Unutsaq, Unudularıq!..
Uzun zaman dövlət işində çalışaraq, ömrünün son günlərinədək işinə, vəzifəsinə, ailəsinə sadiq qalan, Daşkəsən torpağının övladı və ölkəsinin layiqli vətəndaşı Əmir Quliyevdən söhbət açmaq istəyirik.
Əmir Cahangir oğlu Quliyev - 1930-cu ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur.
O, 1947-ci ildə orta məktəbi bitirdikdən sonra ali məktəbə - Xalq təsərrüfatı institutuna daxil olmuşdur.
1951-ci ildə Sovet ordusu sıralarına çağırılmış, Leninqrad vilayətində və Gürcüstanda hərbi xidmət keçmiş, 1954-cü ildə ordudan tərxis olunmuşdur.
Ə.Quliyev 1958-ci ildə Azərbaycan KP-nın Daşkəsən rayon komitəsində partiyaya üzv seçilmişdirr.
O, 1959-cu ildə Bakı Ali partiya məktəbinə daxil olmuş, 1963-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
Həmin ildən Daşkəsən rayon Partiya Komitəsində təlimatçı, daha sonra 1968-ci ilədək Daşkəsən Dağ-Mədən kombinatında Partiya təşkilatının katibi olmuşdur.
1965-ci ildə Daşkəsən rayon zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir.
1968-1971-ci illərdə Daşkəsən rayon İstehlak cəmiyyətinin sədri, 1971-1977-ci illərdə Daşkəsən rayon Sığorta idarəsinin müdiri vəzifəsində çalışmışdır.
Ə.Quliyev 1977-ci ildə ailəsiylə birgə Gəncə şəhərinə köçmüşdür.
Elə həmin ildən Gəncə şəhər Avtomobil yollarının xətti istismar idarəsində texniki şöbənin rəisi olmuşdur.
Ə.Quliyev hər zaman tələbkarlığı, idarəetməni, təşkilatçılığı özündə layiqincə təcəssüm etdirmiş və yaşadığı rayonun maddi rifahı yolunda inadla çalışmışdır. O, xalq təsərrüfatının bütün sahələri üzrə dərin biliyə və təcrübəyə malik olmuş, qurub yaratdıqlarıyla, gördüyü işlərlə xalqın rəğbətini, hər kəsin dərin hörmətini qazanmışdır. Onun Daşkəsəndə bir çox binaların, iaşə obyektlərinin tikilməsində böyük xidmətləri olmuşdur.
Ə.Quliyevin vaxtilə Daşkəsən rayonunda gördüyü işlərin, qurub yaratdıqlarının bəhrəsini xalq indi də görür, hazırda da onun gördüyü işlərin izi Daşkəsən rayonunda qalmaqdadır.
1 oğul, 3 qız atası olan Ə.Quliyevin həyatda ən böyük qazancı həm də gözəl ailə başçısı olması olub. Övladlarına qarşı səmimi rəftarı və tələbkarlığı öz bəhrəsini vermiş, onların cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsində böyük rolu olmuşdur.
Əmir Quliyev 2000-ci il martın 7-də Gəncə şəhərində vəfat etmişdir.
Allah rəhmət eləsin.
Ə.Quliyev xeyirxah, qohumcanlı, dostpərvər, dərin düşüncəli insan idi. Onu tanıyanlar, həm onun gördüyü işlərdən, həm də yüksək insani keyfiyyətlərindən ağızdolusu danışırlar. Bu əziz insanın xoş xatirələri onu xatırlayan hər kəsin qəlbində yaşayacaqdır.
P.S.:
Ə.Quliyev incə duyğulu insan olmaqla yanaşı, incə duyğulu şerlər də yazmışdır.
Biz də həmin şeirlərdən birini aşağıda dəyəli oxucularımıza təqdim edir və Əmir Quliyevə bir daha allahdan rəhmət diləyirik.
Günel Məmmədova,
turan.info.az
DAŞKƏSƏN
Qələm alıb sənə tərif yazıram,
Çox cavan yaşlısan yaşa, Daşkəsən!
Qaynayır mədənin coşğun su kimi,
Sənsən Sumqayıtla qoşa, Daşkəsən!
Uca bir dağ üstə salındı şəhər
Planla çəkildi təzə küçələr.
Axşam olcaq doğur yeni bir şəhər
Gecənlə gündüzün qoşa, Daşkəsən!
Görəndə dağlarda qaynaşan işi,
Qocalar da cavanlaşır, azalır yaşı.
Əmirin ağarmış bu cavan başı,
Keçirmir vaxtını boşa, Daşkəsən.
Əmir QULİYEV,
turan.info.az
.