SƏYYADIN NƏVƏSİ SAYAT-NOVA

SƏYYADIN NƏVƏSİ  SAYAT-NOVA Keçən il İrəvanda Sayat-Novanın üç dildə erməni, gürcü, rus dillərində şeirlər toplusu çap olunmuşdur. «Ermənistanın inkişafı təşəbbüsləri» fondu, Surb Georq kilsəsinin yenidənqurma fondu Sayat-Novanın Eğişe Çarens adına Ermənistan Ədəbiyyat və İncəsənət Muzeyinin təqdim etdiyi əlyazmalarının, onun «Dəftər»inin üzü əsasında üç dildə kitab nəşr etdirmişdir.
Bəri başdan qeyd edək ki, Sayat-Nova qoşqularını üç dildə: Azərbaycan, gürcü və erməni dillərində yazmışdır.
Bu kitabda Azərbaycan dilində olan şeirlərin yerinə ruscaya tərcümə olunan qoşquları verilmişdir. Kitabda gürcücə 17, ermənicə 24, rus dilinə tərcümə olunan 20 şeir özünə yer almışdır. Şeirləri rus dilinə V. Bryusov, K. Linskerov, S. Qaysaryan, M. Lozinski, S. Şervinski, E. Nikolayevski, V. Potapova tərcümə etmişlər. Məlumdur ki, Azərbaycan dilində yazmağı və danışmağı bacaran Sayat Nova hələ 18-20 yaşlarında ikən yalnız bu dildə, bir neçə ildən sonra gürcücə, 30 yaşına çatdıqdan sonra isə ana dili olan ermənicə yazmağa başlamışdır. Belə ki, onun bizə qədər gəlib çatan qoşqularının əksəriyyəti, yəni 115-i Azərbaycan, 60-ı erməni, 37-si isə gürcü dilindədir.

Ön söz filologiya elmləri doktoru Henrix Baxçiniyana məxsusdur.
O qədər də böyük olmayan bu ön sözündə o, tarixi faktlar deyil, uydurma və əfsanə, eləcə də yayılan fikirlərə istinad edib.

Məsələn: «Belə bir versiya mövcuddur ki, ona da uyğun olaraq gənc Arutini əsir götürürlər və çalğıçı-xanəndə olaraq İran qoşununun musiqi dəstəsinə qatırlar. 1737-1739-cu illərdə Nadir şah tərəfindən Hindistana hücum zamanı gürcü çarının oğlu İrakli də (sonralar çar II İrakli) iştirak edir. Bu sonuncu əsir götürülmüş gənc ermənini satın alır və özü ilə Gürcüstana gətirərək gürcü çar sarayının musiqiçisi təyin edir, sonra isə çar sarayının şairi olub». Henrix Baxçiniyan fərziyyənin kimin tərəfindən söylənildiyini qeyd etmir. Əslinə qalsa, bu fərziyyəni ilk dəfə olaraq Sayat-Novaşünas alim Moris Həsrətyan səsləndirib. Nadir şahın Hindistana hücumu zamanı gənc gürcü şahzadəsi Kaxanın (II İrakli) onun ordusunda olduğu zaman Morus Həsrətyan, İraklini müşayiət edən nökərlər içərisində Arutunun də olduğunu, 1744-cü ildə İrakli Gürcüstana qayıdıb çarlığa başlarkən, Sayat Novanın da həmin ildən saray sazəndələrinin başçısı təyin edildiyini fərziyyə edir. Belə ki, bu fərziyyənin elə bir əsası yoxdur.

Geronti Kikodze özünün «II İrakli» adlı tarixi monoqrafiyasında yazır:
«Teymurazın özünün olduğu kimi, şahzadə İraklinin də İranda tavad (əsilzadə-M.M.) uşaqlarından başqa onun yanında bir neçə Kartl-Kaxetili kəndilər də olub. Xarakterikdir ki, onun əmələsində dörd nəfər sədaqətli tatar da olub (Azərbaycanlı-M.M.) biri (üzəngiçi) mehtər, bir çapar və yaxud şatır (çevik, qulluqda hazır olan) biri ev xidmətçisi, biri də tərcüməçi. (Geronti Kikodze, II İrakli, Tbilisi, Nakaduli, 1983. səh. 35).

Göründüyü kimi, burada Sayat-Novanın olduğu qeyd edilmir. Sonra Henrix Baxçiniyan 1742-ci ildən Arutinin, Sayat-Nova (Sayatın nəvəsi) ozan adı ilə 1742-ci ildən gürcü çarının sarayında yaradıcılıq fəaliyyyətinə başladığını, burada çar Teymurazın ikinci qızı (İraklinin bacısı) şahzadə Annaya qarşı böyük və taleyüklü sevgi hisslərinin baş qaldırdığını, böyük ozanın və şairin üç dildə yazdığı ölməz aşiqanə poeziyasının bu məhəbbətin təzahürü olduğunu, halbuki, sevgililər arasında aşılmaz silk maniəsinin mövcudluğuna görə, bu məhəbbətin faciəli olduğunu və şübhəsiz, bunun da xoşbəxt sonluğunun istisna edildiyini, saraydan iki dəfə: 1752-ci ildə, ikinci dəfə 1758-1759-cu illərdə qovulduğunu yazır. Sayat-Novanın ermənicə olan şeirlərini gürcü dilinə tərcümə edən, üç millətin məhəbbətinin qazanılmasının çox nadir hal olduğunu qeyd edən yazıçı Givi Şahnazarinin dediyinə görə, «Sayat-Nova faciəli şəxsiyyət olub. II İrakli onu çox sevirdi. Buna görə də sarayda intriqalar baş qaldırdı və Sayat-Nova fakitki olaraq Ermənistanda? Axpat monastrında rahibə çevrilməyə məcbur olub». Qeyd etmək lazımdır ki, həmin vaxtlar Lori nahiyəsində olan Axpat Gürcüstanın tərkibində idi. Orada Axpat mədənlərini gürcü çarı II İraklinin işə salması, bunun üçün Türkiyədən yunan peşəkarlarını gətirməsi məlum olan faktdır. Çarın bacısı Annaya vurulmasına gəldikdə, bu barədə elə bir tarixi fakt mövcud deyildir. Bədii ədəbiyyata gəldikdə, Akaki Beliaşvilinin «Besik Qabaşvilinin sərgüzəşti» romanında Besikinin II İraklinin bacısı Anna ilə sevgi macəraları öz əksini tabıb. O dövrü gözəl əks etdirən bu romanda Sayat-Nova barəsində bir kəlmə belə söz açılmır. Yalnız bu barədə məlumatlar əfsanə şəklində, uydurulmuş şəkildə bizə çatdırılmışdır. Bu əfsanə və uydurmalar barədə bir az sonra daha ətraflı söhbət açacağam.

Müəllif daha sonra qeyd edir ki, «1760-cı illərin birinci yarısında Stepanos adlanan Sayat-Nova İranın Gilan əyalətinin Ənzəli şəhərində, sonra Zakatalanın Kax qəsəbəsinin erməni kilsəsində keşiş olaraq xidmət edib. O, burada çox dəyərli əlyazma salnamələri yazıb (Mesrop Maştots adına Matendaranda qorunub saxlanılır). Ona kimi aşığın erməni və türk şeirlərinin əlyazmalar icması- «Dəftəri» tərtib edilmişdi». Həmin səhifənin aşağısında bu dəftərin Eğişe Çarens adına Ermənistan Ədəbiyyat və İncəsənət Muzeyində saxlanıldığı qeyd edilib. Halbuki, indiyədək bu dəftərin Sanqt -Peterburqun Asiya muzeyi arxivində saxlanıldığı qeyd edilirdi. Görünür, oradan gətiriblər, belə bir şey əgər mümkündürsə. Nə isə, qeyd etmək lazımdır ki, indiyədək, gürcü və eləcə də erməni alimləri onun həmin vaxtlar Zakatalanın Qax qəsəbəsində olan Kürmüx məbədində keşiş kimi fəaliyyət göstərməsi barədə yazmayıblar. Bu, yeni uydurmalardan biridir ki, bu da inamla demək olar ki, həmin məbədin erməniləşdirilməsi məqsədəni güdür. Belə bir yanaşma ermənilər üçün yeni deyildir. Azərbaycan mənbələrində oxuyuruq: «Kürmüx məbədi- Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olan Alban məbədinin qalıqları üzərində inşa olunmuş fəaliyyət göstərən gürcü kilsəsidir». Başqa bir yerdə isə: «2006-cı ilin sentyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı məbədin mərhələli şəkildə 4 dəfə müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qaldığı məlum olub. Bununla da məbədin gürcü və ya ermənilərə deyil, ilkin çağlarda alban kilsəsinə aid olduğu sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təstiq edilmiş siyahıya əsasən «Kürmük» məbədi tarixi və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüşdür» (Ayna.az. 2011.05.14 sentyabr).

Ön sözünün müəllifi özünün yazısında azərbaycanlı sözünü türk sözü ilə əvəz edib. Elə götürək türk dili olsun, türk dilində bir şeir belə verilməyib və yaxud Sayat-Novanın elə özünün indi azərbaycanlı anlamını verən tatar dilində yazdığını da bir yana qoyaq, kitabda erməni və gürcü dilində qoşquları və onların bəzilərinin rus dilinə tərcümələri verilib. Bununla da yeni bir əfsanəni yaratmaq cəhdləri ortaya çıxır.

«Qafqaz evi» tərəfindən 2005-ci ildə nəşr olunan «Sayat Nova» kitabı barədə, eləcə də biri neçə il bundan əvvəl «Gürcü poeziyası» silsiləsindən Yetim Gürcünün və Sayat -Novanın şeir nümunələrinin ikisinin birlikdə «Ailə kitabxanası» nəşriyyatı tərəfindən nəşr olunduğu kitab barədə bir kəlmə də olsa burada söhbət açılmır.
Belə ki, həmin kitabda Yetim Gürcünün əvvəlik kitablarında dərc olunmuş şeirləri tam şəkildə, Sayat-Novanın isə yalnız gürcü dilində yazdığı şeirləri öz əksini tapmışdır.

Onu da qeyd edim ki, «Sayat-Nova» kitabını tərtib edən, üç dildə mətnlərin redaksiyasını həyata keçirən, erməni və azəri dillərində olan şeirlərini gürcü dilinə tərcümə edən Zezva Medulaşvilidir.
Onun yazdığına görə, Sayat-Novanın doğum –ölüm tarixi məlum deyil. Müxtəlif tədqiqatçılar nəğməkarın doğum tarixini 1707, 1711, 1712, 1713, 1714, 1717, 1718, 1720, 1722, 1724, 1726-cı ildə göstərir. Elə onun qeyd etdiyinə görə, Sayat-Novanın ölüm tarixi barəsində də tədqiqatçıların fikri fərqlidir. 1795, 1796, 1798, 1800, 1801, 1802-ci illər. Belə ki, onun yazlığına görə, doğum-ölüm gününün dəqiq tarixi hələlik yenə də tədqiq olunmalıdır.
Zezva Medulaşvili həmin dövrün əsas danışıq dili olaraq Tiflis azəri, Tiflis erməni, Tiflis gürcü şivəsini göstərib.
Bu kitabda onun gürcücə 34, ermənicə 41 və onun gürcücə tərcüməsi, azərbaycanca 24 və onun gürcücə tərcüməsi, gürcücə-farsca, azəricə-ermənicə iki şeir verilib.
* * *
SƏYYADIN NƏVƏSİ  SAYAT-NOVA Əsil adı Arutin olan Sayat-Nova kimdir və niyə Azərbaycan dilində qoşqular yazmışdır?
Sayat Novanın özü dəfələrlə yazmışdır ki, Hələb şəhərindən gəlmiş atasının adı Karapet, anasının adı Sara, arvadının adı isə Mərmərdir.

Karapetin uzaq Suriyanın Hələb şəhərindən gəlib Ermənistana çatmasının və oradan da Tiflisə düşməsinin səbəbləri bizim üçün aydın deyil, Azərbaycan dilində yazdığı şeyirlərindən birinin sonunda yazır:

Biri deyər Sayat-Nova haradan,
Birisi Hind deyər, biri Həmədan.
Vətənim Tiflisdir, səmti Gürcüstan,
Anam avlabarlı, atam hələbli.


Sayat-Novanı görmüş Gürcüstanın sonuncu çarının alim oğlu şahzadə David onun haqqında yazmışdır ki, Sayat-Nova o zamanlar Gürcüstanın çarlıq xanədanına mənsub olan Ermənistanın Loru qəzasının Sanain kəndindəndir. Lakin o, həmişə Tiflisdə yaşamış və çar sarayının baş sazəndəsi olmuşdur, çünki onun anası sanainli idi və yeniyetmə Arutin oxuyub yazmağı Sanain kilsəsi nəzdində o vaxtlar məşhur olan dini məktəbdə öyrənə bilərdi. Bu da məlumdur ki, Tiflisdə kiçik yaşlı Arutini toxucu yanında sənət öyrənməyə qoyurlar. Lakin Arutinin musiqi istedadı və qoşqular qoşması onu o qədər məşhurlaşdırır ki, nəhayət, Gürcüstan çarı II İraklinin sarayının sazəndəsi olur. Sayat-Nova, müasirlərinin bildirdiyinə görə, həm də gözəl səsi olan xanəndə idi. O təkcə dövrünün məlum mahnılarını deyil, eləcə də əksərən özünün qoşduğu nəğmələri də ifa edirdi. Bu nəğmələrin cüzi bir hissəsi nəsildən-nəslə keçərək bizə çatmışdır. Sayat Nova misilsiz bir sazəndə idi. Dövrün bütün musiqi alətlərində gözəl çala bilirdi. Onu məhz elə Tiflisin saz- söz mühitinin, sazəndələr məktəbinin yetişdirməsi məsələsi üstündə dayanmaq istəyirəm. Şair-akademik, qədim Tiflisə yaxşı bələd olan İosif Qrişaşvili məhz elə Sayat -Nova haqqında yazdığı monoqrafiyasında qeyd edir: «Aşıq mahnıları bir çox başqa şeylər kimi, bizə ilk dəfə İrandan daxil olmuşdur. İranlıların öz bəstəkarı var idi, öz mütribləri (müğənni - rəqqas qadınlar-M.M.) var idi, öz forması var idi, özlərinin musiqi nəzəriyyəsi kitabı var idi: «Musiqi elmi». Burada da müxtəlif nota, havalar nüsxəsi və bir çox diqqətə layiq başqa şeylər».

XIX əsrin birinci yarısında Qafqaza sürgün edilmiş, Tiflisdə uzun müddət yaşamış dekabrist - şair Yakob Polonski o dövrün ən məşhur xanəndəsi Səttara şeyir həsr etdiyi kimi, 5 yanvar 1851-ci il tarixli 1 saylı «Kafkaz» qəzetində «Sayat-Nova» adlı məqaləsində yazmışdır: «Keçmişdə olduğu kimi, indi də Gürcüstanda sazəndələrə çox böyük hörmət bəsləyirlər. Onların xalq arasında saysız-hesabsız pərəstişkarları vardır. Tiflisdə istər qübar və istərsə də ortabab ailədə heç bir toy şənliyi sazəndəsiz keçmir. Onları xüsusi maraqla dinləyirlər».

Qədim Tiflisə yaxşı bələd olan şair-akademik İosif Qrişaşvili burada yaşayıb yaradan sazəndələrdən yazarkən Mirzəcan, Hacı Yusif, Məşədi İsi, David bəy (tarzən), Abdülbaqi (Bülbülağa), Dilmanlı Həsən, Zülal, Həsənçə, Həşim (Keştazlı- M. M.) Ağacan, Şöhliyyə, Allahverdi, Səttar, Cəfər və başqalarının adını çəkir.
Sayat-Novanın dövründə Tiflisin ən yaxşı xanəndələrindən və böyük dövlət xadimi və yazıçı Nəriman Nərimanovun ulu babası olan Allahverdi barəsində salnaməçi yazır:
Çar İraklinin dəfn mərasimində sevimli xanəndə Allahverdi təmtəraqla iştirak etmişdir.
Sayat Novanın isə heç adı da çəkilmir. Belə ki, Allahverdi çar İraklinin tabutunu da öz əli ilə yonub düzəltmişdir.
Şahzadə Dimitri özünün şeirlərindən birində Qoca babanın ölümünü tam təfsilatı ilə qələmə alır və Allahverdi barəsində söhbət açır.
Çarın ölümündən sonra Allahverdi saraya gedib-gəlməsini yenə də davam etdirmişdir. Allahverdinin ən çox II İraklinin oğlu şahzadə Aleksandr ilə yaxşı münasibəti olub. Aleksandr Allahverdisiz süfrə arxasında oturmazdı. Şulaverdə təşkil etdiyi ziyafətə Allahverdini də özü ilə aparmışdı.
Şahzadə İohane «Kalmasoba» əsərində məlumat verir: «Şahzadə Aleksandr məclis əhlinin hamısını ziyafətə dəvət etdi. Və əmr etdi ki xanəndə Allahverdi bura təşrif buyursun. O da gəldi, həvəslə çalıb-oxumağa başladı».
Xülasə, Xanəndə Allahverdinin çar II İrakli ilə, onun ailə üzvləri ilə dostluq əlaqələri barədə məlumat verən mənbələr çoxdur. Lakin Sayat-Novanın çarla, eləcə də sarayla əlaqəsini göstərən mənbələrə o qədər də rast gəlinmir.
İosif Qrişaşvilinin yazdığına görə, Saya Novanın dövründə bir çox aşıq: Kiçik Nova, Tüccar, Dostu, Şəmşi Məlik, Turunc, Öysüz oğlan, Nurali, Narınc oğlan, Gürcüoğlu, Cahil oğlan, Çaxmaqçı Yaqub, Sefil oğlan, Navlbənd oğlu, Qərib oğlan, Yalqız, Çön oğlan, Ləzzət oğlan, Miskin Bürcü, Yaqub oğlu, Nərgiz, Kababçı oğlan, Şirin, Əlvan oğlan, Səyyad, Qəzzaz oğlan, Dəllək Murad və başqaları olub.
Sayat -Novanın adının hardan əmələ gəlməsi barəsində elə erməni alimləri yazarkən məhz elə azərbaycanca Səyyad sözündən düzəldiyini, yəni Səyyadın nəvəsi olduğunu da etimal edirlər. Çar İraklinin sarayından qovulduğunu, onun çar İrakliyə müraciətlə gürcücə yazdığı şeirlərin ikisindən başa düşmək olur: «Ədalətlə hökm ver, daha yaxşı olardı ki, məni Kürə tullayaydın, öz əlinlə öldürəydin, nəinki belə bir qəddar cəza verəydin- keşişin, yasa batmışın qara paltarını geydirəydin».
O, həyatdan və hər şeydən məhrum edilsə də boş durmayaraq 1966-cı ildə Süleyman peyğəmbərin təmsillərindən ibarət müntəxəbat tərtib etmişdir. Bundan iki il əvvəl Tiflisdə nəğməkarın arvadı vəfat edir, dörd uşağı qalır. Keşiş olmuş Sayat Novanı bir neçə il Tiflisdə ailəsinin-dörd uşağının yanında qalmasına zorla icazə verirlər. Sonralar Loruda Axpat məbədində rahiblik edir. Burada o, 20-25 il qalsa da, öz vəziyyəti ilə razılaşa bilmir. Müasirlərinin nəql etdiyinə görə, rahib Sayat Nova bəzən paltarını dəyişər və xəlvətcə Tiflisə gəlib xalq şənliklərində iştirak edərmiş. Belə bir hadisə məlumdur:İrandan məşhur bir aşıq Tiflisdə olarkən oranın aşıqları ilə və Sayat Novanın şagirdləri ilə deyişir, onlara üstün gəlir. Buna dözməyən Sayat Nova libasını dəyişərək Tiflisə gəlmiş və məşhur aşıqla deyişməyə başlamışdır. Aşıq çətin vəziyyətdə qalmış və soruşmuşdur ki, onun tərəf - müqabili «Tiflisdə Sayat Nova adlı bir məğlubedilməz aşığı tanımışmı, bilmişmi, görmüşmü?». Libasını dəyişmiş qoca aşıq onun hər bir sualına cavab verərkən demişdir: «Tanımanam, bilmənəm, görmənəm, inanmanam». Bu kəlmələrin mahiyyətinə varanda bu cür oxunur: Tanı mənəm, bil mənəm, gör mənəm, inan mənəm.
Sayatnovaşünas Moris Həsrətyan yazır:
«Hər bir erməni, gürcü və azərbaycanlı ədəbiyyatşünas alimi Sayat Novanı digər xalqdan daha oncə öz xalqına aid edər. Erməni deyər ki, Sayat Nova ermənidir...Gürcü deyər ki, Sayat Nova tiflislidir, Gürcüstan paytaxtının canlı mühitinin yetişdirməsi, gürcü xalq xanəndəsi-şairi, gürcü çar sarayının baş xanəndəsi, gürcü çarıının təhkimçisi, onun sevimlisi və inanılmış adamı olmuşdur...Azərbaycanlı da deyər ki, bağışlayın, Sayat Nova lap qabaqcadan Azərbaycan dilində yazmağa başlamışdır, ancaq 10-12 il sonra ana dilində- ermənicə şeirlər yazmağa girişmişdir».

SƏYYADIN NƏVƏSİ  SAYAT-NOVA
Moris Həsrətyan başqa bir yerdə qeyd edir ki, şairin bizə çatan ədəbi irsinin yarısından çoxu Azərbaycan dilindədir. Bu hələ azdır. Sayat Novanın hətta ermənicə və gürcücə şeirlərinin əksəriyyətinin quruluşu və forması Azərbaycan şeirinin quruluşunda və formasındadır, adları da Azərbaycan adlarıdır. Görkəmli Azərbaycan alimi Mirəli Seyidov bu barədə belə yazır: “Qucaqdan, Budaqoğlundan, Mirandan sonra, Zaqafqaziya xalqlarının şifahi ədəbiyyatına, musiqisinə yaxından bələd olan, onlardan yaradıcı şəkildə istifadə edən Sayad-Nova varsağı şeir formasında əsərlər yazmış və şeirlərini varsağı havası(melodiyası) ilə oxumuşdur. Sayat Novanın elm aləminə «Saat Novanın dəftəri» adı ilə məlum olan əlyazmasındakı bir çox şeirlərin altında edilən qeydlərdən görünür ki, aşıq varsağı havasından və şeir formasından xeyli istifadə etmişdir. Həmin şeirlərin altındakı qeydlərdə «varsaq» sözlərinin işlənməsinə nəzər salaq: «Bir gözəl barəsində Arutinin dediyi varsaq», «Bu Arutinin dediyi varsaqdır», «Bu varsağı Arutinin dediyidir»», «Arutinin (dediyi) varsağıdır, üçləmə», «Bu Arutinin dediyi yaxşı varsağıdır», «Arutinin dediyi okütləmə varsağıdır», «Bu Arutinin dediyi varsağıdı». (Sayat Nova. Ermənicə şeirlərinin tam külliyatı, Yerevan (ermənicə), 1931, səh, 97, 98, 102, 103, 108, 112, 128, 133). Mirəli Seyidov, Azərbaycan mifik təfəkkürünün qaynaqları, Bakı, Yazıçı, 1983).

Nəhayət, Sayat-Nova özündən əvvəl yaşamış erməni, fars yazıçılarından başqa, hətta onlardan daha çox, ölməz Nəsiminin, Abbas Tufarqanlının yaradıcılıqları ilə tanış idi və onların, ilk növbədə Abbas Tufarqanlının təsiri altnda olmuşdur. O, Qövsi ilə, xüsusən öz müasiri və həmvətəni Ağa Məsih Şirvani, Molla Vəli Vidadi, Molla Pənah Vaqiflə, bir çox şair və aşıqlarla tanış olmuşdur.

Morus Həsrətyanın daha sonra qeyd etdiyinə görə, son iki-üç yüz il ərzində erməni aşıqlarının çoxu hamının başa düşdüyü Azərbaycan dilində yazıb yaradırdı. Onlardan biri də Sayat Nova olmuşdur. Azərbaycan dilində yazmağı və danışmağı bacaran Sayat Nova hələ 18-20 yaşlarında ikən yalnız bu dildə yazmağa başlamışdır. Bir neçə ildən sonra gürcücə, 30 yaşına çatdıqdan sonra isə ana dili olan ermənicə yazmağa başlamışdır. Belə ki, onun bizə qədər gəlib çatan qoşqularının əksəriyyəti, yəni 115-i Azərbaycan, 60-ı erməni, 37-si isə gürcü dilindədir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Sayat Novanın Sanqt -Peterburqun Asiya muzeyi arxivində saxlanılan dəftərində azərbaycanca yazılan ilk şeirin tarixi 1742-ci il, ermənicə yazılan şeirin tarixi isə 1752-ci il göstərilmişdir. Onun Azərbaycan dilindəki nəğmələrinin başlıca forması adi qoşmalardır. Bu qoşmalarda o, təslib, qafiyə, varsağ növlərini seçirdi. Bundan başqa müxəmməs, müsəddəs, müstəzad, yedəkləmə, zəncirləmə( bəzən də hər ikisini birlikdə) şeir növlərindən də istifadə edirdi.
***
SƏYYADIN NƏVƏSİ  SAYAT-NOVA
1914-cü il mayın 15-də Surpgeorq kilsəsinin həyətində onun qəbirüstü abidəsinin açılışı olmuşdur. Həmin tədbirdə Tiflis ictimaiyyəti, gürcü yazıçıları iştirak etmiş, Sayat Nova haqqında səmimi sözlər söyləmişlər. Elə o vaxtdan hər il mayın son bazar günündə onun xatirə gününün keçirilməsi qərara alınıb. Tarixə üç dilli sənətkar kimi düşən Sayat Novanın son vaxtlara kimi keçirilən tədbirlərdə Azərbaycan, erməni, gürcü dillərində qoşqular qoşub oxuduğunu xüsusilə vurğulamışlar. Onunla bağlı keçirilən son tədbirdə, daha doğrusu, Ermənistanda keçirilən seçkilər ilə əlaqədar mayın son bazar günündə deyil, 2009-cu il iyunun 7-də Şeytanbazarda (indiki Qorqasali meydanında) kiçik bir bağçada onun xatirə obeliskinin açılışında Ermənistandan gələn qonaqlar, eləcə də Tbilisinin erməni ictimaiyyətinin nümayəndələri öz çıxışlarında onun üç dildə yazmasından, qoşqularının əksəriyyətinin azərbaycanca olmasından heç danışmadılar. Belə ki, bir növ onun haqqında yeni bir əfsanənin – onun üç deyil, iki dildə şeir yazması barəsində əfsanənin əmələ gəlməsinə zəmin yaranmağa başlanıb. Onu da qeyd etmək istəyirəm ki, həmin obelisk qoyulmamışdan öncə onun yerindəki nişangah lövhəsində «erməni və gürcü şairi» ifadəsi yazılmışdı. Sayat-Novanın yaradıcılığına yaxşı bələd olan, Azərbaycan ədəbiyyatının yaxın dostu, həmin obeliskin qoyulması işində bir məsləhətçi kimi nəzərdə tutulan Zezva Medulaşvili ilə bu barədə mənim söhbətimdən sonra həmin daş oradan götürüldü və obeliskdə başqa ifadə «XVIII əsrin böyük tiflisli aşığı» ifadəsi həkk olundu. Qəribə haldır ki, vərəqin təsvir olunduğu daş lövhədə dörd dildə olan kəlmələrdən ibarət verilən bəndin Azərbaycan dilindəki kəlmənin olduğu yer qəsdən qatlandığından oxunmur. Bu şeir belədir:
«Es ra mamivida bibinçi kardem,
Var get boynu buruq, tanen dusarats,
Tavi tsavaqebine, az şeş mardum,
Divanə gəzirəm, banen dusarats».


Bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, Qədim Tiflisin Meydan, Şeytanbazar adlanan məhəlləsində, vaxtilə soydaşlarımızın məskunlaşdığı və müxtəlif dükanlarının olduğu yerdə, eləcə də qədim şah Abbas məscidinin olduğu civarlarda Sayat-Nova adına bağçanın salınması, onun xatirəsinə xatirə obeliskinin qoyulması gələcəkdə hansısa daha bir əfsanənin yaradılacağını inamla demək olar. Halbuki, Sayat-Novanın anasının yaşadığı Avlabar məhəlləsində, hazırda Tiflis Dövlət Erməni Dram Teatrı binasının həndəvərlərində böyük bağçalar vardır.

Qayıdaq onun haqqında yaradılan uydurma və əfsanələrə. Sayat-Nova haqqında indiyədək mövcud olan 8 əfsanədə, onun Ağa Məhəmməd şah Qacarın 1795-ci ildə Tiflisə hücum edərkən həlak olması, II İraklinin bacısı, Dimitri Orbelianinin arvadı Annaya vurulduğuna görə saraydan qovulması, sarayda hörmət qazanaraq saray şairi olması, II İrakli ilə dostluq etməsi, şahzadə Paatanın başçılığı ilə çara qarşı sui-qəsddə iştirak etməsi və bu səbəbdən saraydan qovulması, tavat-aznaurlara, millətçilərə qarşı mübarizə aparması, beynəlmiləlçi, xalqlar dostluğunun tərənnümçüsü olması, gürcü yazıçılarından Besiki, A. Çavçavadze və Qriqol Orbelianiyə təsir göstərməsi barəsində söhbət açılır. Lakin müəyyən mənbələr, tarixçilər, alimlər və salnaməçilər bu əfsanə və uydurmaları alt-üst edib ortaya inandırıcı dəlillər çıxarmışlar. Bu barədə çox nümunələr gətirmək olar. Georgi Axvlediani adına Dilçiliyin Tarixi Cəmiyyətinin prezidenti, professor Aleksandr Potsxişvili özünün «Sayat Nova - əfsanələr və həqiqət» kitabında onun Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı deyil, həmin vaxtdan 6 il sonra öz əcəli ilə vəfat etdiyini, tarixçi Platon İoselianinin onun ölüm tarixini tamamilə aydın şəkildə 1801-ci ili göstərdiyini, «Kalmasoba»ya görə onun Axpat monastrında rahib olduğunu, Tbilisidəki Supgeorq kilsəsinin həyətində deyil, Axpat monastrının həyətində dəfn olunduğunu, ötən əsrin əvvəllərində Supgeorg kilsəsinin həyətində onun saxta qəbri üzərində qəbir daşının -abidənin qoyulmasını qeyd edir.
Filologiya elmləri doktoru, ermənişünas Bondo Arveladze də Sayat Nova barədə yaradılan əfsanələrə və uydurmalara qarşı ardıcıl şəkildə kəskin dəlillərlə çıxış edib.
Xülasə, bu uydurmalar və əfsanələr ermənilərin məlum bir niyyətinə, həqiqətin nəzilməsinə xidmət etsə də, atalar yaxşı deyib «Həqiqət nəzilər, ancaq üzüməz». Və ona min cür don geydirilsə də, həqiqət yenə də öz həqiqətliyində qalacaqdır.

Mirzə Məmmədoğlu

Şəkillərdə:
1) Şəhərin mərkəzindəki Surp Georg kilsəsinin həyətində Sayat - Novanın qəbri.
2) Qorqasali( keçmiş Tatar meydanı) meydanında Sayat - Novanın xatirəsinə qoyulmuş xatirə obeliski.
3) 2005-ci ildə «Qafqaz evi» tərəfindən nəşr olunan «Sayat Nova» kitabının üz qabığı.
4) 2015-ci ildə İrəvanda nəşr olunan «Sayat-Nova» kitabının üz qabığı.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
QƏDİM TİFLİSİN SAZ VƏ SÖZ USTALARI

QƏDİM TİFLİSİN SAZ VƏ SÖZ USTALARI

Tiflis
Sayat Novanın Azərbaycan dilində yazdığı şeirlərlər

Sayat Novanın Azərbaycan dilində yazdığı şeirlərlər

Ədəbi əlaqələr, Tiflis
İRAKLİ KENÇOŞVİLİ:

İRAKLİ KENÇOŞVİLİ: "Gürcü əlyazmaları toplularında Azərbaycan nəğmə liri ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
ALEKSANDR POTSXİŞVİLİ:

ALEKSANDR POTSXİŞVİLİ: "BİR DAHA SAYAT NOVANIN VƏFATININ TARİXİ VƏ MÖVCUD ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

Təhsil, Gürcüstan, Borçalı
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Tiflisli “Salman Mümtaz”

Tiflisli “Salman Mümtaz”

Tiflis
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Platon İoselianinin «XIII Georginin həyatı» əsəri və Azərbaycan mövzusu

Platon İoselianinin «XIII Georginin həyatı» əsəri və Azərbaycan mövzusu

Ədəbi əlaqələr, Bədii Tərcümə

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

Tiflis
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Əziz ŞƏRİF:

Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pəna ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Rəy yazın: