FƏRHAD QOŞQARLI (1950)

FƏRHAD QOŞQARLI (1950) Ölkəmizin dilbər guşələrindən olan Daşkəsən rayonunda yaşayıb-yaradan, şair qəlbiylə geoloq peşəsinə illərini sərf edən, şeirə, poeziyaya bağlı bir ziyalı insan Fərhad Qoşqarlı (Fərhad Novruz oğlu Alıyev) - 5 mart 1950-ci ildə Daşkəsən rayonunun Alaxançallı kəndində anadan olub.

Hazırda təqaüddə olan Fərhad Qoşqarlı uzun illər Daşkəsən Filizsaflaşdırma ASC-nin Cənubi-Daşkəsən mədənində baş geoloq vəzifəsində çalışıb. O, ixtisasca geoloq olsa da, gənc yaşlarından ədəbi yaradıcılıqla məşğul olur və xalq poeziyasından qaynaqlanan zərif ruhlu şeirlər yazır.

Şair-geoloq Fərhad Qoşqarlının şeirləri televiziya və radioda səsləndirilib, bir neçə ədəbi məcmuədə, o cümlədən, “Zirvə”, "Zəfər", "Xarbülbül" və s. poeziya antologiyalarında və müxtəlif mətbuat orqanlarında çap olunub. turan.info.az zirve.info saytlarında,"Şərqin səsi"“Elm və təhsil” qəzetlərində vaxtaşırı şeirləri dərc edilən Fərbad müəllimin “Qoşqar nəğmələri” və “Tamahı tələyə salan dünya” adlı kitabları işıq üzü görüb.

Fərhad müəllim kimi ziyalıya hər zaman ehtiyacımız vardır, belə insanlardan gənc nəsil örnək götürüb, elmin və ədəbiyyatın sirrlərini öyrənməlidir.

Biz də şair-geoloq Fərhad Qoşqarlıya uzun ömür, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Günel ZEYNƏB,
turan.info.az-ın Daşkəsən bölgəsi üzrə xüsusi müxbiri



DAŞKƏSƏN

Buludlar qoynunda məskən salıbsan,
Qənşərin Qoşqarın qarlı qışıdı.
Hər qarış torpağın, daşın dəmirdi,
Qoca Pirsultanın mərmər daşıdı.

Loğman Turşsuyundan ellər halıdı,
Qırxbulağın Qabaqtəpə balıdı.
Yaylaqların tər çiçəkli xalıdı,
Xoşbulağın ulu babam yaşıdı.

Səbətkeçməz bərə, Gülür qaladı,
Qoynunda nənələr vələs qaladı.
Yadellilər Qaşqaçayı taladı,
Sərvətini torba-torba daşıdı.

Zirvələrin qışdı, ətəyin yazdı,
Tale sənə qonşu qartalı yazdı.
Sinən üstə min il yaşamaq azdı,
Fərhad səndə bircə ömür yaşadı.


DAŞKƏSƏNDƏDİR

Qoşqarın vüqarı, qartalın qıyı,
Kəkliklər oylağı Daşkəsəndədir.
Yayda bulaqları dişi göynədir,
Narzanın qaynağı Daşkəsəndədir.

Zirvələrdən qopub yuvarlanan tar,
Ətəkdə sellərin qoynunda çağlar.
Ələsgər söz qoşan ən yüksək dağlar,
Gözəllər oylağı Daşkəsəndədir.

Cüyür səksəkəli çıxar qənşərə,
Seyr edər ətrafı, hürkər min kərə.
Sıldırım qayalar, gözəl mənzərə
Xoşbulaq yaylağı Daşkəsəndədir.

Fərhadam, dağlara könül vermişəm,
Hər çəmən döşündən çiçək dərmişəm.
Həyatı firavan, xoşbəxt görmüşəm,
Ömrümün şən çağı Daşkəsəndədir.


KƏNDİM

Qoşqarın qoynuna sığınan kəndim,
Mərd çıxıb zamanın sınaqlarından.
Zümrüd meşələrdə arı bal alır,
Cökə çiçəyinin dodaqlarından.

Bir yanı təpədi, bir yanı tapdı,
Turşsuyundan içən şəfalar tapdı.
Qayaları oxunmamış kitabdı,
Ayrılmaq olmayır yaylaqlarından.

Yaranışı min gecəlik nağıldı,
Arxacları qantəpərli ağıldı.
Eləki Bozdağdan duman dağıldı,
Qan damır qartalın caynaqlarından.

Fərhadam, burdadı babamın yurdu,
Hər bir obasında bir dəyə qurdu.
Tütəyin səsi əskik olmurdu,
Bu doğma kəndimin oylaqlarından.


DAĞLAR

I


Sevinirəm sinənizə,
Yenə düşdü yolum, dağlar.
Ürəyimin fəxrisiniz,
Sizə qurban olum, dağlar.

Başınıza düşən qardan,
Meşələrdən, bulaqlardan,
Hərdən ayrı düşən zaman,
Tez pozulur halım, dağlar.

O görünən qayalarmı,
Sağı-solu talalarmı?
Cığır olub qollarımı,
Boynunuza salım, dağlar.

Fərhad sizdə boya çatıb,
Düzənlərdə at da çapıb.
Sellər kimi, sizdən qopub,
Ümmanlara dolum, dağlar.


DAGLAR

II


Bir gözəl dağlara yar deyib getdi,
El gələndə onu aradı dağlar.
İgidlər qoynunda yardan kam aldı,
Nə yardan, nə qardan yarıdı dağlar.

Qartal şığıdı ki, zirvə görünə,
Cığırlar dolaşdı biri-birinə.
Yazın ortasında qurşaq yerinə,
Dumanı belinə sarıdı dağlar.

Fərhad, zamanla daşa döndülər,
Nə danışdılar, nə də dindilər.
Hərəsi bir tarix, bir vətəndilər,
Heyif ki, qocaldı qarıdı dağlar.


DAĞLARIM

Yaman darıxmışdım sizdən ötəri,
Salam, üzü bəri duran dağlarım.
Payız vaxtı duman, çovğun ordusu,
Qənşərində bardaş quran dağlarım.

Sürüləri arxac-arxac dolanan,
Qayaları qatar-qatar dayanan,
Zirvəsində qoşa-qoşa qar qalan,
Yayı cənnət, qışı boran dağlarım.

Əzəl gündən məskən oldun qartala,
Səhər-səhər şehlə çimər “Qar tala”.
Fərhad sizdə ömür sürə, qartala,
Yoxuşları köhlən yoran dağlarım.


BƏSİMDİR

Neynirəm şöhrəti-şanı dünyada,
Bu dağlardan səsim gəlsə bəsimdir.
Elimin, obamın aşıq oğlu,
Bir neçə qoşmamı bilsə bəsimdir.

Könlümün həmdəmi bu dağ, bu dərə,
Burdan boylanıram hərdən göylərə.
Məni istəyən dost ildə bir kərə,
Halımı sormağa gəlsə bəsimdir.

Keçirdi süzgəcdən əbədi zaman,
Qəzəlxan olmadı hər qəzəl yazan.
Yolumun üstündə dayanan cavan,
Məni sayıb salam versə bəsimdir.

Daha altmışı haqlayıb yaşım,
Bu taydan o taya çatmayır daşım.
Mənə həmdəm olan həyat yoldaşım,
Üzümə xoş baxıb, gülsə bəsimdir.

Fərhadam gəzməyə qalmayıb həvəs,
Yoxuşlu yollarda kəsilir nəfəs.
Məzarım yanından ötəndə hər kəs,
Şair, sənə rəhmət desə bəsimdir.


GÖRDÜM

Şəfa dərmanını axtaran zaman,
Dağın çiçəyində, otunda gördüm.
Zirvədən qoparaq yamacda qalan,
Bir daşın dərdini çatında gördüm.

Aldanıb varına hərdən dünyanın,
Tamah arxasınca qaçır yalanın.
Yerdə əzablara düçar olanın,
Ahını göylərin qatında gördüm.

Fərhad, həyatda çox çəkdin cəfanı,
Nəyə nail oldun, qazancın hanı?
Dosta sədaqəti, bir də vəfanı,
Qoç Koroğlunun Qıratında gördüm.


NƏSİHƏT

(Oğluma)


Həyatın yolları başqa-başqadır,
Oğul, çalış Haqqa gedən yolu seç.
Yalançılıq səni hörmətdən salar,
And içəsi olsan, doğruya and iç!

Sadə ol, sadələr ucalıq tapıb,
Yekəlik edənlər əzablar dadıb.
İlana da dəymə, Tanrı yaradıb,
Yanından keçəndə ehtiyatlı keç!

Ağsaqqal kəlamı cavana yardır,
Səbri olmayanın ağlı da dardır,
Hirslənmə, ürəyə ziyanı vardır,
Içində çatlayar qızanda kərpic.

Körpülər tikənlər, qala quranlar,
Tarix yaddaşında yaşayır onlar.
Hanı o zülmkarlar, ara vuranlar?
Izləri dünyada gör qalıbmı heç?

Yamanı seçməzsən qapalı gözlə,
Əlini yandırar, oynama közlə,
Heç zaman tələsmə, vaxtını gözlə,
Otu çəyirtkə səs eləyəndə biç!

Eşit sözlərini atan Fərhadın,
Namaz qıl, yerinə yetər muradın,
Sərxoşluq eləmə, sınar qanadın,
Dişləri göynədən saf sulardan iç!


OLA

Köksündə ürəyin qan ağlayanda,
Dərdini anlayan sirdaşın ola.
Səni üstün tuta dünya varından,
Sədaqətli həyat yoldaşın ola.

Şamama boy verər tağ olan zaman,
Qədrini bilələr sağ olan zaman,
Övladın üzünə ağ olan zaman,
Başına salmağa sal daşın ola.

Su ləl tək saf olar süzülsə daşdan,
Vəfalı dost çıxar yaxşı yoldaşdan.
Sənə qardaş olmaz tutma qardaşdan,
Özünün doğmaca qardaşın ola,

Fərhad, bir gün baş götürüb qaçasan,
Bir qartal olasan qanad açasan,
Kefin istədiyi kimi uçasan,
Daşlarda öz əlin, öz başın ola.


KİMDİR GÜNAHKAR

Deyə bilməyirsən kimdir günahkar,
Niyə əlin əllərindən üzülüb?
Şerlərim - sənsizliyin ahıdır,
Qatar - qatar misralara düzülüb.

Oylaqlarım Daşkəsənin dağıdır,
Yaylaqları kədərimi dağıdır.
Sinəmdəki həsrətimin dağıdır,
Gözlərimdən damcı- damcı süzülüb.

Fərhad, aralıqda yaxşı - yaman var,
Bizim kimi, alışan var, yanan var.
Ay vəfasız, dönməyinə güman var,
Həsrət gözüm yollarına dikilib.


XƏSTƏSİYƏM

Daha qocalmışam, ahıl çağımdı,
Dizlərim göynəyir, diz xəstəsiyəm.
Yaxını uzağı seçməyir gözüm,
Görməyə möhtacam, göz xəstəsiyəm.

Cavanlığım keçdi dağda, çəməndə.
Şeir yazardım, sonalar göldə çiməndə.
Üşüyür bədənim dumanda çəndə,
İsinmək istərəm, köz xəstəsiyəm.

Yaşadım, yaratdım ayrım elində,
İslandım doluda, yağış selində.
Qəlbimə toxunur bəd deyiləndə,
Könlümü oxşayan söz xəstəsiyəm.

Şair Fərhadam haram tikə yemədim,
Ömrüm boyu ağa qara demədim,
Doğruluğu sevdim, şər söyləmədim,
Yalandan uzağam, düz xəstəsiyəm.


ZEYNƏBİN

(nəvəm Zeynəbə)

Babasına sevinc, fərəh gətirir,
Evimizə xoş qədəmi Zeynəbin.
Sevə-sevə öpüşlərə qərq edir,
Yanağını Vasif əmi Zeynəbin.

Birdən coşur sellər kimi çağlayır,
Məsum baxışları ürək dağlayır,
Gah inciyir için-için ağlayır,
Gah sevinir, üzü gülür Zeynəbin.

Uşaqlar küsəyən, şıltaq olurlar,
Onların gülüşü çiçəkli bahar.
O böyük tanrıdan bir diləyim var,
Olmasın həyatda qəmi Zeynəbin.

Fərhad əziz nəvəm baldır, bal dadır.
Hərdən məndən qaçır, məni aldadır.
Sevir nənəsini, istiqanlıdır.
İncədir qəlbinin simi Zeynəbin.

ZEYNƏB

(Nəvəm Zeynəbə həsr edirəm)

Yazın əvvəlində çəmən qoynunda,
Təzəcə açılmış çiçəkdir Zeynəb.
Tanrı camalına gözəllik verib,
Xədicə, Ayşə tək göyçəkdir Zeynəb.

Şair babasının gül nəvəsidir,
Nənəsinin fəxri, həm nəfəsidir,
Onun qığıltısı haqq nəğməsidir,
Köksümdə döyünən ürəkdir Zeynəb.

O ala gözləri saf incidəndir,
Heç kimi küsdürməz, nə incidəndir,
Xətrinə dəyməyin tez inciyəndir,
Yaz yağışı kimi kövrəkdir, Zeynəb.

Fərhad, çox incədir qəlbimin simi,
Gələcək nəvələr göylər hakimi.
Talada dolanan bir maral kimi,
Bir məsum baxışlı, hürkədir Zeynəb.


MƏNİM KƏLAM DÜNYAN

Dibi görünməyən quyuya düşmə,
Əmin deyilsənki içində nə var.
Bəlkə də illərlə qıvrılıb orda,
Səni çalmaq üçün gözləyir şahmar.

Hər şeyin dərdini beyninə salma,
Sim dözmür gərginlik artıq olanda.
Qatıqdan ibrət al, əsəbi olma,
Qapağı tullayır o qıcqıranda.

Palıd ağacından yonulan samı,
Boyunduruqda dözür bərkliyindən.
Xəstəlik tez tutur tənbəl adamı,
Cökə asan sınar kövrəkliyindən.

Ürəyi yükləmə gəldikcə kədər,
Özünü ələ al, bədbəxtlik vaxtı.
Qapını o qədər açıb-örtdülər,
Axırda dözmədi, sivəkdən çıxdı.


QİSMƏTİN DALINCA GƏZMƏ

Qismətin dalınca dünyanı gəzmə,
O səni axtarıb özü tapacaq.
Havayı çalışıb, özünü üzmə,
Bəxtə nə yazılıb, o da olacaq.

Daş var ki, ilanın başını əzər,
Daş var ki, qulağı, barmağı bəzər.
Yalançı çatlamış kuzəyə bənzər,
Yamasan da suyu yenə sızacaq.

Fərhad, Ay da Yerə hərarət verər,
Isitməz Günəşin istisi qədər,
Üfürmək ocağa az təsir edər,
Küləklə dünyanı yandırar ancaq.


NƏ OLUB BİZƏ?

Təmasda oluruq qazanc naminə,
Kimi harda gəldi aldadır yenə.
Uşaqlar danışır böyük yerinə,
Baş aça bilmirəm nə olub bizə,
Yoxsa şeytan girib ürəyimizə?

Ağsaqqal sözünü eşitməyirik,
Qocalıbdı, ağlı çaşıb deyirik.
Can deyənə çorla cavab veririk,
Baş aça bilmirəm nə olub bizə?
Qəni kəsilmişik birbirimizə.

Haramdan yapışıb tutur əlimiz,
Tükənmək bilməyir qeybətlərimiz.
Könül bulandıran acı dilimiz,
Baş aça bilmirəm nə olub bizə,
Qadağa vermirik öz dilimizə.


ŞAİR ÖMRÜ

Çiynimdə əyləşib nəvəm Səbinə
O, sayır alnımın qırışlarını.
Maraq aləminə qovuşub yenə,
Üstümə yağdırır suallarını.

Baxıb saçlarıma soruşur məndən,
Ay baba, bu qarı hardan almısan?
Deyir baba, daha küsmərəm səndən,
Baba olmaq üçün sən qocalmısan.

Nəvəm saçlarımı qara oxşadır,
Onlar qocalığın ağrılarıdır.
Bilmir ki alnımda olan qırışlar,
Bir şair ömrünün acılarıdır.


QIZIM

(qızım Mehribanın əziz xatirəsinə)

Arzuların çiçək açdığı bir gün,
Dəyişdin dünyanı haqqa qovuşdun.
Vaxtsız getdin məsum olduğun üçün,
Bəlkə də dünyaya tez doğulmuşdun.

Öləndə üstümdə dil deməliydin,
Mən sənə dil deyib ötürdüm, qızım.
Toyla, cehizlə gəlin köçməliydin,
Köçəndə kəfənlə köçürdüm, qızım.

Əziz balam, ruhun küsməsin deyə,
Məzarın üstünə əklil qoyuram,
Anan göz yaşımı görməsin deyə,
Gizli ağlayıram, ona qıymıram.

Şəklin divarda göz dağı kimi,
Səhəngin bir suyun daşında qalıb.
Həsrətin dərd olub, deşib sinəmi,
Şair ürəyimin başında qalıb.


SON ZƏNG

(oğlum Faxrəddinin xahişi ilə)

Əlvida şagirdlik, isti siniflər,
Görüşə bilmədik bəlkə bir daha.
Ay məktəb yolları, ay keçən günlər,
Ayrılıb gedirik nurlu sabaha.

Təbaşirlər, yaşıl rəngli sıralar,
Düz on bir il xidmət göstəribsiniz.
Məktəb həyətində bitən ağaclar,
Kitablar oxuduq kölgənizdə biz.

Əziz müəllimlər, sevdiniz bizi,
Yiyəsi etdiniz elmin, biliyin.
Öyrətdiyinizi, bir də zəhmətinizi,
Müəllim tək bizə halal eləyin!

Hər şey üçün sizə borcluyuq biz,
Hamınıza xorla sağ ol deyirik.
Yadınıza düşsək, əl edərsiniz,
Marsda yaşasaq da uçub gələrik.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: