əvvəllərində Dağıstan MR-dən Qaçağan kəndinə Qasım adlı varli-hallı bir şəxs gəlib burada məskunlaşır. Bir müddət burada yaşayan Qasım sonralar Qasımlı kəndinə köçür burada özünə daimi yurd salır. Bu kəndi özünə məskan edən Qasım yerli əhali ilə tez dil tapır. O, həddən artıq varlı olduğundan kasıblara yaxından kömək edir, bir çoxuna əl tutur, yardım göstərir. Kənd içində Qasım ağa-deyə çağrılır. Bu yerlərin abı-havası, yerli camaatı
onun xoşuna gəlir. O, burada ailə həyatı quruq, onun iki oğlu və çoxlu sayda qızları olur. Qasım ağanın birinci oğlu haqqında əlimizdə heç bir məlumat yoxdur. Ikinci oğlu Daşdəmir ağa çox məşhur, adlı-sanlı, şanlı-şöhrətli, səxavətli, varlı bir adam olub. Onun böyük torpaq sahələri, iri mal-qara və qoyun sürüləri olduğundan mahalda Daşdəmir ağa kimi tanınır. Müdrik el ağsaq- qallarının dediyinə görə Daşdəmir ağanın 8 oğlu və 8 qızı olur. Onun ən məşhur oğlu, bütün elat içində ad-san çıxaran, adı aşıqların, şairlərin dilindən düşməyən və Çar Rusiyasında general rütbəsinə qədər ucalan şan-şöhrətli, səxavətli igid ərən Səməd ağadır.
Qasımov Səməd ağa Daşdəmir oğlu 1858-ci ildə Qasımlı kəndində anadan olmuşdur. O, varlı ailədə böyüyüb ərəsəyə çatmışdır. Çox erkən yaşlarından at minməyi, tüfəng atmağı öyrənir, heç kəsə boyun əyməyən igid bir ərən olur. Onun təmtaraqlı, saraya bənzər ev-eşiyi, var-dövləti, el içində hörmət-izzəti, mahalda adı-sanı bütün ətraf əyalətlərə də yayılmışdır. O kəndin əsl ağası, kasıb insanlara bir xeyirxahlıq simvolu olaraq həmişə elin-obanın başı üstündə günəş kimi parlaq şölə saçmışdır. Səməd ağa ilə yanaşı Qasımlıda çox böyük, mərd, səxavətli, cəsur insanlar olub, ona görədə bu yurda igid ərənlər yurdu deyirlər.
Bu elatda Aslan ağa, Əsgər ağa, İskəndər ağa, İstil İsmayıl, qaçaq Süleyman, Abbas Hüseyn oğlu, Kar Məhəmməd və s. kimi xeyirxah, səxavətli, mərd insanlar olub. Həmin insanlar qasımlıların xeyir-şər işlərində iştirak ediblər, onlara hər tərəfli kömək eyləyiblər, kasıba, yoxsula himayadarlıq edib, ömürləri boyu el qəhri çəkiblər. Onlar kəndin tərəqqisi və inkişafında böyük fəaliyyət göstəriblər və eləcədə kəndə pənah gətirən qərib insanların burda məskunlaşmasına həmişə yardım əllərini uzadıblar.
Adları çəkilən elin ərənləri, eli həmişə yağılardan qoruyub kəndin düşünən beyni, vuran qolu olublar. Adı-sanı Rus Çarı Nikolaya qədər gedib çatan və hətta Çar ordusunda general rütbəsinə qədər yüksələn məhz bu kəndin ərənlər ərəni Səməd ağa olmuşdur. Onun kiçik qardaşı Aslan ağa heç də Səməd ağadan geri qalmamışdır. Bu elatda ən gərəkli şəxslərdən biri də Aslan ağanın oğlu İskəndər ağa olub, hansı ki, Qori Müəllimlər Seminariyasını bitirib gözəl ziyalı kimi öz elində müəllimlik etmişdir.
Səməd ağa 1905-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdir və Qasımlının kənd qəbristanlığında dəfn olunmuşdur. Onun qəbri üstündə böyük məqbərə düzəltmişlər. Çox təssüflər olsun ki, baxımsızlıq ucundan Səməd ağanın məqbərəsi uçub dağılaraq bərbat hala düşmüşdür. Onun imarəti öz yaxın qohumları tərəfindən pay-bölüş edilmişdir. Səməd ağanın yurdunda onun kötücəsi, gözəl mənsəb sahibi, biznesmen adı qoyulan İskəndər ağa Paşa ağa oğlu Qasımov gözəl memarlıq üslubu olan, əsl ağalara, bəylərə layiq bir saray tikdirmişdir və bu nəslin davamçısı kimi həmişə bu soykökü uca tutur. Lakin buna baxmayaraq Səməd ağanın haqq dərgahına qovuşduğu məkana ögey münasibət nə onun qohumlarına, nə də, qasımlılara yaraşmır. Səməd ağa ilə yanaşı bu elatda müdrik el ağsaqqalı, elin-obanın gərəyi olan, insanlara xeyirxahlıq bəxş edən, öz düşüncə tərzi ilə bütün Borçalıda məşhur olan, elin yaxın məsləhətçisi, igidlikdə,səxavətdə, mərdlikdə Səməd ağadan geri qalmayan İstil İsmayıl adlı bir şəxsiyyət də yaşamışdır. O, mərdliyi, səxavəti, cəsurluğu ilə bütün, yaxın-uzaq ətraflarda tanınmış, məşhurlaşmışdır. İstil İsmayıl 1876-cı ildə Qasımlıda anadan olmuşdur və 1930-cu ildə öz əmisi oğlanlarının mübahisələrini ayrıd edərkən aralıqda arxadan daşla başından vurmuşlar bunun nəticəsində o dünyasını dəyişmişdir və Qasımlı kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin onun da qəbri çox bərbat haldadır. Belə biganəliklər insanın ürəyini ağrıdır. Sonra bu elatda Abbas Hüseyn oğlu, qaçaq Suleyman, Kar Məhəmməd kimi qoçaq, bir qoşunun qabağını kəsə bilən igidlər olmuşdur. Onlar haqda el içində müxtəlif əhvalatlar mövcutdur. Səxavətli, xeyriyyəçi şəxs olan Kar Məhəmmət öz şəxsi vəsaiti hesabına Babakər dağlarının sinəsində yerləşən, kənddən 2,5 km məsafədə olan “Üç bulaq” adlanan məkandan saxsı boru ilə Qasımlı kəndinə içməli su kəməri çəkdirmişdir. Qasımlı kəndində tarixi adları olan məkanlar çoxdur. Bunların hamısı Azərbaycan dilli toponimlərdir. Həmin adlar təsdiq edir ki, burada həmişə türk tayfaları yaşayıb fəaliyyət göstərmişlər. İstər Qasımlı kəndinin başını söykədiyi Babakər dağında, istərsə də kəndin başqa yerlərində, aşağıda adları çəkilən toponimlər var.
Bulaqlar: “Çır-çır bulaq,” “Kora bulaq,” “Sulu dərənin bulağı,” “Üç bulaq,” “Aflı dərəsinin bulağı,” “Alımçalı bulaq,” “Molla Hasanın bulağı,” “Zoğallı bulaq,” “Qara su,” “Qadmalı bulağı,” “Cəm bulağı,” “Qobu bulağı,” Kəndin içindən və aşağısından keçən suvarma kanalları aşağıdakılardır.
Arxlar: “Təbədöy” “Xan arxı” “Kotaşkar” “Ləmbəli arxı” “Müsəlman arxı” “Dəyirman arxı” Babakər dağının yamaclarnda Qasımlının cazibədarlığını daha da artıran ona təbii gözəllik verən kəklik, turac və qartalların məskanı olan yalçın qayaların sayı çoxdur. Həmin qayalar əsrlərlə öz yerində möhkəm dayanıb, nankor qonşularmızla bu kəndin arasında bir sipər olublar.
Qayalar: “Haça qaya, “ “Xınal qaya,” “Sarı qaya,” “Qara qaya, “Dəmi qayası”. Bu qayalar, onlara pənah gətirən neçə-neçə igidi, mərd insanı düşmən gülləsindən hifz eyləyib, azğınların hiyləsindən qoruyubdur. Babakər dağlarının sinəsi boyu, ürəyi oxşayan çox mənzərəli dərələr var. Bunlar Qasımlının başı üstündə əbədi olaraq bir gözəllik məskanı olan Azərbaycan dilli toponimləridi. Bu dərələrin hər birinin özünə uyğun təbii gözəllikləri var, istənilən yabanı ağaclardan burada nümunələr görərsən. Onların ən məşhurları aşağıdakılardır.
Dərələr: ”Qaranlıq dərə,” “Sarf dərə,; “Çır-çır dərə,” “Ojaxyanmaz dərə,” “Qara quzey dərəsi,” “Ojaxverdi dərəsi,” “Sulu dərə,” “Püşkəy dərəsi,” “Dərin dərə,” “Arpalı dərəsi,” “Qobu dərəsi,” “Üç bulaq dərəsi,” “Aflı dərəsi,” və sair. Qasımlının üst tərəfi böyük Babakər dağları ilə əhatə olunmuşdur. Onun Babakər dağları boyunca Ermənistan respublikası ilə 22 km sərhəddi var. Babakər dağının zirvəsindən nisbətən kəndə sarı kiçik bir dağ da var, onun adına “Dana dağı” deyirlər. Qasımlının bu gözəl məkanında, Babakərin zirvəsindən baxdıqca, şahanə gözəlliyi gözləri məst edir, adam ruhən dincəlir. Kəklik otu, əvəlik, qulançar, quzuqulağı, yemlik, qantəpər, asırğal, dəvədabanı ilə bol olan gözəl yamacları, düzənlikləri var bu mənzərəli yerlərin. Adam istər-istəməz bu məkana gələndə bu yerlərdən ayrılmaq istəmir.
Düzənliklər: “Üzümlü düzü,” “Armudlu düzü,” “Ağ taxta düzü,” “Dolaynik,” kəndin yaxınlığındadır. O, biri düzənliklər isə Babakərin yamacı boyu Beytarabçı kəndindən Ağməmmədli kəndinə qədər uzanır. Əsrarəngiz gözəlliyi olan bu düzlərə baxmaqla doymaq olmur. Qarşında o qədər gözəl mənzərə açılır ki, istər-istəməz özünü müşk-ənbər qoxuyan gülüstani-irəmdə hiss edirsən. İstər kəndin içində olsun, istərsə də kəndin ətraf məkanlarında özünə görə gözəlliyi, görünüşü, füsünkarlığı olan onlarla təpələri var. Bu təpələr kəndin hündür yerlərində yerləşir. Həmin təpələr əsrlərlə aşağıdakı adları daşıyırlar.
Təpələr: ”Göy təpə,” “Mürvətin təpəsi,” “Şiş təpə,” “Keşmişli təpə,” “Qabaq təpə,” “Abdallı təpəsi,” “Güllü təpə,” və sair. Qasımlı kəndində 2500 ha. yaxın suvarılan əkin sahələri var, həmin torpaq sahələri bütünlüklə kənd sakinlərinə icrayə verilmişdir. Həmin icradarların bəziləri öz torpaq sahələrini özəlləşdirmişlər. Bu torpaq sahələri öz qədimi adlarını hələ də öz üstündə saxlayır. Həmin torpaqların ən böyük hissələri “Kotaşkar” və “Xan arxı” kanallarının altındadır.
Torpaq sahələri: “Koxanın köndələni,” “Abdallı yeri,” “Ojax daşları,” “Can Əhmədli yeri,” “Comuş ölən yer,” “Kümbəzin altı,” “Müsəlman yeri,” “Uzun yer,” “Qara üryan,” “Aralıq yeri,” “İstil İsmayılın yeri,” “Kalafalar” “Qobunun yanı” və s. Bu kənddə əsrlərin sınağından çıxmış, saf, müqəddəs xalqın inac, inam yeri olan “Ojaxlar,” “Pirlər” var, hansı ki, insanlar həmin yerlərə pənah aparır, səcdə qılır, bu inam yerlərinə sitayış edirlər, inanırlar o müqəddəs məkanlara.
Pirlər-ojaxlar: “Qara üryan ojağı,” “Tamxının ojağı,” “Mustafa kişinin ojağı” Bu ojaxlar haqqında el içində qəribə əhvalatlar, əfsanələr danışırlar. Bütün bunlardan başqa Qasımlı elatının ayrı-ayrı yerlərində qədim tarixi adları olan məkanlar var ki, əsrlər boyu uzun əzablı yollar keçərək gəlib bu günlərə çatmışdır. Həmin tarixi adlar yaşayıb, yaşayır və yaşayacaqdır.
Tarixi yerlər: “Sarı əyri,” “Oğlanla qız,” “Qurd qəbri,” “Cala,” “Kövrəmə,” “Əli uçan,” “Ağzı böyük” və sair və ilaxır.
Bu yazıda adını çəkdiyim və çəkə bilmədiyim, bu elatda olan Azərbaycan dilli toponimlərin hər birinin öz mənası, öz yaranma tarixi və öz açıqlaması var.
Bu başqa söhbətin mövzusudur. Bu yazıda yalnız o toponimlərin adlarını çəkməklə kifayətləndik...
...İkinci dünya müharibəsi dövründə 185 nəfər kənd sakini könüllü olaraq cəbhəyə getmişdir.
Onlardan 78 nəfəri qanlı-qadalı, ölüm-dirim savaşında şəhid olmuşlar.
107 nəfər Qasımlının igid oğlanları müxtəlif orden və medallarla öz vətənlərinə qayıtmışlar və uzun müddət istər xalq təsərrüfatının və istərsə də kənd təsərrüfatının müxtəlif sahələrində əzmkarlıqla çalışmış və indidə çalışırlar. Lakin Qasımlılar müharibə şəhidlərinin qəhrəmanlığını heç vaxt unutmayıblar.
1995-ci ildə böyük qələbənin 50-illiyi münasibətilə onların xatirəsinə kəndin mərkəzində böyük xatirə abidəsi ucaltmışlar. Abidə ansanblının xatirə lövhəsində 78 müharibə şəhidinin adı, soyadı və şəkli əks olunmuşdur. Həmin abidənin layuhəsini Qasımlı sovxozunun inşaat mühəndisi vəzifəsində işləyən Səyavuş Hüseynov vermişdir, o həm də, abidə ansamblının tikintisinə biləvasitə rəhbərlik etmişdir. Ümumiyyətlə abidənin tikintisinə maliyə dəstəyini o dövürdə Qasımlı soxozunun direktoru işləyən bacarıqlı təsərrüfat başçısi Sabir Həsənov etmişdir. 9 may 1995-ci ildə abidənin təntənəli açılışı olmuş, başda Marneuli rayon partiya komitəsinin birinci katibi Kamal Məmmədov olmaqla bütün rayon rəhbərliyi bu tədbirdə iştirak etmişdir. Bu tədbirdə Kamal Məmmədov böyük nitq söyləmişdir...
Müharibə dövründə bu kənddə yaşayan bir çox imkanlı şəxslər cəbhədə vuruşan əskərlərimizə maddi kömək etmişlər. Analar, bacılar müharibədə düşmənə qarşı qanlı döyüşlər aparan əskərlərimizə yüzlərlə dəst isti alt paltarı, corablar, əlcəklər, papaqlar və s. göndərmişlər.
Bundan başqa cəbhə fonduna nəqd pul verənlər də olmuşdur. Kəndin imkanlı sakinlərindən Qara Muxtar 100 min manat, Bəkir oğlu Söyün, Məhəmməd kişi, Qara Mustafa hərəyə 25 min manat təmannasız olaraq müharibə fonduna vermişdilər. Budur ərənlər yurdunun ləyaqəti, mərifəti, xeyrxahlığı, alicənablığı, humanistliyi, əliaçıqlığı, düşüncə tərzi, amalı. Eşq olsun deyirəm belə insanlara, alqış, min alqış!
Bu dövrdə kəndin əmək cəbhəsində çalışan qəhrəmanları olmuşdur. Daha şox fədakarlıq göstərən qadınlarımız gecə-gündüz çalışaraq əsl mıcüzələr göstərirdilər. Müharibənin ağır fəsatlı günlərini mətanətlə başa vuran ilk gündən 3 körpə uşağı yetim qoyub ərini davaya yola salan qadınlarımızdan biri də Kiçikxanım Alı qızı idi. Qasımlının xanım-xatın bəy qızı bütün çətinliklərə mətanətlə sinə gərdi. Əri İslam İsmayıl oğlu onu üç körpə uşaqla evdə qoyub könüllü cəbhəyə yola düşdü. Lakin, Kiçik xanım bu əziyyətlərə baxmayaraq öz kiçik körpələrini böyüdüb ərəsəyə çatdırdı, hətta iki övladını ali məktəbə qəbul etdirdi. Oğlu Rövşən İslam oğlu alimdir. H.B.Zərdabi adına Gəncə Texnologiya Universitetinin dosentidir. Bütün bunlara baxmayaraq əmək cəbhəsində böyük fədakarlıq göstərən Kiçikxanım Alı qızı 1951-ci ildə əmək cəbhəsində göstərdiyi fəaliyyətinə görə o zaman vətənin ən ali mükafatı olan "LENİN" ORDENİ ilə təltif olunmuşdur.
Sovetlər dövründə kəndin bir çox şəxsiyyətləri elin aparıcı qüvvəsinə çevrilmişlər. Onlar rəhbər vəzifələrdə çalışmış kəndin tərəqqisi-inkişafı üçün çox əziyyət çəkmişlər: Onlardan 21 il Qasımlı kənd sovetinə rəhbərlik etmiş Məmmədtağı Yusifov, Dilman Hüseynov, Dilən Piri oğlu, Nemət İsmayılov, Əli Hüsənoğlu, Əli Yusyfov, Alpaşa Nəbi oğlu, Süleyman Osmanov, Əmir Vəliyev, Məhəmməd İsmayılov, Təmir Vəliyev, Bayram Hüseynov, Fazil Bağırov, Aslan Aslanov,
Bəkir Bəkirov, Eldar Məmmədov, Sabir Həsənov, Aşıq Nürəddin, Ziyəddin Hüseynov, Rəhim Bayramov, İmaməli Əhmədov, Abbas Hüseynov, Yusif Bayramov, Novruz Hüseynov, Rövşən Hüseynov, Dünyamalı Vəliyev, Cavanşir Hüseynov, Burcəli Əskərov, Selimxan Bayramov və s. göstərmək olar.
Qasımlı başdan-başa ziyalılar kəndidir. Bu eldə yüzlərlə ali savadlı müəllim, həkim, mühəndis, kənd təsərrüfatı mütəxəsisləri müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Kənddə 400-dən artıq şagirdi və 70-ə yaxın müəllimi olan bir orta məktəb fəaliyyət göstərir. Bu eldən Bakıda, Gəncədə Rusiyanın bir şox şəhərlərində 300-dən artıq ailə yaşayır. Rusiyanın, Azərbaycanın, Gürcüstanın ali məktəblərində və xalq təsarrüfatının müxtəlif sahələrində Qasımlı kəndindən olan 6 elmlər doktoru, 20 nəfər elmlər namizədi çalışır.
...Qasımlı kəndində kolxoz quruluşu 1931-ci ildə baş tutub və ilk kölxoz sədri Abbasəli kişi seçilib. O, 3 il işləyib və kənddə bir şox islahatlar aparıb, kasıb və yoxsul kəndlilərə torpaq sahələri paylayıb. Bundan sonra seçki yolu ilə aşağıdakı şəxslər kolxoz sədrləri seçilmiş və geniş fəaliyyət göstərərək kəndin tərəqqisi inkişafi və abatlaşması üçün böyük işlər görmüşlər.
Kolxoz sədrləri:
1934-1941-ci illər Əsəd Bayramov.
1941-1946-cı illər Bayram Gülməmmədov.
1946-1947-ci illər Bayram Quluzadə
1947-1948-ci illər Alpaşa Aslanov
1948-1950-ci illər Əmir Vəliyev
1950- 1958-ci illər Muxtar Qarayev
1958-1960-cı illər Bəkir Bəkirov
1960-1961-ci illər Həsən Mehdi oğlu
1961-ci ilin 3 ayı Nemət İsmayılov
Sovxoz direktorları:
1961-1968-ci illər Ayvaz Həsənov
1968-1970-ci illər Tofiq Qarayev
1970-1974-ci illər Malik Namazov
1974-1975-ci illər Rüstəm Həsənov
1975-1976-cı illər Zahid Quluzadə
1976-1977-ci illər Həsən Qəniyev
1977-1979-cu illər Sayad Kərimov
1979-1981-ci illər Eldar Məmmədov
1981-1983-cü illər Mehdi Xəlilov
1983-1985-ci illər Aslan Hacıyev
1985-1995-ci illər Sabir Həsənov
1995- 1996-cı illər Zahid Quluzadə
Bundan sonra Sovetlər İttifaqı dağılıb, kolxoz-sovxoz sistemi ləğv edilib, bütün müttəfiq respublikalar kimi Gürcüstan da öz müstəqilliyinə nail olub.
İnqilabdan sonra ölkədə yerli özünü idarə etmə orqanları—TEMP-lər yaradılıb.
1935-ci ildə mərkəzi Qaçağan kəndi olmaqla bu bölgədə bir neçə kəndi əhatə edən Temp yaradılır.
O, cümlədən Qasımlı kəndi həmin Tempin tabeliyində olur. Tempin ilk sədri Ağammədli kənd sakini Mehralı Zeynalov təyin edilir.
Templərin sədrləri:
1935-1937-ci illər Mehralı Zeynalov
1937-1938-ci illər Məmid Musayev
1938-ci ildə Templər ləğv olunur onların yerinə kənd sovetləri yaradılr.
Qasımlı kəndi də Qaçağan Tempindən ayrılır, kəndin özündə ayrıca sovetlik yaranır, o ildən fəaliyyət göstərir.
və Qasımlı sovetliyinə: Ağməmmədli, Ulaşlı, Beytarabçı, Quşçu, Baytallı kəndləri daxil olur.
Kənd sovetinin sədrləri:
1938-1959-cu illər Məmmədtağı Yusifov
1959-1960-cı illər Nemət İsmayılov
1960-1963-cü illər Süleyman Osmanov
1963-1973-cü illər Həsrət İsmayılov
1973-1976-cı illər Sabir Həsənov
1976-1977-ci illər Zahid Quluzadə
1977-1983-cü illər Çoban Musayev
1983-1996-cı illər Fazil Bağırov
1996-1998-ci illər Elburs Qocayev
1998-2000-ci illər Fazil Bağırov
2000-2004-cü illər Natiq Əliyev
2004-2006-cı illər Bahəddin Əliyev
2006-2009-cu illər Xazeyin Tağıyev
2009-2011-ci illər Nizami Miriyev
2011-2014-cü illər Şükür Məmmədov
2014-cü ildən Rövşən İsmayılov
Bütün bu hadisələr, tarixi olaylar haqqında bizi məlumatlandıran kəndin ensklobediyaları, zəka sahibləri, müdrik el ağsaqqalları və ağbirçəkləri Qiymət xanım Topçuyeva, Dilman Hüseynov, Aslan Aslanov, İmaməli Əhmədov, Alpaşa Nəbi oğlu, Əsəd Abbas oğlu, Dilən Piri oğlu, Əli Xəmmədov, Təmir Vəliyev və başqaları olmuşdur.
Qasımlıda ən çox tarixi hadisələri bilən, onu illərlə yadında saxlayan, zaman-zaman hadisələrin içində iştirak edən, bu olayları öz ağıl süzgəcindən keçirib bu günlərə kimi sinəsində saxlayan müdrik el ağsaqqalı
İmaməli Oruc oğlu Əhmədovdur.
Mən ondan çox şey öyrəndim. Onun yaddaşı çox möhkəm, hafizəsi çox itidir.
O, tarixi olayları heç vaxt təhrif etmir.
Bəzi hadisələrin baş verməsinin ilini, ayını, hətta həmin hadisənin baş verdiyi saatı da yadında saxlaya bilmişdir...
Səyavuş UYĞUN,
Şair-publisist,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü.
Şair-publisist,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.