Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini,
fəlsəfə üzrə fəlsəfə doktoru, fövqəladə və səlahiyyətli səfir
AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yeganə Hacıyevanın 2017-ci ildə "Adiloğlu" nəşriyyatında buraxıl-mış "Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)" kitabı Azər-baycanda, eləcə də yaxın və uzaq xarici ölkələrdəki azərbaycanlılar arasında geniş maraq doğurub, elmi ictimaiyyətin diqqətini cəlb edib.
Qeyd etməyi lazım bilirik ki, son illərdə Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadənin, şöbənin yüksək ixtisaslı elmi əməkdaşları Əkrəm Rəhimlinin (Bije), Həsən Səfəri Təbrizlinin, Sübhan Talıblının Cənubi Azərbaycanın müasir tarixinə dair monoqrafiyaları bütün sahələri və çalarları ilə Cənubi Azərbaycan məsələsinin tədqiq və təqdim edilməsində əhəmiyyətli yerə malikdirlər. Y.Hacıyevanın təqdim edilən əsəri milli şüur və varlıq məsələsinin ən əsas ünsürü olan ana dili məsələsinə həsr olunduğu üçün həm Cənubi Azərbaycanda, həm bütün İran miqyasında, həm də dünya azərbaycanlılarının çoxsaylı toplum halında yaşadığı ölkələrdə milli dilin statusunu gündəmə gətirir. Bu təkcə millətlərin ana dilinin inkişafına və işlənməsinə icazə verilməyən ölkələrə aid deyildir, həm də dilin dövlət qayğısı və qanunvericiliklə təmin edilən statusa malik olduğu ölkələrə də aiddir. Çünki ana dili vətən kimi, ana torpaq kimidir, yad təsirlərdən və təcavüzlərdən lazımınca qorunmasa tədricən, hiss olunmadan işğal altına düşə bilər. Belə təsirlərə uzun illər boyu müstəmləkə zülmü şəraitində qalmış xalqlar daha çox məruz qalırlar və azadlıq əldə ediləndən sonra da, bir çoxları hakim olmuş xalqın dil və mədəniyyətinin cəngindən asanlıqla qurtara bilmirlər, yaxud digər dil və mədəniyyətlərin artıq oturuşmuş təsiri ilə ana dilinə etinasız yanaşırlar. Bu cür xoşagəlməz proseslər qloballaşan dünyada daha sürətlə gedir, miqrasiya prosesləri nəticəsində milyonlarla vətəndaş öz milli dövlətinin sərhədlərindən kənar ölkələrdə müvəqqəti, ya daimi məskən salır, belələri vətənə döndükdə isə artıq uzun illər yaşadıqları, övladlarının böyüdüyü ölkənin dil asılılığından çıxmaqda çətinlik çəkirlər, bir sıra hallarda isə buna heç təşəbbüs etmirlər, belə şəraitdə isə maraqlı xarici qüvvələr yaranan reallıqdan istifadə edirlər. Nəzərə alınmalıdır ki, belə vəziyyət böyük dövlətlərin maraqlarını yeridən "yumşaq güc" siyasətinə xidmət edir. Buna görə dünyanın əksər millətləri öz ana dillərini nəyin bahasına olursa-olsun qorumağı həyati əhəmiyyətli milli vəzifə hesab edirlər.
Ölkəmizə Cənubi Azərbaycandan səfər edən soydaşlarımızın dərin təəccübünə səbəb olan amillərdən biri məhz ana dilinə münasibətimizlə bağlıdır. Onların öndə gedən milli ziyalıları, vətənpərvər gəncləri öz ölkələrində ana dilinin hüquqları uğrunda mübarizə edirlər, fars dilinin söz, ifadə və ləhcələrinin Azərbaycan dilinə qarışdırılmasına, Cənubi Azərbaycanın radio-televiziyalarında türk (Azərbaycan) dilində verilişlərin anlaşılmaz bir şəkildə təşkil edilməsinə qarşı çıxırlar, ana dilinin ölkənin konstitusiyasında təsbit edilmiş statusunun təmin edilməsini hökumətdən tələb edirlər. Buna görə, bizim müstəqil, azad ölkəmizdə KİV-də və adi gündəlik həyatdakı, məişətdəki danışığımızda bu qədər rus və digər xarici sözlərin kök salmasını, şəhər lövhələrin və reklamların bir çox hallarda xarici dillərdə olmasını, bir sıra xidmət sahələrində Azərbaycan dilinə laqeyd münasibət göstərilməsini qeyri-məqbul sayırlar. Əslində, bu zərərli vərdiş doğrudan da anlaşılan deyildir. Dövlətimizin ana dilinin işlənməsinə və qorunmasına dair qanunlarının, qərar və göstərişlərinin yerinə yetirilməsinə məsul olan qurumlar belə hallara qarşı qətiyyətli mövqe ortaya qoymalıdırlar.
Bu baxımdan Cənubi Azərbaycandakı soydaşlarımızın ana dili uğrunda mübarizəsindən ibrətamiz nəticələr də çıxarıla bilər. Bu kitabı mütaliə edəndən sonra oxucuda istər-istəməz belə bir təbii istək yaranır: kaş ki, bizim hamımız qonşularımız olan farslar, ruslar, gürcülər və başqaları kimi ana dilimizi sevib onun təəssübkeşi olaydıq, onu yad dillərin ayağına verməyəydik. İndi isə bəhs edilən əsərin məzmununa qısa bir nəzər salaq. Hər şeydən əvvəl onu vurğulayaq ki, tarixi Azərbaycanın təqribən üçdə ikisini təşkil edən və İranın tərkib hissəsi olan Cənubi Azərbaycanda ana dili uğrunda bütün XX əsr boyu xalqımızın və onun milli ziyalılarının apardığı mübarizəyə həsr edilən bu əsər zəhmətli elmi araşdırmaların nəticəsidir. Əsərin diqqətəlayiq məziyyətlərindən biri budur ki, ana dili uğrunda mübarizə tarixinə ümumi nəzər salmaqla yanaşı,1979-cu ildən 2005-ci ilədək İranda, həmçinin İrandan kənarda yaşayan azərbaycanlıların təşkil etdikləri müxtəlif ictimai təşkilatların və qurumların demək olar ki, əksəriyyəti haqqında ətraflı məlumatlar verilmiş, onların mətbu orqanları və bu nəşrlərdə milli-demokratik haqların müdafiəsi ilə əlaqədar məram və vəzifələr şərh edilmişdir. Xüsusilə, 1997-ci ildə İranda "islahatçıların" nümayəndəsi kimi ölkə prezidenti seçilən M.Xatəminin prezidentliyi dövründə həmin qurum və təşkilatların fəaliyyətinə geniş yer verilmişdir.
Bunların içərisində rəsmi qeydiyyatdan keçərək, müəyyən çərçivədə olsa da, fəaliyyət göstərən təşkilatlarla yanaşı, qeydiyyatından imtina edilən, yaxud qeyri-leqal fəaliyyət göstərən qurumlara da ətraflı yer verilmiş, onların ana dili, milli-mədəni muxtariyyət, ümumi demokratik tələblər uğrunda fəaliyyətləri təhlil edilmişdir.
Kitabda milli-mədəni haqların İranın mövcud Konstitusiyasının təsbit etdiyi çərçivədə təmin edilməsini tələb edən qurumlarla yanaşı, radikal tələblərlə çıxış edən, ölkədə və xaricdə hakimiyyət orqanları tərəfindən təqiblərə və təzyiqlərə məruz qalan qurumlardan da bəhs edilmişdir. Eyni zamanda, bu proseslərin qarşısını almağa, yaxud onu idarə edilən məcraya və formaya salmağa çalışan hakimiyyətin cəhdləri də əsərdə əksini tapmışdır.
Azərbaycanın və Azərbaycan türklərinin İran islam inqlabından sonrakı illərdə də, əsrlər boyu olduğu kimi, İranda yenə önəmli rol oynadığını diqqətə çatdırmaq üçün müəllif vurğulayır ki, 1979-cu il İnqlabından sonra İranda qurulan Müvəqqəti hökumətin (1979-1980) başçısı Mehdi Bazərqan, İranın ilk prezidenti Əbülhəsən Bənisədr (1980-1981), Ali Məhkəmənin sədri ayətullah Musəvi Ərdəbili, Baş prokuror Musəvi Xoiniha, İran İslam İnqilabi Şurasının bir sıra üzvləri, 1981-1989-cu illərdə İranın prezidenti ayətullah Hüseyn Əli Xameneyi (hazırkı Ali rəhbər), həmin illərdə Baş nazir olan Mir Hüseyn Musəvi, 1989-2007-ci illərdə ölkənin Ali rəhbərini seçən Xubreqan Məclisinin sədri ayətullah Əli Meşkini və hökumətin bir sıra mühüm nazirləri azərbaycanlı idilər. Yeri gəlmişkən, bəzi xarici tədqiqatçılar məhz bu amilin, yəni azərbaycanlıların İran hakimiyyətində çox və yüksək mövqe tutmalarının o illərdə Azərbaycan dilinin işlənmə sahəsini, milli-etnik haqların hansısa şəkildə təmin edilməsini əngəlləyən amillərdən olduğunu irəli sürürdülər. Lakin son iki onillikdə azərbaycanlıların İranın mərkəzi hakimiyyətində xüsusi çəkisinin kəskin azaldığı şəraitdə də ana dilinin qanuni haqqının təmin edilməsi sahəsində demək olar ki, heç bir əməli addım atılmadığı bu iddianı təsdiqləmir. Müəllif göstərir ki, ana dilinin tədrisdə, məhkəmələrdə, rəsmi idarələrdə, yerli idarəçilik işlərində, parlamentin iclaslarında işlənməsini tələb edən, buna cəhd göstərən qrupların və şəxslərin təqib və təzyiqlərə məruz qalması heç də ana dili uğrunda mübarizəni dayandıra bilməmişdir.
Müəllif ana dili uğrunda mübarizədə Azərbaycan ziyalılarının fəaliyyətini hərtərəfli araşdırmış, olduqca maraqlı nəticələrə gəlmişdir. O yazır: "Özünüdərk prosesinin mühüm mərhələsi olan Azərbaycan-türk etnikçiliyi uzun illər Pəhləvilərin və yeni yaranan İslam rejiminin ilk illərindən başlayaraq davam edən Azərbaycan türk dili, tarixi və mədəniyyətinin təhqir olunması və tamamilə məhdudlaşdırılmasına bir reaksiya kimi inkişaf etmişdir".
Kitabda Azərbaycan türkcəsinin yazıda, KİV işlənməsinin təmin edilməsi, bunun üçün ərəb əlifbası ilə müvafiq yazı, imla qaydası hazırlanması işində Azərbaycan ziyalılarının, o cümlədən, Dr. Cavad Heyətin, onun nəşr etdiyi "Varlıq" dərgisinin rolundan əhatəli bəhs edilmişdir. C. Heyətin Azərbaycan-türk dili, etnik kimlik, türklərin tarix və mədəniyyəti ilə bağlı bir sıra əsərlərindən gətirilən nümunələr, xüsusən C. Heyətin Azərbaycan xalqının dil, tarix və mədəniyyətini məlum ideoloji səbəblərə görə saxtalaşdıran şovinist ruhlu tədqiqatçılara tutarlı elmi cavablarının əsərdə yer alması təqdirəlayiqdir.
Cənubi Azərbaycanın bir sıra ziyalılarının H. Nitqi, M. Fərzanə, H. Altay, H. Məhəmmədzadə Sədiq, M. Ə. Cehreganlı, M.Zehtabi, R. Sərraf, R. Qəffari, Y. Taxavi, S. Sərdariniya, R. Cavadbəylinin inqlabdan sonrakı ilk illərdə necə fədakarlıqla dilimizin, ədəbiyyatımızın, tarix və mədəniyyətimizin təbliği üçün çalışdıqları ətraflı təhlil edilmişdir.
Müəllif haqlı olaraq qeyd edir ki, 1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının yenidən öz dövlət müstəqilliyini bərpa etməsi Cənubi Azərbaycanda ana dili uğrunda fəaliyyətlərin yeni mərhələsini açmış oldu. Y. Hacıyeva yazır ki, Dr. M.T. Zehtabinin "Azərbaycan türkcəsinin morfologiyası", "Türkcənin Leksikologiyası", "Türkcənin sintaksisi", "Ana dili bilgisi", dilçi alim Əli Hüseynzadə Daşqının "Türkcə-farsca sözlük, farsca-türkcə danışıq dili", "Türkcə dil bilgisi", "Dil və dilçilik", "Dilin iç üzü", İbrahim Rəfrəfin "Ana dili", "Türk dili dərs ocağı" kitabları cənubi azərbaycanlıların türk dilini öyrənməsi üçün böyük əhəmiyyətli nəşrlər kimi qiymətləndirilməlidir. Müəllifin M. Tehtabinin "İran türklərinin əski tarixi" iki cildlik iri həcmli kitabına geniş yer verməsi təqdirəlayiqdir. Çünki, farsların əcdadlarının bu bölgəyə gəlişindən 3500 il əvvəl burada yaşayan xalqların zəngin bir mədəniyyətə sahib olduqları şərh edilən bu əsərdə indiki türklərin ulu babaları olan şumerlərin, sakaların, arattaların, ilamların, hurrilərin, quttilərin, lullubilərin, kaspilərin, mannalıların tarixi rolundan danışılır.
Kitabda həmçinin keçən əsrin son rübündə Cənubi Azərbaycanda formalaşan milli düşüncəli yaradıcı ziyalılar, o cümlədən, gənc şairlər, yazıçılar, jurnalistlər, naşirlər, folklorçular, ictimai mədəni qurum təşkilatçıları barəsində verilən məlumatlar, təhlillər və dəyərləndirmələr də olduqca maraqlı və faydalıdır.
Cənubi Azərbaycan ədəbi mühitinin Səhər Ərdəbili, Nuşin Musəvi, Rəsul Rəhimi Dizəli, Rəşid Kərbasi, İbrahim Zahid, Məhəmməd Rza Məlikpur, Həsən Raşidi, Əkbər Azad, Yəhya Şeyda, Əli Fərzizadə və başqalarının ana dilli yaradıcıqlarının, onların ana dili və ədəbiyyatın inkişaf və təbliği sahəsindəki fəaliyyətləri rəğbətlə işıqlandırılmışdır.
Əsərdə 3-5 dekabr 1998-ci il tarixində İranda Azərbaycan Elm və Mədəniyyət Araşdırmaları Mərkəzi (AYKAM) tərəfindən Azərbaycan Respublikası və Türkiyə alimlərinin də yaxından iştirakı ilə Təbrizdə (Şərəfxanada) keçirilən Birinci Azərbaycanşünaslıq Simpoziumu barəsində də məlumatların yer alması diqqətçəkicidir. Bu sətirlərin müəllifinə də Azərbaycan Respublikasının İrandakı səfirliyinin adından həmin simpoziumda çıxış etmək nəsib olmuşdu və burada AYKAM-ın o zamankı qurucusu və rəhbəri Qədir Qolkariyanın (Guldikən) müstəsna rolu qeyd edilməlidir. Təəssüf ki, o zaman həmin qurumun fəaliyyətinin davam etməsinə imkan verilmədi və növbəti Azərbaycanşünaslıq simpoziumları keçirilmədi. Y. Hacıyeva kitabında həmin dövrdə Cənubi Azərbaycan ziyalılarının - C.Heyət, M.T. Zehtabi, H. Raşidi, H. Məhəmmədzadə, M. Fərzanə, B. Behzadi daxil olmaqla 70 nəfər ziyalının İran İslam Respublikasının Ali Rəhbərinə və Prezidentinə ana dilinin statusu ilə əlaqədar müraciət etdiklərini, bu müraciətin ölkədə ana dili uğrunda mübarizəyə əhəmiyyətli təsir göstərdiyi vurğulanmışdır. Eləcə də, parlament seçkilərində Azərbaycanın bəzi namizədlərinin seçkiqabağı təbliğat vasitələrini Azərbaycan dilində yaymalarının əhəmiyyəti də qeyd edilmişdir.
Tədqiqatda dil uğrunda mübarizədə əhəmiyyətli rol oynayan bir sıra kütləvi informasiya vasitələri haqqında ətraflı məlumatlar yer almış, "Şəms Təbrizi", "Omid-e Zəncan" qəzetlərinin, "Yol", "Çiçək", " Öyrənci", "Çağrı" dərgilərinin, müxtəlif mədəniyyət ocaqlarının fədakar fəaliyyətlərindən də bəhs edilmişdir.
Müəllif qeyd edir ki, gözlənilən nəticə hasil olmasa da, fəaliyyətləri ilə əlaqədar cürbəcür təzyiqlərə və məhrumiyyətlərə düçar olsalar da, Cənubi Azərbaycan ziyalıları millətin tələblərini ən yüksək səviyyədə irəli sürməkdən heç vaxt çəkinməmişlər, hər dəfə kütləvi etiraz dalğalarından sonra rejimin məcbur qalaraq şəraiti yumşaltmaq üçün verdiyi cüzi, müvəqqəti imkanlardan dərhal istifadə edərək, milli haqları, xüsusulə ana dilinin haqqını tələb etmişlər.
İnqlabdan sonra Təbrizdə nəşr edilən "Koroğlu", "Dədə Qorqud", "Birlik", "Ülkər" dərgiləri, "Odlar yurdu", "Araz" qəzetləri barəsində kitabdakı qeydlər maraqlıdır. Kitabda 2001-ci ildən etibarən İranda mühafizəkar qüvvələrin prezident M. Xatəminin yaratdığı yumşaq mətbuat ab-havasının nəfəsliyini kəsərək əksər azadfikirli qurum və təşkilatların, KİV nəşrlərinin fəaliyyətinin dayandırıldığı, ziyalıların, milli ruhlu tələbələrin təzyiqlərə məruz qaldığı ətraflı şərh edilmiş, bir sıra mətbuat vasitələrində türk (Azərbaycan) düşmənçiliyinə rəvac verildiyi qeyd edilmişdir. Burada qeyd etməyi zəruri sayırıq ki, İranda azərbaycanlılar ana dili davasını edərkən heç bir zaman ölkənin dövlət dili olan fars dilinə, onun rol və əhəmiyyətinə qarşı çıxmamışlar, əksinə min il boyunca məhz türklərin inkişaf etdirib bütün bölgədə yaydığı, zənginləşdirdiyi fars dilinə məhəbbətlərini izhar etmişlər. Dr. C. Heyətin yaxın məsləkdaşı, "Varlıq" dərgisinin baş yazarlarından olan tanınmış maarifpərvər ziyalı və şair Həmid Nitqinin Tehranda "Varlıq" dərgisinin 1365-ci il (1986)" buraxılışının birinci sayında dərc edilmiş "Ana dil-sevgili dil" adlı mənzuməsində bu fikir poetik şəkildə, sərrast ifadə edilmişdir. Mənzumədən bir parçanı imlasına toxunmadan hörmətli oxucuların diqqətinə təqdim edirik:
"Bir irqin o biri irqlərə üstünlüyü varmış,
Aryadan* olmayana fəxr satarmış (*qondarma ari irqi)
Türki deyə bir dil nə gəzər, "azəri" varmış,
Milyonla o dildə danışansa, "xətakarmış".
Lakin bu qaranlıq da nəhayət, sona ərdi
Buzlar əridi, yel də bahar müjdəsi verdi.
Gəl, qardaşım, ey fars danışan yaru-bəradər,
Qoy, mazidə* qalsın qara gün və ağır illər. (*keçmişdə)
Qoy, millətimiz, ümmətimiz birlik içində
Ta haşrə qədər xoş yaşasın öz vətənində.
Qoy, bədxahımız bizdəki birlikdən üzülsün
Qoy, ölkədə həm türk üzü, həm fars üzü gülsün.
Mən türkü yazıram, yenə sən varsan içimdə,
Bax əldəki hər barmaq, bir başqa biçimdə
Biz, türklər üçün, həm bu və həm o dil əzizdir
Türki anamız, farsi dili sevgilimizdir".
Y.Hacıyevanın kitabının üstün məziyyətlərindən biri də, yeni medianın, internetin milli varlıq, ana dili və s. məsələlərdə demək olar ki, maneələri və sərhədləri aşaraq milli-mədəni haqlar uğrunda mübarizəni ümumdünya müstəvisinə çıxardığının təsvir və təhlil edilməsidir. Əsərdə dünyanın müxtəlif ölkələrində yaşayan cənubi azərbaycanlıların diasporunun fəaliyyətində ana dili məsələsi araşdırılmış, ötən əsrin son rübündə Avropada, Amerikada onlarca diaspor təşkilatlarının qurulduğu, onların mətbu orqanları və mədəniyyət qurumları, Azərbaycan Respublikasının diasporu ilə əlaqələri və birgə fəaliyyətləri, bu proseslərdə ana dili uğrunda mübarizənin həmişə öndə olduğu ətraflı şərh edilmişdir. Kitabın elmi redaktoru, Cənubi Azərbaycanda milli varlıq və milli şüurun formalaşması məsələlərinin tanınmış mütəxəssisi Vidadi Mustafayevin qeyd etdiyi kimi, İranda Azərbaycan xalqının ana dili öz layiq olduğu statusa yüksəlmədiyindən təqdim edilən əsər milli şüurun, tarixi şüurun, dil şüurunun genişləndirilməsi və dərinləşdirilməsi baxımından çox mühüm elmi addım sayıla bilər. Fikrimizcə, İranda azərbaycanlıların ana dili uğrunda qanun və demokratiya çərçivəsində mübarizəsinə töhfə verə biləcək bu dəyərli tədqiqat əsəri, eyni zamanda dünyanın bütün azərbaycanlılarının ana dili sevgisini də artırmağa xidmət edəcək.
turan.info.az
.