Həmid Alı oğlu Vəliyev - 15 iyul 1939-cu ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub.
1966-cı ildə ADU-nun (indiki BDU-nun) Filologiya fakültəsinin Jurnalistika şöbəsini, 1978-ci ildə isə
Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin
jurnalistika fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1958-ci ildə Marneuli rayon qəzetində başlayıb. İlk oçerk və hekayələri yerli mətbuatda
çap olunub.
Uzun illər Tbilisidə Azərbaycan dilində nəşr olunan
"Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzetində işləyib; korrektor, baş korrektor (1960-1968), şöbə müdiri (1968-1972), məsul katib və redaktor müavini (1973-1991) vəzifələrində çalışıb.
Həmid Vəliyev 1990-cı ilin məlum olaylarından sonra ailəliklə Bakıya köçməyə məcbur olub.
Əvvəlcə Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan "Yurd" jurnalının Azərbaycan buraxılışına
rəhbərlik edib (1991-1995), sonra "El qəzeti"nin, "Mübarizə" və "Şəfqət" qəzetlərinin redaktoru,
"Borçalı" jurnalının baş redaktoru olub.
Daha sonralar isə Azərbaycan respublikası Səhiyyə Nazirliyində
Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.
Həmid Vəliyev artıq 40 ilə yaxındır ki, həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Ötən əsrin 80-90-cı illərində A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun
(sonralar S.S.Orbeliani adına TDP Universitetinin) Azərbaycan bölməsində dərs deyib.
1992-ci ildən isə elmi-pedaqoji fəaliyyətini BDU-da davam etdirir.
Neçə-neçə elmi məqalələrin müəllifi, filologiya elmləri namizədidir.
2004-cü ilin dekabrından BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri vəzifəsində çalışır.
Jurnalistika fakültəsinin elmi şurasının üzvüdür.
Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbəliyi altında
20-dən çox magistr dissertasiyası yerinə yetirilib;
3 nəfər doktorantın elmi rəhbəri olub.
2011-ci ilin iyul ayında BDU-nun professoru elmi adını alıb.
"Əməkdə fərqlənməyə görə" (1970) və "Tərəqqi" (2005) medallarına,
"Gürcüstan SSR-in əməkdar jurnalisti" (1988), "Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi" fəxri adlarına (2009), Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin
Fəxri fərmanına (1972), Azərbaycan Mətbuat Şurasının Fəxri diplomuna (2013) və
digər mükafatlara layiq görülüb.
Neçə-neçə elmi və publisistik məqalələrin müəllifi, filologiya elmləri namizədi Həmid Vəliyev
Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin,
"Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində" monoqrafiyasının (B.,1984),
"Dünya informasiya agentlikləri" (B.,2003), "Beynəlxalq jurnalist təşkilatları" (B.,2005) adlı
dərs vəsaitlərinin, "Xarici ölkələrin jurnalistikası tarixi" (B., 2012; B., “Poliqrafiya”, 2014, 640 səh.)
dərsliyinin, "Mark Tven jurnalist kimi" (B., “Qanun”, 2014) kitabının müəllifidir.
Professor Həmid Vəliyev həm də "Azərbaycan dilində təhrif olunmuş şəkildə işlənən əcnəbi
coğrafi adların düzgün variantları" (“Yeni medianın humanitar aspektləri”. H.Əliyevin 90 illik
yubileyinə həsr olunmuş konfransın materialları. 07 may 2013-cü il, səh.16-22.),
"Xudu kişi təkcə sazbənd yox, həm də sözbənd idi..." (“Sazbənd... Saza bənd...”.
“Elm və təhsil” Bakı-2013., səh 52-54.), "Azərbaycan dilində işlənən əcnəbi toponimlərdə təhriflər"
(Təfəkkür Universitetinin elmi xəbərlər jurnalı. №1/2013., səh.102-110), "Sadaxlınım alim övladı"
(Bakı, “Müntərcim”2015 .11 ç. v.) və s. məqalələrin müəllifidir.
Azərbaycan-gürcü ədəbi əlaqələrinin tədqiqi və inkişaf etdirilməsi sahəsində də Həmid Vəliyevin
böyük xidmətləri var. Belə ki, o, hələ 40 il əvvəl - “Sovet Gürcüstanı"
(indiki "Gürcüstan”) qəzetinin 18 noyabr 1980-ci il tarixli sayında dərc olunmuş
“A.Sereteli və Azərbaycan” sərlövhəli məqaləsində dost və qonşu olan
iki xalqın ədəbi əlaqələrinə xüsusi önəm vermişdir.
1984-cü ildə Bakıdakı «Yazıçı» nəşriyyatı tərəfindən işıq üzü görmüş
«Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində» kitabı isə
Azərbaycan-gürcü ədəbi əlaqələrinin az öyrənilmiş bir hissəsinə həsr olunmuşdur.
Müəllif XIX əsrin sonu XX əsrin əvvəllərinə aid materiallar əsasında bu iki xalqın
tarixi mənəvi birliyini əks etdirən və bu gün üçün də əhəmiyətli olan bir sıra yeni
və maraqlı faktlar gətirir, araşdırmalar aparır.
Kitab iki fəsildən ibarətdir.
“Azərbaycan şifahi xalq ədəbiyyatı məsələləri” adlanan birinci fəsildə
folklorumuzun elmi şəkildə toplanması, tədqiqi tarixi, başqa dillərə tərcüməsi işi və s.
haqqında söhbət açılır. “Koroğlu”, “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Şah İsmayıl” dastanları,
Molla Nəsrəddin lətifələri, nağıllar, atalar sözü və məsəllər, tapmacalar, bayatılar və nəğmələr,
aşıq yaradıcılığı və s. haqqında araşdırmalar, mülahizələr şərh olunur.
“Gürcü ədəbiyyatında Azərbaycan mövzusu” adlanan ikinci fəsildə isə
G.Dvanadzenin “Qarabağlı qaçaq Aslanbəy” poeması, İ.Mçedlişvilinin “Qaçaq Kərəm” dramı,
Q.Qviniaşvilinin “Qafqazda qaçaqçılıq haradan meydana çıxmışdır” irihəcmli məqaləsi,
L.Kipianinin “Tar”, “Kabab” və b. şeirləri, V.Saataşvilinin “Fatma nənə”, “Bədbəxt ana” hekayələri,
V.Mikaladzenin “Müəllim borcunu ödədi” hekayəsi, eləcə də həmçinin İ.Çavçavadzenin, A.Seretlinin,
R.Kristavinin, İ.Yevdoşvilinin, M.Cavaxaşvilinin və başqalarının əsərləri, məqalələri və s. haqqında
məlumat vermişdir.
Ümumiyyətlə, kitab şifahi xalq ədəbiyyatımız, folklorumuz, xüsusilə də, aşıq sənəti, onun tarixi
və milli inkişafı, o cümlədən, milliyətcə qeyri-azərbaycanlı olub Azərbaycan aşıq məktəbi əsasında
formalaşaraq qonşu xalqlar arasında mənəvi körpü yaratmış aşıqlar haqqında və ədəbi əlaqələrimizin
bir sıra digər ilk mənbələri haqqında külli miqdarda yeni və maraqlı məlumat verən sanballı tədqiqat əsəridir.
O, eyni zamanda, son vaxtlarda ədəbi əlaqələr sahəsində yazılmış ən yaxşı əsərlərdən biri kimi də qiymətlidir.
Az bir vaxtda oxucuların diqqətini cəlb etmiş həmin kitab haqqında müxtəlif mətbuat orqanlarında müsbət rəylər dərc edilmişdir. (Bax: Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı ədəbi məktəbi. B., "Azərbaycan" nəşriyyatı, 1994, səh.190-191.)
Professor Həmid Vəliyevin bir sıra elmi əsərləri, publisistik məqalələri və tərcümələri Azərbaycanda,
Gürcüstanda, Türkiyədə, Rusiyada, Ukraynada, Qazaxstanda, Özbəkistanda və digər ölkələrdə çap olunmuşdur.
Gürcü, rus və digər xalqlardan etdiyi tərcümələri ilə geniş oxucu kütləsinə öz imzasını
təcrübəli tərcüməçi kimi yaxşı tanıtmış H.Vəliyevin özünün orijinal əsərləri ilə yanaşı,
bədii və publisistik tərcümələri də bir neçə kitab və ədəbi məcmuələrdə özünə yer tapıb.
Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin "Dostu necə qazanmalı" əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə edib və kitab 1993–cü ildə "İşıq" nəşriyyatı tərəfindən kütləvi tirajla işıqüzü görüb. 312 səhifəlik həmin kitab 2014-cü ildə "Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" adı ilə “Qanun” nəşriyyatında təkrar nəşr olunub.
Həmid Vəliyev 2015-ci ildə isə Şerl Sendberq Nell Skovelin “Fəallıqdan qorxma” adlı kitabını
ana dilimizə çevirib və nəşr etdirib.
turan.info.az-ın bütün yaradıcı heyəti adından,
xalqımızın dəyərli ziyalısı, sevimli el ağsaqqalı,
tanınmış ədəbiyyatşünas alim, təcrübəli qələm sahibi,
"Gürcüstan Respublikasının Əməkdar jurnalisti",
"Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi"
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri,
çox hörmətli professor Həmid Alı oğlu Vəliyevi
doğum günü - daha dəqiq desək,
anadan olmasının 80 illik Yubileyi münasibətilə
ürəkdən və səmimi qəlbdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
yaradıcılıq işlərində, eləcə də. elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az
Mənbə:
Bax: Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı ədəbi məktəbi.
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.190-191.
.