Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik
Azərbaycanı əhatə edən və ölkəmizlə əlaqədar olan coğrafiyada türkologiyanın, geniş mənada şərqşünaslığın inkişaf etdiyi əsas elmi mərkəzlərdən biri Gürcüstan məktəbidir. Özünəməxsus ənənələrə malik olan Gürcüstan Şərqşünaslıq məktəbində türkologiya və iranşünaslıq ağırlıq təşkil edir.
Bu Şərqşünaslıq məktəbində türkologiya ümumtürk miqyasında olan, yaxud Türkiyəni əhatə edən yazıçı və şairlərin həyatı və yaradıcılığının tədqiq edilib öyrənilməsi və bir də Azərbaycan ədəbiyyatına aid tədqiqatların aparılması ilə səciyyələnir. Gürcüstanda ayrı-ayrılıqda iki istiqamətdən biri üzrə ixtisaslaşmış tanınmış elm adamları ilə birlikdə həm Azərbaycandan və həm də Türkiyədən olan sənətkarlara həsr olunmuş sanballı tədqiqatlar meydana qoyan görkəmli alimlər də vardır. Gürcüstan Elmlər Akademiyasının akademiki Elizbar Cavelidzenin elmi fəaliyyətində də türkologiyanın bu dialektik vəhdəti tam əhatə olunur.
Çoxəsrlik Azərbaycan-Gürcüstan əlaqələri və dostluğu Nizami Gəncəvi
və Şota Rustaveli,
Mirzə Fətəli Axundzadə
və Akaki Sereteli,
Cəlil Məmmədquluzadə
və Vaja Pşavela,
Abbas Səhhət və
Barataşvili, Səməd Vurğun
və Qriqol və İrakli
Abaşidzelərin çiyinlərində əsrlərdən bizim günlərə qədər inkişaf etdirilməkdə
davam edir.
Qarşılıqlı ədəbi-mədəni əlaqələrin genişlənməsində Dilarə Əliyeva-Leyla Eradze xətti də mühüm rol oynamışdır. Bu gün
Azərbaycan və Gürcüstan
Elmlər Akademiyalarının
prezidentiləri akademik
Akif Əlizadə və
Georgi Kvasitadze,
vitse-prezidentlər
İsa Həbibbəyli -
Roin Metreveli,
Elizbar Cavelidze, İrma Ratiani, Maka Elbakidze,
eyni zamanda Mirzə Maşov,
Bədirxan Əhmədov,
Rəhilə Qeybullayeva,
Müşfiq Çobanlı və başqalarının yaradıcı zəhmətləri ilə həmin əlaqələrin tarixi salnaməsinə yeni parlaq səhifələr əlavə olunur.
Gürcüstan türkologiyasının görkəmli nümayəndəsi akademik Elizbar Cavelidze adı qədim tarixi və böyük ənənələri olan türkologiya və ya şərqşünaslıq elminin tanınmış yaradıcıları sırasına daxildir.
Akademik Elizbar Cavelidzenin Türkiyə istiqamətində meydana çıxmış Mövlana Cəlaləddin Rumi, Yunis Əmrə, Aşiq Paşa haqqındakı sanballı monoqrafiyaları həmin qüdrətli söz ustalarına həsr olunmuş qiymətli elmi mənbələr kimi qəbul olunur. Bu tədqiqat əsərləri geniş mənada Qafqaz türkologiyasının mötəbər elmi abidələridir.
Akademik Elizbar Cavelidze və Azərbaycan mövzusu çoxcəhətli olub, hər iki ölkədə elm tarixinin və türkologiyanın müasir inkişafının əhəmiyyətli hadisələri və şəxsiyyətləri ilə üzvi surətdə əlaqədardır. İlk növbədə onu qeyd etmək lazımdır ki, akademik Elizbar Cavelidzenin Azərbaycan folkloruna və orta əsrlər klassik poeziyasına həsr edilmiş sanballı tədqiqatları zəngin istinad mənbələri hesab edilən və yüksək elmi-nəzəri səviyyəyə malik əhəmiyyətli elmi əsərlərdir. Şərq ədəbiyyatında lirikanın böyük ustadı hesab edilən görkəmli Azərbaycan şairi “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” adlı monoqrafiyası dünya füzulişünaslığında və Azərbaycan ədəbiyyatşünaslığında yüksək elmi qiymət almışdır. Bu qiymətli kitab son yüz ildə haqqında çoxsaylı elmi əsərlər yazılmış ustad Məhəmməd Füzuliyə və sufizm cərəyanına həsr olunmuş orijinal monoqrafiya kimi mühüm elmi əhəmiyyətə malikdir. Monoqrafiyada böyük məhəbbət şairi Məhəmməd Füzulinin aşiqanə lirikası ilə fəlsəfəsini bir yerdə, vəhdətdə təhlil edib dəyərləndirməyin əsl nümunəsi göstərilmişdir.
Görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin çoxcəhətli yaradıcılığının dərin elmi təhlili ilə səciyyələnən bu elmi-tədqiqat əsərində dahi şairin Azərbaycan və dünya ədəbiyyatındakı yeri obyektiv olaraq aşağıdakı kimi yüksək qiymətləndirilmişdir: “Azərbaycan xalqının ən layiqli oğlu, türk klassik ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuli... özünün coxcəhətli yaradıcılığı ilə təkcə Azərbaycan xalqının deyil, eləcə də bütün Şərq və dünya xalqlarının mənəvi mədəniyyət xəzinəsini zənginləşdirmişdir”.1
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elizbar Cavelidzenin «Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı» kitabını 2016-cı ildə kitab halında nəşr etmişdir.
Akademik Elizbar Cavelidzenin orta əsr Azərbaycan şairi Ruhi Bağdadidən bəhs edən tədqiqatı isə şərqşünaslıq elmində bu tanınmış şair-mütəfəkkir haqqında hələlik yeganə və nadir elmi əsərdir. Bu əsərdə orta əsrlər Azərbaycan ədəbiyyatının bir çox qaranlıq səhifələrinə işıq salınmışdır. Namizədlik dissertasiyası kimi yazılıb müdafiə olunmuş “Ruhi Bağdadi” monoqrafiyası yüksək elmi-nəzəri səviyyəyə malikdir və aradan yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq bu gün də aktuallığını və elmi əhəmiyyətini qoruyub saxlamaqdadır. Hazırda Gürcüstanın tanınmış tərcüməçisi, jurnalist Mirzə Maşov tərəfindən Azərbaycan dilinə tərcümə edilən bu elmi əsərin də Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən kitab halında çap olunması nəzərdə tutulur.
Akademik Elizbar Cavelidze həmkarı Georgi Savğulaşvili ilə birlikdə «Kitabi-Dədə Qorqud» dastanlarını gürcü dilinə tərcümə edərək Tbilisidə nəşr etdirməklə Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinə əlamətdar sayılmağa layiq olan qiymətli bir səhifə əlavə etmişdir. “Kitabi-Dədə Qorqud” dastanlarının gürcü dilində səslənməsi mühüm əhəmiyyətə malik elmi hadisədir.
Elizbar Cavelidze Azərbaycan xalqının etibarlı dostudur. Onun çoxcəhətli elmi və ictimai fəaliyyəti xalqlarımız və ölkələrimiz, həmçinin Elmlər Akademiyalarımız arasında möhkəm bir körpüdür. Elizbar Cavelidze Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adını böyük dostluğa və qarşılıqlı elmi əməkdaşlığa həsr edilmiş xidmətləri ilə şərəflə daşıyır. Görkəmli elm xadiminin şəxsiyyətinin bütövlüyü və dostluqdakı sədaqəti böyük mənəvi sərvətdir.
Azərbaycan alimlərindən akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Vasim Məmmədəliyev, filologiya elmləri doktorları Məmməd Əliyev və Bədirxan Əhmədovla görkəmli gürcü alimi Elizbar Cavelidze arsındakı dostluq əlaqələri hər iki ölkədə elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün faydalıdır. Bu möhkəm və etibarlı dostluq və əməkdaşlıq yeni nəsillər üçün ibrətamiz və mənalı bir nümunədir.
Akademik Elizbar Cavelidze hazırda da Azərbaycan elmi mühiti ilə əlaqələrini davam etdirməkdədir. Onun 23-24 iyun 2017-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda “Ey Nəsimi, cahanı tutdu səsin” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda “Əzabkeş şair İmadəddin Nəsimi” mövzusunda etdiyi elmi məruzə böyük maraqla qarşılanmışdır. Elizbar Cavelidzenin aşağıdakı fikirləri Nəsimi sənətinin dərinliklərinə gur işıq salır: “Nəsiminin yaradıcılığı bütün Şərqdə, ələlxüsus isə onun vətəni Azərbaycanda həddindən artıq böyük populyarlıq qazanmışdır və qazanmaqdadır. Onun qəzəlləri, qəsidələri, istərsə də rübailəri fikir tutumu ilə fərqlənir və... çətin anlaşılan mistik doktrinasını üstüörtülü, istərsə də birbaşa açıq şəkildə bizə çatdırır. Buna baxmayaraq, şairin dili həmişə sadədir. ...Şairin bədii aləmi olduqca zəngin, zərif və dolğundur”.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun Bakıda çıxan “525-ci qəzet”də çap edilmiş “Badano Elizbar Cavelidze” məqaləsində görkəmli gürcü aliminin müdrik obrazı yaradılmışdır.
Gürcüstan alimləri akademik Elizbar Cavelidzeni gürcü türkologiyasının lideri hesab edirlər. Azərbaycandan baxanda isə bu görkəmli alim hazırda Qafqazda şərqşünaslığın ağsaqqalı kimi görünür. Ölkəmizdə Elizbar Cavelidzenin şəxsiyyətinə və elmi fəaliyyətinə xüsusi ehtiram və dərin hörmət vardır. Ona görə də Elizbar Cavelidzenin anadan olmasının 80 illik yubileyi ümumiyyətlə şərqşünaslığın və türkologiya elminin, ədəbiyyatşünaslığın bayramı və təntənəsidir. Bu yubiley Azərbaycan-Gürcüstan elmi-mədəni əlaqələrinin də əhəmiyyətli bir hadisəsidir.
Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətinin görkəmli şərqşünas Elizbar Cavelidzenin 80 illik yubileyində iştirakı və təbriki müasir dövrdə dost və qonşu ölkə ilə əlaqələrin yaddaqalan bir səhifəsidir. Yubiley günlərində keçirilən görüşlər və əldə olunan razılaşmalar Azərbaycan-Gürcüstan əlaqələrinin daha da irəli getməsinə xidmət edəcəkdir.
“Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabına ön söz kimi yazılmış “Akademik Elizbar Cavelidzenin Füzulinaməsinə” adlı essedə ifadə edilmiş aşağıdakı fikirlər Azərbaycan xalqının görkəmli türkoloq alimə bəslədiyi əsl dost münasibəti və onun yaradıcılığına verdiyi obyektiv qiyməti bütün reallığı ilə obrazlı şəkildə ifadə edir: “Elizbar Cavelidze - Yunis Əmrənin Kürə qarışan hekayəsidir. Yenidən doğulan Ruhi Bağdadi təzkirəsidir.
Məhəmməd Füzuli: Elizbar Cavelidzenin Azərbaycan sevdasıdır. Gürcü aliminin ədəbiyyatda Kərbəlasıdır. Və ya romantik düşüncədə Metex qalasıdır.
Akademik Elizbar Cavelidze – Azərbaycanın qədim dostu, Gürcüstanın böyük ədəbiyyatçısı və dilçisidir. Qafqazda şərqşünaslığın böyük elçisidir”.
Görkəmli gürcü alimi, tanınmış türkoloq və şərqşünasa, əziz dostumuz akademik Elizbar Cavelidzeyə daha böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.
turan.info.az
.