IX FƏSİL
AZƏRBAYCAN ANTROPONİMİYASINDA
AD VƏ ADQOYMA ƏNƏNƏLƏRİ
Antroponimiyanın qədim və işlək terminlərindən biri adlardır. Adların yaranma tarixi də, o adı daşıyan xalqın öz tarixi qədər qədimdir. İlk insan kollektivi - ailə və qəbilə meydana gəldiyi zaman, ailədə və qəbilədə olan adamların - kişiləri, qadınları və uşaqları bir-birindən fərqləndirmək ehtiyacı duyulmuş və bu ehtiyacı ödəmək üçün ailə üzvlərinin hərəsinə bir ad verilmişdir. Deməli, adlar ilk insan kollektivinin təşəkküllü ilə əlaqədar olaraq yranmağa başlamış və həmin kollektivin inkişaf tarixilə birlikdə inkişaf etmişdir. Bu nöqteyi-nəzərdən insan kollektivinə xidmət edən adlar da ictimai hadisədir. İctimaiyyətdə, cəmiyyətə xidmət edən insan adlarının əsas vəzifəsi cəmiyyət üzvlərinin birini digərindən fərqləndirməklə yanaşı, insanlar arasındakı ünsiyyəti qaydaya salmaqdan ibarətdir.
Azərbaycan antroponimiyasında da adqoyma ənənələri qədim zamanlardan təşəkkül tapmışdır. Belə ki, Azərbaycan xalqının tarixi boyu ailədə övlad doğulub, aləmə göz açması həmişə sevinc, şənlik və təntənə ilə qarşılanmışdır. Bu sevinc və şənliklərdə isə yeni doğulmuş övlada ad qoyurlar. Xalqımızın tarixinə nəzər saldıqda aydın olur ki, ata-ana, qohum-əqrəba övlada ad qoyulmasına həmişə nikbin münasibət bəsləmişlər. Onlar tarixən övladlarını müxtəlif dövrlərdə və müxtəlif şəraitdə adqoyma mərasimləri və təntənələri düzəltmişlər. Bu adət-ənənə indi də xalqımız arasında geniş şəkildə yaşamaqdadır.
M.F.Axundovun obrazlı dili ilə desək, “Sağlıqda xalqın sevimlisi və öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir”. İnsan həyatının ilk səadəti isə ona verilən şəxsi adı ilə başlanır və həmin ad ona ömürlük xidmət edir. Odur ki, yeni doğulan övlada ad qoymada yüz ölçüb, bir biçmək lazımdır ki, ona cəmiyyətin ənənəsinə münasib məzmunlu və əhəngdar ad verilsin. Çünki «insanın gərək hər şeyi gözəl olsun: üzü də, paltarı da, qəlbi də, fikirləri də» (A.P.Çexov), hətta, adı da. İndoneziya atalar sözündə deyildiyi kimi “Pələng ölür - dərisi, fil ölür - sümüyü, insan ölür adı qalır”.
Makedoniyalı İskəndərin təbirincə desək, “Kişidən yadigar övlad deyil, xeyirli əməl və yaxşı ad qalar”.
XII əsrin Azərbaycan şairi, poeziya bahadırı Nizami Gəncəvi yazır:
“Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada”.
Burada “ad” sözü həm həqiqi, həm də məcazi mənada işlədilmişdir. Həqiqi mənada, o ad yadigar qala bilər ki, o məzmunlu və ahəngdar olsun. Belə adlar istər tarixilik baxımdan, istərsə də müasirlik baxımdan “şah adlar” səviyyəsinə yüksələ bilər.
Buna görə də, valideynlər öz övladlarına ad seçərkən adın ifadə etdiyi məna və məzmunu, onun cəmiyyətin zövqünə nə dərəcədə uyğun olub-olmamasını çətinlik çəkmədən müəyyən etməlidirlər.
“Qədim aləm heyran edicidir. Onun həyatında dahilik, alicənablıq, fədəkarlıq rüşeymi var. Çünki onun həyatının əsasını şəxsiyyətin əzəməti, toxunulmazlığı, ləyaqəti təşkil edir” (Belinski).
Yüksək estetik zövqə və mədəni inkişafa malik olan xalqın özü kimi adı da ahəngdar, mənalı, bədii və məzmunlu olmalıdır. Çünki şəxsi ad estetik kateqoriyaların ilkin bünövrəsini təşkil edir. Bu mənada, demək olar ki, indi xalqımız arasında bədii yaradıcılığın yeni bir növü - adyaratma (antroponimyaratma) amilləri formalaşmışdır.
Şəxsiyyətin mənəvi inkişafı, onun mədəniyyəti və əxlaqının yüksəldilməsi, cəmiyyətin hər bir üzvünün vətəndaşlıq və siyasi yetkinliyinin möhkəmləndirilməsi məsələləri xalqımızın daim diqqət mərkəzində olduğu kimi, insanların mənəvi həyatında ilkin hədiyyəsi olan adları da cəmiyyət üzvlərinin estetik zövqünü oxşamalıdır. Xalqımızın bu müdrik mülahizəsi məişət estetikasının bir kateqoriyası olan xüsusi adlarda da, xüsusi antroponimlərinin Himni filosof və şair Rafiq Zəka Xandanın “Qoymayaq” şeirində öz gözəl bədii əksini tapmışdır:
Körpə gözəl müjdədir, doğmalara, yadlara!
Ölkədə yol verməyək xalqa yasaq adlara.
Gülməli ad qoymayaq, gül kimi övladlara,
Kombayn, Obkam, Zayom, Firma, Parad qoymayaq,
Gül kimi övladlara gülməli ad qoymayaq!
Ay kimi oğlan ki, var, olmasın Ayxan neçin?
Gün kimi qız nurlanıb, gəlməsin Aydan neçin?
Ya deməyək Ayxanım, Aydəmir, Aydan neçin?
Ya neçin Aysel, Günel, Layla, Suad qoymayaq?!
Gül kimi övladlara gülməli ad qoymayaq!
Qonşumuzun oğluna bəxti bir övlad verib,
Zalımın oğlu qıza Parkomuna ad verib.
Beyninə batmış bu söz ağzına bir dad verib,
Yersiz inad sahibi etsin inad qoymayaq,
Gül kimi övladlara gülməli ad qoymayaq!
El-obanı duymayan əcnəbi ad uydurur,
Anlamayır, arxada ənənə, kök, soy durur.
Uf demədən sarsaq ad körpələrə qoydurur,
Cərgəmizə lağlağı, fitnə-fəsad qoymayaq,
Gül kimi övladlara gülməli ad qoymayaq!
Dildə gəzir sözləri xalqına aşiqlərin,
Sevgili Cəfərlərin, sevimli Müşfiqlərin.
Adlarına göz qoyaq andına sadiqlərin,
Biz niyə Elxan, Səhər, Yaxşı, Polad qoymayaq?
Gül kimi övladlara gülməli ad qoymayaq!
Doğma ad örnəkləri çıxmalıdır ortaya:
Göyxan, Ərol, Yerduran, Aypara, Ölkəm, Qaya!
Yaş kağızı dolduran bunları almır saya,
Kim deyir, azmışlara azca savad qoymayaq?!
Gül kimi övladlara gülməli ad qoymayaq!
Ay camaat qandıraq bir para hissizləri,
Varmı gülünc adları vadar edən bizləri?!
Öz dilimizdən alaq qəlbə yatan sözləri,
Ad yerinə özgədən gəlmə sayad qoymayaq,
Gül kimi övladlara gülməli ad qoymayaq!
Körpə oyuncaq deyil, körpəyə hörmət qoyaq,
Yurddaşımızdır sabah, şanına qiymət qoyaq.
Bir təzə ad tapmasaq, Natəvan, İzzət qoyaq,
Kəblənisə qoymayaq, Məşədi İbad qoymayaq,
Məsxərəyə qoymasın onları yad,qoymayaq!
Gül kimi övladlara gülməli ad qoymayaq!
Adqoyma ənənəsinin himni kimi səslənən bu poetik parçada ailənin müjdəsi olan övlada ahəngdar, saf və səmimi mənalar bildirən adlar verilməsi problemi öz bədii və geniş əksini tapmışdır. Bu hamının ürəyindən xəbər verən Himndir. Çünki “Uşaq evin gülüdür”, “Uşaqlı evdə hər gün toy-bayramdır”, “Uşaq qığıltısı ən gözəl musiqi sədasıdır”, Evin gülünə, toy-bayram sahibinə isə gül kimi zərif, incə, lətafətli, ahəngdar və gözəl, adlar qoyulmalıdır. Adlarda gözəllik anlayışı çox geniş mənaya malik olmalıdır. Çünki adlar xalqın həyat hadisələrinə, insana münasibətində özünü təzahür etdirir. Adlarda “gözəllik anlayışı, xalqın estetik ideyası, ülvilik, qəhrəmanlıq” və s. üzvi sürətdə yaxından bağlıdır.
Advermə prosesində hər bir valideyn və ya ad seçən şəxs aşağıdakı cəhətlərə diqqət yetirməlidir:
1. Ad (antroponim) dilimizin ahəndar səslənən, gözəlliyi və zərifliyilə fərqlənən sözləri əsasında düzəldilməlidir.
2. Ad ifadə etdiyi məna və məzmun etibarilə hamının mənəvi zövqünü oxşayan sözlər əsasında düzəldilməlidir.
3. Ad, əsasən, sadə kök sözlər əsasında düzəldilməlidir. Çünki müasir mərhələdə xalqların bir-birilə siyasi, iqtisadi, mədəni və başqa münasibətlərdəki yaxınlığı onların adlarının da başqa bir dilə keçməsinə geniş imkan yaradır. Bu əlaqələr ayrı-ayrı xüsusi adların (başqa bir xalqın) istifadə edilməsini, onların transliterasiyasını asanlaşdırır.
4. Ad gözəl və zərif olmalıdır. Advermə təntənəsində xalqımızın gözəl bir kəlamı da unudulmamalıdır: “Adı gözəl olanın, özü də gözəl olar”. Çünki ad valideynlərin övladlarına verdiyi ilk və həm də ömürlük hədiyyədir. Ola bilər ki, həmin adın sahibi gələcəkdə valideynin ilk hədiyyəsi - şəxsi adı ilə ədəbiyyat, elm və mədəniyyət tarixində əsrlərlə yaşamaq iqtidarına malik olacaqdır. Bu zaman onun adı fəaliyyətinin məzmununa uyğun olar və hamı tərəfindən sevilə-sevilə xatırlanar... Buna görə də, evin gülünə-övladlara komik və gülməli adlar qoymaq olmaz.
Bəzi valideynlərimiz elə bil qəsdən övladlarına münasib olmayan, mənaca komik, ahəngdar səslənməyən adlar seçməklə antroponimiyamızın təbiətini və gözəlliyini korlamaq istəyirlər. Buna isə müasir inkişaf etmiş cəmiyyətimizdə yol vermək olmaz. Ona görə ki, antroponimiyamızın zənginliyi və ahəngdarlığı, dilimizin təmizliyi, zənginliyi və gözəlliyi deməkdir. Başqa sözlə desək, Ad xalqımızın yüksək mədəniyyətə malik yetkinliyi deməkdir. Odur ki, adların gözəlliyi və ahəngdarlığı keşiyində bütün valideynlər, ziyalılar, yazıçılar, alimlər və bütün xalq durmalıdır. Bu, ümumxalq əhəmiyyətli dövlət işidir, tarixi kateqoriyadır. Ada laqeyd münasibət bəsləmək olmaz...
Hörmətli valideynlər, gəlin ada (antroponimə) adı daşıyan gül balalara belə hörmətsizlik etməyək, onları ucuz tutub yerli-yersiz sözlərlə adlandırmayaq. Axı, valideyn üçün ad, övlad adı hər şeydən qiymətli olmalıdır. Çünki övladın adı valideynin daxili aləminin və mənəvi qüvvətinin ifadəsidir, valideyn öz xoş təəssüratını, gələcək xələflərinin xoşbəxtliyini, cəmiyyət üzvləri arasıdakı mövqeyini əvvəlcədən düşünməli və övladına ad verməlidir. Valideyn ad vasitəsilə övladının qəlbinə yol tapır, çünki ata-ananın övlada ilk hədiyyəsi olan adlarda özünü biruzə verir. Buna görə də, adı sevə-sevə seçib işlətmək lazımdır. Unutmamalı ki, ad dildə nitq fəaliyyəti ilə yaxından bağlıdır. Adsız (antroponimsiz) insanlar arasındakı ünsiyyəti təsəvvür etmək olmaz.
Hər bir valideyn yeni doğulan övladlarına ad verərkən öz Ana dilinin lüğət tərkibini, onun antroponimyaratma xüsusiyyətini, sözlərin leksik-semantik cəhətlərini nəzərə almalıdır. Əlbəttə, bütün dillərin söz ehtiyatı eyni olmadığı kimi, adyaratma imkanları da eyni dərəcədə ola bilməz. Bəzi dillərin, o cümlədən, Azərbaycan dilinin adyaratma imkanları çox zəngin və rəngarəng olduğu kimi, bəzi dillərin adqoyma imkanları isə zəif və bəsitdir. Adyaratma imkanlarına görə, şübhəsiz ki, bizim Ana dilimiz birincilər sırasına daxildir.
Azərbaycan xalqının mədəniyyəti və elmi tarixində mühüm rol oynamış Orta əsrlər Şərqində böyük ensiklopediyatçı alim, görkəmli filosof kimi şöhrət tapmış Nəsrəddin Tusi də “Əxlaqi-nasiri” əsərində xalqımız arasında yayılmış olan adqoyma ənənələrilə əlaqədar olaraq yazırdı: “Uşaq olcaq, ilk növbədə, ona yaxşı bir ad qoymaq lazımdır. Namünasib ad qoysalar, bütün ömrü boyu bundan dilxor olar, qanı qaralar”. Görkəmli alimin bu kəlamına hamı riayət etməlidir. Çünki yeni doğulmuş övlad gələcək cəmiyyətin fəal üzvlərindən biri olmalıdır. Onun adı isə cəmiyyət üzvləri arasında ahəngdar və mənalı səslənməli, onu dilxor etməməlidir.
Axı, unutmamalıyıq ki, insanlara verilən adlar şərti olsa da, ömürlükdür; yəni onu daşıyan adam nə qədər yaşasa, həmin ad da ona xidmət edir. Buna görə də, ayrı-ayrı şəxslərin adı, atasının adı, soy adı və hətta, elm və ədəbiyyat xadimlərinin qəbul etdiyi ədəbi təxəllüslər də hamı üçün rəsmidir; onlar dövlət tərəfindən qeydə alınır, qorunur, müxtəlif rəsmi sənədlərdə, o cümlədən, pasport, vəsiqə və şəhadətnamələrdə öz sabitlik, müstəqillik və toxunulmazlıq hüququnu daim saxlayır.
Yeni doğulan övladlara adqoyma mərasimində bir məsələni də yaddan çıxarmaq olmaz. Bu da, ondan ibarətdir ki, adqoyma prosesi dərketmə və öyrənmə prosesi ilə yaxından bağlıdır. Övlada (yeni doğulan uşağa) müsbət mənalı və ahəngdar səslənən gözəl ad seçmək bacarığı da bilavəsitə dili, dilin lüğət tərkibini və qayda-qanunlarını dərindən bilmək, ondan təcrübi şəkildə istifadə etməkdən ibarət olmalıdır. Məhz buna görə də, hər bir ad dilin lüğət tərkibinin daxili imkanları hesabına yaradılmalıdır... Başqa sözlə desək, yeni doğulan uşağa adseçmə zamanı Adın ümumi mənası və müasirliyi-xəlqiliyi mütləq nəzərə alınmalıdır...
Dinin hakim olduğu dövrlərdə isə belə şəxsləri mollalar və axundlar əvəz etmişlər. Hər hansı bir ailədə uşaq doğulanda valideyn ona ad qoydurmaq üçün mollanın yanına gedər, əvvəlcə kitabın (Quranın) üstünə nəzir qoyar, sonra isə gəldiyi mətləbi mollaya bəyan edərdi. Molla da kitabını açar, orada rast gəldiyi ilk adı uşağa qoymağı məsləhət görərdi. Valideynlər isə mollanın kitabdan (Qurandan) qoyduğu adı müqəddəs hesab edərdilər.
Müsəlman ölkələrində dinin hökmran olduğu bir dövrdə Allaha inanmaq, “Allahdan başqa sitayiş ediləcək bir məbud yoxdur” ifadəsinin hamının dilində əzbər olduğu zaman Allaha inamı daha da artırmaq məqsədilə hakim sinfin nümayəndələri və ruhanilər öz mənafeləri naminə övladlarına Allah və peyğəmbərlərin adını qoyardılar. Bu məqsədlə də “mömin müsəlmanlar” “Allahın ən gözəl adlarının” siyahısını düzəltmişlər: bu siyahıda (“Allah” adı da daxil olmaqla) tam 100 ad vardır.
“Daha sonrakı zamanlarda Allahın adlarını tədqiq edən müsəlman ilahiyətçıləri (ehtimal ki, xristian ilahiyyatının təsiri ilə) bu adların altında gizlənən atributları (sifətləri) axtarmağa vadar oldular. Bu da Azərbaycan antroponimiyasında yerli adlarla yanaşı, bir sıra alınma adların meydana gəlməsinə və bir qrup adların tərkibində “Allah” sözünün işlənməsinə səbəb olmuşdur. O cümlədən, Allahqulu, Allahverdi, Allahverən, Allahyar, Əbdülvahab, Əbdülvahid, Əbdülqədir, Əbdülsəməd, Əbdülrəhman, Əbdülkərim, Əbdülrahim, Ağakərim, Əmrulla, Nəsrulla və s. Bu antroponimlərin tərkibindəki Vahab,Vahid, Qədir, Rəhim, Səməd, Rəhman, Kərim “Allahın ən gözəl adları”ından birini qoyardılar. Bəzi geri qalmış dindar valideynlər isə mollanın kitabdan (Qurandan) qoyduğu belə adları müqəddəs hesab edər və yeri gəldikcə mən uşağıma “kitab açdırıb” ad qoydurmuşam, -deyə “lovğalanırdı”. Yaşlı nəslin nümayəndələri olan belə valideynlərə indi də tək-tək rast gəlmək olur. Bu hal, demək olar ki, ölkəmizdə Sovet hakimiyyəti qurulana qədər geniş şəkildə davam etmişdir.
Bu ənənə bütün müsəlman Şərqində olduğu kimi, türk xalqlarının, o cümlədən, azərbaycanlıların da tarixən adət-ənənəsinə çevrilmiş və VII əsrin əvvəllərindən islam dini ilə əlaqədar olaraq davam etmişdir. XX əsrin 30-40-cı illərində başqa xalqlarda olduğu kimi, azərbaycanlılar arasında da əsasən şəhərlərdə öz uşaqlarına Avropasayağı adlar qoyurdular: Elvina, Elita, Jasmen, Esmiralda və s.
Bu, hər şeydən əvvəl, Avropa ölkələri yazıçılarının əsərlərinin kütləvi şəkildə Azərbaycan dilinə tərcüməsi, kinofilmlərinin nümayişi, mədəni-turist əlaqələrinin güclənməsi və s. ilə əlaqədar idi.
Azərbaycan antroponimiyası üzərində tarixi aspektdə apardığımız müşahidələr belə nəticəyə gəlməyə imkan verir ki, artıq, 50-ci illərdən sonra valideynlər öz övladlarına ad seçməkdə müstəqil hərəkət edir və dilimizin öz ahəngdar və məlahətli sözləri əsasında adyaratmağı üstün tutmuşlar. Bir sözlə, “gəncliyin nümayəndələrinin adlandırılmasında yenilik çaları olan adlara meyl daha çox hiss olunur”.
Əlbəttə, bu işdə yeni doğulanlara adların seçilməsində dövrü mətbuatın, bədii ədəbiyyatın və ziyalı kütləsinin rolunu, xalqımızın mədəni inkişafı ilə əlaqədar olaraq, bir sıra ictimai yerlərə, o cümlədən, şənlik evlərinə, kafelərə, mağazalara, teatrlara və s. Səadət sarayı, Lalə və Nərgiz kafeləri, Təranə mağazası. Natəvan klubu və s. kimi gözəl və məzmunlu adların verilməsi də böyük rol oynamışdır.
1968-ci ildə SSRİ Ali Sovetinin nigah və ailə haqqında qəbul etdiyi və sonralar isə müttəfiq Respublikaların Qanun Məcəlləsində öz əksini tapan qərara əsasən valideynə öz zövqünə uyğun olaraq, övladına ad seçmək hüququ verilmişdir. Bu hüququ qiymətləndirmək və ondan cəmiyyət və övlad qarşısında məsuliyyətlə istifadə etmək lazımdır. Təəssüf ki, valideynlərin müəyyən qrupu bu sərbəstliyin mahiyyətini və məsuliyyətini başa düşmür. Adqoymada “orijinallıq” xatirinə övladlarına necə istəsə, elə də, ad qoyur. Oğlana Sputnik, Diferensial, qıza Raketa, Sulfidin, Oysandıx, Nöqtə, Qalet, Şaqalad, Tarix və s.
Bəli, valideynlər isə övlad mənimdir, necə istəsəm elə də ad qoyacam, deyərək cəmiyyətin ümumi adət-ənənəsini pozur və hətta, uşağına məişətə uyğun olmayan gülünc adlar qoyurlar...
Sovet hakimiyyəti qalib gəldikdən sonra ölkəmizdə geniş məktəb şəbəkəsi təşkil edilir, savadsızlıq ləğv olunur, böyük ziyalılar ordusu yaranır, qəzet və jurnal, müxtəlif siyasi və bədii ədəbiyyat, radio və televiziya verilişləri xalqımızın məişətində özünə geniş yer tapır. Bu da xalqımızın məişətində özünə yer tapan adqoyma mərasimlərində dəyişikliklər edilməsinə səbəb olmuşdur. İndi də yeni doğulan uşağa adqoyma mərasimi və yaxud ad günü sevinc və şadlıqla qeyd olunur. El-oba adətinə görə yaxın-uzaq tanışlar, qohumlar yığılıb gəlir, ailəyə gözaydınlığı verir. Məclis qurulur, şənlik edir, şirni paylayırlar... Məclisdəkilər uşağa (oğlana və ya qıza) müasir həyat və məişətlə səsləşən yeni mənalı və yeni məzmunlu gözəl bədii adlar qoyurlar. Çünki “Uşaq evin gülüdür”. Bu işdə ziyalılarımızın, xüsusilə, müəllimlərimizin də yaxından iştirakı vacibdir.
Bu münasibətlə, C.Cabbarlı, hələ, 1925-ci ildə “Molla Nəsrəddin” jurnalının 44-cü nömrəsində “Tarixi adlar” başlığı ilə çap etdirdiyi məqaləsində yazmışdır:
«Bir çox qohum-qardaşım və dost-aşnalarım həmişə uşaqları olanda yanıma gəlib deyirlər ki, sən köhnə yazıçısan, bilirsən uşaqlarımıza nə ad qoyaq.
Doğrudan da, uşağa ad tapmaq, uşağın özünü dünyaya gətirməkdən çətindir. Bunda işimiz yox.
Bir tərəfdən yuxarıdakı səbəbi nəzərə alıb, bir tərəfdən də azəri (Azərbaycan. -M.Ç.) ədəbiyyatına bir xidmət olmaq üçün otuz ildən bəri çəkdiyimiz zəhmətlər və çalışmaqların nəticəsində adlar haqqında qazandığım müvəffəqiyyətləri bu gün “Molla Nəsrəddin” səhifələrində çap etdirəm və gümanım budur ki, mənim zəhmətimi hamı alqışlayacaqdır.»
Yuxarıdakı qeydlərdən göründüyü kimi, C.Cabbarlı adyaratma və adseçmə sahəsində də fəaliyyət göstərmiş və yeni doğulan övladlara adqoyma işində valideynlərə qiymətli məsləhətlər vermişdir. Deməli, “C.Cabbarlı şəxs adları məsələsinə çox ciddi yanaşmış, ona xüsusi diqqət yetirmişdir. Yazıçının şəxs adlarına münasibəti onun bədii yaradıcılığında daha aydın nəzərə çarpır”. Bu cəhətdən, C.Cabbarlını bədii ədəbiyyatımızda yaradılan şəxs adları qalereyasının pioneri hesab etmək olar.
Adqoyma ənənələrinə müasir bədii əsərlərimizdə də təsadüf edirik. Məsələn, Əlibala Hacızadənin “Əfasənsiz illər” romanında belə bir epizodla qarşılaşırıq:
Əhədullanın səkkiz qızdan sonra dünyaya gələn oğluna ziyalı Elməddin ad qoyur.
“Elməddin alnını qaşıyıb:
-Vətənyar qoyuram təzə vətəndaşın adını, -dedi.- Qoy Vətən ona, o da vətənə yar olsun, Əhədulla. Necədi, xoşuna gəlir?
-Vətənyar! -deyə ata sevinclə təkrar etdi bu qəşəng adı.
-Gözəl isimdi, dilinə qurban olum”.
Əlbəttə, uşağa ad qoyarkən tələsmək lazım deyil. Uşağa elə ad qoymaq lazımdır ki, o, evdəki şənlik kimi gözəl və qəşəng olsun, adı daşıyan şəxsə şənlik, xoşbəxtlik və sevinc gətirsin, onun başqalarının yanında utanmasına və alçaldılmasına səbəb olmasın. Yəni, uşağa ad seçərkən onun mənasını və etimologiyasını da unutmaq olmaz. Çünki bəzən ad ahəngdar səslənsə də, məna cəhətdən cəmiyyətə və məişətə uyğun gəlmir. Həmin adı daşıyanın alçaldılmasına səbəb olur.
Uşağa ad qoyarkən bir cəhəti də yaddan çıxarmaq olmaz. Yəni, övlada elə ad qoymaq lazımdır ki, həmin adı uşağın nə atasının, nə anasının qohumları və nə də yaxın qonşuları daşısın. Çünki bir nəsildən və ya qəbildən olan adaşlar eyni (eyni adlılar) böyüyüb boya-başa çatanda, oxuyanda istehsalatda işləyəndə və digər rəsmi yerlərdə bir-birilə qarışdırıla bilər. Buna görə də, bir məhəllədə, bir kənddə, yaxın qohumlar arasında olan bir şəxsin adını bir neçə uşağa verməkdən çəkinmək lazıımdır. Çünki bir məhəllədə və ya bir sinifdə iki-üç adaş - Ədalət, Həqiqət varsa, onları bir-birindən fərqləndirmək üçün onlardan birinə ləqəb qoyulur. Ləqəblər isə, əsasən, məzmunsuz və komik olur. Bu da, o adı daşıyan adamın şəxsiyyətinin alçaldılmasına səbəb ola bilər.
İndi valideynlər öz övladlarına elə adlar qoyurlar ki, eşitsən inanmazsan. Elə adlar ki, bəziləri “gülməli”, bəziləri “ağlamalı”, bəziləri “cəlbedici”, bəziləri də tamamilə komik, qəliz və mənasızdır. Bəzi valideynlər öz uşaqlarına Allahşükür, Furqon, Funqalet, Kiçikxanım, Balaca, Şaqalat və s. kimi məzmunsuz, komik təhqiredici, heç bir məna ifadə etməyən adlar qoyurlar. Belə adlar Azərbaycanın hər yerində vardır. O cümlədən, “Bakıda Kiçikxanım, Cəbrayılda Soğanverdi, Cəlilabadda Duxi, Zərdabda Cəllad, Qazaxda MTC, Razbor, Vayna; Qasım İsmayılovda Sandıq; Ağsuda Fındıq, Qutqaşendə İstəməz, Lerikdə İstefa, Vartaşendə Nar, Yevlaxda Xəzəl, Saatlıda Axtalı, Göyçayda Komissiya, Stepanakertdə Angina, Salyanda Qabnisə” kimi qəribə adlara rast gəlmək olur.
Həmçinin, Bakı şəhərində oğlanlara Vostok, İttifaq, Sürat, Əlif, Dürxan, Fətullah, Atabala, Xudabaxış, Bozay, Adış, İzafə, Ağababa, Qismət, Aktiv, Məlikbaba, Bəyverdi, Əliverdi, Şahgəldi, Məsi və qızlara Faizə, İlahə, Dostubəy, Hafizə, Gəlinxanım, Yaxşıxanım, Mülincəlxan; İmişli rayonunda qızlara Şokalad, Ağdam rayonunda qadınlara Baxşeyş, Qutqaşen rayonunda kişilərə Siyah, Beyləqan rayonunda qadınlara Zafta, Füzuli rayonunda Şəmi (Şəmiyev), Saatlı rayonunda oğlanlara Əliqismət, Neftçala rayonunda Ölməz, Sumqayıtda Abusət, Nahid, Cəlilabad rayonunda Allahşükür, Təzəxan, Qusar rayonunda qızlara Solidə, Xaçmaz rayonunda oğlanlara Beyrut, Xəzərbaba, Balakən rayonunda oğlanlara Möminat, qadınlara Şəhri, Şamaxı rayonunda qızlara Zərəngiz və s. kimi adlar verilməsinə təsadüf olunur.Bu qrup adlara Gürcüstanın Borçalı zonasında, o cümlədən, Marneuli rayonunda oğlanlara Savad, Gümə, Dmanisi (Başkeçid) rayonunda oğlana Artıq, Suddar, qızlara Oysandıx, Əskik, Fiqura, Raykom; Bolnisi və Laqodexi rayonlarında oğlanlara Pobed, Məti, Maşallah və İnşallah, Qardabani (Qarayazı) rayonunda oğlanlara Hökmdar, Dövlətdar, Şahindar, Sovetəli, Deputat, qızlara Qalet, Konfet; Telavi rayonunda isə Çəpər kimi qəribə adlar qoyulmasına rast gəlmək olur. Bu qrup adlar isə uşaqlar böyüyüb boya-başa çatıb, ictimaiyyətə daxil olduqda istər-istəməz onun komik və gülünc vəziyyətə düşməsinə, ona komik və isteza ilə yanaşılmasına; digər tərəfdən isə belə adları müəyyən bir ifadə və ya cümlə daxilində işlətdikdə məna və məzmunun qəlizlənməsinə və çətin başa düşülməsinə səbəb olur. Məsələn, “Kiçikxanım ondan kiçikdir. Soğanverdi soğan aldı. Duxi saçına duxi tökürdü. Cəllad cəllad kimi hərəkət etdi. Sandıq pulu sandığa qoydu. Fındıq bazardan fındıq aldı. Vayna müharibəyə getdi. İstəməzi çox istəyirəm. İstefa istefa verdi. Narın toyu oldu. Xəzəl xəzəli təmizlədi. Komissiyanı ərə verdilər. Rəhbəri kəndə rəhbər seçdilər. İxtiyarın bu işə ixtiyarı yoxdur. Şokolad şokolad aldı. Savad savadsız idi. Gümə güməyə dərman vurdu. Artığın pulu artıq oldu. Oysandığın nağılı bizi oysandırdı. Əskikin pulu əskik oldu. Fiquranın fiqurası yaxşıdı. Raykom raykoma getdi. Maşallah olsun, Maşallahın oğlu böyüyüb. İnşallah, İnşallah da gəldi. Ölkənin hökmdarı Hökmdardır. Qalet mağazadan qalet aldı. Konfet konfet yeyirdi. Deputatı deputat seçdilər. Çəpər çəpər çəkirdi və s. kimi ifadələri və cümlələri eşidəndə söhbətin nədən getdiyi anlaşılmır, ad sahibi xəcalət çəkir, belə adları eşidən və dinləyən isə həmin adların “ixtiraçılar”ına nifrət edir.
Bəzi valideynlər isə, guya adların bir qrupunun köhnəlib, dəbdən düşməsini bəhanə edərək uşaqlarına “yeni” adlar qoyurlar. Məsələn, “Artel, Traktor, Məruzə, Zinhar, Daxıl, Zərbə, Maçan, Matan, Kəniz, Sumax, Nıqa, Kürsü, Fərənisə, Sədr, Dəstavuz, Faktura, Sessiya, Bulvar, Balıq, Sifon, Fabrik, Kassir; Ərizə, Əsər, Nöqtə, Məktub, Rayon, Rəqəm, İnteres, Sapyor, Şərbala, Mülkədar, Alver, Ailə, Gomuş, Angina”. “Traktor, Kombayn, İdarə, Komandir, Sədr, Sulfidin” kimi adları övladlara qoymaq və onları yaşatmağa ehtiyac yoxdur. Çünki belə adlar uşaqlar arasında narazılıq doğurur, uşağın ələ salınmasına, gülünc və komik vəziyyətə düşməsinə səbəb olur. S.Marşak bir şeirində belə adlara etirazını bildirərək, valideynə müraciətlə deyir ki, əgər sən ağıllısansa, onda öz uşağına Pratom, Atom kimi müəmmalı, gülməli adlar vermə. Ana sarışın qızına Diktatura adını qoyur. Evdə onu Diti kimi çağırırlar. Qız adına görə valideyninə acıqlı (hirsli -M.Ç.) idi. Valideyn o biri qızı üçün də uydurma ad axtarır. Qızın adı İdeya olur. Ailədəkilər onu İdeya, həyət uşaqları isə İndejka deyə səsləyirlər”.
Seyran Səxavətin “Bioloqun yazı masası” hekayəsində oxuyuruq: “Hörmətli müəllim! Sizin bu stol içəri girmədi. Otuz manat da verin stolu aşağı düşürək. Bizdən inciməyin. Biz sizdən razı getdik. Bacı da bizə yaxşı hörmət elədi. Gün o gün olsun oğlunun toyuna gələk. Toylarda... İmza Bəbəş...
Bioloq məktubun axır sözlərini bir də oxudu: “İmza Bəbəş”. Sonra arvadından soruşdu:
-Bəbəş adı eşitmisən?
-Yox...
- Heç mən də eşitməmişəm,- dedi.”
Belə adlar da həmin uşaqların-həyatın gələcək qurucuları olan gənclərin sonralar adlarını dəyişdirmək üçün Vətəndaşların Vəziyyətini Aktlaşdırma Qeydiyyatı idarələrinin işçilərinin günlərlə vaxtlarını boş yerə itirməsinə və ad sahibinin cəmiyyət üzvləri arasında xəcalətindən başqa yersiz əziyyət çəkməsinə səbəb olur. Burada xalqımızın yaratdığı bir kəlamını da xatırlamaq yerinə düşərdi: “Bir dəli gölə bir daş atdı, yüz ağıllı yığılıb çarə tapmadı”. Yəni, valideyn övladına elə bir ad qoyur ki, bu ad sonralar onlarla idarə işçisinin nahaq yerə işləməsinə səbəb olur.
Adları isə özbaşına dəyişmək olmaz. Adlar Vətəndaşların Vəziyyətini Aktlaşdırma Qeydiyyatı idarələrinin qeydə aldığı kimi qalmalıdır. Dünyaya yenicə göz açan, cəmiyyətin yeni üzvünün adı da bu yolla rəsmiləşdirilir.
ANTROPONİMİYADA ADƏT-ƏNƏNƏLƏR
Müasir türkologiyada olduğu kimi, Azərbaycan dilçiliyində də antroponimiya az öyrənilmiş sahədir. Antroponimiyanın dərindən tədqiq edilməsi həm tarixi-dilçilik, həm də etnoqrafik materialların öyrənilməsini tələb edir. Türk xalqlarının şəxs adları rəngarəng dilçilik-etnoqrafik materialları ilə zəngindir. Xalqın adət-ənənələri isə şəxs adları ilə yaxından əlaqədardır. Bu sahədə türkologiyada bir sıra elmi tədqiqat əsərləri də meydana çıxmışdır.... Onların əsərlərində də bəzi adların adət-ənənələrlə əlaqədar olaraq yarandığından bəhs olunmuşdur. Bu da təsadüfü deyil, çünki adət-ənənə ən qədim və ən güclü xəlqi keyfiyyətdir; o əsrlər boyu damla-damla qazanılır, xalq tərəfindən min bir sınaqdan çıxarılıb, maddi-mənəvi həyata daxil olur. “Dil isə bu adət-ənənəyə elə biçim verir ki, o, xalqın mənəvi aləminə həkk olunur, onun ədəbi-mənəvi sərvətinə çevrilir”. Bu xüsusiyyət xalqımızın tarixən formalaşmış antroponimiyasında adqoyma ənənəsində də öz əksini tapmışdır.
Adqoyma adət-ənənəsi ilə bağlı Dədə Qorqud dastanında “Dirsə xan oğlu Buğacın boyunu bəyan edər” boyunda belə bir səhnə ilə rastlaşırıq: “Dədəm Qorqud gəlsin, bu oğlana ad qoysun. Biləsincə alıb babasına varsın. Babasından oğlana bəylik istəsin, taxt alıb versin - dedilər”.
“Bayındır xanın ağ meydanında bu oğlan cəng etmişdir. Bir buğa öldürmüş. Sənin oğlun adı Buğac (xan) olsun”. Yuxarıdakı nümunədən göründüyü kimi, adamlara ad verərkən onların bu və ya digər fərqləndirici sifətləri, görkəmi, xasiyyəti nəzərə alınırdı. Dastandakı Qaratikan Məlik, Buğacıq Məlik, Ağ Məlik adları da onların görkəminə, boybuxununa, xasiyyətinə və geyiminə görə verilmişdir. Bu da, hər şeydən əvvəl, türk xalqlarının hələ qədim zamanlardan göy səmaya, günəşə, suya, torpağa sitayiş etməsi və hətta, onları müqəddəs hesab etmələri ilə əlaqədardır. Bütün bu təsəvvürlər, təbiətə pərəstiş onların adət-ənənələrinin formalaşmasına təsir etmiş və bir sıra şəxs adlarının yaranmasına səbəb olmuşdur. Qədim türk şəxs adları Tanrıverdi, Aysulu, Günay, Gündoğar adları da bu qəbildəndir.
Bütün türk xalqlarının adları, o cümlədən də Azərbaycan şəxs adları həm forma, həm ifadə etdiyi məna və məzmun, həm də yaranma üsuluna və ənənəsinə görə bir-birinə yaxındır. Bu yaxınlıq, şübhəsiz ki, türkdilli xalqların mənşəyi, tarixi-mədəni şəraiti, adət-ənənəsi ilə əlaqədardır. Bu baxımdan, xalqımızın adər-ənənəsi ilə bağlı olaraq yaranan şəxs adlarını aşağıdakı qruplara bölmək olar:
1. Qədim zamanlardan Azərbaycan türklərində azərbaycanlılarda belə bir adət-ənənə vardır ki, əgər ailədə qızlar dalbadal olursa, sonuncu qıza Bəsti, Yetər, Tamam, Qıztamam, Qızqayıt, Qızyetər, Kifayət, Nəhayət, Ovsandıq, Gərəkməz, və s. kimi adlar qoyurlar ki, ondan sonra ailədə oğlan olsun. Bu adət-ənənə demək olar ki, başqa türk xalqlarında da vardır. Adət-ənənələr əsasında yaranan bir sıra çox işlənən adlar demək olar ki, bütün türk dillərində bu və ya digər variantda geniş yayılmışdır. O cümlədən, qazaxlarda Toktasın, Tursun (dursun), Toktar (durar), Toktamış (durmuş) Ultuar (oğul doğar); türkmənlərdə Tursun, Turdı, Yetər (yetər); özbəklərdə Tursun (dursun), Toxta (gözlə, dayan); kumıklarda Olmes (ölməz), Kalsın (qay qalsın) kimi adlar qoyurlar. Əgər ailədə bir neçə qız dalbadal olursa, heç oğlan olmursa onda axırıncı qıza belə ad verirlər: qazaxlarda Kıztumas (qız olmaz), kumıklarda Kıstaman (qıztamam) və ya Ulanqerok (oğlan gərək), qırğızlarda Burulçu (çevril, qayıt), Toktobubu (dayan bubu).
2. Azərbaycan antroponimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar hələ lap qədimdən xalqımızın adət-ənənələrini özündə əks etdirən bayramlar və ya mərasimlərlə əlaqədardır. Yəni, valideynlər bayram ərəfəsində doğulan övladlarına həmin bayram təntənəsinin adını qoyurlar. Belə adlara Novruz, Oruc, Xıdırnəbi, Bayram, Namaz və s. misal göstərmək olar.
Bütün dünya xalqlarında olduğu kimi, Azərbaycan türkləri - xalqı da təzə ilin gəlməsini səbirsizliklə gözləmiş, təntənə və şənliklə qarşılaşmışlar. Xalqımız əsrlər boyu təzə ilə novruz demişlər. Novruz sözünün mənasına şair Osman Sarıvəllinin Cənubi Azərbaycan haqqında yazılmış “Məhbusların söhbəti” şerində aydın cavab verilmişdir. Cavan məhbusların birinin sualını eşidən qoca məhbus belə cavab verir:
-Novruzun mənası, bil yeni gündür,
Bu həftə hər yanda toydur, düyündür.
Novruz sözü təzə mənasında işlənən “nov” və “gün” mənasında işlənən “ruz” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Novruz oğlanlara, Təzəil isə qızlara verilən adlardır. Valideynlər də hamı üçün əziz olan və bir-birinin sinonimini təşkl edən Novruz və Təzəil adlarını öz övladlarına qoymuşlar. Atalar demişkən, “Bala baldan şirindir”. Buna görə də, atalar-analar öz körpələrinə ən əziz adlar seçib qoyurlar.
Bəs, Mayıs, Aprel adları necə əmələ gəlmişdir? Azərbaycan antroponimiyasına Mayıs adı təxminən XX əsrin əvvəllərində daxil olmuşdur. Bu da 1 May - Beynəlxalq həmrəylik günü və 28 May - Respublika günü bayramlarının adı ilə bağlıdır. Aprel adı isə təxminən XX əsrin 30-cu illərindən yaranmışdır. Bu ad isə Azərbaycanda 28 Aprel inqilabının baş verməsi və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra xalqın azad və firavan həyat sürməyə başlaması ilə əlaqədar olaraq meydana gəlmişdir. Valideynlər də azadlıq simvolu kimi Aprel adını öz uşaqlarına qoymuşlar.
Şura və Sovet adları isə ölkəmizdə Şura hökumətinin yaranması, Sovet həyat tərzi və Sovetlərə seçkilər keçirilməsi ərəfəsində doğulan uşaqlara qoyulub. Şura və Sovet oğlan adlarıdır. Bu xüsusiyyətə qazax antroponimiyasında da rast gəlmək olur. Məsələn, Oktyabr bayramı ərəfəsində doğulan oğlan uşağına Oktyabr, seçki ərəfəsində doğulan oğlan uşağına Sovet və Sailau (seçki) adlarını qoyublar. Əgər oğlan uşağı, ümumiyyətlə, bayram ərəfəsində doğulubsa təntənə, bayram mənalarını bildirən Meiram, Mereke; qıza isə Saltanat adını qoyurlar. Həmçinin, həm oğlanı, həm də qızı Tendik (Bərabər hüquqlu), Madeniet (mədəniyyət) adlandırırlar.
Antroponimiyamızda geniş yayılan Oruc adı “oruc tutmaq” ifadəsindəki oruc, Qurban adı “qurban bayramı” birləşməsindəki qurban, Xıdırnəbi adı Gürcüstanda yaşayan Azərbaycan türklərinin-azərbaycanlıların bir hissəsi arasında yayılmış dini Xıdırnəbi bayramı birləşməsindəki Xıdırnəbi, Namaz adı namazlıq dini bayramının adından götürülmüşdür. Xalq arasında, ümumiyyətlə, təntənə mənasında işlənən bayram sözündən götürülmüş Bayram antroponimi də geniş yayılmışdır.
Hazırda dinlə və dini bayramlarla əlaqədar olan adlar antroponimiyamızı tərk etmək üzrədir.
3. Azərbaycan türkləri-xalqı arasında əsrlərdən bəri belə bir adət vardır ki, ailədə uzun müddət uşaq olmur, valideynlər onu səbirsizliklə gözləyir. Uzun müddətdən sonra ailədə doğulan uşaqlara valideynlər belə adlar qoyurlar: Arzu, Arzuman, İstək, Yeganə, Vahid, Vahidə və s. Bunlardan Vahid oğlanlara; Arzu həm oğlanlara, həm də qızlara; Arzuman, İstək, Yeganə, Vahidə adları isə qızlara qoyulur.
4. Azərbaycan antroponimiyasında bəzi adlar vardır ki, onlar ailədə ilk dəfə doğulan uşaqlara qoyulur. Əzəl, İlkin, Bircəgül, Nübar. Bu adlardan Əzəl, İlkin oğlanlara, Bircəgül və Nübar qızlara qoyulur.
5. Azərbaycanlılar arasında bir neçə qızdan sonra doğulan oğlan uşaqlarına Tapdıq, Gəldiş,Xoşgəldin, Varolsun, Şahgəldi kimi adlar qoyduqlarına da rast gəlmək olur.
6. Azərbaycan xalqı ailədə uşağın olmasını həmişə sevinclə qarşılamış və indi də qarşılayır. Azərbaycan, eləcə də türklər arasında övlad ən qiymətli nemət sayılmış, oğul və ya qız olması onlar üçün o qədər də əsas şərt olmamışdır. Ancaq ailədə övlad olması zəruri sayılmışdır. Bu xüsusiyyəti biz mədəniyyət tariximizin qədim incisi olan Dədə Qorqud dastanlarında da açıq-aşkar görürük. “Dirsə xan oğlu Buğanın boyunu bəyan edir” qolunda xanlar xanı Bayındır - oğlu olanı ağ otağa, qızı olanı qızıl otağa qondurun. Kimin ki, oğlu, qızı yox, qara otağa qondurun, qara keçə altına döşəyin... sərəncamını verir. İngilis alimi Cofrey Lüis qeyd etdiyi kimi, “Oğuzlarda qadınlar tam azaddır”. Onlara həmişə hörmət və ehtiram göstərilir. Təsadüfü deyil ki, qızı olanlar qızıl otaqda əyləşdirilir. Göründüyü kimi, ulu babalarımızın mülahizələrinə görə, ailənin qarşısında duran ən müqəddəs borc övlad-gələcək nəslin artması qayğısına qalmaqdır, çünki vətənin keşikçisi gənc nəsldir.
Dastanda təsvir olunduğu kimi, Oğuz bəyləri övladları olmasa da ailədə məhəbbətini hər şeydən müqəddəs sayırlar, öz “görklülərindən”, “halallarından” ayrımırlar, vahid ailə qayğısını yüksək tuturlar, təbiət də bu sədaqətə və məhəbbətə görə onlara övlad verir. Tarixən Azərbaycan türkləri-xaqlımız arasında olduğu kimi, dastanda da övladsızlıq valideyni, doğrudan da, narahat edir, düşündürür: “Bir gün ola düşəm öləm, yerimdə-yurdumda kimsənə qalmaya” kimi sonsuzluq narahatçılıq doğurur. Bu ideya indi də xalqımızın müqəddəs ideyası hesab olunur.
Biz “Koroğlu” eposunda da belə bir səhnə ilə rastlaşırıq: Nigar xanım da övladsızlıqdan şikayət edir. Sonsuzluq onu sıxır. Odur ki, Aşıq Cunun məmləkəti axtarır “Koroğluya və Nigara layiq bir oğlan tapır. Eyvaz Çənlibelə gəlir. Onların fəxr etdiyi övlad olur”.
Lakin xalqımız keçmişdə bir sıra ictimai-siyasi prosesin, insanın insan tərəfindən istismar edildiyi, iqtisadi vəziyyətlərinin ağır olması, hakim sinfə qarşı mübarizədə igid və cəsur gənclərin-kişilərin qüvvəsinə ehtiyac duyulduğu zaman ailədə bəzən çox qız olmasını arzu etməmişlər. Atalar məsəlidir: “Qız yükü, duz yükü”. Buna görə də, onlar ailədə qız olmasın deyə axırıncı uşağa Bəsti, Qəzbəsti, Qızbəs, Gülbəsdi, Gülbəs; Yetər, Qızyetər, Gülyetər, Nazyetər; Qızqayıt, Nazqayıt, Nəhayət, Tamam, Qıztamam, Gültamam, Naztamam; Tamamnaz; Tameylə, İstəməz, Gərəkməz, Oğlangərək, Kifayət, Nafilə, Nahaq və s. kimi adlar qoymuşlar. Bu münasibətlə, Y.V.Çəmənzəminli “Azərbaycan arvadlarının vəziyyəti” adlı etnoqrafiq-publisistik əsərində yazırdı: “Atalar deyirlər ki, “qızın oldu, qırmızı donunu çıxart”. Doğrudan da, qızın oldu, ailə üçün böyük müsibət hesab olunur: hamı kefsiz, acıqlı, çox evlərdə zahı arvada qız olduğu səbəbdən qulaq asan olmur və biçarə yataqdan vaxtsız qalxır, zəif ikən ev işlərinə girişir. Qızlara verilən “Qızyetər”, “Qıztamam”, “Qızbəs” kimi adlar onlara olan eyni qüvvəni daha aydın göstərmirmi”? Belə adlar, əsasən, inqilabdan əvvəl anadan olmuş yaşlı qadınlara qoyulmuşdur. İndi isə bu qrup adlar get-gedə azalmaq üzrədir. Antroponimiyamızda, artıq, həmin adların yerini Aybəniz, Aygün, Aygül, Gülər, Sevil, Dürdanə, Təranə, Hüsniyyə kimi müasir və ahəngdar səslənən adlar tutur.
Qazaxların adətinə görə, ailədə çox qız olduqda axırıncı doğulan qıza Janıl, Janılxan (Janlıc) adı qoyurlar ki, ana gələcəkdə yanılmayıb, oğlan doğsun. Həmçinin, qazaxlar sonuncu qıza Ultuqan (oğul oldu) adı da verirlər ki, o özündən sonra oğlan doğulması üçün əlamətdar olsun. Bu adətlə əlaqədar olaraq özbəklər qıza Zieda (taciklərdən keçib), Ortik (artıq, həddən artıq); türkmənlər qıza Bessir (bəsdir), Dotdun (doyduq) və ya Qızsonı (sonuncu qız), həmçinin Oğulgerək (oğulgərək) kimi adlar qoyurlar.
7. Qədim zamanlardan Azərbaycan türkləri-azərbaycanlılar arasında belə təsəvvür yayılmışdır ki, guya uşağın adının müvəffəqiyyətlə seçilməsi və ya qoyulması onu təhlükədən qoruyar, ölümdən xilas edər və uzun yaşamasına səbəb ola bilər. Buna görə də, valideynlər uşaqları ölümdən qorumaq məqsədilə onlara Dursun, Durmuş, Durmuşxan, Durar, Dayandur, Yaşar, Solmaz və Səkinə kimi adlar qoyurlar. Bu adət-ənənə qazax və türkmən xalqları arasında da geniş yayılmışdır. Məsələn, qazaxlar uşağın həyatını təhlükədən və ölümdən qorumaq üçün, yeni doğulanlara Mınjasar (Minyaşar), Juzbai (Yüzbəy), Januzak (Genişqələm) və.s kimi adlar qoyurlar.
Bu münasibətlə, hələ, 1910-cu ildə V.A.Qordlevski yazmışdır: “Əgər kiminsə, əvvəlki uşaqları ölürsə, onda oğlan uşağı Dursun (indi qızlara da Dursun adı verilir. -M.Ç.), qız uşağı isə Yetər (yəni, daha ölməsin) adlandırılır”. Müəllif bu mülahizələrini sonrakı əsərlərində daha da dəqiqləşdirərək yazmışdır: “Müsəlman ailəsində körpələrin bir-birinin ardınca vəfat etmələrinin və bu kimi başqa bədbəxt hadisələrin qarşısını almaq üçün nicat yolunu onlar islamiyyətdən əvvəlki adqoyma adətlərinin yenidən bərpa edilməsində görürlər. Belə ki, doğulan uşaqları şər qüvvələrdən qorumaq, onların salamatlığını mühafizə etmək üçün körpələrə Dursun, Durmuş, Yaşar kimi adlar verilirdi.”
Qazaxlarda belə bir adət də vardır: “Əgər uşağı arıq, eybəcər, çirkin mənalı adlarla adlandırsan, o, uzun yaşar və ona heç bir bədbəxtlik üz verməz”. Buna görə də keçmişdə belə adlar yaranmışdır: Ultarak (tərlik), Şulqaubay (corabı bol olan), Jaman, Jamanbay (yaman, pis) və s. hazırda qazaxlarda bu qrup sözlər əsasında düzələn şəxs adlarına təsadüf edilmir. Belə adlar yalnız familiya kimi saxlanmışdır.
İndi də keçmişdə islam dininin hökmranlığı altında olan tatar və başqır xalqlarında alınma yalançı-eybəcərlik, kifirlik, çirkinlik və s. bildirən adlar vardır. Məsələn, Axtam (dişsiz), Aгдaм (əyriayaqlı); bu qəbildən olan türk mənşəli adlar qazaxlarda Jyndıbadi (jyndı-çirkli su, çirkab; qab suyu), altaylarda Baqai (pis, çirkin və yaramaz); həmçinin, nifrətli heyvan adları əsasında altaylarda Qıjıx (küçük), türkmənlərdə Курре (eşşəkcik); türkmənlərdə, başqırdlarda və başqa xalqlarda İtelmes (it almaz); ehtimal ki, xakaslarda qıza qoyurlar. Yaman (pis, çirkin) adı bu mülahizə ilə əlaqədar olaraq formalaşmışdır.
Güman ki, dilimizdəki Arıq, Dilənçi, Danaçı və Qurdoğlu kimi şəxsi adlar da belə adət-ənənələrlə əlaqədar olaraq meydana çıxmışdır. Hazırda bu adlardan Danaçı və Qurdoğlu familiya yerində işlənir.
Türkmənlər də uşağı ölümdən qorumağa cəhd edərək, onlara Sekine və Şazada kimi adlar qoyurlar. Belə adlar ailədə kiçik yaşlı bir uşağın ölümündən sonra doğulan qızlara verilir.İranda bu adlar tipik qadın adları hesab olunur. C.Y.Malova görə, qızların Şazadoy adlandırılması Sintezyan uyqurlarının antroponimiyası üçün də səciyyəvidir. Belə adlara başqa türkmən dialektlərində də rast gəlmək olur: Olmez (Ölməz), Dursun (Dursun), Solmaz (Solmaz) və s. Bu qrup adlara özbəklərdə Ulmaz (ölməz), bir çox türk xalqlarında isə Sabit, kumıklarda Kalsın (qalsın), qırğızlarda Toxto şəklində rast gəlmək olur.
8. Adət-ənənəyə görə, ana doğum vaxtı ölərkən uşaqlara Sakit, Ağlamaz, Yazıqgül, Ağlargül, Solğun, İntizar kimi adlar qoyurlar. Bakı şəhərində isə Qalyatdin (qal, yat, din fellərinin birləşməsindən düzəlmişdir) adına da təsadüf edilir.
9. Dərd, qəm, qüssə və kədərlə əlaqədar olaraq, atanın ölümündən sonra doğulan uşaqlara isə Həsrət, Miras, Hədiyyə, Təhminə kimi adlar qoyulur. Bu zaman bəzi valideynlər atanın adını uşağa qoyurlar. Bu adlardan Təhminə qızlara, Həsrət, Yadigar isə oğlanlara verilir. Bu xüsusiyyətə türkmən adət-ənənələrində də rast gəlmək olur. Məsələn atası öləndən sonra doğulan qıza Xəsrət (ərəbcə “Həsrət” sözündəndir), doğum vaxtı anası ölən qıza isə Qcarıpjemal (yazıq gözəl) kimi adlar qoyurlar. Bu qrup adlara başqır, türkmən və digər türkdilli xalqlarda da təsadüf olunur...
10. Azərbaycan türklərinin köhnə adətinə görə ailədə kiçik yaşında ölən uşaqdan sonra doğulan uşaqlara Əvəz, Əziz, Ötkəm, Ötkün, Nail, Nailə, Hədiyyə kimi adlar qoyulur. Bu xüsusiyyətə qazax xalq adətlərində də təsadüf etmək olur. Onlar kiçik yaşında ölən uşaqdan sonra doğulanlara Oteqen, Atimis (əvəz olunmuş), Toleqen, Tolemis, Tolendi (ödənilmiş, ödənilmiş xərc), Orınbasar (əvəz edən) kimi adlar qoyurlar. Hazırda bu adların uşaqlara qoyulması qazax xalqı arasında ənənəyə çevrilmişdir. Tatarlarda və başqırdlarda fərəhli, hədiyyə mənasını ifadə edən Nail adı da işlənir.
Azərbaycan türkləri-azərbaycanlılar arasında belə bir adət də vardır ki, onlar ailə üzvlərindən və ya qohumlarından biri ölərsə, onun adını əzizləmək və ya “əbədiləşdirmək” məqsədilə yeni döğulan uşaqlara qoyurlar.
Bu ənənəyə bədii əsərlərimizdə də təsadüf edirik. Məsələn, İ.Məlikzadənin “Dədə palıd” povestinin personajlarından birinin adı Bağırdır. O, ilk övladına anasının adını vermək və anasını heç olmasa bir- iki nəsil əbədiləşdirmək, yaşatmaq istəmişdir. Bu münasibətlə, povestdə oxuyuruq: “Nazlı Bağırın mərhum anasının adı idi və Bağır qızı Nazlının anası Nazlı qədər istəyirdi.” Lakin Nazlı körpəlikdə ikən ölür. Bir neçə ildən sonra onun ikinci övladı Dünyaya gəlir. Bu dəfə də Bağır həm anasının, həm də ilk övladı Nazlının adını əbədiləşdirmək üçün “ikinci qızı dünyaya gələndə Bağır onun adını da “Nazlı” qoydu.
Bu ənənəyə xalqımızın tarixi keçmişindən, etnoqrafiyasından, adət-ənənələrindən, onun özünəməxsus milli psixologiyasından bəhs edən M.Süleymanlının “Köç” romanında da təsadüf edirik. Həmin romanda Qarakəllə kökünün ağsaqqalı, məsləhətçisi və başçısı Dədə ölür. Aradan xeyli keçdikdən sonra bu kökdə bir uşaq dünyaya gəlir. Qara alaçığın qapısını açıb:
-“Oğlumuz olub, ay kişilər!.. Dədə qayıtdı. Dədənin adını verək, ömrünü tanrı versin”.
Yenə həmin romanda oxuyuruq: “Alay bir-bir oğullarını atasının qulluğuna gətirdi.
-Bu ilk oğlumdu, ata, adı Beyrəkdi, öz Beyrəyimizin adın qoydum. Saz öyrətmişəm, bir də alın yazımızı, yazıb oxumağı bilir”.
“-Bu kiçiyimizdi, ad qoymamışam, adını sən ver, ömrün tanrı versin! Özü tüfəng düzəldir...
-El, -dedi, -öz adımı verirəm kiçik nəvəmə, ömrünü tanrı versin, adı Bəkil olsun”. Göründüyü kimi, baba Bəkil, öz adını nəvəsinə qoyur və sonra əlavə edir: “Uşaqların hansının qızı olsa, adını Çiçək qoy, Çiçək bəyimin də adı qalsın,- deyə nənə Çiçəyin adını nəvəsinə qoymağı məsləhət edir.
Öz aralarında düşmənçilik, ədavələr saxlayan ailələr - köklər düşmənlərini ayıq salmamaq məqsədilə bəzən yeni doğulan oğlan uşağını qız deyə, xalq arasında yayır və uşağa on beş yaşına kimi qız adı verir və qız paltarı geyindirirlər...
Tarixən xalqımız arasında belə sirr ənənə olduğu tarixi etnoqrafik mövzulara həsr olunmuş bədii əsərlərdə də öz əksini tapmışdır. Bu ənənəyə “Köç” romanında da təsadüf edirik. Göyüş arvadı Sənəmə deyir: “Oğlun olsa, adını İmir qoyarsan. Oğlan olduğunu bildirməzsiz. Onu da Bikə kimi eliyərsiz, deyərsiz qızdı. On beş yaşına kimi qız paltarından çıxartmazsan. Anama de, Bikənin adı Bəkildi. Birdən yadından çıxmış olar. Hörüyün kəsməyə hələ tələsməyin...
Qanıq nəslinin ağbirçəkləri Qarakəllə kökü ilə barışıq elədilər. Bundan sonra “Ağsaqqallar Bikənin hörüyünü kəsib adını Bəkil qoydular”
Adqoyma ilə bağlı belə ənənəyə ingilis antroponimiyasında da təsadüf etmək olur. XVII- XVII əsrlərdə yaşamış ingilis yazıçısı V.Şekspir bu münasibətlə belə yazır:
Versən öz ömrünü övladına sən,
Onun varlığında ömür eyləyərsən.
Bu adət-ənənəyə bir sıra başqa xallarda da təsadüf etmək olur. Məsələn, Şimalda yaşaya qanasanlar, Yeniseydə yaşayan nenlər, taciklər, türkmənlər arasında yeni doğulan uşaqlara ölmüş sələflərinin adını verirlər.
11. Bütün türk xalqlarının adət-ənənələri, dili və mədəniyyəti bir-birinə yaxın olduğu kimi, onların ekiz uşaqlara ad qoymalarında da bir-birinə uyğunluq vardır. Bu zaman valideynlər övladlarına ad seçərək, həmin adın ifadə etdiyi məzmundan çox, onun zahiri səslənmə ahəngdarlığını və həmqafiyəliyini nəzərə alırlar. Məsələn, Azərbaycan türkləri 1968-ci ildə Bakı şəhərində ekiz oğlanları Natiq və Namiq, Elman və Elnur, Elçin və Elxan; Ağdam rayonunda isə ekiz qızları Nəsibə və Nahibə, Zahidə və Zahirə; Gürcüstanın Bolnisi rayonunda ekiz oğlanları Aşır və Bəşir (1952), Gülməmməd və Pirməmməd (1968); Namiq və Natiq (1974); ekiz qızları Səyalı və Səyyarə (1953), Məlahət və Kifayət (1961), Səmirə və Əsmirə (1957); Dmanisi rayonunda isə ekiz oğlanları Mövlud və Umud (1953), Zaman və Salman, Kamal və Camal; Rustavi şəhərində ekiz qızlara Ana və Sona və s. kimi adlar qoymuşlar.
Bu xüsusiyyət başqa türk xalqlarının antroponimiyası üçün də səciyyəvidir. Məsələn, Türk xalqları islam dini ilə keçən adətləri gözləyərək, əkiz qızlara Fatma və Zöhrə, əkiz oğlanlara Həsən və Hüseyn (Məhəmmədin nəvələri); müxtəlif cinsdən olan əkizlərdən birinci qız, ikinci oğlan olsa, onda onları Fatma və Hüseyn; əgər əksinə birinci oğlan, ikinci qız olarsa, onda onları Həsən və Zöhrə adlandırırlar. Qazaxlar əkiz oğlanlara Asan və Usen (Həsən və Hüseyn), Erlan və Nurlan; əkiz qızlara Gülzira və Nazira (Gülzirə və Nəzirə); qırğızlar əkiz oğlanlara Arstanbek və Rustanbek; əkiz qızlara Elmira və Gülmira, Dinara və Taalaygül, Nurbek və Nurgül kimi adlar qoyurlar.
12. Azərbaycanlılar övladlarına ad seçərkən oğlan adlarının bir, qız adlarının da başqa bir ahəngdarlıq və ya qafiyə ilə adlandırılmasına həmişə diqqət yetirmişlər.
Azərbaycan antroponimiyası tarixinə nəzər saldıqda məlum olur ki, xalqımız, hələ, qədim zamandan övladlarının adlarının ahəngdar və ya həmahəng olmasına əhəmiyyət vermişlər. Bu xüsusiyyəti ədəbi dilimizin ilk mötəbər yazılı abidəsi olan Dədə Qorqud dastanında da görmək olur. Dastanın “Uşun Qoca oğlu Səgrəyin boyunu bəyan edir” boyunda belə bir səhnə ilə rastlaşırıq: Uşun Qocanın iki oğlu vardı. Ulu oğlunun adı Əgrək, kiçik oğlunun adı Səgrək idi. Bir gün Əgrək düşmənlə vuruşda əsir düşür, onu Əlincə qalasına salırlar... Günlərin birində Səgrəyin yolu dərnəyə düşdü, yedilər-içdilər, Səgrək məst oldu. Ayılanda görür ki, bir kasıb oğlan bir qızla çəkişir. Səgrək onların hərəsinə bir şillə vurur. Kadıb oğlan deyir:
-Mərə, bizim öksüzlükümüz yetməzmi? Bizi niyə vurursan? Hünərin var isə qardaşın Əlincə qələsində əsirdir, var, onu qurtar!- dedi.
Səgrək ayıtdı:
-Mərə, qardaşımın adı nədir?
-Əgrəkdir.
Ayıtdı:
-İmdi Əgrəyə Səgrək yaraşır. Qardaşım sağmış... deyərək, atını minib evlərinə gəlir. Anasından qardaşının olduğunu öyrənib, atası-anası və yenicə gərdəyə gəlmiş nişanlısı ilə vidalaşıb Qaraqoç atına minib Əlincə qələsinə yola düşdü. Onun gəlməsini düşmən - Təkur bilir. Onu tutmaq üçün əvvəlcə altımış, sonra yüz atlı göndərir ki, Oğuzdan gələn igidi tutsunlar. Hər iki vuruşda Səgrək düşməni qırır. Üçüncü dəfə Səgrəyin üstünə qoşun getmir. Kafirlər-Təkurun buyruğu ilə Əkrəyi zindandan Səkrəyin üstünə göndərir. Əkrək gəlib görür ki, belində qopuz bir oğlan - Səkrək yatır. Qopuzu alıb onu oyadır. Səkrək yuxudan oyanıb qələnizdə dustaq varmı, -deyə ondan soruşur. Əkrək bu igidin kiçik qardaşı olduğunu başa düşüb, onun kimliyini və haradan olmasını soruşur. Bu zaman Səgrək deyir:
Mənim adım sorar olsan Səgrək,
Qardaşım varmış adı Əgrək - dedi.
Qardaşlar bir-birini tanıyır, düşməni məhv edib evlərinə gəlirlər...
Dastandan gətirdiyimiz yuxarıdakı beytdən göründüyü kimi, övladların kiçik qardaşın adı Səgrək, böyük qardaşın adı Əgrəyə həmahəng olaraq qoyulmuşdur.
Dastanda, nəinki, övladların, hətta, ata və oğul adlarının həmahəngdarlığı da öz əksini tapmışdır: Qaragünə oğlu Qarabudaq və s. Dastandakı bir qrup başqa qəhrəmanların adı da bir-birinə yaraşdırılaraq qoyulmuşdur: Beyrək - Yeynək, Qanlı qoca oğlu Qanturalı və s. Adların həmahəngdarlığı demək olar ki, antroponimiyamızda uzun bir tarixə malik olmuşdur. XV əsrdə yaşamış görkəmli Azərbaycan şairi Əfsəhəddin Hidayətin adı ilə qardaşının adı da bir-birilə həmahəng olmuşdur. Hidayətullah-İnayətullah (Əfsəhəddin).
Bu münasibətlə, Ş.Sədiyev yazır ki, qardaşlara Məmməd, Səməd, Əhməd; bacılara isə Xoşavaz, Gülavaz, Minavaz adları verirlər. Bəzən isə qardaş və bacının adı həmahəng səslənir: Oğlanı Çingiz, qızı isə Nərgiz adlandırırlar.
* * *
Adlar arasındakı həmahəngdarlıq əsasən adların son və ilk hecası üzrə düzəldilir. Ahəngdarlıq sözün son hecası üzrə düzəlir:
a) Ata və oğul adlarının həmahəngdarlığı; ata Həsənəli - oğul Güləli; ata Salman-oğul Sarvan, ata Məmməd-oğul Əhməd və s.
b) Qardaş adlarının həmahəngdarlığı: Zahid-Vahid, Almərdan-Gülmərdan, Alməmməd-Gülməmməd, Pirməmməd-Nurməmməd; İlkin-Mətin və s.
v) Əmi və qardaşoğlu adlarının həmahəngdarlığı: Əmi Məmməd - qardaşoğlu Səməd, əmi Səyyad - qardaşoğlu Səyyar və s.
Gürcüstanın Borçalı (indi Marneuli) rayonunda əmi Quşan-qardaşoğlu Doşan kimi əhəngdar səslənən, lakin komik məzmun kəsb edən adlara da təsadüf olunur. Əlbəttə, belə adamlar cəmiyyət üzvləri arasında ikrah hissi doğurur.
q) Baba və nəvə adlarının həmahəngdarlığ: baba Nağı- nəvə Tağı, baba Cavad- nəvə Cavan və s.
ğ) Ana və qız adlarının həmahəngdarlığı: ana Anaxanım - qız Nənəxanım, ana Simnaz- qız Xanımnaz.
d) Bacı adlarının həmahəngdarlığı: Gülnaz-Telnaz- Minaz; Təranə-Dürdanə; Tellər-Güllər və s.
e) Xala və bacı adlarının həmahəngdarlığı: xala Balaxanım - bacıqızı Gülxanım; xala Şahnar - bacıqızı Şahnaz və s.
Adların ahəngdarlığı sözün ilk hecası üzrə düzəlir:
a) Qardaş adlarının ahəngdarlığı: Elşən-Elçin, Zahid-Zahir, Bəşər-Bəşir və s.
b) Bacı adlarının həmahəngdarlığı: Aygül-Aygün; Afaq-Afət; Vəzifə-Vəsilə; Əsmər-Əsmət; İsmət-İstək; Günay-Günel; Leyla-Leyan və s.
Adların həmahəngdarlığı antroponimik paralellər üzrə də aparılır: Adil-Adilə, Azad-Azadə, Nail-Nailə, Firuz-Firuzə, Vüsal-Vüsalə, Cəmil-Cəmilə, Hasil-Hasilə, Xəyal-Xəyalə, Amal-Amalə, Bədir-Bədirə, Vahid-Vahidə, Qail-Qailə, Dinar-Dinarə, Zabit-Zabitə, Sabir-Sabirə, Zahir-Zahirə, İlham-İlhamə, Kamil- Kamilə, Mail-Mailə və s.
* * *
Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 288-320.
turan.info.az
.