Sosialist Əməyi Qəhrəmanı,
Dövlət mükafatı laureatı,
Sibir neftinin ilk müəllifi,
dünya şöhrətli neftçi alim,
geologiya-mineralogiya
elmləri doktoru
Fərman Salmanova
PROLOQ ƏVƏZİ
Min nağıl görürkən hər günümüzdə,
Nağıl uydurmağa haqqımız varmı?
Olanı yazmağa güc yoxsa bizdə,
Belə sənətkarı el oxuyarmı?..
Adın küləklərin qanadlarında
Yetişdi hər dağa, düzə, eloğlu!
Sən qarlı Sibirdə bir od qaladın,
Çatdı hərarəti bizə, eloğlu!
Əsrin kəşfi dedik sənin kəşfinə,
Bütün Yer kürəsi eşitdi səni.
Söz qoşmaq istədim sənin şəninə,
Xəcil eləməsin qoy ilham məni...
Ancaq bir ricam var elə bu başdan,
Onsuz da şöhrətin sənə bəs olar-
Səni mənə görə sevsinlər...amma,
Məni sənə görə oxumasınlar!...
I
Bakı... May 1952-ci il
Gözə sığışmayan böyük bir çəmən,
Gül-gülü çağırır, bülbül-bülbülü,
Yoxsa elə budur cənnət deyilən?
Bülbüllər meyxoşdur, güllər mürgülü...
Tale hardan saldı bura Fərmanı?
Gözlər gözəllikdən haçan doyubdur?
Yox! Yox çəmən deyil tutan oğlanı,
Başqa bir mənadır, heyran qoyubdur.
Odur, laləzarın düz ortasında,
Bir gözəl dayanmış, ay parçası tək.
Canlı bir çiçəkdir gül dəryasında,
Qoxlasan, ətrindən məst olar ürək.
Paltarı qar kimi, özü ondan ağ,
Baxdıqca qamaşır gözü Fərmanın.
Əli uzanılı qalıbdır, ancaq,
Tutulub, tərpənmir dizi Fərmanın.
Heyhat, əl edərək ona yavaşca.
Birdən gülə-gülə uzaqlaşır qız.
“İstəsən ki, məni tuta biləsən
Sibirə gəl,- deyir-Sibirə yalnız!..
...Yuxudan hövlnak ayıldı Fərman,
Gördü nə çəmən var, nə də ki, “Qar qız”
Durub dörd yanına boylandı bu an,
Gecə...yataqxana...dilsiz-ağızsız.
Sübhədək bir çimir yata bilmədi,
Düşündü: bu yuxu nə demək ola?
Fikirlər daraşıb beynini yedi,
Gah sağa çevrildi, gah da ki, sola.
Dayanıb gözünün durdu önündə,
O diplomqabağı təcrübə vaxtı.
Nağıla bənzəyən Sibir qızları,
Könlünü yenidən yandırdı, yaxdı.
Bəs onu Sibirə çağıran bu səs?...
Bu hansı arzudu, hansı diləkdi?
Ürəkdə həyacan, könüldə həvəs,
Səhər dekanata gedib baş çəkdi.
Xahiş elədi ki, təyinatını,
Sibirə yazsınlar nə sayaq olsa!
İnama bağladı öz həyatını,
İnam aşacaqdır hansı dağ olsa!
“Sibirə gəl” deyən o gözəl qıza,
Bütün varlığımla mən varam,-dedi.
Yerə də gizlənsə, göyə də çıxsa,
Axtarıb mən onu taparam,-dedi.
II
İnadlı axtarışlar...
Sibir! Qoca Sibir!...Özün bir yana,
Adından qorxardı ellər bir zaman.
Alqış bizim əsrə, bizim dövrana,
Sənin də qoynunu etdi çırağban.
Qorxmadı seçəndə Fərman bu yeri,
Getdi, arzusunun düşüb izinə.
Sənin, nə keçilməz cəngəlliklərin,
Nə də ki, boranın durdu gözünə.
Yeddinci ildir ki, qoynunda sənin,
Axtarır inadla səadətini.
Buzlu bucağında o Rusiyanın,
Yazır bir gənc ömrün hekayətini.
Canından çıxmamış Cənubun odu,
Əridir buzları öz nəfəsilə,
Yerdə Yeri qucur, göydə buludu,
O, Odlar Yurdunun hər nəğməsilə.
Doğmadır hər bucaq ona Sibirdə.
Basdı ürəyinə o, bu torpağı.
Yeddinci ildir ki, gəzir bu yerdə,
Əslini axtaran Kərəm sayağı.
Bəzən vertalyotu azdı yolunu,
Aylarla çöllərdə qalan da oldu.
Nə ayaz sarsıtdı, nə şaxta onu,
Ac-susuz da qaldı, rəngi də soldu.
Təkcə inamını itirmədi o,
Hələ ki, sözümdə mən varam,-dedi.
Yerə də gizlənsə, göyə də çıxsa,
Axtarıb mən onu taparam,- dedi.
Çünki axtarmaqdır sənətim mənim,
“Axtaran tapacaq!..-deyib atalar.
Xəzinə yurdudur çölüm, çəmənim,
Xəzinə axtaran Xəzinədar olar!
Başçılıq etdiyi kiçik dəstədə,
Heyət neçə dəfə dəyişdi, doldu.
Könülsüz də oldu, bəzən xəstə də,
Yenə inadında dəyişməz oldu...
III
Tümen... Mart 1961-ci il..
Sibirdə olduğu bu doqquz ildə
Bir gün unutmamış Azərbaycanı!
Günəşin odu var sevən könüldə,
Unutsa, Sibirdə donmazmı qanı?
Bahar bayramıdır yenə də bu gün,
Səməni Sibirə qonaq gəlibdir.
Fərmanın evində başqa toy-düyün,
Dostlar nə yatıbdır, nə dincəlibdir.
Axşamdan başlanan şənlik susmamış,
Nəşəsi üzlərdə sezilir bu gün,
Ürəkdə bahardır, bayırdasa qış,
Bu xəbər Sibirə yayılıb bütün.
Yuxusuz olsa da dostlar bu səhər,
Yenə gülə-gülə gedirlər işə.
Sənətə məhəbbət yaransa əgər,
İş özü ləzzətə dönər həmişə.
Gəlir baltaların boğunuq səsi,
Yardıqca torpağın yeddi qatını.
Bayırda insanın donur nəfəsi,
Yerdəsə buğlanır torpağın qanı.
15 il olar ki, Sibir düzləri,
Kəşfiyyat əlindən dəlmə-deşikdir.
Hansı bir inamsa o vaxtdan bəri,
İnsan arzusuna möhkəm keşikdir.
Baltalar kütəlib çıxır sıradan,
Polad da yorulur, düşür qüvvədən.
Poladdan möhkəmdir yoxsa ki, insan?
Bu İnsan inamı yaranıb nədən?...
Gözləri, buruqda olsa da Fərman...
Fikri çoxdan çıxıb öz çevrəsindən.
Lakin elə bu vaxt, elə bu zaman
Yer düşür lərzəyə fantan səsindən!!
Əsrin öz səsiydi bu fantan səsi,
Eşitdi dünyanın bütün hər yanı,
Parlatdı gözlərdə sevinc giləsi,
Tutub, çimizdirdi dostlar Fərmanı.
Göylərə fışqıran “qara qızıl”dan,
Bir qız qəhqəsi doğuldu birdən.
İnana bilmədi gözünə Fərman-
“-Nə oldu, yoxsa ki, tanımadın sən?..”
Sənin axtardığın səadət mənəm,
“Sibirə gəl”, - deyən səs yadındamı?
Çoxları dönsə də bu yoldan, nə qəm.
Təbiət hamıya vermir İnamı!..
Odlar ölkəsindən gələn Səməni,
Qarlı Sibirə də bahar gətirdi.
Doqquz il bu yerdə “qızıl” gəzəni,
Gör hansı bir gündə kama yetirdi?..
Qarışdı bayrama daha bir bayram,
Heç arzu ürəkdə donub qalmasın.
Bütün çalğıçılar gəlsin bu axşam,
Çalıb oxumaqdan el yorulmasın.
Eldar HACIYEV,
1972
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.