İnsan taleyi ilə birgə doğulur,alnına yazılanları yaşamağa məhkum olur. Dünyaya gəlişiylə bir – birinə çox bənzəyir, elə gedişiylə də. Amma insanları bir – birindən seçib, ayıran bir əlamtin olduğuna tam əminəm; xasiyyət.
Şairlik bəndəlik işi deyil,heç tanrılıq da deyil:
Bizim taleyimiz tanrılıq deyil,
Bizim qismətimiz qələm ucunda...
Ömrümüz ölçülmür il hesabıyla,
Toplanıb- çıxılsa- qələm uzunda...
Bizə düz görünür ən ağ yalan da,
Bir az cəhd eləyən aldadır bizi.
Nahaq gülürsünüz biz ağlayanda,
Sizi güldürənlər ağladır bizi.
Şairlər sözündən tanınar,dediyi kəlmədən bəlli olar.Mən Məmməd İlqarın öncə sözünü,sonra özünü,sonra bax o insanları bir – birindən seçib ayıran özünəməxsus xasiyyətini, bəyliyini, ağayanalığıni tanıdım.Məmməd İlqar insanların ürəyində yaz vaxtı xırda daşlardan, budaqlardan zəhmətlə özünə yuva quran qaranquş misalı min bir əziyyətlə söz – söz, sətir – sətir, qurduğu şeir dünyasında , sevilən, seçilən,boy verən dəyərli misralarıyala yuva qurub:
Vətən başa çox iş gələr
Baş əymə başın sağ olsun
Biz ölməyə doğuluruq
Torpağın daşın sağ olsun.
Və yaxud:
Hər nisgili bölərsiniz,
Hər müsşkülü bilərsiniz,
Siz ayrı kişilərsiniz-
Var olun ayrı kişilər!
Məmməd İlqar zamanın çarxında kişiliyin əzilib, urvatdan düşdüyü dünyada öz mənliyinin, əqidəsinin, sözüünün pasibanında duran ayrı, alayı kişilərdəndir.Sözü,əməliylə tən gələn kişilərdən.Onu oxucularına sevdirən cəhət vərəqlə,qələmlə,sözlə səmimi münasibət qura bilməsidir. O ŞEİR yazır,quraşdırmır,qafiyə xatirinə söz demir. Nə qədər köhnədirsə,o qədər təzədir yazdıqları.Köhnə janrda təzə söz deməyin nə qədər çətin olduğunu ŞAİRLƏR gözəl bilir. Şair olmaq sözü bir – birinə pərçim edib şeir qoşmaq deyil.Gələcəyə ötürmək istədiyin və ya ötürə biləcəyin kodlaşdırdığın poetik fikrin məsuliyyətini dərk edə bilməkdir,nə deməyi deyil, necə deməyi bacarmaqdır.
Şairlər göy adamlarıdır.Yerə endilərsə,yerlə təmas qurdularsa şairlik də bitir,sözlə isti münasibət də. Məmməd İlqar göylərin adamıdı.Yaddaşına hopanları,qəlbinə damanları ağ vərəqə köçürüb ağappaq yaddaşıyla göy üzünə çəkilib, yerə yenmir, yendirmir:
Əridi könlümün inad buzları,
Dəyişdi havamı havalı tostlar.
Keçdim günahından dönük dostların,
Keçsin günahımdam vəfalı dostlar.
Allah sizə insaf versin, dönük dostlar.Bu misra sözəmi,yaddaşamı ünvanlanıb,yoxsa ömrü vəfa eləməyib bu dünyada onu tək qoyub ilqarsız çıxan dostlaramı?!
P.S. Bu dünyada iki dost vardı.Bir- birinə hər sirrini etbar edib, bir – birinin gözünün içinə baxaraq,çox şeydən hali olub, susa – susa çox şey danışıb,dərdləşərdilər. Bir- birinin dərdini balası kimi,doğması kimi bağırına basaraq bağrıbadaş, bağırdaş olmuşdular; Məmməd İlqar,Sabir Sarvan...Bir – birinə o qədər simsar idilər ki...Birinin ömrü vəfa eləmədi, o birinin yaddaşı.
Ərən şair,ozan şair,
Öz içində azan şair.
Balasının başdaşına
Sevgi şeiri yazan şair,
Sevirsən, yumruğun nədir?
Sabir Sarvan madar, Allahın ona bəxş elədiyi, bu dünyada yeganə əziz-girami payını itirib,səssizcə qıyya çəkəndə bu şeiri Məmməd İlqar dostuna təsəlli üçün yazmışdı bəlkə də...
Mənim təcnis dostum, gəraylı dostum,
Yaddaşı ilqarsız, ilqarlı dostum.
...Sənin yaddaşının itdiyi gündən,
Mənim bütün dostlar çıxdı yadımdan.
Bunu da Məmməd İlqar yaddaşını itirəndə Sabir Sarvan korun - korun yanıb, təpəsindən tüstü çıxa- çıxa yazmışdı Məmməd İlqar üçün...
Mən bu yazını yazdım yazmağına. Amma deyə bilmədiyim çox söz qaldı ürəyimdə,nə vaxsa yazıya çevriləcək ...
Gülnarə Cəmaləddin
turan.info.az
.