MÜBARİZ VƏTƏNDAŞ VƏ NƏĞMƏKAR ŞAİR M.P.VAQİF

MÜBARİZ VƏTƏNDAŞ VƏ NƏĞMƏKAR ŞAİR M.P.VAQİF Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 12 yanvar 2017-ci ildə görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamdan artıq üç il keçir. Vaqif yaradıcılığı ilə bağlı yazıların birində vurğulamışdıq ki (“Vedibasar” qəzeti. 16 mart – 15 aprel, 2017, №07-08 (338-339), “Ali baş komandana, milli ordumuza güvənərək deyirik ki, Vaqifin 305 yaşını doğma elində, Azərbaycanın dilbər guşəsi sayılan Qarabağda atəşfəşanlıqla qeyd edəcəyik”. Bəli, arzumuz, diləyimiz vətən fədailərinin qanı bahasına daha tez reallaşdı. Göz bəbəyimiz, dilbər guşəmiz sayılan Qarabağ, üzdəniraq erməni vandalları tərəfindən yerlə yeksan edilən “Vaqif məqbərəsi” Ali baş komandan İlham Əliyevin tapşırığı və göstərişi əsasında yenidən bərpa edilərək öz əzəmətinə qovuşdu.

Molla Pənah Vaqif öz yaradıcılığı ilə Azərbaycan şeirində yeni səhifə açmış, qoşma, təcnis, qəzəl və müxəmməsləri ilə hər bir Azərbaycanlı oxucusu üçün əziz olmuşdur. Vaqif tarixin sınağından, zamanın imtahanından keçmiş böyük bir şair, ölməz bir sənətkardır. Vaqifin yaradıcılığı Azərbaycanın hüdudlarından kənarda da dünya mədəniyyəti xəzinəsini zənginləşdirmişdir. Bu mənada, Molla Pənah Vaqifi Türk yazıçısı Kamal Tahir “Əzəmətli sərkərdə”, Litva şairi Albinas Jukauskas “Poeziyanın məşəli”, İraq şairi Şakir Zabit “Gözəl söz ustadı”, Macar şairi Geza Kepeş “Şərq poeziyasının ustadı”, Qazax ədibi Həmid Yerqaluyev “Mübariz vətəndaş şair”, Belarus şairi Yanko Sipakov “Nəğməkar şair”, Kuba ədibi Luis Marre “Əbədi eşq şairi”, Tacik ədəbiyyatşünası Nəsircan Məsumi “Gözəllik nəğməkarı”, Türkmən şairi Kərim Kurbannepesov “Türkmənlərin sevimli oğlu”, Yuqaslaviya şairi Nicati Zəkəriyyə “Sönməz məşəl”, Moldaviya ədəbiyyatşünası Andrey Strumbanu “Səmada parlaq ulduz”, Bolqarıstan şairi İvan Burin “Musiqini bərqərar edən şair”, “Folk und velt” nəşriyyatının redaktoru alman yazıçısı Astrit Klook “Dünyaya vurğun şair”, Polşa şairi Yan Xuşşa “Dərin, coşqun, parlaq və obrazlı lirika şairi” kimi adlarla mədh etmişlər. Göründüyü kimi, Vaqifin poeziyası müxtəlif dillərdə danışır və Vaqif yaradıcılığı layiqincə qiymətləndirilir.

M.P.Vaqif şairlər, aşıqlar yurdu olan doğma yurdunda – Qazaxda mükəmməl mədrəsə təhsili almış, ana dilindən başqa, fars, ərəb dillərini də öyrənmiş və bu dillərin köməyi ilə böyük sələfləri sayılan Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli, Məsihi kimi şairlərin əsərlərini mütaliə etmiş, Əbülqasım Firdovsi, Cəlaləddin Rumi, Sədi Şirazi, Hafiz Şirazi, Əbdürrəhman Cami, Əlişir Nəvai kimi ölməz söz ustadlarının da əsərləri ilə tanış olmuşdur. Akademik Həmid Araslının sözləri ilə desək, eyni zamanda xalq məişətinə, adət və ənənələrinə gözəl bələd olub, xüsusən aşıqların dastan və qoşmalarını sevə-sevə dinləmiş, saz çalmaq öyrənmiş, özü də bu xalqın açıq ana dili tərzində şeirlər söyləməyə başlamışdır (4, səh.270).
Görkəmli mollanəsrəddinçi və repressiya qurbanı Salman Mümtazın “Azərbaycan ədəbiyyatının qaynaqları” (5, səh.263) adlı əsərinə əsaslanaraq deyə bilərik ki, M.P.Vaqif ilk dəfə məktəbdarlıq fəaliyyətinə Tərtərbasarda (Tərtərdə), sonra isə Pənahabadın (Şuşanın) Saatlı məhəlləsində başlamışdır. Belə bir tarixi şəraitdə meydana atılan müəllim və şair Vaqif öz istedadı, biliyi ilə etibar və ümid doğuran bir qüvvəyə çevrilir. Onun şeirləri hər bir oxucunu həyata, şənliyə, xoşbəxtliyə çağırır. Şair dərin bir səmimiyyətlə inandırır ki, insan güclüdür, dünyanın əzabı onun belini bükə bilməz, o, təslim olmamalıdır – həyat nə qədər əzablı olsa da şirindir, gözəldir və ondan üz döndərmək, küskünləşmək ağılsızlıqdır.
Toy-bayramdır bu dünyanın əzabı,
Əqli olan ona gətirər tabı
(1, səh.161).
Vaqif öz oxucusunu inandırır ki, insan dünyaya sevginin gözləri ilə baxmalıdır.
Böyük sənətkarlar və sənət əsərləri min bir tellərlə əsrin, zəmanənin psixoloji fikri həyatı ilə, ideoloji meylləri, siyasi-ictimai, mənəvi-əxlaqi xüsusiyyətləri və tələbləri ilə bağlı olur. Bu əlaqənin mürəkkəb və çoxcəhətli olduğu, hər sənətkarın fərdi xüsusiyyətləri, zövqü və görüşləri ilə şərtləndiyi də məlumdur. Mirzə İbrahimov “Vaqif və zəmanə” adlı elmi məqaləsində yazır ki, Vaqif böyük şair olmaqdan başqa çox görkəmli dövlət xadimi – Qarabağ xanlığının baş vəziri idi və zəmanəsindəki siyasi mübarizələrin mərkəzində dururdu. Təbiidir ki, onun yaradıcılığını əsrlə, dövrlə bağlayan tellər daha güclü olmalı idi. Xüsusən, Qarabağ xanlığının o zaman ən güclü xanlıqlardan olduğunu, Azərbaycan ərazisinin böyük bir hissəsini birləşdirdiyini, buna görə də o dövrdəki kəskin, tez-tez dəyişən və təlatümlü siyasi mübarizələrin mərkəzində durduğunu nəzərə alsaq, Vaqif həyatını siyasi mübarizələrdən, dövrün siyasi-ictimai cərəyanlarından kənar təsəvvür edə bilmərik. Həqiqətdə də belədir. Vaqif Qarabağ xanlığının və Azərbaycandakı başqa xanlıqların, həmçinin İranın, Gürcüstanın, üzdəniraq Ermənistanın taleyi ilə bağlı olan bir sıra böyük hadisələrin və cərəyanların fəal iştirakçısı olmuşdur. Bununla belə onun yaradıcılığında, bir neçə əsəri istisna olmaqla, siyasi ideyalar çox dərinlərdə gizlənmişdir.
Akademik Həmid Araslı “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı dərs vəsaitində Molla Pənah Vaqifin nücum (astronomiya) elminin də qabil bilicisi olduğunu qeyd edir. Həmçinin, bu fikrin dəlil kimi etibarlığına Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” adlı tarixi əsərində də rast gəlirik. Nücum elmi göy cisimləri vasitəsi ilə yerdə baş verən hadisələr onların təsirini öyrənən bir elmdir. Tarixi həqiqətləri özündə əks etdirən “Qan içində” adlı əsərdə də belə işıqlandırılır ki, Ağa Məhəmməd şah Qacar Şuşaya ikinci dəfə hücum etdiyi zaman (1797-ci ildə) qalanın müdafiəsində M.P.Vaqif şəxsən iştirak etmişdir. Qacar “Şuşa qalası”nı fəth etdikdən sonra Vaqifi də ölümə məhkum edir. Vaqifə nifrət bəsləyən Məhəmməd-hüseyn xan şairin şəninə yaraşmayan söyüşlər söyərək onu təhqir edir. Vaqif ulduzları seyr edərək deyir ki: “Şəb abistənəst, ta çi zayəd bəruz” (6, səh.314) (Gecə hamilədir, kim bilir sabah nə olacaq). Bildiyimiz kimi, Qacar özü qətlin qurbanı olur. Bu zaman İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir xanlığı əlinə keçirir və ilk növbədə də əmisi İbrahim xana yaxın olan adamları qətlə yetirməyi qarşısına məqsəd qoyur. M.P.Vaqifin nüfuzundan daha çox qorxan Məhəmməd bəy Cavanşir Vaqifi və oğlu Əlibəyi Cıdır düzündə öldürtdürür və evini də yağmalayır.
Təbii ki, faciə həqiqət olsa da Molla Pənah Vaqifi tarixin səhifələrindən silib apara bilmədi. Çünki Vaqif öz yaradıcılığı ilə ədəbi-pedaqoji fikrin inkişafında yeni bir dövr açmış, öz sələflərindən öyrənmiş olsa da onların görə bilmədiyi son dərəcə mühüm bir işi görmüşdür. O da bundan ibarətdir ki, Vaqif ədəbiyyatı milli həyata, milli məişətə, milli xarakterə doğru yönəltmiş, realist bədii təfəkkürə getdikcə genişlənən və dərinləşən daimi bir cığır açmışdır. Onun şeirlərinin mövzusu da, forması da, üslubu da yuxarıda qeyd etdiyimiz kimi, xalqın həyatından, məişətindən, milli keyfiyyətlərindən doğmuşdur. Vaqif tam mənası ilə milli bir şairdir. Vaqifə qədər heç bir Azərbaycan şairinin əsərlərində milli həyatımız bu qədər dolğun, səmimi və təbii bir şəkildə təsvir edilməmişdir. “Elə şairlər var ki, istedadının səviyyəsinə görə Vaqiflə heç müqayisə oluna bilməz. Səbəbi də ondadır ki, Vaqifin sənətkarlığını nə qədər söz işlətməsi deyil, sözdən necə istifadə etməsi aşkarlayır” (8, səh.121). Məsələn:
Əbəs-əbəs neçin qaçırsan məndən,
Mən ki, zalım, adam yeyən deyiləm
(1, səh.43).
Yaxud:
Ol Xədicə haqqı, Səkinə haqqı.
Xeyrannisa haqqı, Əminə haqqı,
Kəbə, Məkkə haqqı, Mədinə haqqı,
Dərdin bu Vaqifi aldı, sevdiyim!
(1, səh.48).
Yaxud da:
Can alırsan yenə, bu nə sürmədir
Çəkibsən ol xumar gözə, Fatimə?
(2, səh.26).
Sənə peşkəş etmənəmmi can-başı,
Neçin bir gəlməzsən bizə, Fatimə?
(3, səh.12).
Göründüyü kimi, dil etibarı ilə də şeirimiz heç bir zaman Molla Pənah Vaqif qədər xalqa yaxın olmamışdır. Onun poetik obrazları füsunkar və həyatidir. Heç də düşünməyək ki, Vaqif üç yüz il bizdən uzaqdadır, xeyir Vaqif sanki müasirimizdir.
Molla Pənah Vaqif Şərq şeirinin bütün vəznlərini yaxşı bilmiş, doğma dilində, xalqının ruhunu və zövqünü oxşaya biləcək səpgidə yazıb-yaratmağı üstün tutmuşdur. Xalq dilindən gələn təbii, səmimi ifadələr oxucunu məftun edir. Firidunbəy Köçərli Vaqifin xalq ədəbiyyatı ruhunda yazdığı əsərlərinin “...həqiqi həyatdan nəşət etdiyini” söyləyirdi, Vaqifi həyatı doğru təsvir edən bir realist kimi müasirlərinə nümunə göstərirdi: “Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olubdur” (7, səh.159). Yaxud Firidunbəyin Vaqiflə bağlı başqa bir fikrinə nəzər salaq: “Yüz sənə bundan irəli ata-babalarımızın dolanacağını, ədəb və əxlaqını, libas və təamlarını, arzu və təmənnalarını, fikir və xəyalatını və bilcümlə o əsrin övza (övza – vəziyyət – K.C.) və dəstgahını Vaqif... gözəl əşar (əşar – şeir – K.C.) və kəlami-abidar (abidar – xoşagələn – K.C.) ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoymuşdur” (7, səh.174). Vaqifin sadə, anlaşıqlı dilindən Səməd Vurğun da “Öz xalqının böyük oğlu” adlı məqaləsində bəhs edərək yazır ki, “Vaqifdəki gözəl, dərin lirizm, sadəlik və xəlqilik, həm də şairlərimiz üçün ən böyük poetik məktəbdir”.
Molla Pənah Vaqif Azərbaycan pedaqoji fikir tarixində məhəbbət, gözəllik lirikasının yaradıcısı və misilsiz ustadı kimi şöhrət qazanmışdır. M.P.Vaqifin yaradıcılığı bütün bədii keyfiyyətləri və xüsusiyyətləri ilə dərin ictimai mənaya malikdir, vətəndaşlıq duyğuları ilə aşılanmışdır, zəmanəsinin ruhunu əks edirdi, onun mənəvi, əxlaqi və estetik tələblərinə cavab verirdi. Yenə də S.Vurğunun təbiri ilə desək, Vaqif yaradıcılığı ictimai təfəkkürümüzün və poeziyamızın inkişafı tarixində tamamilə yeni bir mərhələ olmuşdur.
Məlum bir həqiqətdir ki, Molla Pənah Vaqif, öz dövrünün görkəmli şairi – lirik sənətkarı olmaqla yanaşı, həm də gözüaçıq, təcrübəli siyasi xadim, elmə-maarifə xüsusi əhəmiyyət verən maarifçi idi. Şair elmin, maarifin əhəmiyyətini özünün əməli-yaradıcılıq işində və ictimai-siyasi fəaliyyətində dönmədən nümayiş etdirmiş, gəncləri oxumağa, elmin dərinliklərinə baş vurmağa həvəsləndirmişdir. Doğrudur, müəllifin şeirlərində bilavasitə məktəbə, maarifə və elmə çağıran motivlər hiss edilməyəcək dərəcədə zəifdir; bununla belə, şairin keşməkeşli, ziddiyyətli, böhranlarla dolu həyat yolunda və əməli yaradıcılıq fəaliyyətində əxlaqi-tərbiyəvi işlərə böyük diqqət yetirməsi, yeri düşdükcə şeirlərində tərbiyəvi-didaktik mülahizələrə geniş yer verməsi Vaqifi fəal bir maarif xadimi, pedaqoq kimi də tanıtmışdır.
Çox maraqlıdır ki, tərbiyə, əxlaq, etika və sair pedaqoji prinsiplərlə əlaqədar fikirlər, şairin estetik baxışlarında gözəllik anlayışını tamamlayan, bu anlayışın məzmununa yeni cizgilər gətirən mühüm müddəalar kimi daxil olmuşdur.
Etika və ədəb qaydalarından danışarkən şair çox incə mətləblərə əl aparırdı. O, təlim-tərbiyə, əxlaqi saflıq və xarakterin möhkəmliyi kimi etik məsələləri izah edərkən bir mühüm, düşündürücü həqiqəti də geniş şərh edirdi. Bu da sevgidə sədaqət, azad məhəbbət ideyası yolunda hər növ cəfaya dözmək, ilqar saflığı və əhdə dönük olmamaq kimi yüksək əxlaqi-estetik prinsiplərin ardıcıllıqla müdafiəsindən ibarət idi. Şair belə bir işıqlı, təmiz qayəni təlim edirdi: sevgi, eşq, gözəllik o zaman birləşə bilər ki, sevgililər arasında düz ilqar, təmiz, aydın və nurlu bir əlaqə yaransın. Gözəllik azad, bakir və ülvi bir məhəbbətə layiq keyfiyyətdir, elə bir keyfiyyətdir ki, yalnız mənəvi-əxlaqi saflığı etibarilə yüksək olanlar bu keyfiyyəti yaşada bilər:

Yasəmən tellərin, nərgiz gözlərin
Mənimlə, gözəlim çoxdan yağıdır.
İnsaf et, öldürmə, günahsız qulu
Əl-əldən üzülür, yaman çağıdır.

Kamalın gözəldə xəti kəm gərək,
Sevgi gərək, söhbət gərək, dəm gərək.
Aşiqə vəfalı bir həmdəm gərək,
Həmdəmsiz bal yesə, ona acıdır
(1, səh.80).

Burada da görürük ki, dil etibarı ilə də şeirimiz heç bir zaman Molla Pənah Vaqif qədər xalqa yaxın olmamışdır. Onun poetik obrazları füsunkar və həyatidir. Heç də düşünməyək ki, Vaqif üç yüz il bizdən uzaqdadır, xeyir Vaqif sanki müasirimizdir.
Molla Pənah Vaqif mənsub olduğu xalqın, doğma yurdunun gənclərini, ayıq, huşyar cavanlarını elmə-maarifə yiyələnmiş, açıqgözlü, mədəni bir nəsil kimi görmək istəyirdi. Onun poeziya yaradıcılığında estetik gözəlliyin əsasında şairin tərbiyəvi-əxlaqi qayəsinin, təlim etikaya dair müddəalarının geniş şərhi dayanmışdır. Şair cismən və ruhən gözəl, azad və təmiz gəncliyi, ağıllı, nəcib, həyat mübarizəsinə hazır, sevgidə, dostluqda möhkəm, yüksək əqidəli vətəndaşlar kimi görmək, tanımaq və tərənnüm etmək idealları ilə yaşayırdı.
Qeyd etdiyimiz kimi, Vaqif poeziyasında həyata bağlılıq və nikbinlik ideyası artıq tamamilə vətəndaşlıq hüququ qazanır və dərin ictimai, əxlaqi məzmun kəsb edir. Bu nikbinliyin və həyat eşqinin arxasında duran müsbət ideal dinin, tərkidünyalıq meyllərinin çox qüvvətli olduğu XVIII əsrin şəraitində böyük mütərəqqi əhəmiyyətə malik idi. Dünyəvi hisslərin coşğun təbliğatçısı olan Molla Pənah Vaqifin lirik qəhrəmanı şəxsiyyət etibarı ilə də bir çox cəhətdən nəzər-diqqəti cəlb edir. Mükəmməl mədəniyyətə, zəngin mənəvi aləmə malik olan bu şəxsiyyət hər şeydən əvvəl, dərin düşüncə, yüksək zövq əxlaq sahibidir. Onun islam dininə və bu dinin hamı üçün müqəddəs sayılan qayda-qanunlarına münasibət olduqca sərbəstdir. Şairin lirik qəhrəmanı qoynunda yaşadığı real həyatı, onun saysız-hesabsız nemətlərini, dünya zövqünü din xadimlərinin dönə-dönə tərif etdiyi cənnətlə, behiştlə dəyişmək, nağdını qoyub nisyə arxasınca getmək istəmir. O, bu dünyanın əzab-əziyyətini, qəm-qüssəsini belə axirət aləminin vəd etdiyi bütün nazü-nemətlərdən, zövqü-səfadan üstün tutur.

Ey mələk xoylu, ey tabu boylu yar,
Kuyindir cənnəti-rizvanım mənim.
Huri qılman olsa, girməz gözümə,
Sənsən candan əziz cananım mənim
(1, səh.45).
Yaxud:
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm,
Hər zaman kuyində ziyarətimdir.
Qiblə deyil, qaşlarına baş əymək –
Gecə-gündüz, mənim ibadətimdir
(1, səh.78).
Yaxud da:
Hər kəsin dünyada bir qibləsi var,
Mən də yönüm sənə sarı tutmuşam
(1, səh.41).

Molla Pənah Vaqif həyatda hər gün rast gəldiyi “üzünü həm qiblə, həm Məkkə, Mədinə hesab etdiyi”, “qaşlarının tağinə iki dünyanı qurban” verməyə hazır olduğu gözəlləri unudub xurafatçılığın, mövhumatçılığın təzahüri olan pərilərin, hurilərin xəyalı ilə yaşamaqda heç bir məna görmür. Onun nəzərində sevgilisinin hüsnü, gözəlliyi, vüsalı hər şeydən üstün, hər şeydən əzizdir.

Yekun olaraq qeyd edək ki, yurdumuz, dilimiz var olduqca Molla Pənah Vaqif də bizimlə əbədi olacaqdır. Şair və vətəndaş Molla Pənah Vaqif xalqa və sənətə xidmətin örnək dərəcəsində bir nümunədir. Onun ömrü bəşərin yaraşığıdır və gələcək nəsilə belə də ötürüləcəkdir. Molla Pənah Vaqif istedadlı, qurucu, təcrübəli və müdrik dövlət xadimi olsa da, şair Vaqif kimi əbədi yaşayacaqdır.


ƏDƏBİYYAT:

1. Molla Pənah Vaqif. Əsərləri (Şeirlər). Bakı: Yazıçı, 1988, 192 səh.
2. Molla Pənah Vaqif. Əsərləri. Bakı: Azərnəşr, 1960, 260 səh.
3. Molla Pənah Vaqif. Seçilmiş əsərləri. Bakı: Maarif, 1978, 160 səh.
4. H.Araslı. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Azərnəşr, 1956, 328 səh.
5. Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı: Yazıçı, 1986, 445 səh.
6. Y.V.Çəmənzəminli. Qızlar bulağı. Qan içində. Romanlar., Bakı: Yazıçı, 1987, 328 səh.
7. F.Köçərli. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Bakı: Elm, 1978, 600 səh.
8. Nizami Cəfərov. Füzulidən Vaqifə qədər. Bakı: Yazıçı, 1991, 168 səh.


KAMAL CAMALOV
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Pedaqogika elmləri doktoru


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin  300 illik yubileyi   ...

AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ...

AzTU
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

"Zirvə", Turan
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Əziz ŞƏRİF:

Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pəna ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
Molla Pənah olan şair

Molla Pənah olan şair

Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə"
Polkovnik VAQİF BAYRAMOV (1959)

Polkovnik VAQİF BAYRAMOV (1959)

Darvaz
Akademik Vaqif Fərzəliyev Minskdə beynəlxalq konfransda iştirak edib

Akademik Vaqif Fərzəliyev Minskdə beynəlxalq konfransda iştirak edib

Digər bölmələr
Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Vaqif yaradıcılığı aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşağında

Vaqif yaradıcılığı aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşağında

Elmi Məqalələr
Qızılhacılıda yolların yenidənqurma işləri sona çatdı

Qızılhacılıda yolların yenidənqurma işləri sona çatdı

Borçalı
Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Humanitar elmlər
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun akademik Vaqif Abbasov ilə görüşü ...

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun akademik Vaqif Abbasov ilə görüşü ...

Elm, Digər bölmələr
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ...

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ...

Elm, Digər bölmələr
Rəy yazın: