Şuşa şəhəri ilə ilk tanışlığım isə hələ sovet hakimiyyəti illərində olmuşdu. Bu qiyabi tanışlığın əsasında “Şuşanın dağları – başı dumanlı” mahnısı dayanmışdı. Uzun illər ərzində Şuşanı dağlarının başında həmişə duman olan, qarlı-yağışlı və çiskinli bir yer kimi təsəvvür etmişdim:
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.
Ay qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, balam, barı gül.
...Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı.
Ay qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, balam, barı gül.
Hələ tələbə ikən, yəni XX əsrin yetmişinci illərində eşitdiyim bu mahnı məndə başı qalmaqallı Şuşa obrazı formalaşmışdı. Belə hesab etmişdim ki, məlum mahnıdakı “başı dumanlı” sözləri Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” tarixi romanında olduğu kimi, təbiət hadisəsinə deyil, Şuşada baş vermiş: gərgin, qanlı-qadalı ictimai-siyasi və tarixi hadisələrə mahnı dili ilə edilmiş bir işarətdir. Və həmin məqamda mən Şuşa haqqında oxuduqlarıma uyğun olaraq, “Şuşanın dağları başı dumanlı” sözlərinin XVIII əsrdə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücum etməsi, İran şahının öldürülməsi və sonradan hakimiyyəti ələ keçirmiş Məhəmməd bəy tərəfindən Molla Pənah Vaqifin qətlə yetirilməsi hadisələrini mənalandıran misra kimi qəbul etmişdim. “Şuşanın dağları” mahnısına uzun onilliklər ərzində bədin notların işığında qulaq asmışam. XX əsrin səksəninci illərinin sonlarında Topxana hadisələri başlayanda mən “Şuşanın dağları” mahnısındakı “başı dumanlı” sözlərini bu alınmaz qala olan şəhərin başı üstündə dolaşan qara buludlar şəklində təsəvvür etmişdim. Şuşa şəhəri bədnam ermənilər tərəfindən işğal edildikdən sonra “başı dumanlı” sözlərini daha tünd boyalarla xəyalıma gətirmişdim. Və Şuşanın başını sarmış həmin qara dumanın çox da asanlıqla çəkilib getməyəcəyi qənaətinə gəlmişdim. Lakin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev erməni işğalçılarını Qarabağdan qovmaqla, Vətən müharibəsində xalqımıza tarixi Zəfər qazandırmaqla həyata keçirilməsi çox çətin olan bir problemi böyük iradə və yüksək səriştə ilə mümkün olacaq bir işə çevrilməsinin mükünlüyünü isbat etdi.
Hələ məktəbli ikən Şuşa dedikdə həm də hər dəfə Molla Pənah Vaqifi düşünmüşəm. Orta məktəb illərində Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kənd səkkizillik məktəbində şagird dram həvəskarları dərnəyinin üzvləri ilə birlikdə Xalq şairi Səməd Vurğunun “Vaqif” tarixi dramında Molla Pənah Vaqif, rayonumuzun Ulya-Noraşen (indiki Oğlanqala – İ.H.) orta məktəbinin IX sinfində oxuyarkən isə Molla Vəli Vidadi obrazında çıxış etməyim də “gözəllik nəğməkarı” adlandırılan bu şairin nə qədər çətin, qalmaqallı şəraitdə yaşayıb fəaliyyət göstərdiyini daha dərindən başa düşməyimə şərait yaratmışdı.
Başdan-başa əzbər bildiyim “Vaqif” dramı məndə sanki “Molla Pənah Vaqif – başı dumanlı” təəssüratı yaratmışdı. Tələbəlik illərində şeir həvəskarı kimi yazıb, 1968-ci ildə əvvəlcə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Gənc müəllim” qəzetində, sonra isə Naxçıvan Muxtar Respublikasında çıxan “Şərq qapısı” qəzetində çap etdirdiyim “Gördüm” adlı nikbin ruhda olan şeirimdə də hər bəndin sonunda təkrarlanan “gördüm” rədifi vaxtilə Molla Pənah Vaqifin yaşadığı məşəqqətlərin sonralar aradan qalxması mətləbini ifadə etsə də, alt qatda Qarabağ xanının Baş vəziri olmuş şairin vaxtilə çəkdiyi müsibətləri, üzləşdiyi “görmədim”ləri də göz önünə gətirir:
Xalqımız qurtarıb dərd-qəm yükündən,
Sorağınız gəlir toydan-düyündən;
Göz açıb dünyaya gəldiyim gündən,
Hər yerdə gül açan əməli gördüm.
Keçib neçə kənddən, neçə şəhərdən,
Çıxdım Qarabağın seyrinə hərdən.
Gəzdikcə elləri, obaları mən
İş üstə “can alan gözəli” gördüm.
Gözlərim dikilib qaldı gözündə,
Həyat eşqi vardır hər bir sözündə.
Bir vaxt sən gəzdiyin Cıdır düzündə,
Adınla ucalan heykəli gördüm.
Xəyalım çox gəzdi sənin bağında,
Ürəklər oxşayan söz sorağında;
Tufanlı bir əsrin qaranlığında,
Vaqiftək sönməyən məşəli gördüm.
Qarabağın erməni işğalında olduğu dövrdə mənim nəzərlərimdə “Şuşanın dağları – başı dumanlı” mahnısındakı qara buludlar daha da tündləşmişdi. “Şuşanın dağları” mahnısındakı “başı dumanlı” sözlərindəki qara buludların açılacağını ilk dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Lələtəpədə ordumuzun qazandığı ilk qələbə zamanı hiss etmişdim. Ermənistan tərəfinin Qarabağı əbədilik işğal etməsi haqqında uydurub yaydığı mif məhz Lələtəpə döyüşləri zamanı yarılmışdı. Aprel döyüşləri zamanı iki min hektardan çox ərazilərimizin geri qaytarılması və möhtərəm Prezidentimizin saldırdığı Cocuq Mərcanlı kəndi, burada ucaldılan qoşa minarəli Şuşa məscidi artıq “Şuşanın dağları”nın üzərindən dumanların çəkilməsi fəslinin başlanmasından xəbər verirdi. Cocuq Mərcanlı kəndi Qarabağın işğalından azad olunacağının rəmzinə çevrilmişdir. Qarabağın azad ediləcəyinə inam zirvəsindən baxanda Cocuq Mərcanlı:
Düşmənə göz dağıdır
Böyük Qayıdışın
İlk uşağıdır
Doğma ocaq sevgisinin
Göy qurşağıdır.
Fəth olunmuş
Lələtəpənin qabağıdır,
Dağlıq Qarabağın sabahıdır.
İkinci dəfə “Şuşanın dağları” mahnısının başı üstündən dumanın dağılmaqda olduğunu 2020-ci ilin avqust ayının 19-da nəvəm İsa Həbibbəyli ilə doğulduğum Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndi ərazisindəki 1806 metr yüksəkliyə malik olan Qızıl Qayanın zirvəsi yağı düşməndən geri alındıqdan bir neçə ay sonra etdiyim ziyarət zamanı hiss etmişdim. Nəvəmlə uşaqlıq və gənclik illərimin keçdiyi bu yerləri ziyarət edərkən unudulmaz uşaqlıq dostum rəhmətlik Nail Abbasovla Qızıl Qayanın ətəyindəki Əyyub ocağından zirvəyə, dağın yuxarı ətəklərinə qədər gəvən adlı bitkilərə od vurub yandırmağımızı gözümün önünə gətirdikcə, sanki yurdumuzun başı üstündəki qatı dumanın tonqalların işığında çəkilməyə başladığını və hərbi-siyasi mühitin aydınlaşmağa doğru gedəcəyinə inanmışdım. Fəth olunmuş Qızıl Qayanın zirvəsindən İrəvan-Gorus-Laçın-Şuşa yoluna nəzarətin bizim tərəfə keçməsi və əzəmətli Qızıl Qayanın zirvəsinə sancılmış Azərbaycan bayrağının keşiyində əsgərlərimizin gözlərini qırpmadan dayanmasını böyük qürur hiss ilə real olaraq müşahidə etməyim Şuşanın dağlarının başından dumanların çəkiləcəyinə inamı qətiləşdirmişdi. Nəvəm İsa Həbibbəyli ilə Qızıl Qaya zirvəsindən Arpaçayın o tayındakı düşmən sərhəddində olan Böyük Qala dağının başını yay fəslinin açıq səması altında görməyim də təbiət dilində Şuşanın dağlarından dumanların çəkiləcəyi günlərin çox da uzaqlarda olmadığını düşünmək üçün nikbin əhvali-ruhiyyə yaratmağa xidmət edirdi. Kiçik Qafqaz dağları silsiləsinin Nuh peyğəmbərin əfsanəvi gəmisi ilə əlaqədar olan 3906 metr yüksəkliyə malik Qapıçıq-Gəmiqaya zirvəsindən sonra Şərur-Dərələyəz istiqamətindəki ən uca zirvələri sırasına daxil olan Böyük Qala və Kiçik Qala dağlarının əhatəsindəki XX əsrin əvvəllərinə qədər babam Həbib bəyə məxsus olmuş Mehrə dərəsi adlanan geniş ərazilərə Azərbaycan əsgərinin Qızıl Qayadan və ulu babalarımızın qəbirlərinin uyuduğu Yasdan adlı yüksəklikdəki qədim yaşayış yerindən ayıq-sayıq nəzarət etməyə nail olunması da “Şuşanın dağları” mahnısının “Azad Şuşa” obrazına doğru yol getdiyi assosiasiyası yaratmağa xidmət etmişdir. Qızılqaya mahiyyəti etibarilə Şuşa zəfərinin baş məşqlərindən biri olmuşdur:
Qızılqaya –
Qədim oba,
Oğuz yurdu
Əzəl qaya.
Dörd fəsildə
Həm gül-çiçək,
Xəzəl qaya--
Gözəl qaya!
Uğur rəmzi,
Özəl qaya.
Məğrur yaşa,
Düzəl, qaya!
Qalx və oyan,
Möhkəm dayan!
İrəli bax,
Yandırıb-yax,
Şimşək tək çax!
Haqq bizimdir,
Vaxt bizimdir.
Tez ol, qaya!
Və nəhayət, 2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etdikdən sonra Şəhidlər xiyabanından bəyan etdiyi aşağıdakı sözlər Qarabağ savaşının Qələbə raportu kimi səslənmişdir: “Əziz Şuşa, sən Azadsan! Əziz Şuşa, Biz qayıtmışıq! Əziz Şuşa, Biz səni dirçəldəcəyik!”
Qarabağ savaşının – Vətən müharibəsinin tarixi Zəfərlə başa çatdığı günlərdə radio-televiziyada tez-tez səsləndirilən “Şuşanın dağları” mahnısının başının üstündən artıq duman birdəfəlik çəkilmişdi. İndi “Şuşanın dağları” mahnısındakı “başı dumanlı” sözləri artıq sözün əsl mənasında xoş təbiət hadisəsi, cəlbedici peyzaj təzahürləri idi. İlk dəfə Molla Pənah Vaqifin məqbərəsinin yenidən və əsaslı şəkildə bərpasından sonrakı keçirilmiş Poeziya Günlərində iştirak etmək məqsədilə ilk real Şuşa səfərim zamanı da Zəfər yolu ilə Füzuli istiqamətindən Şuşa şəhərinə yaxınlaşdıqda həqiqətən aşağıdan baxanda səfərdə iştirak etmək üçün bizimlə birlikdə olanların hamısı ilə birlikdə uca və sərt Şuşa qalasının üzərində ağappaq nəhəng bulud topaları görmüşdüm. Bu, təsadüfi təbiət hadisəsi mənim nəzərlərimdə Prezident İlham Əliyevin “Əziz Şuşa, Sən Azadsan” bəyanatının rəngi idi. Başı dumanlı Şuşa həmin gün “başı ağ buludlu”, üzü gülən Şuşaya çevrilmişdi. Şuşa Qalasının üzərindəki böyük ağ duman talası elə bil Qarabağın sülh və azadlıq bayrağı kimi dalğalanırdı.
Mən Azad Şuşa şəhərini ilk dəfə Şuşa Qalasının üstündəki ağ duman topaları ilə gördüm. Ağ buludlar Şuşa Qalasının qanadları altına alıb qoruyan möhtəşəm ağ çətir kimi görünürdü. Ağ buludlar – Şuşanın ağ günlərinin güzgüsü idi. Mahnıdakı duman indi öz əsil rənginə qovuşmuşdu. Maşınımız Şuşa şəhərinə daxil olarkən sürücümüzün maqnitofonun düyməsini basıb səsləndirdiyi “Şuşanın dağları - başı dumanlı” mahnısı indi artıq qara buludların doğurduğu hüzn-kədərin yox, Zəfər sevincinin ifadəsi kimi dalğa-dalğa yayılmaqda və ürəyimizə də İsa bulağının saf və sərin suyu kimi yayılmaqda idi.
Maraqlıdır ki, Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xan da ağ rəngə xüsusi münasibət bəsləmişdir. İndiki Ağdam şəhərində yaratdığı “İmarət” adlandırılan Qarabağın idarə edildiyi İqamətgahın da ağ rəngdə olması, Ağdam şəhərinin adının Ağ dam (Ağ ev, Ağ bina) sözündən alınması da Pənahəli xanın şəhərsalmada və idaəetmədə ağ rəngə xüsusi önəm verməsinin ifadəsidir. Ağdam – Qarabağın Ağ evidir. Ağdam – uzan illər ərzində Qarabağ xanlığının Ağ Evi funksiyasını həyata keçirmişdir. Ağdam – Şuşanın Baş Qərargahı olmuşdur. Yeri gəlmişkən deyim ki, 2021-ci il sentyabrın 17-də Quzanlı qəsəbəsində Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyi münasibətilə beynəlxalq elmi konfransın keçirildiyi çərçivədə işğaldan azad edilmiş və erməni terrorçuları tərəfindən dağıdılmış, vəhşicəsinə yerlə yeksan edilmiş Ağdam şəhərində olarkən həm İmarətin və həm də bütövlükdə Ağdam şəhərinin özünün ağ günlərinə qaytarılması istiqamətində möhtərəm Prezidentimizin atdığı qətiyyətli addımları görmək bu şəhərin də başının üstündəki dumandan xilas edildiyini əyani şəkildə nümayiş etdirir.
Dağıdılmış, viran qoyulmuş Ağdam şəhərini haqlı olaraq, Azərbaycanın Xirosiması adlandırırlar. Bundan xeyli əvvəl, 2012-ci ildə gördüyüm Yaponiyadakı bombardıman edilmiş Xirosima ilə müqayisədə Azərbaycandakı Ağdam daha acınacaqlı təsir bağışlayır. Çünki Yaponiyadakı Xirosima atom bombası ilə dağıdıldığı üçün orada başdan-başa yandırılaraq külə çevrilmiş böyük bir ərazidə tam uçurulmamış yeganə bir binanın karkası qaldığı üçün dağıntının miqyasını və təzahürlərini əyani şəkildə görmək mümkün deyildir. Yandırılmış və hələ də ot bitməyən Xirosimada baş vermiş faciəni təsəvvür etmək üçün həmin dövrün görüntülərini əks etdirən kinoxronikaya baxmaq lazımdır. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əksər ərazilərində, o cümlədən Ağdamda isə vəhşicəsinə dağıdılmış şəhərin bütün dəhşətli görüntüləri göz önündədir. Vaxtilə 35 min əhalinin yaşadığı böyük bir şəhərin inzibati binaları, teatrı, məktəbi, çörək muzeyi və yaşayış yerlərinin hamısı dağıdılaraq yerlə yeksan edilmişdir. İşğal edilmiş Ağdam minlərlə binaların xarabalıqlarından ibarətdir. Ağdam xarabalıqlarını şəhərlərin soyqırımı adlandırmaq olar. Bizə məlum olduğu qədər, atom bombası ilə dağıdılmış Xirosima və Naqasaki şəhərləri istisna olmaqla, XX əsrdə dünya müharibələrində insan əli ilə, yaxud tanklarla və ya toplarla Ağdam şəhəri qədər başdan-başa dağıdılmış şəhərlər olmamışdır. Hətta biz xidməti ezamiyyətlə əlaqədar 2018-ci ildə Suriyada olarkən döyüş bölgəsində yerləşən Hələb şəhərində məhəllələrin yalnız müəyyən hissələrinin dağıntılara məruz qaldığını müşahidə etmişdik. Ermənilərin vəhşicəsinə dağıtdıqları Ağdam şəhərində isə Cümə məscidindən başqa heç bir tikili salamat qalmamışdır. Cümə məscidinin dağıntıya az məruz qalması isə bu dini ibadətgahını minarələrindən düşmən tərəfinin hərbi müşahidə məntəqəsi kimi istifadə etməsi ilə əlaqədar olmuşdur.
Şuşa şəhərində də inzibati binaların və yayış evlərinin, hətta sonralar inşa olunmuş sanatoriya korpuslarının da çoxusu ağ rəngdədir. Kim bilir, bəlkə də Pənahəli xan, yaxud onun davamçıları İbrahim Xəlil xan və başqaları şəhərsalmada ağ rənglərə üstünlük verməklə Azərbaycanın bu dilbər düşərgəsinin adı olan Qarabağ sözündəki “qara” ifadəsinin aşılaya biləcəyi bədbinlik notlarını memarlıq əsərləri vasitəsilə, ağ-qara antonimlərinin ifadə etdiyi nikbin məna əsasında əridib itirməyə çalışmış və ya “qara” sözünün böyüklük, möhtəşəm mənalarını diqqət mərkəzinə çəkmək istəmişlər. Çünki qara rəng ağ fonda, ağ rəng isə qara fonda daha əzəmətli görünür. Vaxtilə sovet hakimiyyəti illərində Şuşadakı demək olar ki, əksər binaların, memarlıq abidələrinin şəkillərini naturadan çəkmiş tanınmış qrafika ustası Elturan Avalovun da Şuşa rəsmləri qalereyasında tikililərin hamısını ağ rəngdə, yalnız damların kənar görüntülərinin və çıxıntılarının isə qara xətlərlə çəkməsi də yalnız qrafika xətrinə olmayıb, daha çox Qarabağ inşaatı və memarlığının özünəməxsus simasını orijinalda olduğu kimi canlandırmaq niyyəti kimi uğurlu alınmışdır. Bütün bunlar Qarabağ sözünün mənasının qara bağ, tutaq ki, qara üzüm bağları anlayışı kimi yox, Böyük Bağ mənasını daşıdığını bildirir. Doğrudan da, XX əsrin əvvəllərindən etibarən işlədilmiş Dağlıq Qarabağ ifadələri erməni məqsədlərinə xidmət edən bolşevik ideyasının təzahürü kimi meydana çıxmışdır. “Qarabağ” sözü etimoloji baxımdan “Böyük Bağ”, yəni Böyük Qarabağ mənasını bildirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə iqtisadi region kimi yaradılmış Qarabağ ərazisi Böyük Qarabağ mənasını tam mənası ilə ifadə edir. Fikrimcə, Qarabağ İqtisadi Regionu Azərbaycanın Respublikasının tərkibində bu vilayətə dövlət səviyyəsində verilmiş ən düzgün statusdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinə Azərbaycanın Mədəniyyət Paytaxtı statusu verilməsi də tarixi reallığın və obyektiv gerçəkliyin ifadəsidir. Buradakı demək olar ki, əksər binalar və məhəllələr ayrılıqda mədəniyyət abidəsi olduğu üçün bütövlükdə Şuşa şəhəri memarlıq abidələri kompleksindən ibarətdir. Şəhərdəki Aşağı və Yuxarı Gövhərağa məscidləri Azərbaycan İslam memarlığının nadir hadisələridir. Məşhur Cıdır düzü möhtəşəm təbiət abidəsidir. Nəhəng və sıldırım qayalar üzərində ucaldılmış Şuşa dünyadakı Qala-şəhər formatında salınmış azsaylı şəhərlərdən biridir. Yəni təkcə Şuşa Qalası yox, geniş mənada Şuşa şəhəri Qala kimi təbii qoruq vasitələrinə malik olan müdafiə qalasıdır. Kənardan baxanda Şuşa səma ilə torpağın arasında qayalıqlar üzərində salınan qeyri-adi şəhər təəssüratı yaradır.
Əgər Şuşa şəhərinin adlı-sanlı, görkəmli yetirmələrindən hər birinə ev muzeyi yaradılarsa, fikrimizcə, burada hər iki-üç evdən birini muzeyə çevirmək lazım gələr. Şuşa şəhəri dünyanın ən məşhur çoxsaylı ev muzeyləri şəhəri ola bilər. Yaxud da tanınmış simalarının hamısının doğulduqları, yaşadıqları və ya çalışdıqları binalara xatirə lövhələri vurularsa, Şuşanın demək olar ki, bütün küçələri yaxası dəmir lövhələrlə bəzədilmiş “ordenli-medallı” şəhərə çevrilər. Vaqif poeziya günlərində Şuşada olarkən Əbdürrəhim bəy Haqverdiyevlə Nəcəf bəy Vəzirovun, Əhməd Ağaoğlu ilə Mir Möhsün Nəvvabın və Firidun bəy Köçərlinin, Sadıqcanla Molla Pənah Vaqifin yaşayıb müəllimlik etdiyi Saatlı məhəlləsindəki mədrəsənin və hələlik kimliyini müəyyənləşdirə bilmədiyimiz onlarla başqa ədəbiyyat və incəsənət xadimlərinin evlərinin bir-birinin ardınca çox yaxın ərazidə yerləşməsi Şuşa şəhərinin mədəni-mənəvi zənginliyinin miqyasını real təsəvvür etməyə əsas verir.
Mədəniyyət paytaxtı Şuşanın bərpasına və yenidən qurulmasına ilk növbədə mədəniyyət tədbirləri – “Xanbülbül” Musiqi Festivalı və Molla Pənah Vaqifin məqbərəsinin açılması ilə başlanılması, ilk açılışlardan biri kimi məhz məşhur xanəndə Bülbülün ev muzeyinin olması qədim şəhərin bazasında XXI əsrin möhtəşəm mədəniyyət şəhərinin salınacağından xəbər verir. Qarabağın müxtəlif guşələrində inşa edilməkdə olan müasir tipli “ağıllı kəndlərin” fonunda Şuşa şəhəri özünün tarixi özəlliyini yaşadan və XXI əsrin memarlıq xüsusiyyətləri ilə zənginləşdirən nadir bir şəhər olacaqdır. Tarixiliklə müasirliyin üzvi vəhdəti Qarabağın yenidən qurulmasının istiqamətini müəyyən edə bilər.
Artıq qısa müddət ərzində Şuşa şəhərində keçirilmiş bir neçə möhtəşəm ədəbi-mədəni tədbir Qarabağın Baş Tacı olan Şuşanın müasir Azərbaycan mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilməkdə olduğunu əyani şəkildə nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin axır çərşənbə günü Şuşa şəhərində, Cıdır düzündə alovlandırdığı Novruz tonqalı Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin atəşfəşanlığı idi.
“Xarıbülbül” Musiqi Festivalı – bütövlükdə Qarabağın və o cümlədən Şuşanın erməni işğalçılarından azad olunmasına həsr edilmiş möhtəşəm təntənəli bayram konsertidir.
“Xarıbülbül” Musiqi Festivalı – Azərbaycan incəsənətinin növbəti böyük təntənəsi olmuşdur.
Molla Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi özündə bir çox mənaları ifadə edir:
1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə ilk növbədə vaxtilə ulu öndər Heydər Əliyevin başladığı bu mühüm ədəbiyyat siyasətinin yeni tarixi şəraitdə yaradıcı şəkildə davam etdirilməsini və yaşadılmasını təmin etmişdir.
2. Vaqif Poeziya Günlərinin keçirilməsi ilə Şuşada - Qarabağa müasir dövrün ədəbiyyat və mədəniyyət ab-havasının gətirilməsi gerçəkləşdirilmişdir.
3. Geniş tərkibdə Azərbaycan ziyalıları, elm və mədəniyyət xadimləri ilə yanaşı dövlət rəsmilərinin, Milli Məclisin deputatlarının da iştirak etdiyi Vaqif Poeziya Günləri ədəbiyyat tədbirinin sədlərini aşaraq, mühüm ictimai-mədəni hadisə səviyyəsinə yüksəlmişdir. Prezident İlham Əliyevin Vaqif Poeziya Günlərinin açılışı mərasimindəki dərin məzmunlu və parlaq nitqi Qarabağa Böyük Qayıdış hərəkatı ilə ölkəmizin ədəbiyyat və mədəniyyət siyasətinin üzvi vəhdətinin canlı təcəssümünün ifadəsidir.
4. Ədəbiyyat hadisəsi olaraq da Vaqif Poeziya Günləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mübariz ruhunun təntənəsi kimi səslənmişdir. Azərbaycan ədəbiyyatının ağsaqqal nəsillərinin - Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın, Xalq yazıçısı Elçinin çıxışları və Xalq şairi Nəriman Həsənzadənin həyəcanlı şeiri ədəbiyyatımızın müdriklik və müasirlik ruhunun mesajlarıdır. Gənc nəsil şairlərin Molla Pənah Vaqif məqbərəsi qarşısında oxuduqları şeirlər Azərbaycan ədəbiyyatının yeni tarixi epoxadakı müasir tipli poetik monoloqlarıdır.
5. Vaqif Poeziya Günləri çərçivəsində keçirilmiş simpozium ölkəmizdə poeziya günləri ilə elmi fikrin əlaqələndirilməsinin ilk modelidir. Bu, böyük Məhəmməd Füzulinin vaxtilə dediyi “elmsiz şeir əsası yox divar olur” misrasındakı gerçəkliyin XXI əsrdə Şuşada həyata keçirilməsinin nümunəsidir. Fikrimizcə, bundan sonra başqa görkəmli şairlərimizin adı ilə əlaqədar keçirilmiş poeziya günlərində də paralel olaraq elmi konfransların keçirilməsi həm ədəbiyyatın, həm də elmin xeyrinə olar.
6. “Nizami Gəncəvi İli”ndə Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizdə ədəbiyyat və incəsənətin inkişafın dövlət səviyyəsində göstərilən böyük qayğının əməli ifadəsidir.
7. Molla Pənah Vaqifin Şuşa şəhərindəki məqbərəsi önündə təşkil olunmuş poeziya günləri Böyük Qayıdışın poetik manifestidir.
8. Vaqif Poeziya Günləri – XXI əsr müstəqillik dövrü Azərbaycan ədəbiyyatının şeir-sənət direktivləridir.
Böyük Qayıdış - Qarabağın işğaldan azad edilməsinin və Qarabağa dönüşün İlham Əliyev Proqramıdır.
Böyük Qayıdış - Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin strategiyası və taktikasıdır.
Böyük Qayıdış - ölkəmizin coğrafı xəritəsində yenidən salınmış çoxsaylı şəhərlərə və kəndlərə, xalqın istifadəsinə qaytarılmış geniş ərazilərə, münbit torpaqlara yeni həyatın gətirilməsi deməkdir.
Böyük Qayıdış – Azərbaycan Respublikasının hərbi cəhətdən ölkəmizin ayrılmaz bir parçası olan Qarabağın müdafiə olunmasına və iqtisadi-mədəni baxımından inkişaf etdirilməsi istiqamətində atılmış böyük addımlardır.
İşğaldan azad edilmiş və yenidən qurulması istiqamətində ilk böyük addımlar atılmış Şuşa şəhəri Böyük Qayıdışın şah əsəridir. Artıq Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilcəyinin əsas konturları görünür.
Zəngəzur – Laçın koridorunun açılması ilə Şuşa əlverişli bir tranzit şəhər funksiyası da qazanacaqdır. Zəngəzur dəhlizindən sağ tərəfə Şuşa səhərindən – Ağdam-Bakı-Orta Asiya və Çinə qədər yol getmək mümkün olacaqdır. Şuşa şəhərindən sola isə Zəngəzur dəhlizindən keçməklə Naxçıvan-Sədərək-Dilucu vasitəsilə Türkiyəyə, oradan da istənilən Avropa ölkəsinə səfər etmək asanlıqla həyata keçirilə biləcəkdir. Şuşa – turizm, ticarət, mədəniyyət, tranzit şəhəri kimi Şərqlə Qərbi birləşdirən İpək yolunu əlaqələndirən körpü rolunu oynayacaqdır.
Şuşada dünya şöhrətli bir Konservatoriyanın yaradılması da şəhərin mədəniyyət paytaxtı statusunu daha da möhkəmləndirəcəkdir. Beləliklə, Şuşa XXI əsrin Üzeyir Hacıbəylilərinin, Bülbüllərinin, Natəvanlarının, Xan Şuşinskilərinin yetişəcəkləri sənət ocağına çevriləcəkdir.
Artıq Şuşa şəhərinə Azərbaycan mədəniyyəti və ədəbiyyatının tarixi ənənələrinin qaytarılması, burada müasir mədəni inkişafın canlandırılması istiqamətində böyük məsafə qət edilmişdir. İnanırıq ki, Azərbaycanın mədəniyyət paytaxtına onun daimi sakinlərinin qayıdacağı gün də çox uzaqda deyildir.
İsa Həbibbəyli,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik
turan.info.az
..