Hazırda Cəlilabad şəhərində yaşayır.
Ailəlidir, 6 övladı (2 oğlu,4 qızı) var.
Gülbala müəllim həm də Cəlilabad diyarının tanınmış şairlərindən sayılır.
O, 2001-ci ildən AYB-nin üzvüdür.
1970-ci ildən şeir yazır, şerləri yerli və ölkə mətbuatda çap olunur.
Qələmə aldığı şeirləri daha çox "Azərbaycan" və "Ulduz" jurnallarında, həmçinin, "Ədəbiyyat" qəzetində müntəzəm çap olunur.
Gülbala müəllimin şeirlərinə yazılan bəzi mahnılar doğma diyarımızın dəyərli sənətçilərindən sayılan Əflatun Qubadov tərəfindən ifa edilir.
İndiyədək onun 4 şer kitabı işıq üzü görmüşdür: "Dünya mənim deyilmiş", (1999), "Yanmaq ruhun harayıdır" (2004), "Məni bu sevgidən qoru, Allahım!" (2011) və "Ömür bundan sonrakıdı" (2020).
Qeyd etmək lazımdır ki, 2004-cü ildə ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Qoruya bilmədik" şeirinə görə "H.Əliyev adına beynəlxalq xeyriyyə fondunun mükafatı"na layiq görülmüşdür.
2013-cü ildə isə ədəbiyyat üzrə Prezident təqaüdü almışdır.
2022-ci ildə AYB-nin 13-cü qurultayına nümayəndəsi olmuşdur.
Gənc və yeniyetmə nəslinə tövsiyəsi:
Gülbala müəllimin gənc və yeniyetmə nəslimizə tövsiyəsi budur: "Onlara düzlük, çalışqanlıq, Vətən sevgisi sağlam can ar-zulayıram. Düzgün insanlarla oturub-dursunlar. Sevəndə, ailə quranda kişi kimi hərəkət etsinlər. Klassiklərimizi oxusunlar və qəhrəmanlarımızı sevsinlər. Həm də milli adət-ənənələrimizə sadiq olsunlar..."
Biz də çox hörmətli Gülbala müəllimə uzun və mənalı ömür, işlərində uğurlar və yeni-yeni nailiyyətlər diləyirik!
Məlahət SAHİBQIZI,
AYB-nin və AJB-nin üzvü,
"Borçalı" nəşriyyatının redaktoru,
turan.info.az
PREZİDENT HEYDƏR ƏLİYEVƏ
Nə torpaq gedərdi, nə qan düşərdi,
Düşmən kəsilməzdi insan insana.
Bu vətən bir az da gözəlləşərdi,
Bir az tez gəlsəydin Azərbaycana.
1993
QORUYA BİLMƏDİK...
Ümummilli lider H.Əliyevin xatirəsinə
Gedir insan seli, gedir durmadan,
Ürəklərdə qüssə, gözlərdə nəm var.
Qaboy nalə çəkib, yanır bayaqdan,
Nə bir danışan var, nə bir dinən var.
Ehey! Ey ərənlər, qalxın, oyanın,
Dərd üstə yeni dərd gətirir Vətən.
Başı dumanlıdır Azərbaycanın,
Böyük sərkərdəni itirir Vətən!
Qoşul bu axına, nə qal, nə yuban,
Ey insan, gör nece cah-celal gedir.
Vətəni çiynində gəzdirən insan,
Bu gün çiyinlərdə özü yol gedir.
Xalqa sipər etdi ürəyin, canın,
Ağatlı oğlan tək xilaskar oldu.
Elə vurğunuydu Azərbaycanı,
Yurdunda həm sərdar, həm əsgər oldu.
Qızıl bayraq edib bir öndər kimi,
Gərəkdir, adını göylərə sancaq!
O bizi qorudu səməndər kimi,
Biz onu qoruya bilmədik ancaq!
Bu şeirə görə müəllif 2004-cü ildə
Beynəlxalq «Heydar Ata» mükafatına
layiq görülmüşdür.
ƏSƏRİN QALIR
Ümummilli lider Heydər Əliyevin xatirəsinə
Tanrıya yaxınsan, ucasan-uca,
Adınla düşmən də, dost da öyündü.
Sənsiz böyük saray miskin, balaca.
Sənli hücrələr də böyük göründü.
Nə sübut aradın, nə söz, nə dəlil.
Nadan at oynatdı, sən sözlə güldün.
Ey dahi, dediyin söz səni deyil,
Sən sözü qiymətə mindirə bildin.
Baxıram əksinə... əzəmət, qürur
Ölümə, həyata qınağım düşür.
Sən elə dağsan ki, yanında durub,
Zirvənə baxanda papağım düşür.
Gedəndə əl edib dönəcəm-dedin.
Döndün, necə döndün, bu olan oldu.
Gəldin, təyyarədən özün enmədin...
Bircə yol dediyin söz yalan oldu.
Nə qəm, səndən bizə böyük ərməğan,
Dözümün, iradən, kəsərin qalır.
Səni nəsil-nəsil sevib yaşadan.
Azad Azərbaycan əsərin qalır.
2003
ATAM QAÇAQ SƏRDAROĞLUNA
Gəncliyin əridi müharibələrdə,
Sən söz anlayandan alova düşdün.
Ay ata, axı sən körpəlikdə də,
Ana laylasıyla böyüməmişdin...
Çox almış üstünü ölüm qorxusu,
Yolunda sədd olub qorxu, duman-çən.
İnd idə gözünün qaçır yuxusu,
O ölüm-itimli xatirələrdən.
O illər yuxu tək qaldı geridə,
Gör neçə dağ aşdın bu günə qədər,
Sənin qolun qaldı qoca Terekdə,
Özü qayıtmadı sənlə gedənlər.
Yolları düz gəldin, təmiz yaşadın
Tək əlin işığı hamıya çatdı,
Sənin mübarizən, sənin mərdliyin,
Yatmış vicdanları vurdu, oyatdı.
Əzmini, gücünü tanıyan bilər,
Səndə yorulmamaq həvəsi vardı.
Bəzən kəndimizdə iki əllilər,
Sənin tək əlinə heyran qalardı.
Yora bilməmişdi nə dərd, nə qəhər,
Sən şərlə, yalanla şillələşərdin.
Yalan sənin üçün zəhərdi-zəhər.
Yalan deyiləndə əsəbiləşərdin.
İndii də çıxırsan tez-tez özündən,
Onda da, ata can, elə beləydin.
Tək əlin bir yükü qaldırmayanda,
Çevrilib Hitlerə qarğış edərdin.
Bir dəfə su tökdüm, əlini yudun,
Bilmədən soruşdum:- bəs əlin hanı?
(qəbul eyləmirdi uşaq inadım,
Atamın tək əllə yaşamağını).
Onda nə danışdın, nə də dinlədin,
Elə bil bu sözü heç deməmişdim.
Bu sözlə, ay ata, indi sanıram,
Mən səni təzədən güllələmişdim.
2004
BƏXTİYAR ÖLDÜ...
Məhəmməd Hüseyn Şəhriyara məktub
Ey dərdi özündən, özü dərddən qoca şair,
Heydərbabadan, qarlı Kəpəzdən uca şair.
Bu dərdi sənə söyləməyim mən necə, şair,
Ağlatdı bütün milləti, tək bir özü güldü.
Bəxtiyar öldü.
Söylərdi: azad olmasa bir xalq, gülə bilməz,
Yandırdı «Gülüstan» ocağın ki, daha sönməz.
Getdi, o azadlıq quşu, bir də geri dönməz,
Sağkən sözünə qalxdı vətən, çünki sevildi.
Bəxtiyar öldü.
Sən getdin, o, keçdi Arazı, ağladı gəldi,
Sürtdü üzünü qəbrinə, qəlb dağladı gəldi.
Coşdu, ürəyi oldu dəniz, çağladı gəldi
Dünyayə baş əyməzdi o, bir haqqa əyildi
Xalqın sözü, şeirin gözü O - Bəxtiyar öldü.
Bəxtiyar öldü...
Fevral 2009
MÜQƏDDƏS KƏSLƏRİN YATDIĞI YERDƏ
Cəlilabadda Mirməhəmməd Ağanın Ziyarətgahı qarşısında düşüncələr
Bura dəstə-dəstə insanlar gəlir,
Hərənin könlündə neçə cür dilək.
Burda müqəddəslər yatır, dincəlir,
Qəlbi təmiz gəlsin gələnlər gərək.
Kamil imanlara əcr barat var
Bu yaddaş min ildi qan ilən gəlir.
Burda nə təmtaraq, nə təbliğat var.
Bura kim gəlirsə, könülnən gəlir.
Açılır ürəklər, dinir könüllər,
Gün çıxar, qəlblərdən dağılar duman.
Bura dərdlə gələn, kədərlə gələn,
Sevinclə qayıdar qayıdan zaman.
Cəddini çağırıb keçər yolçular,
Adıyla yollanır kim gedər hara,
Hamı bu qapıdan kömək istəyir,
Körpə uşaqlar da and içər bura.
Burda hər tərəfdə çiçək ətri var,
Kədər pərdə-pərdə, qəm pərdə-pərdə,
Torpaq da, ağac da müqəddəs olar,
Müqəddəs kəslərin yatdığı yerdə.
CƏMİL OLMADI
Adnalı kəndindində bizə riyaziyyatı tədris etmiş
hörmətli müəllimimiz Cəmil Fətiyevin
85 yaşının tamam olması münasibəti ilə...
Gün keçir, il ötür, dəyişir zaman,
Səbrlə, təmkinlə çatırsan yüzə.
Həlli çətin olan məsələləri
Həmin təmkinlə də açardın bizə.
Ehtiyac qalmazdı, hay-küyə, dilə,
Düşünən beyinlər dinərdi onda.
Tək sənin dərslərin keçərdi belə,
Sən ayaq üstündə, biz imtəhanda.
Səndə yorulmamaq həvəsi vardı,
Hər şagird keçmədi körpü-"sirat"dan.
Sənin imtəhanın çətin olardı,
Çoxları yarıda düşərdi atdan.
Heyif o günlərə, heyif, müəllim,
O günlərdə qaldı biliyin dadı.
Neçə müəllimə imtəhan verdim,
Heç biri müəllimim Cəmil olmadı.
08.01.23
SƏNİN XƏZƏR BOYDA MƏHƏBBƏTİN VAR
Dostum Qafar Cəfərlinin yubileyə
Dağa bənzətmişəm səni həmişə,
Duruşun, dözümün, sədaqətin var
Şair tək şeirlə dolu ürəyin,
Rəssam tək min rəngli hekayətin var.
Sözün ya hə olub, ya da yox olub,
Ürəyin işıqlı, gözün tox olub.
Həmişə süfrəndə qonaq çox olub,
Dosta məhəbbətin, inayətin var.
Baxışın mənalı, gözlərin duru,
Üzünə yansıyıb qəlbinin nuru.
Neylirsən sərvəti, dövləti, varı?
Sənin əsərlərin, külliyyatın var.
Sözübütöv oğlan, sözündə varsan,
Fikrinə, əqlinə, əhdinə yarsan
Sən Qafar müəllimsən, Xan Lənkəransan,
Sənin Xəzər boyda məhəbbətin var.
***
Bir çiçəyi bir yaradan,
Bir də onu bir dərən var.
Boş qaytarma dilənçini,
Onu da bir göndərən var.
Sanma dünya dağdı, daşdı,
Gör o dağı kimlər aşdı...
O dağdan o üz savaşdı,
Dərəli bir köndələn var.
Hər paltar geyim, don deyil,
Gözəllik birdi, on deyil.
Gülbala, ölüm son deyil,
Çün ki, arxanca gələn var.
11.04.23
***
Hər adama dərd danışmaq,
Hər yetənlə bölmək olmur.
Hər gülənlə qucaqlaşmaq,
Hər ölənlənlə ölmək olmur.
İldırım tək çaxıb getmək,
Sağa,sola baxıb getmək,
Nə gedənlə çıxıb getmək,
Nə qalanla qalmaq olmur.
***
Ölüm-zaman gərdişidi,
Anam, bacım,
Kim ağlayar, kim ağlamaz,
öz işidi.
İndi ağla,baxım sənin göz yaşına
bir az gülüm,
Mənim üçün ağlayanlar kimdi,
bilim.
***
Torpağı şumlarsan, sınar kotanın,
Nə ondan, nə bundan...yer açıq qalar.
Şairsən, bir şeiri tamamlamazsan,
Bir arzun, istəyin yarımçıq qalar.
Yarımçıq qalmasın həyatda heç nə,
Bütövlük-həyatın sağlam barıdı.
Yazıla bilməyən bütün şeirlər,
Bir şair ömrünün haraylarıdır.
UŞAQLAR ÜÇÜN...
Göylər nağıl dolu bir əfsanədir,
Yerə qucaq-qucaq qar ələnir, qar.
Elə bil, damlara qonmaq istəyir,
Dünyada nə qədər kəpənək ki, var.
Düz dağa qarışıb, dağ da dərəyə,
Göz üçün qalmayıb istinad yeri.
Heyranam qışdakı bu hövsələyə,
Gölə yaxşı düzüb buz-şüşələri.
Baş əyib torpağa məğrur ağaclar,
Vaxtsız qonaq gələn gül büzüşübdür.
Axı, hər mövsümün öz nübarı var,
Qışın da payına bu qar düşübdür.
***
Qar yağır... küçədə dəcəl uşaqlar,
Qartopu oynayır, qaçır, gülüşür.
Qar yağır.. .yadıma bir vaxt mənim də,
Qar üstə açdığım cığırlar düşür.
Günəş görünərdi... gələrdi bahar,
Cığırlar birbəbir yoxa çıxardı.
Həvəslə qurduğum "şaxta baba"lar,
Su olub bilməzdim hara axardı.
Uzanıb getdikcə ömrün yolları,
Xatirələr dərdim mən ətək-ətək.
Həyatda açdığım cığırlar barı,
Silinib getməyə qar üstəki tək...
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.