Y.V. Çəmənzəminlinin bədii nəsri təkcə özünəməxsus yazıçı üslubu, əsərlərində toxunduğu problemlərin aktuallığı ilə kifayətlənmədiyi, əsərlərinin janr rəngarəngliyi ilə seçilməsi də ədibin yaradıcılığına marağı daha da artırır. «Studentlər» romanı haqqında Y. Vəzirin fikirləri bir müəllif fikri kimi diqqəti ilk növbədə cəlb edir: «Studentlər» inqilabdan əvvəl türk tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir.» «Studentlər» romanının davamı olan «1917-ci ildə» romanı haqqında isə Y. Vəzir qeyd edirdi: «1917-ci ildə» həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsiləsinin ikinci cildidir. İnqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı fırqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır.» Müəllif ümumiyyətlə qələmə almış olduğu əsəri epopeya şəklində yazacağını planlaşdırmışdır. Y.Vəzirin «Studentlər» və «1917-ci ildə» romanlarından sonra onların davamı kimi digər əsərlərin qələmə alacağını vurğulanmışdır: «"Tərtər" adlı romandan sonra "Xaricdə" və "Çırpışmalar" (1905-1909-cu illər) yazılacaq ki, roman silsiləsinin dördüncü və beşinci cildlərini təşkil edəcək.»
Y. Vəzirin iki hissədən ibarət olan «Studentlər» və dörd hissədən ibarət «1917-ci ildə» romanlarını dilogiya nümunəsi kimi dəyərləndirməliyik. Belə ki, «Studentlər» adlı kitabda Kiyevdə təhsil alan azərbaycanlı tələbələrin təhsil illəri və onların bəzilərinin siyasi fəaliyyətləri qısaca da olsa açıqlanır. «1917-ci ildə» romanında isə «Studentlər» romanının davamı kimi, əsasən Rüstəmbəyin sonrakı
taleyi ilə lap yaxından tanış oluruq. Alicənablığı ilə diqqəti cəlb edən, «hərəkətlərində, fikirlərində yanlış və qeyri-sabit nöqtələr olsa da ümumiyyətlə ayıq, mədəni ziyalı» (13,135) olan Rüstəmbəyin taleyinin müəyyən bir hissəsi ilə yaxından tanış oluruq. Rüstəmbəy «öz dərin zəkası, filosofanə fikirləri, cəmiyyət və dövlət işlərinə münasibətdə ziddiyyətli mülahizələri ilə seçilən, mənsub olduğu xalqı və vətəni dərin məhəbbətlə sevən və bədii ədəbiyyatımızda heç kimə bənzəməyən, orijinal ziyalı surətidir.» (17,216)
Üçdəyirmanlı Həsən ağanın oğlu Alışbəyin oğlu Rüstəmbəy, Veylabad tacirlərindən Hacı Vəlinin oğlu Qulu, Balayurdlu kəndindəki dəllək Qasımın oğlu Səlman, Veylabad tacirlərindən bikef İbadın oğlu Səftər və s. gənclərin obrazlarının ətraflı və real şəkildə təsviri əsərə olan marağı artırmaqla yanaşı yazıçı sənətkarlığını gözümüzdə bir daha canlandırır. Əsərdə əxlaq məsələlərinə geniş toxunulduğunu müşahidə edirik.
Y.V. Çəmənzəminli dövrünün tarixi hadisələrini işıqlandırmaqla yanaşı, qadınların taleyi məsələsinə toxunmuş və onların həyatını qələmə almışdır. Qadın problemini yaradıcılığında əsas xətt hesab edən Y. Vəzir xurafat və mövhumatı kəskin qamçılayaraq qadının cəmiyyətdə rolu ilə əlaqədar mühüm məsələləri açıqlamış, ictimai həyatda cərəyan edən hadisələri işıqlandırmışdır.
Y. Vəzirin romanda milli məni anlatmağa atdığı addım özlüyündə maraq kəsb edir. Müəllifin Cəlalın dili ilə milli mən anlayışına münasibəti əsərdə diqqəti cəlb edən amillərdən biridir: «Qardaş bizdən bir şey çıxmaz! Biz kim olduğumuzu belə dərk etməmişik. “Müsəlmanam” deyirsən, bütün üç yüz milyonluq topuğu cırığa qoşulub itirsən... Bəli, indi-indi özünə “türk” deməyə başlamısan.
Camaatımız türk olduğunu bilirmi? Biz özümüzü tanımayan kimi, başqası bizi heç də tanımır.»
Azərbaycanlı qadını Sayadın «başqa millətlərin içində biz nəyə geri qalaq?” sualına Rüstəmbəyin Dreper nəzəriyyəsinə əsaslanaraq cavabı əsərdə maraq doğurur: «millət bir fərd, bir adam kimi şeydir, böyüyər, gənclik və qocalıq dövrləri keçirər. Sonra ölər. Cahil və kamil vaxtları olar…Bizim millət də, indi cahil dövrünü keçirir; lakin ayılmasının əlamətləri görünür, ayılacaq və parlaq bir gələcəyə də malik olacağı şübhəsizdir…. Makedoniya kimi bəlli olmayan ölkədən bir İsgəndər çıxır, dünyanı istila edib, millətinin adını tarix səhifəsində yerləşdirir. Ərəbistan çöllərindən bir Məhəmməd zühur edib, meydana bəzi demokratik fikirlər atır. Nəticədə bir çox millətləri və ölkələri öz millətlərinin hakimiyyətinə tabe edir.»
Əsərdə milli mədəniyyətin dirçəlməsi prosesini Şirin və Cəlal arasında mübahisələrin verilməsi ilə təsviri də maraq doğurur. Şirinin «mətbuatımız, nəşriyyatımız, teatrımız, az-çox milli məktəblərimiz var, ziyalılarımız yavaş-yavaş yetişir. Daha nə istəyirsən? Əsrlər boyu yatmışıq. Bu gün ayılmışıq» söyləməsi insanların şüurunda əvəzsiz xidməti olan amilləri açıqlaması da maraq doğurur.
Yazıçının dövründə milli dil probleminə münasibəti də əsərdə əksini tapmışdır. Rüstəmbəyin dövrünün gənclərinin doğma dildə deyil, əcnəbi dillərdə danışmalarına, doğma dilə olan münasibətlərinə toxunur: «…mübahisəmiz və elmi bir söhbətimiz olduqda öz dilimizi tullayıb, rus dili ilə danışırıq. ...Canım, on beş il rus məktəbində oxuyursunuz, həmişə ruslarla onların dilində danışırsınız, yenə də rusca dürüst danışmağı bilmirsiniz. Bir kitab da oxuyanda saatda bir açıb əcnəbi sözlərinin lüğətinə baxırsınız. Amma iki ay türkcə oxumaqla hər şeyi bilmək istəyirsiniz. Sizlər öz dilinizi əsla sevmirsiniz, Sevsəydiniz. zəhmətə qatlaşaraq onu incədən-incəyə öyrənərdiniz.»
Millətin özünə məxsus və onun məxsusi malı olan ana dili millətin mənəvi diriliyi kimi əsərdə daha geniş təbliğ olunur. Ana dilinə münasibət də diqqətdən yayınmır. Şirinin «Bu gün içində yaşadığımız şəraitdə türk dilinə yer yoxdur, daha doğrusu, lüzum da yoxdur. Məktəblər rusca, idarələr rusca, çörək də bu dildən çıxır. Hər kəsin öz ana dilini bilməsi vacibdir, bunu anlayıram. Ancaq öyrənməyə vaxt yoxdur» fikirləri oxucunu fikirləşməyə vadar edir. Müəllif tərəfindən ana dilinin kamilliyi, mükəmməlliyi də yaddan çıxarılmamış, əhəmiyyətinə xüsusi olaraq toxunulmuşdur.
Rüstəmbəyin digər millətlərin öz dillərinə necə hörmət bəslədiyini qısqanclıqla söyləməsi bizləri ana dilimizə qayğı və hörmətlə yanaşmağa bir çağırışdır: «Hökumət polyak dili və polyak mədəniyyəti ilə şiddətlə mübarizə edir, buna baxmayaraq, polyak dilini bilməyən, öz dilində danışmayan bir polyak tapılmaz. Polşaya göndərilən rus məmurlarını belə polyaklaşdırırlar» kimi faktının irəli sürülməsi diqqəti cəlb edir. Əsərdə Rüstəmbəyin bu münasibəti haqlı olsa da ona münasibətin fərqli olması da əsərdə əksini tapmışdır. Çingizin bu baxımdan söylədiyi fikirlər maraq doğurur: «Rüstəmbəy haqlıdır, ancaq bizi polyaklarla müqayisə etməkdə səhv edir. Polyaklar yüksək mədəniyyətə malikdirlər, vaxtilə böyük dövlət olmuşlar, rus mədəniyyəti onlara nisbətən çox aşağıda olduğu üçün polyaklara təsir yapmır. Bizdə vəziyyət büsbütün başqadır. Biz mədəni deyilik, olan mədəniyyətimiz də müasir mahiyyət daşımır. Odur ki. rus mədəniyyətinə təmas edər-etməz, onun təsirinə düşüb, ruslaşırıq» kimi fikirlərinə etinasız yanaşmaq mümkün deyil. Türk mədəniyyəti polyak mədəniyyətindən necə və nə qədər geridə qalır? Bu fikir mübahisə doğurur. «Yaşamaq məramında olan hər bir qövm yalnız mükəmməl ədəbi dilə malik olmaq sayəsində yaşaya bilər. Lisanı mükəmməl surətdə islah olmuş bir qövmün milliyyətini, qövmiyyətini nə zaman və nə də heç bir silah məhv etməyə qadir olmaz! Zira ki, mükəmməl bir dil zəmanəmizdəki dəhşətli silahların ən qüvvətlisi və ən dəhşətlisidir.» (1,177) Ana dili xalqın mənəvi sərvəti olduğundan başqa xalqın nümayəndələri həmin xalqın mədəniyyəti, tarixi ilə onun dili ilə tanıyır. Ana dilində xalq öz mənəvi aləmini-ədəbiyyatını, elmini, sənətini, tarixini yaradıb nəsildən-nəslə ötürür. Y. Vəzirin Ana dili ilə fəxr etməyə çağırışı özünü onun bütün yaradıcılığına hakim olmuşdur. Belə ki, ədibin «Ana dilimizin tənəzzülü millətimizin tənəzzülüdür. Ona görə Azərbaycan dilinin genişliyinə çalışmalı, bu dili sevməli, bu dildə danışmağı eyib yox, fəxr hesab etməliyik» deməsi bizə ibratəmiz bir nəsihət olmalıdır.» (2)
Milli qurtuluş mövzusu Y. Vəzirin bu əsərində daha geniş planda verilmişdir. Vəlibəy Milli azadlıq əldə edə bilməməyin səbəblərini göstərməyə çalışır: «…işlərimiz lazımınca getmir. Ancaq səbəbləri unutmamalısan. Gürcülər neçə illik menşevik təşkilatına mənsubdurlar; daşnaqsütyunun da iyirmi beş yaşı gərək olsun. Bu təşkilatlar xalqın içində dərin köklər salıblar. Sənin nəyin var? Heç nə! Ancaq bu gün siyasi təşkilat qurmaqla məşğulsan. Sonra erməniləri və gürcüləri əsgər aparırdılar, bizi aparmırdılar. Bax, bu gün bundan nə qədər çətinliklər doğur: hər kəs öz əsgərini çağırıb ana torpağında ordu düzəldir, sən avara qalmısan... Dərd çoxdur! Bilirsən, təməlimiz yoxdur, hər şeyi təməldən başlamalıyıq.»
Y.V. Çəmənzəminli «romanın mərkəzinə inqilabın fütuhatını, fəhlə sinfinin qüdrətini əks etdirmək problemini deyil, ali təhsil alan gənclərin hansı fikirlərlə yanaşdıqlarını ön plana çəkir.» (13,137)
Səidə ƏLİYEVA.
Kultura.az, 24 Fevral, 2014
İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT:
1. Abdulla Şaiq. «Dilimiz və ədəbiyyatımız.» Əsərləri. V cilddə, IV cild. Bakı, Azərnəşr, 1977.
2. AMEA RƏF, arx.-26, q-3 (71) Y.V. Çəmənzəminlinin arxivi.
3. Azərbaycan ədəbiyyatı. (Xaricdə yaşayan Azərbaycanlılar üçün). Bakı, 2003.
4. Çəmənzəminli Y.V. Əsərləri. III cilddə, II cild. Bakı, Avrasiya Press, 2005.
5. Hüseynoğlu T. «Ədəbiyyatla yaşayıram…», Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993.
6. Xəlilov Q. Azərbaycan romanını inkişaf tarixindən Bakı Elm 1973.
7. Məmmədov K. Yusif Vəzir Çəmənzəminli. Bakı, Elm, 1981.