Türklərin dünyaya bəxş etdiyi nadir incilərdən olan “Dədə Qorqud kitabı” (“Kitabi-Dədə Qorqud) yalnız dilimizin və ədəbiyyatımızın deyil, eyni zamanda etnik tariximizin öyrənilməsində böyük əhəmiyyət kəsb edən mühüm mənbələrdəndir. Orta əsr oğuz xalq yaradıcılığının görkəmli abidəsi olan bu epik əsəri bir çox tədqiqatçılar haqlı olaraq milli-etnik varlığımızın ensiklopediyası adlandırırlar.
İndiyədək “Dədə Qorqud kitabı”nda bəzi süjetlərin tarixi gerçəkliklərlə səsləşməsinə dair müəyyən fikirlər irəli sürülüb araşdırmalar aparılsa da, zənnimizcə bu istiqamətdə düyünləri aça biləcək ilk tutarlı addım türkiyəli tədqiqatçı Muammer Kemaloğlu tərəfindən atılmışdır. M.Kemaloğlunun 2018-ci ildə Ankara şəhərində “Kitap72” nəşriyyatında işıq üzü görmüş “Dədə Qorqud (dastan içrə tarix)” əsəri “Kitabi-Dədə Qorqud” dastanlarının tarixi aspektdən çözülməsi yönündə uğurlu başlanğıcdır.
Əsərin mahiyyəti və məzmunu haqqında danışmazdan əvvəl qısaca, bir neçə kəlmə müəllifin özü haqqında məlumat vermək istərdim. Muammer Kemaloğlu 1960-cı ildə Türkiyənin Doğu Anadolu bölgəsində, Muş vilayətinin Bulanık elçəsində dünyaya göz açmışdır. Ulu babaları Bulanığa Axılkələk bölgəsinin Göyyə kəndindən, Göyyəyə isə Qazax mahalından köç etmiş, Azərbaycan türklərinin məşhur Alqazaxlı (Şıxlinski) soyundan olan qarapapaq ağaları olub. Hazırda Ankarada yaşayan, uzun müddət Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yollarında (TCDD) müxtəlif məsul və rəhbər vəzifələrdə çalışan, günümüzdə də TCDD 2-ci bölgə müdirliyində öz əmək fəaliyyətini davam etdirən M.Kemaloğlunu adını çəkdiyimiz dəyərli əsəri yazmağa sövq edən də elə öz əsilzadə nəsil-nəcabətinin soy kötüyünün – Alqazaxlıların tarixi keçmişinə işıq salmaq istəyi olmuşdur.
Qazax-Borçalı bölgəsinin, qarapapaqların etnik tarixi mənim də elmi maraq, bilgi və çalışma dairəmə daxil olduğu üçün Muammer bəyin bu istiqamətdə fəaliyyətlərini diqqətlə izləyirdim. Yeri gəlmişkən qeyd edim ki, Borçalı əsilli filoloq-alimlərimizin araşdırmalarından “Kitabi-Dədə Qorqud” dastanlarındakı bəzi motivlərin, məkanların, leksik vahid və özəlliklərin Gürcüstanla, xüsusən də Borçalı və Ahısqa bölgələri ilə bağlılığı barədə elmi camiənin bilgisi var idi. Prof. Dr. Valeh Hacıların “Gürcüstanda türk xalq ədəbiyyatı” monoqrafiyasının “”Kitabi-Dədə Qorqud” və gürcü xalq ədəbiyyatı” adlanan paraqrafında “Dədə Qorqud kitabı” eposunun gürcü folkloru ilə bağlılığı araşdırılır. V.Hacılar yazırdı ki, bəşəri xüsusiyyətlərinə görə eposun bəzi boyları Qafqaz xalqları arasında, o cümlədən gürcülər içərisində geniş yayılmış və zaman keçdikcə milli kolorit almış, Dədə Qorqud dastanlarının bir sıra boylarında rastlanan surətlər və mifoloji dünyagörüşünün oxşar izləri gürcü epik nəğmələrində və osetin mifologiyasında da əks olunmuşdur. Prof. Dr. Mədəd Çobanov, Prof. Dr. Şurəddin Məmmədli, Prof. Dr. Əzizxan Tanrıverdi, Dos. Dr. Gülnarə Qocayeva-Məmmədova, Dr. Müşfiq Çobanlının tədqiqatlarında isə “Dədə Qorqud”un Borçalı izləri araşdırılır, bu çərçivədə tarixi-coğrafi onomastik uyğunluq və ləhcə-ağız identikliyi incələnir.
Gürcüstanda türk etnik vahidinin təşəkkülündə izi olmuş tayfa birliklərinin tarixi ilə ilgilənən bir araşdırmaçı olaraq M.Kemaloğlunun böyük intuziazm və əzmkarlıqla girişdiyi bu işin hansı sonuca varacağını, tarixşünaslığımıza hansı yeniliyi gətirəcəyini səbirsizliklə gözləyirdim. Əsər ərsəyə gələnə qədər onun özü ilə dəfələrlə yazışmış, görüşmüş, müəyyən məsələlərə dair fikir və sənəd-mənbə mübadiləsi etmişdik. M.Kemaloğlu yalnız mənbələrlə işləməklə kifayətlənməmiş, Türkiyədən əlavə Azərbaycan, İran və Orta Asiyada ulularının – qazaxlıların ayaq izləri olan bölgələri addım-addım gəzmiş və nəticə etibarilə ortaya sanballı bir kitab çıxarmışdır. “Dədə Qorqud (dastan içrə tarix)” adlanan bu kitab giriş, “Dədə Qorqudda tarixsəl arxa plan”, “Salur-Qaramanlar” və “Dədə Qorqud ellərində iki türk boyu” başlıqlı üç bölüm və biblioqrafiyadan ibarətdir.
Kitabı nəzərdən keçirəndə bəlli olur ki, M.Kemaloğlu yaxın əqrəbası, görkəmli qorqudşünas-alim Prof.Dr. Muharrem Erginin “Dastan tarixdən doğular” sözlərini əlində əsas tutaraq, yuxarıda da qeyd etdiyimiz kimi, öz nəsil şəcərəsinin izində Ağqoyunlulardan əvvəlki oğuz/türkmən tarixini araşdırmışdır. Xüsusən də müəllif tərəfindən Prof.Dr. M.Erginin tərtib etdiyi “Dədə Qorqud kitabı, I-II”, “Oğuz dastanı”, “Şəcəreyi-tərakimə”, “Təvarixi-ali-Səlcuq”, “Topqapı Oğuznaməsi”, Lori vilayəti İcmal Dəftəri” kimi mötəbər tarixi mənbələr, Səlcuqlu, Elxanlı, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı və Gürcüstan tarixinə dair müvafiq elmi ədəbiyyat dəyərləndirilərək “Kitabi-Dədə Qorqud” dastanlarında cərəyan edən hadisələrin hamısının oğuz/türkmən tarixi ilə bağlı olduğu iddiası irəli sürülmüşdür. Eyni zamanda dastanlar tarixi dövrlər – Sırdərya Oğuz Dövləti (X əsr), Böyük Səlcuqlu Dövləti (XI əsr) və Ağqoyunlu Dövləti (XIV) dövrləri və Oğuz ellərini əhatə edən coğrafi bölgələr üzrə təsnifatlaşdırılaraq onların ayrı-ayrılıqda real tarixi hadisələrlə bağlılığı təhlil edilmişdir. “Qazan biq oğlı Uruz biqün dustaq olduğı” (“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu”), “Salur Qazanın ivi yağmalanduğı” (“Salur Qazanın evinin yağmalandığı”) və “İş Oğuza Daş Oğuz asi olub Beyrək öldügi” (“İş Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü”) dastanlarında hadisələrin Qazax mahalında (Qazax-Borçalı bölgələrində) baş verdiyi nəticəsinə gəlinmişdir.
Zənnimizcə M.Kemaloğlunun tədqiqat işinin əsas ipucu və etnik tariximizdə bəzi qaranlıq mətləbləri aydınlada biləcək dönüş nöqtəsi “Dədə Qorqud” eposunun qəhrəmanlarından Qazan xanın (Salur Qazanın) adının əslində Qazax xan olması mülahizəsinin irəli sürülməsidir. Müəllifə görə, Qazax xan antroponimi ya bilərəkdən Elxanlı hökmdarı Sultan Mahmud Qazan xanın adına uyğunlaşdırılmış, yaxud da “Dədə Qorqud kitabı” və digər oğuznamələrdə səhvən Qazan xan şəklində yazılmışdır.
Qeyd olunan mülahizə əsasında Sırdərya (Seyhun) çayı mənsəbindən başlayaraq Nurata Səraxs Manqışlaq Gürgan Zəncan Əhər Şəmkir Qazax mahalı trayektoriyası üzrə oğuzların axınlarını və fəthlərini araşdıran M.Kemaloğlu həmin bölgələrdə baş verən tarixi hadisələri elmi süzgəcdən keçirmiş, Qazax xanın sülaləsinin davamçıları olan qazaxlıların adı ilə bağlı yer-yurd adlarını təsbit etmiş və belə bir önəmli nəticəyə gəlmişdir ki, qazaxlılar oğuz/türkmən tarixində önəmli rol oynamışdırlar və onların şəcərə yolları “Kitabi-Dədə Qorqud” epik hekayələrindəki (boylarındakı) bəzi dastan qəhrəmanları ilə kəsişmişdir.
Müəllifin gəldiyi digər bir qənaətə görə, IX-X əsrlərdə Sırdəryada, sonra Böyük Səlcuqlu Dövləti tarixi içərisində, daha sonra Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı türk-oğuz/türkmən dövlətləri dönəmində baş vermiş mücadilələrdə və digər tarixi hərbi-siyasi proseslərdə göz önündə olan qazaxlılar ən böyük və güclü oğuz boylarından olan salurların boy bəylərini təşkil edən qaramanlarla eyni kökdəndirlər. M.Kemaloğlunun bu qənaətini gücləndirən mühüm amillərdən biri salur boy bəyinin oğuznamələrdə adı çəkilən 3 oğlundan (Qutluğ bəy, Qazan bəy, Qaraman bəy) ikisinin – Qazan bəy (Qazax bəy) və Qaraman bəyin adlarının Qazax mahalında toplanmış rəvayətlərdə və yerli el şairlərinin şeirlərində Qazax-Qaraman mahalı, Qazaxlı-Qaramanlı oymağı şəklində yanaşı çəkilməsidir.
Qeyd edək ki, qazaxlıların Sırdərya və Amudərya çayları hövzələri, Manqışlaq yarımadası ilə bağlılığına dair məlumatlara digər mənbələrdə də rast gəlinir. Rus tarixçisi və etnoqrafı İvan Şopen Tiflisdə rus dilində çap olunan «Tiflisskiye vedomosti» qəzetinin 14 avqust 1830-cu il sayında «K.A.Ş.» (“kollec asessoru Şopen”) imzası ilə dərc olunmuş və elmi dövriyyəyə bu sətirlərin müəllifi tərəfindən gətirilmiş məqaləsində yazırdı: «Qazaxlar tayfasına daxil olan qarapapaqlar 1078-ci ildə, yəni Gürcüstanda II Georginin çarlığı dövründə Ciqun (böyük ehtimalla Ceyhun, Amudərya) çayını keçib indiki Qazax distansiyasının ərazisində məskunlaşmış, oradan qonşu əyalətlərə yayılmışdırlar».
XVII əsrdə Qafqaza səyahət etmiş, bu səyahəti sırasında Qazax mahalında da olmuş tanınmış fransız səyyahı Jan Şarden özünün yol qeydlərində bu mahalın əhalisinin Xəzər dənizinin şimal-şərqindəki dağlarda, yəni ki, Manqışlaq yarımadasında yaşayan qazax tayfalarından törədiyini vurğulayırdı.
Sırdərya bölgəsində mövcud olan Sığnaq, Sarvan kimi toponimlərə Qazax mahalına qonşu bölgələrdə (indiki Gürcüstan ərazisi daxilində) rastlandığı da gözardı edilməməlidir.
Əlavə olaraq onu da qeyd edək ki, M.Kemaloğlu öz əsərində, həmçinin, “Dədə Qorqud kitabı”nın yazarını müəyyən etməyə çalışır və oğuznamə mətnlərinin müqayisəli təhlili əsasında bu eposun XV əsrdə İstanbulda “Təvarixi-ali-Səlcuq” adlı məşhur əsərin müəllifi olan Əli Yazıçızadə tərəfindən yazıldığını təxmin edir.
“Dədə Qorqud (dastan içrə tarix)” monoqrafiyasının xalqımızın etnogenezinin araşdırılması yönündə əhəmiyyətini bir daha xüsusi vurğulamaqla, tədqiqat əsərində əlavə etmək istədiyimiz və ya razılaşmadığımız bəzi məqamlar barədə də bölümlər üzrə ardıcıllıqla öz fikrimizi bildirmək istərdik:
Tədqiqatın 1-cü bölümündə, səhifə 118-də müəllif yazır: “Qazax elinin 1077-ci ildən daha öncəki adının Əl-Bəlazuri tərəfindən qələmə alınan və İslam tarixi qaynaqlarından ən bilinənlərdən birisi olan “Fütuhul-Büldan” adlı əsərdə Kisal olaraq qeyd olunduğu görülməkdədir”. Ehtimal edirik ki, Əl-Bəlazurinin əsərində adı çəkilən Kisal şəhəri müasir Qazax şəhərindən 5 km məsafədə yerləşən Kosalar kəndinin ərazisində yerləşmişdir və Kisal toponimi sözügedən kəndin adında ehtiva olunur. Borçalı mahalının Qazax mahalı ilə sərhəddə qərar tutan üç Kosalı kəndinin (2-si Kür çayının sağ sahilində, 1-i onlarla üzbəüz Kür çayının sol sahilində) adlarının da Kisal ilə toponimik bağlılığı göz önündədir. Bir-birinə qonşu-qohum olan bu Kosalı kəndlərinin coğrafi relyef baxımından şəhərçilik üçün əlverişli ərazidə – Kür çayının hər iki sahilində, Qarayazı meşələri yaxınlığında geniş ovalıqda yerləşmələri, həmin ərazidə son dövrlərdə aparılan arxeoloji qazıntılarda qədim şəhər mədəniyyəti izlərinin tapılması Kisal şəhərinin Kosalı kəndlərinin yerində mövcud ola biləcəyinin istisna edilməməsinə və mümkün ehtimallar sırasına əlavə olunmasına əsas verir;
M. Kemaloğlu öz əsərinin 2-ci bölümündə (səh.139) qazaxlıların Osmanlı-Səfəvi münasibətlərində yeri və mövqeyi barədə təfərrüatlı bilgi verib, XVIII əsr gürcü tarixçisi Vaxuşti Baqrationiyə istinad edərək XVII əsrin əvvəllərində Səfəvi hökmdarı Şah Abbasın Həmədan (Komican-Bozçalı) civarından türkmən oymaqlarını qazaxlı oymağının yerinə Ağcaqalaya məskunlaşdırdığını və o tarixdən etibarən bu ərazilərin Bozçalı bölgəsinin adına uyğun Borçalı adlandırıldığını yazır. Birincisi onu qeyd etmək istərdik ki, dilimizin fonetik qanunlarında, eləcə də yerli Qazax-Borçalı ləhcəsində “z” ”r” səs əvəzlənməsi müşahidə olunmur. Ona görə də, Bozçalı toponiminin Borçalı toponiminə transformasiya olunması ehtimalı zəifdir. İkincisi də, Şah Abbas dövründə türkmən oymaqlarının Borçalı ərazisinə məskunlaşdırılmasının mümkünlüyünü inkar etmirik, ancaq bu oymaqların məhz Həmədan-Bozçalı bölgəsindən köçürülməsi barədə heç bir mənbə və faktoloji materiala rast gəlinmir. Zənnimizcə, Borçalı toponiminin qıpçaq tayfa birliyinə daxil olan borçoğlu/burcoğlu tayfalarının adı ilə bağlı olduğu barədə səsləndirilən ehtimallar daha tutarlıdır.
Əsərinin 3-cü bölümündə, səhifə 175-də müəllif Azərbaycan türklərinin subetnik qruplarından olan qarapapaqların (Qazax-Borçalı əhalisinin) oğuz/türkmən kökənli olduğunu söyləyərək, bu baxımdan onların qıpçaqlarla hansısa şəkildə əlaqələndirilməsini imkansız hesab edir. Fikrimcə, qarapapaqların soykökündə qıpçaq etnik komponentinin mövcudiyyətini belə birmənalı şəkildə inkar etmək düzgün deyil. Ən azından ona görə ki, Xəzər dənizinin şimal-şərq hissəsində, Aral dənizi sahillərində oğuzlarla qıpçaqlar bir arada, iç-içə yaşamışlar və “Dədə Qorqud kitabı”nın qəhrəmanlarından Qazan bəyin (M.Kemaloğlunun kifayət qədər məntiqli təxmininə görə Qazax bəyin) mənsub olduğu salur boyunun içində də ciddi ölçüdə qıpçaq etnik varlığı mövcud olmuşdur. Eyni zamanda XII-XIII əsrlərdə Dəşti-Qıpçaqda – İdil-Don çayları arasında və Özü (Dnepr) çayı sahillərində ömür sürən qıpçaqlar barədə soraq verən mənbələrdə izləri Borçalıdakı toponimlərdə (Ulaşlı, Qullar, Rustav və s.) öz əksini tapan ulaşoğlu/ulaşlı, quloba/qullar, urusoba, borçoğlu/borçalı, qarabörklü təki qıpçaq tayfalarının adı çəkilir. Doğrudur, Ulaş və Uruz xüsusi isimləri, “Dədə Qorqud kitabı”ndakı epik hekayələrdən də göründüyü kimi, oğuzlar arasında geniş yayılmış şəxs adları olmuşdur və Borçalıdakı Ulaşlı və Rustav yaşayış məntəqələrinin bu adlarla bağlı antrotoponim olduğunu tamamilə istisna etmək olmaz. Ancaq bununla belə, zənnimizcə, adı çəkilən məntəqələrin qıpçaqlarla bağlı etnotoponim olduğunu söyləməmiz daha məntiqəuyğundur. Beləliklə, bu qeyd olunanları, eləcə də Qazax və Borçalı ellərində yaşayan türk mənşəli əhalinin – qarapapaqların zahiri görkəmlərini, üz cizgilərini, dil-ləhcə özəlliklərini (adicə bir-birinə qonşu olan kəndlərdə sıx rastlanan şivə fərqliliklərini) nəzərə alaraq və mənbələr əsasında tarixi prosesləri diqqətə alaraq, bir sıra digər araşdırmaçılar kimi, qarapapaqların oğuz/türkmən və qıpçaq tayfalarının qarışıb-qaynaşması nəticəsində formalaşmış bir türk boyu olduğu barədə bundan öncə mövzu ilə əlaqəli kitab və məqalələrimdə söylədiklərimin üzərində dayanıram.
Təbii ki, bu yuxarıda qeyd olunanlar M.Kemaloğlunun “Dədə Qorqud (dastan içrə tarix)” əsərinin dəyərini qətiyyən əskiltmir. Gərgin əməyin məhsulu olan elmi əsərdə müəllif ixtisasca tarixçi olmasa da, Vətən tarixşünaslığı üçün yeni söz deməyi bacarmış, Azərbaycan və Anadolu türklərinin dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini-ideoloji və mədəni həyatında mühüm dəyişikliklərin baş verdiyi orta əsrlər tarixinin öyrənilməsində “Dədə Qorqud kitabı”nın mühüm mənbələrdən biri olduğunu bir daha sübut etmişdir.
Fəxri VALEHOĞLU-HACILAR
tarix elmləri doktoru
turan.info.az
.