= = = AZƏRBAYCAN NƏSRİNDƏ GÜRCÜ MÖVZUSU = = = (İsmayıl Şıxlının «Dəli Kür» romanı)

= = = AZƏRBAYCAN  NƏSRİNDƏ GÜRCÜ MÖVZUSU  = = = (İsmayıl Şıxlının «Dəli Kür» romanı) Leyla xanım Eradze
(1930-1998)


Tanınmış gürcü şairi, tərcüməçi və ədəbiyyatşünas-alimi,
mərhum Leyla xanım Eradze (Leyla Uşanqovna Eradze) həm də Azərbaycan ədəbiyyatının qızğın təbliğatçılarından biri idi.

O, 1930-cu ildə Tiflisdə dünyaya gəlmişdir.
Leyla xanım Eradze Azərbaycanda keçirilən mədəni tədbirlərdə həmişə iştirak etmişdir.
Onu nəinki, Gürcüstanda, eləcə də Azərbaycanda da
yaxşı tanıyırdılar.
İki qonşu, dost xalq arasındakı mədəni və ədəbi əlaqələrin genişləndirilməsinə xüsusi səy göstərmişdir.
O, Azərbaycanın əməkdar mədəniyyət xadimi,
İ.Maçabeli adına Gürcüstan Dövlət mükafatı laureatı,
filologiya elmləri doktoru (1990) idi.

Leyla xanım 30-a yaxın poetik və nəsr əsərini, o cümlədən, Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Nəriman Həsənzadə, İsa İsmayılzadə, Cabir Novruzun şeirlər kitabını,
Mirzə İbrahimovun «Pərvanə», İsmayıl Şıxlının «Dəli Kür», İlyas Əfəndiyevin «Söyüdlü arx», Həsən Seyidbəylinin «Telefonçu qız» adlı əsərlərini, Cəlil Məmmədquluzadənin, İsa Hüseynovun, Ələviyyə Babayevanın hekayələr kitabını və başqalarının əsərlərini Azərbaycan dilindən gürcü dilinə tərcümə etmişdir.

O, gürcü-Azərbaycan ədəbi əlaqələrinə dair doktorluq dissertasiyası müdafiə etmişdir.
Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinə aid 2 monoqrafiyanın, 100-ə qədər məqalənin müəllifıdir.
Əsərlərində Qori seminariyasını bitirmiş, bir müddət Tiflisdə yaşayıb-yaratmış
Mirzə Cəlil Məmmədquluzadədən də bəhs olunmuşdur.
Leyla Eradze həmçinin ədibin "Eşşəyin itməkliyi" əsərini gürcü dilinə tərcümə etmişdir.

Leyla Eradze 1995-ci ildən Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində
1-ci katib işləmiş, Gürcüstanın Azərbaycanla mədəni və elmi əlaqələri məsələləri ilə məşğul olmuşdur.

Ömrünün sonuna kimi Azərbaycan ədəbiyyatının qızğın təbliğatçısı olan Leyla xanım Eradze (1930-1998)
bu gün aramızda yoxdur. O, 1998-ci il fevralın 5-də dünyasını dəyişmişdir.

Leyla xanımın əziz xatirəsini bir daha yad edir, ona Allahdan rəhmət diləyir və aşağıda onun tanınmış Azərbaycan yazıçısı İsmayıl Şıxlının «Dəli Kür» romanı haqqında yazdığı məqaləsini Mirzə MƏMMƏDOĞLUnun tərcüməsində “ZİM.AZ”-ın oxucularına təqdim edirik.
Müşfiq BORÇALI
turan.info.az.



LEYLA ERADZE

AZƏRBAYCAN NƏSRİNDƏ GÜRCÜ MÖVZUSU
(İsmayıl Şıxlının «Dəli Kür» romanı)


XIX əsrin ikinci yarısında Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən dəyişikliklər mədəni sahədə öz əksini tapmışdır. Azərbaycan mədəniyyəti və onun ayrılmaz hissəsi olan ədəbiyyat inkişafın yeni mərhələsinə daxil olur. Onda mütərəqqi rus mədəniyyətinin təsiri özünü göstərmişdir. Bu dövrdə Rusiya imperiyasına daxil olan Qafqaz xalqlarının çoxəsrlik dostluq əlaqələrinin möhkəmləndirilməsi nəzərə çarpırdı. Çar hakimiyyətinin və yerli mürtəce qüvvələrinin hərtərəfli müqavimətinə baxmayaraq Rusiyadan gələn inqilabi-demokratik ideyalar Qafqaza doğru öz yolunu açırdı və Azərbaycanda əsrlər boyu möhkələnmiş İslam mənəviyyatını, lənətə gəlmiş dini ehkamları dağıdır və onun məhv edilməsinə təhlükə yaradırdı. Çar Rusiyası öz ruslaşdırma siyasətini yaymaq üçün Zaqafqaziyada məktəblər də açmaqdan çəkinmirdi ki, bu yol ilə də milli zülm və köləlik başçılarını yetişdirmək istəyirdi.
Bu məktəblərdə mütləqiyyətin müstəmləkəçilik siyasətinin daşıyıcıları ilə yanaşı demokratik ideyalar ilə silahlanmış xalq maarifçiləri də fəaliyyət göstərirdi ki, bunlar da məktəbli yeniyetmələri mütərəqqi ruhda tərbiyə edir və onlara xan və bəylərə, molla və dini şəxslərə qarşı nifrət hisslərini aşılayırdılar.
Çağdaş Azərbaycan nasiri İsmayıl Şıxlının «Dəli Kür» romanı ictimaiyyətin bu kəskin münaqişəsi üzərində qurulmuşdur.

= = = AZƏRBAYCAN  NƏSRİNDƏ GÜRCÜ MÖVZUSU  = = = (İsmayıl Şıxlının «Dəli Kür» romanı) Azərbaycan yazıçılarının VII qurultayında
İsmayıl Şıxlının çıxışı.
7 iyun 1981-ci il.


İsmayıl Şıxlı görkəmli Azərbaycan yazıçısıdır.
O, Böyük Vətən Müharibəsindən sonra «Kerç sularında» adlı hekayə ilə ədəbiyyata gəlmişdir. Gənc müəllif müharibənin bütün dəhşətlərini, Kerç körfəzində gördüyü və içində olduğu döyüş hadisələrini aydın və inandırıcı şəkildə təsvir etmişdir. Bundan sonra «Dağlar zümzümə edir» geniş hekayəsini, «Ayrılan yollar» romanını və sair yazır. Son «Dəli Kür» romanı bütün on il ərzində (1957-1967-ci illər) görülən gərgin əməyin bəhrəsidir. Demək lazımdır ki, bu roman haqlı olaraq təkcə müəllifin qələbəsi hesab olunmur, eləcə də son dövrlər Azərbaycan nəsrinin samballı nailiyyətidir.
Əsərin ideyası köhnə, məhvi labüd olan ictimaiyyətin tədricən dağılması və onun faciəli şəklidə sona yetməsidir. Yazıçı əsasən bir ailənin faciəsini sinfi münaqişə fonunda ümumiləşdirmiş və ona geniş ictimai məna vermişdir.
Ailə həmgamələrinin əvvəli və sonu ondan ibarətdir ki, varlı və nüfuzlu mülkədar Cahandar ağa evə ərli qadın olan Mələyi ikinci arvad olaraq gətirir. Onun birinci və qanuni arvadı Zərnigar xanım bu hadisəni ailə faciəsinə çevirir. Şəriətin dörd arvad almaq ixtiyarını verməsinə və şəriət ilə qanuniləşdirilmiş çoxarvadlılığın hələlik qüvvədə olmasına baxmayaraq Zərnigar bununla barışa bilmir, ərinin iradəsinə qarşı çıxır və öğlunu da atasına qarşı qaldırır. Ərinin xəyanətindən qeyzlənən qadın qan tökməkdən və qurban verməkdən də çəkinmir.
Ata-oğul ixtilafı o qədər kəskinləşir ki, nəhayət, oğul ata evini tərk edir və evsiz-eşiksiz qalmış qayıqçının qızı ilə evlənir.
Yazıçı Cahandar ağanı təkcə mülkədar sinfinin varlı-hallı və nüfuzlu nümayəndələrindən biri kimi deyil, eləcə də bədii inandırıcılıqla onun çılğın təbiətini, qorxusundan ayağının altında torpağın da lərzəyə gəldiyi və hər şeyə qadir, qəddar və şəxsiyyət kimi təsvir edir. Lakin Cahandar ağa hər halda duyğusal bir insandır. O, yeni dövrün təlatümünü hiss edir. İstəyi də vardır ki, ona qoşulsun, lakin köhnə mövqelərini heç bir vəchlə güzəştə getmək istəmir. Öz arvadı Zərnigar xanımın və oğlu Şamxalın müqavimətlərində də aləmin dağılmasını, onun qayda-qanunlarının sarsımasını və adət-ənələrin dəyişdirilməsini görür. Hə şeydən çox məhz elə bunlar onu həyacanlandırır, özündən çıxardır. Onun istək və arzularına bir kimsənin, elə götürək, onun ikinci arvadının qanuni əri Allahyar da olsun, qarşı çıxmasını təsəvvürünə belə gətirə bilmir. Cahandar ağa var-dövləti ilə, qeyrəti ilə tanınmış Allahyarın arvadını qaçırtmağı və birinci arvadının – böyüyüb ərsəyə çatmış oğullarının anasının yanına gətirməsini adi bir hal kimi hesab edir.
Realist yazıçı ölkə tarixini bilavasitə intim əlaqələrdə, ailə məişətində və qarşılıqlı məhəbbətdə də axtarmaq mümkünlüyü gerçəkliyni bir daha bizə təstiq edir. Yazıçı Cahandar ağanı çılğın ehtiraslı, daim çoşqun, qəddar mülkədar kimi təsvir edir ki, bu da faciəvi məna kəsb edir. Onun simasında bütün dövrün fəlakəti göz önündə sərgilənmişdir (1).
İsmayıl Şıxlı Azərbaycan məişətini, inqilaba qədər kənd həyatına daxil olmuş yeni dövrün təlatümünü bəzən özü ilə gətirən yeni ictimai ideyaları əks etdirir. Feodal dövrünün görkəmli nümayəndəsi Cahandar ağanın zamanın dəyişikliklərinin özünəməxsus əks-sədasını tapan mənəvi aləmini açıb göstərir. Atadan-babadan bərqərar olmuş aləmin və onun sərt qanunlarının dəyişdirilməsinin nəsə təsəvvür olunmadığı bu feodal- patriarx quruluşunun insanında da yeniliyin qığılcımları baş qaldırır. Böyük oğlunu bilik almaq məqsədi ilə Qori seminariyasına göndərməyi lazım bilir. O, mövcud dəyişiklikləri - çar hakimiyyətinin tədricən Qafqaza doğru daxil olmasını, atlı kazakların Göytəpədə görünməsinm artıq yad hadisə olmadığını yaxşı görür. Buna görə də yeni hakimiyyətin qarşısında səsini çıxartması, onun ailəsini bir kimsənin alçaltmağa ərk edə bilməməsi üçün oğlunun savadlı olmasını istəyir.
Müəlif «Aşağı təbəqənin «it sümüyünə» onun oğlunun etdiyi kimi, calamamağı» (2), yalnız öz sinfinin mənafelərinin uyğun gəldiyini, yalnız onun sinfinin qanının «təmiz» olduğunu hesab edən Cahandar ağa simasında öz zamanına tam uyğun gələn mülkədarını təsvir edir. Cahandar ağa təkcə öz ətrafında olanlara amansız deyil, eləcə də Molla Sadığın müridləri arasına düşdüyünə və adını batırdığına görə öz sevimli bacısının da ürəyinə güllə sıxır. Bu biabırçılıq yalnız qan ilə yuyulmalıdır.

İ.Şıxlı daim çoşqun və çılğın Kür çayını zamanın və durumun rəmzi kimi istifadə etmişdir. Bunu, tədqiqatçı Q. Əlibəyovanın qeyd etdiyi kimi, Cahandar ağaya da sirayət etmək olar. Cahandar ağa yeni yaşayışa uyğunlaşmır, lakin məsələ ondadır ki, zaman köhnə qaydada yaşamaq ixtiyarını vermir. Necə yaşayım?- Öz-özünə bu sualı verir və belə cavablandırır ki, öz həyatını bulanıq və coşqun Kürə inanır. Ölümə məhkum olan sinfin nümayəndəsinin həyatı faciə ilə sona yetir.
Romanda Cahandar ağanın öz istəyi ilə kiçik oğlu Əşrəfi oxumağa göndərdiyi Qori Müəlimmlər Seminariyasına böyük yer ayrılmışdır. Köhnə mülkədar bununla çarizm ilə bir növ barışdırıcı körpü salır.
Təəssüf ki, onu da demək lazımdır ki, bu çatışmazlıqları qismən aradan götürən ayrı-ayrı xatirələri nəzərə almasaq Qori seminariyası barəsində indiyədək bir dənə də olsun gürcü dilində bədii əsər yoxdur.
Azərbaycan nasiri İsmayıl Şıxlı isə Zaqafqaziya gəncliyinin mütərəqqi əhval-ruhiyyədə tərbiyə olunması işində böyük xidmətlər göstərmiş tarixi simalar olan seminariyanın pedaqoqu Mixail Kipianini, seminariyanın direktoru Dimitri Semyonovu, azərbaycan şöbəsinin inspektoru Aleksey Çernyayevsi və başqalarını canlandırmışdır. «Romanda o dövrkü Zaqafqaziya məişətinin səmasında nadir ulduz kimi parlayan təhsil və tərəqqi xadimləri: Çernyayevski, Kipiani və başqaları təsvir olunmuşdur» (3).
«XIX əsrin sonunun ab-havasını, bu dövrün bütün xarakterik fakt və hadisələrini, əsərin süjet qövsündə üzvi şəkildə Qori müəllimlər seminariyasının durduğunu müəllif dəqiq olaraq yaratmışdır. «Dəli Kür»ün personajlarının taleyi və həyatı böyük mərkəzlərdə olduğu kimi amansız mənəvi partlayıcı materialının hazırlandığı Kartlinin bu balaca şəhəri ilə sıx şəkildə bağlıdır».(4)

Azərbaycan mədəniyyəti və ədəbiyyatının bütün aparıcı qüvvəsi vaxtilə Tiflisdə yaşayır, burada təhsil alırdı və yaxud da gürcü, o cümlədən tiflisli yazıçılar ilə və ədəbiyyatçılar ilə müəyyən əlaqəsi var idi. Məhz elə bu baxımdan Qori Müəllimlər Seminariyasının Azərbaycan mədəniyyəti xadimlərinin yetişdirilməsi işində çox böyük rolu vardır. Gürcü və azərbaycanlı tələbələrinin dostluğu sonralar sıx dostluq əməkdaşlığına və şəxsi əlaqələrə çevrilmiş və mühüm mədəni-ədəbi hadisəyə çevrilmişdir.
Sonralar məşhur Azərbaycan yazıçı və mədəniyyət xadimləri: Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Firmdun bəy Köçərli, Suleyman Sani Axundov, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslim Maqomayev və başqaları Qori Müəllmlər Semirnariyasında təhsil almış, yetişmiş, gürcü ziyalıları ilə tanış olmuş və böyük mədəniyyətə yiyələnmişlər.
«Mubaliğəsiz deyə bilərik ki, Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında olduğu qədər çar Rusiyasının heç bir məktəbində Azərbaycan mədəniyyəti xadimləri yetişməmişdir»(5).
Onların təhsil alması işində rus pedaqoqları ilə birlikdə həmin vaxtlar Qori seminariyasında fəaliyyət göstərən gürcü pedaqoqlarının da böyük əməyi vardır.
Seminariyanın direktorları arasında böyük rus pedaqoqu, K.D.Uşinskinin tələbəsi Dimtri Semyonov ən parlaq və humanist bir şəxsiyyətdir.
Tədqiqatçı M. Kekelidze, İ. Berzenişvili və başqaları öz tədqiqatlarında belə bir fikri açıqlayırlar ki, D.D. Semyonovun təşəbbüsü ilə 1879-cu ildə Qori seminariyasında «tatar şöbəsi» adlanan şöbə yarandı. Azərbaycan Elmlər Akademiyasının Respublika Əlyazmaları Fondunda isə bir sənəd qorunub saxlanılır ki, bu sənəd ilə bizə «tatar şöbəsi»nin açılması təşəbbüsünün böyük Azərbaycan yazıçısı və mütəffəkiri Mirzə Fətəli Axundova məxsus olması məlum olur. Seminariyanın keçmiş tələbəsi, sonralar isə məşhur Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin dəst-xətti ilə rus dilində yazılmış bu sənəd «Zaqafqaziya seminariyasının tatar şöbəsinin inspektoru Aleksey Osipoviç Çernyayevskinin qısa tarixi xasiyyətnaməsi adlanır» (6).
Bu yazıda qeyd edildiyi kimi, «tatar şöbəsi»nin layihəsi M.F. Axundov tərəfindən tərtib edilmişdir. Belə ki, müəllif Zaqafqaziyanın Müəllimlər Seminariyası nəzdində üç illik tatar şöbəsinin açılmasını tələb edirdi. Bu şöbə özünü döğrultduğu təqdirdə, türklər üçün (azərbaycanlılırar üçün- L.E.) müstəqil seminariyaya çevriləcəkdi və Qoridən Azərbaycanın mərkəzinə köçürüləcəkdi.
Odur ki, 1879-cu il sentyabın 23-də seminariya nəzdində «tatar şöbəsi» yaradıldı və həmin vaxtdan seminariyada gürcü, erməni və azərbaycan dillərinin tədrisi tədbiq olundu. Bu yeni şöbə müsəlman dininin moizəçi gənclərini xalq məktəblərinin müəllimləri kimi hazırlamalı idi. Onlardan çoxu bəzi müəllilərin aşıladığı yeni və mütərəqqi fikirləri mənimsədi, onları həyata keçirərək öz xalqına, öz ölkəsinə böyük xidmətlər göstərdi.

Bir məqamı da qeyd etmək lazımdır ki, həmin millətlərin nümayəndələri arasında, o cümlədən gürcülər ilə azərbaycanlılar arasında faktiki materialların- sənədlərin və seminariyada müəllim və tələbələrin xatirələrinin təstiq etdiyi kimi, həmişə səmimiyyət və dostluq münasibətləri mövcud idi. Halbuki, çarın xəfiyyələri tərəfindən tələbələr arasında milli ixtilaf toxumu səpmək cəhdləri olmuşdur, lakin onlar bu istəyə nail ola bilmirdilər. Çarın mütləqiyyət siyasəti belə idi (M. Kekelidze).
İ. Şıxlının romanında Qori seminariyası hadisələrini oxuyanda faktiki materialların dəqiqliyi ilə xidmətlərini tarixin gələcək nəsillər üçün saxladığı şəxsiyyətlər gözümüz önündə canlanır. Onlar Dimitri Semyonov, Mixail Kipiani və başqalarıdır.
Müəllif romanın ikinci hissəsini tamamilə Qori Müəllimlər Seminariyasına həsr etmişdir. Burada «Yazıçı bizi əsas rolları Mixail Kipiani və Dimitri Semyonova verdiyi hadisələrin axarına cəlb edir. Daha doğrusu, bu rolu onlara tarix vermiş və sənətkara təkcə onların xeyirxah simalarını nəsillərə asanlıqla çatdırmaq qalmışdır» (7).
Belə bir sual ortaya çıxır, İsmayıl Şıxlıda tarixin bu unudulmuş səhifələrini vərəqləmək fikri hardan əmələ gəlmişdir?! Artıq qeyd etdiyimz kimi, Qori Müəllimlər Seminariyasının heç bir müasir gürcü yazıçısını yaradıcılığa sövq edən mənbəyə çevrilmədiyi, bir çox maraqlı, əhəmiyyətli hadisə və fakt kimi onun tarixin toz basmış xatirəsi olaraq qaldığı bir vaxtda.
Bu romanın yazılması ilə maraqlanaraq şəxsən yazıçıya baş çəkdim və onunlar söhbət etdim.
İsmayıl Şıxlı əslən Qazax rayonunun Şıxlı kəndindəndir. Belə ki, bu kənd də Tbilisinin cəmisi 70 kilometrliyində yerləşir. Yazıçı öz soyadını bu kənd ilə əlaqələndirmişdir. Halbuki, bu kəndin sakinləri lap qədimlərdən yalnız Şıxlinskilər kimi adlanırdılar. Rusiya-Yaponiya müharibəsinin qəhrəmanı, Port-Arturun müdafiəçisi Əliağa Şıxlinskini xatırlamaq kifayətdir. «Hələ ötən əsrin sonlarnda- yazıçı xatırlayaraq yazır,- bizim kənddə rus-tatar məktəbi açılır. Bu məktəbi bitirənlərin çoxu təhsilini Qori Müəllimlər Seminariyasında davam etdirmişdir. Seminariyanı bitirinlər arasında bir çoxu bütün həyatını vətənin mədəni dirçəlişinə həsr etmişdir. Onlar arasında mənim də çoxlu qohumlarım olmuşdur.
Atam Qəhrəman Şıxlinski Qori seminariyasını bitrimiş və sonralar bütün ömrü boyu müəllimlik etmişdir.
Doğrusunu deyim ki, mənim Qori seminariyası ilə maraqlanmağım da atamın fəaliyyəti ilə əlaqədardır və onun nəql etdiyi hadisələrdən irəli gəlir.
Atam seminariya, ordakı pedaqoqlar, ədəbi axşamlar, Firidun bəy Köçərli barəsində tez-tez danışardı. Belə ki, onun təşəbbüsü ilə 1918-ci ildə seminariyanın Azərbaycan şöbəsi bizim tərəflərə, Qazax rayonuna köçürülmüşdür. Özünəməxsus xüsusiyyətə malik bu filial seminariyanın bütün qaydalarını özündə qoruyub saxladı.
Mən də şəxsən, 7 sinif bitirəndən sonra təhsil almaq üçün bu seminariyaya daxil oldum. İllər ötürdü, uşaqlıq xatirələri məni rahat buraxmırdı. Nəhayət, «Dəli Kür» romanına başlamamışdan öncə, Tbilisi Xalq Maarifi Muzeyində mühafizə olunan arxivini diqqətlə gözdən keçirdim. Qori seminariyasının materialları ilə, Qazax Müəllimlər Seminariyasının arxivi ilə tanış oldum, lazım olan bütün materialları topladım. Anamın və atamın söylədikləri hadisələri xatırladım, Qori seminariyasında təhsil almış həmkəndilərimlə söhbət etdim, əldə etdiyim təəssüratlar, on illik gərgin əmək nəticəsində «Dəli Kür» romanını başa çatdırdım» (8).

«Tatar şöbəsi»nin inspektoru, Azərbaycan dilində ilk dərsliyin müəllifi A.Çernyayevçkinin parlaq şəklidə təsvir olunduğu bu roman, bax, beləcə yaradılmışdır.
O, romandan da göründüyü kimi, Azərbaycanı oymaq-oymaq gəzir, seminariya üçün uşaqlar toplayırdı.
Məhz elə şəhərdən gələn elm adamı (yəni Çernyayevski - L.Eradze) və Sibirdə sürgündə olmuş Əhmədi molla və onun müridləri dövrəyə alanda və camaatı da yığanda Cahandar ağa onlara havadarlıq edir. Rus müəllimindən qəzəblənən mollanın kəndə savad gətirilməsini Allahın qəzəbinə düçar olmaqla çox qorxudan müridləri Cahandar ağa tezcə sakitləşdirir:
«Fikriniz nədir, yoxsa könlünüzə Sibir düşüb? Bəs bunun sonrasından qorxmursunuz? Sabah atlı kazaklar tökülüb gələndə cavab verə biləcəksiniz? Hə, niyə dinmirsiniz? Sizi bir-birinizə çataqlayıb atın döşünə salanda bu Molla Sadıq qabağa dura biləcəkmi? Sizdən soruşuram, onda harayınıza çatan olacaqmı?!
Onsuz da qananlıqda olan camaatı Molla yenə də qaranlığa sürükləyirdi. Nəsə bir qüvvənin onları oyatmasından qorxurdu. Aleksey Osipoviçin uşaqları aparmaq üçün gəldiyini eşidəndə onun qəzəbinin həddi-hüdudu yox idi.
«- Yox, cənab, bu yollarla bizi aldada bilməzsiniz, -deyə camaatın adından o, Aleksey Osipoviçə müraciət etdi- Xaçpərəstlərin islam milləti arasında təfriqə salmaq köhnə peşəsidir. Biz sizi yaxşı tanıyırıq. İndi də uşaqları oxutmaq adı ilə başımızı tovlamaq istəyirsiniz. Ancaq onu bilin ki, belə işlər daha baş tutmaz. Biz uşaqlarımızı verən deyilik. Ay camaat eşidirsinizmi?
Molla Sadıq əlini havada oynatdı. Aleksey Osipoviç beli xəncərli kişilərin qaşlarının üstünə qədər enmiş saçaqlı papaqları altından parıldayan qəzəbli gözlərinə baxdı. O, ağzını açmağa macal tapmamış Molla Sadığın yanındakı kişilərdən biri qabağa yeridi. Onun sallamalı kəmərindən asdığı iri xəncəri az qalırdı ki, belini üzüb salsın. Onların çoxu əlini xəncərə atıb, irəli cummağa bir balaca işarə gözləyirdi. Aleksey Osipoviç bunu aydın görsə də, geri çəkilməyin mümkün olmadığını dərk etdiyindən özünü şax tutdu. Nəhayət, bayaqdan papirosu papirosun oduna yandıran Cahandar ağa dözə bilmədi. Tüfəngi dizinin üstündən götürüb ayağa durdu. Qızışmış camaatın önüncə gələn Molla Sadığın qabağını kəsdi» (9).

Beləcə, Çernyayevskinin Azərbaycanın ucqar kəndlərindən uşaqların təhsil üçün aparması həyatı bahasına başa gəlirdi.
Övladsızlığını da ona hiss etdirməyən fəaliyyəti, tələbələrə qarşı sədaqəti və məhəbbəti nəsildən nəslə əfsanə kimi ötürülür: «Mən nahaq kədərlənirəm. Övladsızlıqdan şikayət eləməyə haqqım yoxdur. Bəs tələbələrim? Məgər, onlar mənim ovladlarım deyilmi? Məgər mən öləndən sonra onların timsalında yaşamayacammı? Müəllimlər üçün tələbəsini boya-başa çatdırmaq ən böyük səadət deyilmi? Məgər müəllim tələbələrini öz balasından azmı sevir? Əgər belə olmasaydı, Pestalotse xəstə tələbələrini buraxıb öz oğlunun dəfninə getməzdimi? Ancan o getmədi. Fikirləşdi ki, oğlum onsuz da ölmüşdür. Onu mənsiz də dəfn edəcəklər. Xəstə uşaqları başsız qoysa daha ağır itkilər baş verə bilər. Gərək biz də o cür pedaqoqların yolu ilə gedək. Fədakarlığı ondan öyrənək. Doğrudan da tələbənin ən yaxın adamı, onun sirdaşı müəllim deyilmi? Elə hallar olmurmu ki, uşaq ata-anasına demədiyi sirri müəlliminə açır. Yox, mən haqsızam. Mən övladsız deyiləm. Mənim balalarımın sorağı bir neçə ildən sonra Azərbaycanın ən ucqar guşələrindən gələcək» (10).

Yazıçı romanda seminariyanın pedaqoqu, heç bir gürcü tədqiqatçının xüsusi tədqiqatında toxunmadığı Mixail Keyxosroviç Kipianinin unudulmaz obrazını canlandırmışdır. Onun barəsində bizim xalqçı yazarların xatirələrində çətin rast gəlirik. Bu mövzu üzərində nisbətən geniş şəkildə yalnız Soprom Mqaloblişvilii və sonra isə Mixail Kekelidze dayanmışdır.
Məşhur gürcü ictimai xadimi Mixail Kipiani sürgündən sonra Gürcüstana qayıdır və əvvəlcə Tiflisdəki ikinci gimnaziyada, sonra isə Qori seminariyasında gürcü dili müəllimi kimi işə başlayır.
Budur, Soprom Mqaloblişvili Kipianini necə xarakterizə edir:
«Mişo dilavər, natiqlik istedadına malik, şirin ləhcəli, cazibədar, qapalı xasiyyətə malik, mütərəqqi bir adam idi. Seminariyada gürcü dilinin tədrisini çox gozəl şəkildə qarşıya qoydu». (11)

Seminariyanın o dövrkü direktoru D. Semyonov gürcü dilinin müəllimlərinə imkanlar verirdi. Doğma ədəbiyyatın əsaslı şəkildə şağirdələrə ötürülməsini qadağan etmirdi. Uşaqlar evdə də Kipianinin yanına gedirdilər. Ailə şəraitində ədəbi gecələr də təşkil edirlilər. Müasir və klassik ədəbiyyat, Gürcüstan tarixinin diqqətə layiq dövrləri, Rusiyanın sosial-inqilabi hərəkatları və sair barədə müzakirələr olurdu. Bax, elə bu mühitdə bizim böyük şairlərimiz Luka və Niko Razikaşvililr yetişmişlr( Vaja-Pşavela və Baçana)» (12).

Mixail Kipiani Vajanın istedadına böyük diqqət yetirmişdir. Onun Gürcüstan tarixinə mübtəla olmasına görə «Gürcüstan tarixindən referatlar hazırlamaq və sual tədbiq etmişdir». Kipianinin dərsləri şagirdlərin şüurunun oyanmasına hərtərəfli imkanlar yaradırdı. Lakin bu ən yaxşı pedaqoq seminariyada uzun müddət fəaliyyət göstərə bilmədi. Bu dövrdə çar II Aleksandrı qətlə yetirdilər. Təqiblər, represiyalar hökmanlıq etməyə başladı. Seminariyada izləmələr, min cür axtarış və təhqir çoxaldı. D. Semyonov hökumət qarşısında öz müəllimlərini qoruyur və böyük ərklə onları müdafiə edirdi.

Sənədli materiala istinad edərək İsmayıl Şıxlı yazırdı:
Semyonov bir dəfə polis tərəfindən gətirilmiş məktubu diqqətlə oxudu. Son sətirlərin üzərində dayandı:
«Həşəmətli cənab, bu məlumatı Sizə verməklə bərabər, artıq dərəcədə xahiş edirəm ki, Kipianinin həyat tərzi və nələr düşünməsi barədə əldə etdiyiniz məlumatları olduqca məxvi tərzdə mənə göndərəsiniz... Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər» (13).

Kipianinin şəxsiyyəti, onun yorulmaz əməksevərliyi Dimitri Dimitriyeviçin gözü önündə canlandı, Bir şikayət nədir, onun adına o da daxil olmuşdur. Direktor onun pedaqoqunun nə ilə nəfəs aldığını bilir, lakin bunda pis elə bir şey görə bilmir. Bilir ki, o bütün millətdən olan şagirdləri bir cür sevir, lakin başa düşə bilməmişdir ki, belə adamı niyə təqib edirlər?! Kipianini ölkənin taleyi narahat edir, gecəni-gündüzə qataraq onun gələcəyi barəsində düşünür. Məgər bu, hökümət qarşısında nəsə bir cinayətdirmi!
Sürgün edilməsinə və Sibirdə saysız-hesabsız əzab və işgəncələrə məruz qalmasına baxmayaraq Kipiani seminariyada fəaliyyət göstərdiyi vaxtlar onu narahat edən məsələlərə qarşı biganə qalmamışdır. Onun başlıca işi şagirdlərdə vətənə məhəbbət və onun gələcəyi qayğısına qalmaq hisslərini aşılamaq idi.
1883-cü il martın 4-də xalçılıq işinə görə Mixail Kipiani birbaş dərsdən həbs edilir. Onun həyatının bu epizodunu roman müəllifi belə nəql edir:
«-Cənab Kipiani, dərsi dayandırın!
-Niyə?
- Siz dustaqsınız.
Kipiani dönüb təlaş və həyəcandan yanaqları qızarmış tələbələrin gözlərinə baxdı. Onların baxışları alışıb-yanırdı. Ktptani başa düşdü ki, məktəb skamyasının arxasında oturan bu bu uşaqlar bu saat qəzəbli pələng balaları kimi aşağı siniblər. Onlar rəisin üstünə atılmağa hazırdılar.
... Birdən kim isə ucadan «biz sizi heç vaxt unutmayacağıq, əziz Kipiani müəllim!- deyə qışqırdı. Əşrəf səs gələn tərəfə böylandı. Gürcü tələbələrindən Luka pəncərənin qabağına çıxmışdı. Papağını havada yellədirdi. Polislər isə onun ətəyindən dartıb aşağı salmaq istəyirdilər» (14).

Məgər təkcə Kipianinin, seminariya direktorunun taleyimi tərəziyə qoyulmuşdu? Çar Rusiyasının siyasəti belə idi. Xalq üçün lazım olan pedaqoqları yolundan bu cür uzaqlaşdırırdılar.
Elə buradaca qeyd etmək lazımdır ki, İsmayıl Şıxlı oxucular üçün Vaja-Pşavelanın obrazını daha dolğun şəkildə təqdim edə bilərdi. Bunun üçün Xalq Təhsili Muzeyi arxivində çoxlu material tapmaq olar. O, yalnız «tələbə Luka» deyə xatırlamaqla kifayəilənmişdir ki, bu da gürcü oxucuları üçün heç nədir.
Seminariya özünün mövcud olduğu 42 illik müddətdə ölkəyə bir sıra məşhur insan bəxş etmişdir. Seminariyanın mütərəqqi fikirli rus, gürcü, erməni, eləcə də azərbaycanlı pedaqoqları gizli və ya aşkar gələcək nəsildə xeyirxahlıq toxumunu səpməyə nail olurdular. Buna görə də Qoridən tətillərdə evə qayıdan Əşrəf öz atasına köhnəlmiş ideyalar ilə yüklənmiş Cahandar ağaya tamamilə qəribə görünür. Təkcə atası ilə deyil, böyük qardaşı ilə də ümumi bir dil tapa bilmir. Böyük qardaşı atasının fəlsəfəsinin davamçısı olaraq qalır. Kiçik qardaş isə qəddar atası üçün müəmmadır. Əşrəfin kasıblara torpaq paylamağı, həmkəndilər usun məktəb açmağı və xərac veməyi tələb etməsini Cahandar ağa ağlını itirmişin sərsəmləməli kimi hesab edir.
«Cahandar ağa «uşağın başı xarab olub, nədir?- deyə öz-özünə düşünməyə başladı.
- Necə yəni kasıblara torpaq payla, məktəb tikdir, bunlar mənim nəyimə dazımdır?»
Lakin Cahandar ağa oğlunun dünyagörüşünü dəyişə bilmir. Dövr, həyat tədricən bu qaya kimi qırılmaz şəxsiyyəti sındırır.
Çılğın Kür təbiətinə malik cəngavərin belini bükür və ondan nə qalır? Həyatdan bir kənara atılmış yazıq adamcığaz.
Kəskin münaqişə- köhnə və yeni dövr ictimaiyyətinin bir-birilə toqquşması, təbii ki, yenisinin qələbəsi ilə başa çatır.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU.


= = = AZƏRBAYCAN  NƏSRİNDƏ GÜRCÜ MÖVZUSU  = = = (İsmayıl Şıxlının «Dəli Kür» romanı)



Azərbaycan yazıçılarının VII qurultayının iştirakçıları:
Elçin, İlyas Əfəndiyev, M.Dilbazi, M.İbrahimov, Leyla Eradze, aşıq Hüseyn Cavan. İyun 1981-ci il.









= = = AZƏRBAYCAN  NƏSRİNDƏ GÜRCÜ MÖVZUSU  = = = (İsmayıl Şıxlının «Dəli Kür» romanı)



Azərbaycan yazıçılarının VII qurultayının iştirakçıları və qonaqları:
İ.Ştemler (Leninqrad), “Советский писатель” nəşriyyatının baş redaktoru İ.Buzilev, L.Eradze (Gürсüstan), M.İbrahimbəyov.
7 iyun 1981-сi il.









= = = AZƏRBAYCAN  NƏSRİNDƏ GÜRCÜ MÖVZUSU  = = = (İsmayıl Şıxlının «Dəli Kür» romanı)

Azərbaycan yazıçılarının iştirakçıları: soldan Süleyman Rüstəm, N.Qribaçov, L.Eradze, İ.Şıxlı, H.Abbaszadə.
26 may 1976-cı il.








İstifadə olunan ədəbiyyat:

1. Q.Alibekova, Bakinskiy raboçiy, 1972. 4/ ?III.
2. Cəlal Məmmədov. Bədii salnaməmizin yeni səhifələri. "Kommunist" qəzeti. 1960, 30 yanvar.
3. B. Nabiev, Otvetstvennostğ talanta, Literaturnıy Azerbaydjan. 1969.№12
4. V. Bayadze. Məktəb və həyat. 1972, №1 (gürcü dilində).
5. Aziz Şarif. Rojdenie Mollı Nasreddina, Baku, 1968, s.7
6. Azərbaycan Elmlər Akademiyasının xəbərləri. Bakı. 1954.Bax: Respublika Əlyazmaları Fondu. R. Əfəndiyevin arxivi. İnvent. № 1913.
7. V.Bayadze. Məktəb və həyat. 1972, №1 (gürcü dilində).
8. Dərc olunmamış avtobioqrafiq materiallardan.
9. İsmayıl Şıxlı. Seçilmiş əsərləri. II cild, səh. 271.
10. Elə orada, səh. 281.
11. Soprom Mqaloblişvili. Xatirələr, Tbilisi, 1938, səh. 61
12. Elə orada.
13. İsmayıl Şıxlı. Seçilmiş əsərləri. II cild, səh. 241.
14. İsmayıl Şıxlı. Seçilmiş əsərləri. II cild, səh. 426.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
GÖRKƏMLİ  PEDAQOQ  FİRİDUN BƏY  KÖÇƏRLİNİN İZİ İLƏ QAZAX MÜƏLLİMLƏR SEMİNAR ...

GÖRKƏMLİ PEDAQOQ FİRİDUN BƏY KÖÇƏRLİNİN İZİ İLƏ QAZAX MÜƏLLİMLƏR SEMİNAR ...

Regionlar, "Şərqin səsi"
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
“ŞUŞA İLİ” nin                   MƏDƏNİYYƏTİMİZDƏKİ  ROLU

“ŞUŞA İLİ” nin MƏDƏNİYYƏTİMİZDƏKİ ROLU

Qarabağ, "Elm və Təhsil"
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Tiflis, Köşə yazılar
Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Azərbaycan, Mədəniyyət, Tiflis
XAQANİ VƏ GÜRCÜSTAN

XAQANİ VƏ GÜRCÜSTAN

Ədəbi əlaqələr, Tiflis
ƏLƏSGƏR XUDAYEV (1932-1971)

ƏLƏSGƏR XUDAYEV (1932-1971)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Əziz Şərif

Əziz Şərif

Naxçıvan, Ədəbi əlaqələr, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Rusiya
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
BÖYÜK ƏDİBİN RƏSSAM DOSTLARI

BÖYÜK ƏDİBİN RƏSSAM DOSTLARI

Tiflis, Tarix
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Rəy yazın: