Azərbaycan Texniki Universiteti
Elmi Şurasının
növbəti iclasında
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetin “Kimya” kafedrasının müdiri, tanınmış alim,
kimya elimləri doktoru,
çox hörmətli professor
Elman Məmmədovu
anadan olmasının
70 illik yubileyi
münasibətilə təbrik edərək, onun elmi-pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, Universitet rəhbərliyi adından ona Təbrik Ünvanı təqdim edib və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Elman İdris oğlu Məmmədov - 1948-ci ildə Qəbələ rayonunun
Zarağan kəndində qulluqçu ailəsində anadan olub.
1954-cü ildə Çarxana kənd ibtidai məktəbinə daxil olub.
1965-ci ildə Zarağan kənd orta məktəbini Qızıl medalla bitirib və elə
həmin il S.M.Kirov adına ADU-nun (indiki Bakı Dövlət Universiteti)
kimya fakültəsinə qəbul olub.
1970-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib və 1971-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunun (indiki Azərbaycan Texniki Universiteti) “Analitik kimya və kimya texnologiyası” kafedrasında aspiranturaya daxil olub, aspiranturanı bitirdikdən sonra Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə həmin kafedrada baş laborant vəzifəsinə götürülüb.
1977-ci ildə Ç.İldırım adına AzPİ-nin Kirovabad filialına (indiki Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhəri) keçirilib.
1984-cü ildə Azərbaycan Texnologiya Universitetinin
“Kimya” kafedrasında dosent vəzifəsinə seçilib.
1991-1997-ci illərdə həmin kafedranın müdiri işləyib.
1997-ci ilin sentyabr ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baş mütəxəssis vəzifəsinə təyin olunub və həmin ilin noyabr ayından
TQDK nəzdində olan “Abituriyent” hazırlıq kursunun rəhbəri vəzifəsinə keçirilib.
2001-2006-cı illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru işləyib.
25 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru təyin olunub və Prezidentin 08 noyabr 2012-ci il Sərəncamı ilə rektor vəzifəsindən azad olunub.
Mart 2013-cü ilin martından 2014-cü ilin aprelinə kimi
ADİU-nun Magistratura mərkəzinin direktor müavini vəzifəsində işləyib.
24 aprel 2014-cü il tarixindən hal-hazıra qədər AzTU-nun “Kimya” kafedrasının müdiri vəzifəsində çalışır.
E.İ.Məmmədov 1975-ci ildə namizədlik, 1992-ci ildə “Allilhalogenidlərə asilxloridlərin elektrofil birləşmə məhsullarının heterotsiklləşməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Ona 1984-cü ildə dosent, 1994-cü ildə isə professor elmi adları verilib.
Prof. E.İ.Məmmədov kimyanın əsas sahələrindən biri olan üzvi kimya sahəsində geniş və dərin elmi-tədqiqatlar aparan, üzvi sintezi yeni üsullarla zənginləşdirən, üzvi kimya və biokimya istiqamətində yeni məktəb yaradan kimyaçı-alimdir. Məhz onun tərəfindən doymuş və doymamış halogenketonlar əsasında bir və ikiheteroatomlu heterotsiklik birləşmələrin preparativ sintez üsulu işlənib hazırlanmışdır.
Prof. E.İ.Məmmədov karbon turşuları xloranhidridlərinin allilhalogenidlərə birləşmə məhsullarından furan törəmələrinin preparativ yeni alınma üsulunu hazırlamışdır.
Prof. E.İ.Məmmədovun heterotsiklləşmə sahəsində apardığı elmi-tədqiqat işlərinin nəticəsi olaraq müəyyən edilmişdir ki, dixlorbutanonlara və xlorbutenonlara birli aminlərlə və ammonyakla təsir etdikdə asanlıqla pirrol törəmələri alınır. Bu yeni sintez üsuluna müəlliflik şəhadətnaməsi alınmış və metod dünya üzvi kimyaçılarının böyük marağına səbəb olmuşdur. Akademik B.A.Trofimov bu yeni sintezKost – İbrahimov – Məmmədov üsuluadlandırmışdır (Усп. Химии, 1989, т.58, вып.2, с. 275-302).
Halogenketonlara DMFA mühitində P2S5-lə təsir edildikdə tiofen törəmələri alınmış, hidriazin və fenilhidrazinin təsirindən isə pirazolin və pirazol birləşmələri sintez olunmuşdur.
Beləliklə, prof. E.İ.Məmmədov başlanğıc maddələr kimi asilxloridlərin allilhalogenidlərə birləşmə məhsullarından istifadə edərək müxtəlif bir və ikiheteroatomlu beşüzvlü heterotsiklik birləşmələrin- furanların, pirrolların, tiofenlərin, pirazolin və pirazolların kompleks sintez üsulunu tədqiq etmiş vəən çox ehtimallı heterotsiklləşmə mexanizmini təklif etmişdir.
Prof. E.İ.Məmmədov 100-dən çox elmi əsərin, o cümlədən 7 müəlliflik şəhadətnaməsinin, 1 patentin, 6 dərslik, elektron dərslik və dərs vəsaitinin,6 metodik vəsait və fənn proqramının, 2 elektron resursun müəllifidir. Uşaqlar üçün “Kimya” ensiklopediyasını rus dilindən tərcümə etmişdir. Elmi-tədqiqat işlərinin nəticələri bir çox nüfuzlu jurnallarda- ЖОрХ, ХГС, Sulfur Letters, Journal of Molecular Structure: THEOCHEM və s. çap olunmuşdur. Bir çox Beynəlxalq konfrans və simpoziumlarda (Moskva, Tbilisi, Kazan və s.) çıxış etmişdir.
2012-ci ildə elm və kadr hazırlığı sahəsindəki nailiyyətlərimə görə Avropa Biznes Assambleyası Rəyasət Heyətinin, Avropa Rektorlar Klubu Akademik Şurasının və Beynəlxalq Sokrat adına Nominasiya Komitəsinin qərarı ilə “Elmdə fəxri ad” qızıl medalına layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir oğlu, iki qızı vardır.
P.S.:
Biz də turan.info.az-ın yaradıcı heyəti adından
AzTU-nun “Kimya” kafedrasının müdiri, tanınmış alim, kimya elimləri doktoru, çox hörmətli professor Elman Məmmədovu anadan olmasının 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək, ona uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Dr. Müşfiq BORÇALI,
ZİM.Az
.