turan.info.az saytının Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan Yazıçılar Birliyinin sədri Boqatır Arabuli açaraq Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin daha da möhkəmləndirilməsi yollarından danışıb. O, Gürcüstan Yazıçılar Birliyi nəzdində Tərcümə Mərkəzinin və Azərbaycan bölməsinin yaradılmasının vacibliyini vurğulayıb. O, Azərbaycan və Gürcüstan yazıçılarının əsərlərinin hər iki dilə tərcümə olunması və təbliğinin ədəbi əlaqələrimizin inkişafında mühüm rol oynayacağını vurğulayıb.
B.Arabuli Qafqaz xalqları arasında mədəniyyət festivalının keçirilməsini də təklif edib: "Bu gün Qafqaz xalqları arasında qəsdən düşünülmüş münaqişələr var. Bundan bizim xalqlarımız əziyyət çəkir. Buna son qoyulmalıdır. Bunun üçün də mədəniyyət festivallarının təşkili olduqca vacibdir".
Təqdimat Mərasimində çıxış edən Gürcüstanın Baş nazirinin mədəniyyət məsələləri üzrə müşaviri Quram Odişaria antologiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür kitabların yazılmasına, tərcüməsinə böyük ehtiyac var. O, kitabın hazırlanmasında və ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə Tərcümə Mərkəzinə minnətdarlıq edib.
Tədbirdə Gürcüstan Yazıçılar Birliyinin həmsədri Mağvala Qonaşvili çıxışında dünyada tikilən körpülərin yandırıldığını və ədəbiyyatların tiktiyi körpülərin heç zaman yanmadığını qeyd edib: “Kitab elə körpüdür ki, yandırıla bilməz.” B.Arabulinin tmədəniyyət festivalının keçirilməsi haqqında fikirləri ilə bağlı öz təklifini də bildirib. O, festivalın Tiflisdə deyil, digər Qafqaz şəhərlərində keçirilməyi təklif edib.
M.Qonaşvili gürcü və Azərbaycan xalqının bir-biri ilə doğma bir xalq olduğunu bildirib: “Mən yarı azərbaycanlıyam, çünki şeirlərim Azərbaycan dilinə tərcümə olunub və Azərbaycan oxucusu məni oxuyub.”
Təqdimat mərasimində çıxış edən gürcü yazıçısı Zaur Motxeveli Dilarə Əliyeva və Leyla Eradzenin dostluğundan və onların Azərbaycan və gürcü ədəbiyyatına verdiyi töhfələrdən söz açıb.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərindən danışıb, mədəni əlaqələrimizin inkişafında bu cür tədbirlərin əhəmiyyətinin böyük olduğunu qeyd edib.
Tədbirdə Didube Yazıçılar Xiyabanının direktoru, şair Badri Xutateladze Tiflisdə 8 Azərbaycan yazıçı və ictimai xadimlərin qəbirlərinin və büstlərinin yerləşdiyini bildirib.
Təqdimat mərasimində digər çıxış edən görkmli gürcü yazıçıları ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrindən, Gürcüstanda yaşayıb yaratmış azərbaycanlı ədiblərin, mütəfəkkirlərin əsərlərinin əhəmiyyətini söz açıblar.
Tədbirin sonunda GYB-nin sədri B.Arabuli antologiyanın tərcümə olunaraq gürcü oxucularına təqdim olunmasına, eləcə də gürcü yazarların əsərlərinin Azərbaycan dilinə tərcüməsinin təşkilinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudu
xüsusi fəxri fərmanla təltif edib.
M.Qonaşvili isə Azərbaycan nümayəndə heyətinin üzvlərinə hədiyyələr təqdim edib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin nümayəndəsi, gürcü və Azərbaycan ziyalıları,yazıçı və şairləri, jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, "Müasir Azərbaycan nəsr antologiyası" kitabının tərcüməçisi, şair İmir Məmmədli, ön sözün müəllifi görkəmli gürcü yazıçısı, Gürcüstanın Baş nazirinin mədəniyyət məsələləri üzrə müşaviri Quram Odişaria, redaktoru Manana Bostoğanaşvilidir.
Kitabda müasir Azərbaycan ədiblərinin 30-a yaxın əsəri tərcumə olunub. Gürcü dilndə nəşr olunan kitabda görkəmli Azərbaycan yazıçılarından İsa Hüseynov, Sabir Əhmədov, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Fərman Kərimzadə, Sabir Azəri, Anar, Şahmar, Vaqif Nəsib, Azər Abdulla, Elçin, Mövlud Süleymanlı, Məmməd Oruc, Kamal Abdulla, Afaq Məsud, İmir Məmmədli, Nəriman Əbdülrəhmanlı, Elçin Hüseynbəyli, Yaşar Əliyev, Etimad Başkeçid və başqalarının əsərlərindən nümunələr tərcümə olunub.
turan.info.az
.