ANNA BARTKULAŞVİLİNİN TƏRCÜMƏSİNDƏ
Başına döndüyüm, a qəşəng pəri,
Adətdi dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.
Beş əsrdən artıqdır ki, türk dünyasını dolaşan, Azərbaycan türkcəsinin dil gözəlliyini özündə qoruyub yaşadan bu şeir parçası XV-XVI əsr Azərbaycan klassik ədəbiyyatının çox görkəmli nümayəndələrindən biri, haqq aşığı, el şairi Dirili Aşıq Qurbaninin-Dədə Qurbaninin məhşuri-cahan “Bənövşə” qoşmasındandır. Milli ədəbiyyatımıza ozan-aşıq keçidində aşıq sənətinin banisi, ilki kimi daxil olan Dirili Qurbaninin 7 aşıq havası, bizə gəlib çatmış onlarca qoşma, gəraylı, təcnis, qıfılbənd, deyişmə, divani, qitə, cahannamə, bayatı kimi janrlarda ustalıqla işlənmiş şeirləri vardır. Təsadüfi deyildir ki, bu böyük aşıq-şair haqqında üç müxtəlif versiyada dastan (“Diri”, “Gəncə” və “Zəncan”) yaradılmışdır. Ümumxalq sevgisinə müvafiq üç qəbri mövcuddur. Onlardan biri Cənubi Azərbaycandakı Dirili kəndində (Qaradağ bölgəsi), digər ikisi Şimali Azərbaycandakı Diri kəndində (indiki Qarabağ bölgəsi, Xələfli syansiyası ərazisi) yerləşir.
Dirili Qurbaninin yaradıcılığına kəskin maraq rəssamların da diqqətini çəkmiş, beləliklə, müxtəlif vaxtlarda tarixi şəraitə və yaradıcılığına istinadən tanınmış istedadl rəssamlar Elçin Aslanov və Rafiq Quliyev tərəfindən aşıq-şairin iki portret-təsviri yaradılmışdır. Zənnimizcə, bu da hər klassikə müyəssər olmayan, çox nadir halardan biri olub, Qurbani irsinə məhəbbətdən irəli gəlir. Qeyd etmək lazımdır ki, açığın yaradıcılığı indiyədək S. Mümtaz, F. Köçərli, Ə.Axundov, S.Paşayev, M.Həkimov, M.H.Təhmasib, A.Dadaşzadə, P.Əfəndiyev, M.İbrahimov, Q. Namazov, V.Vəliyev və b. alimlər tərəfindən tədqiqata cəlb olunmuş, haqqında elmi məqalələr, monoqrafiyalar yazılmışdır. Fikrimizcə, Qurbani ilə bağlı ən mükəmməl tədqiqat professor Qəzənfər Kazımova məxsusdur. Onun işləri “Qurbani və poetikası” (1996) monoqrafiyasında əksini tapmış, bu kitabında alim əsaslı şəkildə aşıq-şairlə əlaqədar mövcud elmi mübahisələrə son qoymuşdur. Qeyd edək ki, Dirili Qurbaninin əsərlərinin tam şəkildə toplanaraq, ədəbiyyat xəzinəmizə və oxucuların ixtiyarına verilməsi də (Qurbani. Əsərləri. Bakı, 1990, 2006, 194 s.) bir tərtibçi – həm də ön söz, qeyd və izahların müəllifi kimi Q.Kazımova aiddir. Lakin birinci olaraq, Dirili Qurbaninin yaradıcılığını əhatəli şəkildə 2006-cı ildə Tariyel Abbaslı tədqiq etmiş, “Qurbaninin poetik irsi” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Bütün tədqiqat işlərini nəticə etibarı ilə birləşdirən ümumi məsələlərdən biri Dirili Qurbaninin Bütöv Azərbaycan Səfəvilər dövlətinin başçısı qüdrətli hökmdar və şair Şah İsmayıl Xətai ilə əqidə və məslək yaxınlığı, azərbaycançlıq və türkçülüyə, sənətə hədsiz sayğı və bağlılığını sübuta yetirən faktların ortaya qoyulmasıdır. Şah İsmayıla münasibətini bir neçə qoşma və gəraylısında, habelə ölümündən təsirlnərək yazdığı “Ola” rədifli divanisində ifadə edən Qurbani deyir:
Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,
Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.
Getmiş idim mürşüdümə dərdimə dəva qıla,
Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola.
Dirili Qurbani dövrünün özü kimi böyük sənətkarları ilə bir zamanda yaşamış böyük el sənətkardır. Ona görə də həmişə diqqəti cəlb edib. Yaradıcılığındakı fərqli məqamlar, mahiyyətiliə bərabər dilimizin təmizliyi, zəngin və sadəliyi onu və yaradıcılığını əsrlərin üzərindən adladaraq hələ çox sabahlara aparacaq. Aşıq-şairin qeyri millətlərin, əcnəbi xalqların dilinə çevrilməsi, şübhəsiz Qurbani poeziyasının gülşənindən bir gül sevgisi qədər ehtiyacdan doğur. İlk belə çevirməni tərcüməçi-şair Vladimir Qafarov edibdir (Qurbani. Bakı, Yazıçı, 1984, 47 s.). Rus dilinə tərcümə olunmuş bu kitaba aşıq-şairin qoşma və gəraylılarından ibarət 32 şeiri daxil edilib və onlar başlıqsız verilib. Kitab professorlar Q.Namazovun ön sözü və Q.Kazımovun Qurbaninin həyat və yaradıcılığından bəhs edən qısa məlumatla təqdim edilir.
Dirili Qurbani Məclisinin elm bölməsisin üzvü,
Şairə-Təqcüməçi,Publisist
İkinci tərcümə tanınmış tərcüməçi, şairə-publisist Ana Barkutaşvili tərəfindən həyat keçirilib. Milliyyətcə gürcü olmasına baxmayaraq, Azərbaycan türkcəsində səlis yazıb-oxumağı bacaran Anna xanım, xalqımızın milli adət-ənənələrinə, ədəbiyyat və mədəniyyətinə, tarixinə yaxından bələd olduğundan indiyə qədər bir neçə ədəbi yazıları ustalıqla rus və gürcü dillərinə çevirməklə millətlər arasında sanki ədəbi körpü yaratmış, ədəbiyyat və mədəniyyətimizin təbliğində böyük rol oynamışdır. Bu cəhətdən onun Dirili Qurbaninin yaradıcılığına, həyat fəaliyyətinə özəl münasibəti omuşdur. Təsadüfi deyildir ki, o, 2004-cü ildən aşıq-şairin adını daşıyan Dirili Qurbani Məclisinin (DQM) üzvlərindən biri kimi onun bütün nəşrlərində rus və Azərbaycan dilində müxtəlif janrlarda yazdığı ədəbi nümunələrlə diqqəti cəlb etmişdir. Onun “Bənövşə” şeiri filiologiya üzrə fəlsəfə doktoru, DQM-nin elm bölməsinin rəhbəri T.Abbaslının tərtibçiliyi ilə nəşr olunan “Bənövşə çələngi” adlı fundamental topluya daxil edilmişdir. Məclisin digər nəşrlərində (qəzet, jurnal, almanax) də Qurbaninin yardıcılığı Anna xanımın elmi xarakterli məqaləsində əksini tapmış, aşığın bir neçə şeiri isə onun tərcüməsində çap olunmuşdur.
Çox yaxşı haldır ki, Anna xanım bizim təşəbbüsə məmnuniyyətlə dətək verərək Dirili Qurbaninin yaradıcılığından etdiyi tərcümələrin sayını artırıb kitab şəklində nəşr etdirmişdir. Bizə belə gəlir ki, A.Bartkulaşvilinin Azərbaycan türkcəsindən ruscaya çevirdiyi bu toplunu onun yaradıcılıq fəaliyyətində zirvə saymaq olar. Bu, həm də bizim üçün, eləcə də ədəbi cəmiyyət üçün ona görə əhəmiyyətlidir ki, Dirili Qurbani Məclisinin 10 illik yubileyi ərəfəsində işıq üzü görüb. Düşünürəm ki, bu kitab eyni zamanda Anna xanımın məclisimizə, eləcə də Azərbaycan folklor ədəbiyyatına ən dəyərli hədiyyəsidir. Bu da təsadüfi deyildir. Onun yaradıcılığı ilə tanış olan hər kəs yaxşı bilir ki, Qurbaninin poeziyasına sonsuz sevgisi vardır. Əbəs yerə şair-rəssam Adil Mirseyid onu “Bənövşə ətirli Anna xanım” adlandırmayıb. Ümumən, Azərbaycan folkloruna maraq Anna xanıma başqa dillərə cətinliklə tərcümə olunan bayatılarımızı çətinlik çəkmədən rus və ya gürcü dillərinə çevirməyə imkan verir. Mərhum V.Qafarovdan fərqli olaraq, A.Barkutaşvilinin tərcüməsində Dirili Qurbaninin müraciət etdiyi müxtəlif janrlardan nümunələr (o cümlədən deyişmələr) də əksini tapmış, Qurbaninin yaradıcılığını əhatə edən 60-a yaxın şeir Anna xanımın tərcüməsində bu kitaba daxil edilmişdir. Hər bir şeir öz biçimində, orjinallığı, obrazlılığı, poetik biçimi, bədii üslubu Azərbayan ədəbi xüsusiyyətləri nəzərə alınaraq tərcüə olunmuş, şeirlərdə ustad aşığın yaradıcılıq ruhu, dili təravətilə qorunub saxlanmışdır. Bütün bunlar tərcüməçi şairənin bu istiqamətdəki fəaliyyətini daha da uğurlu etmiş, tərcümə sahəsindəki işlərinə yeni, mahiyyətcə zəngin yön vermişdir. Zənnimcə, bir sıra ödüllərin sahbi, Dirili Qurbani Məclisinin elm bölməsinin üzvü, şairə-tərcüməçi A.Bartkulaşvilinin Dirili Qurbanidən etdiyi tərcümələrin bir kitab şəklində nəşr olunması, Azərbaycan ədəbi tərcüməsinə, eləcə də milli folklorumuza bir töhfədir. Anna xanıma bu nəcib işində uğurlar diləyirəm!
Dirili Qurbani Məclisinin sədri,
Şair - publisist.