AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən turan.info.az-a bildiriblər ki, tədbiri giriş sözü ilə Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqazşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin “Beynəlxalq siyasətdə terrorizm” mözusunda elmi məruzəsi dinlənilib. Məruzədə böyük dövlətlərin geosiyasi maraqlarından, onların siyasi məqsədlərinə çatmaq üçün dünyada yaratdıqları beynəlxalq terrorizm siyasətindən və hədəfin müsəlman ölkələrinə yönəldilməsindən bəhs olunub. Qeyd olunub ki, terrorizm siyasi məqsədlərə çatmaq üçün planlı olaraq icra edilən zorakılıq aksiyasıdır.
Daha sonra bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov Naxçıvan Bölməsində 2017-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatla çıxış edib.
İclasda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda “Baba Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusunun hazırlığı barədə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev məlumat verib. Alim bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat institutlarında və Əlyazmalar Fondunda Azərbaycanın təsəvvüf alimləri sırasında xüsusi yeri olan Baba Nemətullah Naxçıvani ilə bağlı tədqiqatların aparıldığını bildirilib.
Akademik İsmayıl Hacıyev sufi alimin irsi ilə bağlı tədqiqatların gücləndirilməsi istiqamətində tapşırıqlarını verib.
Tədbirdə bölmənin elmi tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarında ştatda boş qalan vakant vəzifələri tutmaq üçün elan olunan müsabiqənin vəziyyəti ilə bağlı elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə məlumat verib. O, 26 vakant yerə 25 nəfərin müraciət etdiyini bildirib.
Gündəliyə çıxarılan digər məsələ gənc laborant və baş laborantların 2017-ci ilə aid hesabatları haqqında olub. Bölmədə çalışan gənc kadrlar fəaliyyətləri dövründə gördükləri işləri heyət üzvlərinin diqqətinə çatdırıblar. Hesabatlar dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub, gənc tədqiqatçılara gələcəkdə fəaliyyətlərini daha da genişləndirmək üçün istiqamətlər verilib.
Sonda bir sıra kadr və cari məsələlərə baxılıb.
turan.info.az
.