ÖYRƏDƏNİN VƏ ÖYRƏNƏNİN HAQQ SƏSİ

ÖYRƏDƏNİN VƏ ÖYRƏNƏNİN HAQQ SƏSİ Hər bir fərdin sırf özünəməxsus ömür payı var. İnsan həmin ömür yolunu elə keçməlidir ki, baxanlar orada qoyulan izlərin xeyirxahlıq və qüdsiyyət çəkisini görə bilsinlər. Görüb qiymətləndirsinlər. Qiymətləndirib onu gələcək nəsillərə ərməğan versinlər. Bu yazıda elə bir insan haqqında söz açıram ki, özünəməxsus ömür payını təkcə özu üçün yaşamayıb.

Həmin şəxs ömür yolunu elə keçib ki, onun izlərinin xeyirxahlıq çəkisinin ağırlığı heç bir tərəziyə sığan deyildir. Onu qiymətləndirməyə cəhd ediblər və gələcək nəsillərə ərməğan qoyublar.
Bu ərməğan “Özü üçün yaşamayan insan” adlı kitabdır.
O insanın adı isə Hüseynqulu Məmməd oğlu Məmmədlidir.


2008-ci ildə Bakıda “Nurlan” nəşriyyatında nəşr olunan həmin kitab ömrünün yarısından çoxunu Gürcüstan və Azərbaycan respublikalarında xalqın maariflənməsinə, təhsilin inkişafına və keçən əsrin 80-ci illərindən həyatının sonuna kimi Dədə Qorqud boylarının araşdırılmasına həsr etmiş Hüseynqulu Məmmədov haqqında Azərbavcanın görkəmli alimlərinin, iş yoldaşlarının, tələbələrinin və onu yaxından tanıyan insanların xatirələrindən ibarətdir. Kitaba həm də H.Məmmədlinin yaradıcılığından nümunələr və onun kitabları haqqında mətbuatda dərc olunmuş məqalələr və s. daxil edilmişdir.
Fəxr edirəm ki, bu kitabda mənim də “El adamı” sərlövhəli xatirə məqaləm yer almışdır. Sevinirəm ki, onun haqqında söz demiş müqtədir ziyalıların arasında mənim də adım vardır. Qürur duyuram ki, Hüseynqulu muəllim müəllifi olduğum “Faxralıtək ağır elim var mənim” adlı kitabıma yazılmış ön sözün müəllifidir.

Hüseynqulu Məmmədli 1919-cu ilin bahar bayramında Gürcüstanın Borçalı mahalının Faxralı kəndində anadan olub. 1941-1962-ci illərdə Gürcüstanın təlim Azərbaycan dilində olan orta məktəblərində direktor müavini, direktor vəzifələrində çalışıb. 1962-ci ildə Bakıya köçüb. 1963-1980-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyində məktəb inspektoru vəzifəsində çalışıb. Qalan ömrünü Dədə Qorqud boylarının tədqiqinə həsr edib. Faxralı orta məktəbinin məzunları arasından çıxmış yüzdən çox alimin yetişməsində onun müstəsna xidmətləri olmuşdur. Professor, Azərbaycan Respublikası Milli Məclisinin birinci və ikinci çağırış deputatı seçilmiş Şamil Qurbanov, ipəkçilik üzrə respublikada ilk elmlər doktoru olmuş Namaz Bədəlov, fizika-riyaziyyat elmləri doktoru Tahir Pənahov, şair Abbas Abdulla və başqaları məhz Hüseynqulu Məmmədlinin yetirmələridir.

Zəmanəmizin Dədə Qorqudu

Fransız bəstəkarı və dirijoru Şarl Quno (1818-1893) yazıb: “Bizi özümüzdə saxladığımızdan daha çox başqasına verdiyimiz zənginləşdirir”. Hüseynqulu müəllimin xarakterinin bütövlüyünü və zənginliyini ümumiləşdirmək üçün onun gördüyü əzəmətli işlər sırasından yalnız Qorqudşünaslığa verdiyi töhfələri sadalamaq yetər: “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyi ərəfəsində işıq üzü görmuş “Dədə Qorqud” ensiklopediyasının ərsəyə gəlməsində Hüseynqulu müəllimin məsul katib kimi böyük zəhməti olmuşdur. H.Məmmədli müxtəlif vaxtlarda eposla bağlı nəşr etdirdiyi məqalələri bir yerə toplayaraq “Dədəm Qorqud gəzən yerdi bu yerlər...” kitabını araya gətirmişdir. O, “Dünyanı düşündürən Dədə Qorqud” adlı tədqiqat əsərini çapa hazırlamışdı. “Kitabi-Dədə Qorqud”un tədqiq tarixi, coğrafiyası, “Kitabi-Dədə Qorqud”un qədim yunan mifologiyası ilə, həmçinin türk xalqlarının digər eposları ilə süjet bağlılığı və digər problemlər onun əsas tədqiqat mövzuları olmuşdur.
Akademik Bəkir Nəbiyev Hüseynqulu müəllimin “Dədəm Qorqud gəzən yerdi bu yerlər” monoqrafiyasına münasibət bildirərkən bu əsərə bütövlükdə müəllifin verdiyi ad üstündə dayanmışdır: “Dədəm Qorqud gəzən yerdi bu yerlər”. Bunun özü elə əslində çox gözəl bir estetik folklor nümunəsidir. Mən inanıram ki, bu məqalənin başlığından götürülüb dönə-dönə şe-irlər yazılacaq, mətləblər izhar olunacaq, aşkar ediləcək. Onda hamı Hüseynqulu müəllimi məmnun-məmnun xatırlayacaqdır”.
Gürcüstan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dunyamalı Kərəm (Əliyev) isə Hüseynqulu Məmmədlini “Zəmanəmizin Dədə Qorqudu” adlandırır.

Dövrünü 50 il qabaqlayan müəllim

Biologiya elmləri namizədi Nadir Qurbanov Huseynqulu müəllim haqqında xatirə məqaləsində yazır: “Yadımdadır, o, bizə dərs deyəndə mövzuya aid suallar verilərdi və hər bir şagird ona paylanmış vərəqdə başa düşdüyu kimi sualı cavablandırardı. Sonra şagirdlərin düşünmə qabiliyyətini yoxlamaq məqsədilə, fikirləşmə sərbəstliyini müəyyən etmək üçün şifahi suallar verilərdi. Hal-hazırda bu metod “interaktiv metod - beyin həmləsi” adlanır. Hüseynqulu müəllim belə dərs metodundan hələ 50-60 il bundan əvvəl istifadə etmişdir və müəllimlərdən də bunu tələb etmişdir. Odur ki, Faxralı orta məktəbinin müəllimləri öz məzunları ilə fəxr edirlər”.
Mərhum filologiya elmləri doktoru, professor Şamil Qurbanov “Mənim ilk ədəbiyyat müəllimim” xatirə məqaləsində yazır: “...Şahbuzlu ibtidai məktəbində oxuyurdum. Həmin məktəbi bitirib orta məktəbə keçəndə Hüseynqulu müəllim yuxarı siniflərdə dərs deməyə başladı. Cox aydın və sirin diksiyası vardı, ədəbiyyatı da çox gözəl bilirdi. Konkret əsərlərin təhlili gələndə hər şeyi unuduruq, bütün fikrimizzikrimiz obrazlarda olurdu. Mən onda Hüseynqulu müəllimə və onun dərslərinə vuruldum”.

Stereotiplərə qarşı çıxan ziyalı

“Mənəviyyatın əsası ləyaqətlə düşünməkdir”. Bu fəlsəfi qənaət fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (1623-1662) müdrik fikirlərindən biridir. Hüseynqulu müəllim millətin işıqlı sabahı naminə ləyaqətlə düşünməyi bacarırdı. Bacardığını inam və qətiyyətlə reallaşdırırdı. O hətta milli mentalitetimizdəki köhnə stereotiplərə də cəsarətlə qarşı çıxırdı. H.Məmmədlinin cəsurluğu təfəkkür dərinliyinə, cəsarəti hünərvər zirəkliyə söykənir. Bu hünərvərliyə misal olaraq, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi qanunvericilik şöbəsinin baş məsləhətçisi, dövlət qulluğunun baş müşaviri, iqtisad elmləri namizədi, baş elmi işçi Əmirxan Babaşovun xatirə yazısından bəzi sətirlərin altını cızmaq istəyirəm: “XX əsrin əvvəllərində azərbaycanlı qızların tez nişanlanıb ərə getməsi bir ənənə halını almışdı. Bu, bizim Faxralı kəndində də özünü göstərirdi. Məktəbli qızlar məktəbdən yayınırdılar. Hüseynqulu müəllim məktəb direktoru işlədiyi vaxtlar bu meylə son qoyuldu. O illərdə bir nəfər də olsa məktəb yaşlı qız məktəbdən yayınmırdı. Elə bu səbəbdən də orta məktəbi qurtaran qızlar ali təhsil almaq üçün Bakıya və digər şəhərlərə oxumağa gedib, ali məktəblərə daxil olurdular.
Bu gün Faxralı orta məktəbini bitirən qızlar arasında onlarca elmlər namizədi və müxtəlif sahələr üzrə yetərincə kadrlar vardır”. Hüseynqulu müəllim hətta bu stereotipi tənqid edən “Kitabxanaçı qız” məqaləsini də yazıb Bolnisi rayonunun “Al bayraq” qəzetinin 1961-ci il mart buraxılışında dərc etdirmişdi.

Yurdunun dəyərini birə-beş artıran insan

Hüseynqulu Məmmədli haqqında xatirələr toplusunun adı orada yer alan məqalələrdən birinin adına uyğundur: “Təkcə özü üçün yaşamayan insan”. Həmin məqalənin müəllifi görkəmli pedaqoq, şair Əli Səngərlidir. Ə.Səngərli məqalədə əsas vurğunu Hüseynqulu Məmmədlinin müəllifi olduğu “Görüm Faxralının biri olsun beş...” adlı kitabının üstünə salır. “Kitabın adı bir kəndə aid olsa da, bəhrəsi bir millət üçün faydalıdı”. Qeyd edim ki, H.Məmmədli həmin kitabda Faxralı kəndindən, orda olan tayfalardan, xalqının məişətindən, o cümlədən də dağlı, aranlı, binəli keçmiş həyat tərzindən və onun maraqlı məqamlarından söhbət açır. Cahil və savadsız komsomolçuların və firqəçilərin, kolxoz quruculuğunun ilk illərində yol verdikləri zorakılığı, özbaşınalığı, xalqın başına gətirilən müsibətləri xatırlayır, 1937-ci il repressiyalarının günahsız qurbanlarını yada salır. “Görüm Faxralının biri olsun beş...” kitabında həmçinin XX əsrin sonunda keçmiş SSRİ ərazisində yaşayan türk soylu xalqlara qarşı millətçilik ruhunu qızışdıran xoşagəlməz hallar da qeyd olunmuşdur. Kitabın məzmunu təkcə Faxralını deyil, butövlükdə Borçalı mahalını, Tiflis şəhərinin Saburtala məhəlləsindən başlamış Sarvan, Bolnis, Başkeçid rayonundan tutmuş Ermənistan ərazisinə daxil olan Amasiyaya qədər böyük bir coğrafi ərazini əhatə edir.
Keçən əsrin əvvəllərində bu yerlərdə baş verən qanlı-qadalı hadisələr kitabda öz əksini tapmışdır. Kamil tarixçi zəhmətinin məhsulu olan bu kitab barədə kitabın sərlövhəsinə çıxarılmış sözlər də Aşıq Şenliyin Faxralıya həsr etdiyi məşhur şeirindəndir. “Görüm Faxralının biri olsun beş...” kitabı Hüseynqulu Məmmədlinin el-oba qarşısında mənəvi borcunu yerinə yetirməsinin tarixi təsdiqidir. Görün, akademik Bəkir Nəbiyev Hüseynqulu Məmmədlinin “Görüm Faxralının biri olsun beş...” kitabı haqda nə yazır: “Bu (kitabın adı nəzərdə tutulur), türkiyəli aşıq Şenliyin bir misrasıdır. Belə misralar Borçalıda da, Azərbaycanın butün folklorunda da minlərlədir. Amma Hüseynqulu müəllimin həm birinci, həm də bu kitabında misranı monoqrafiya, fundamental kitabın başlığına çıxarması ona əbədiyyət verdi”.
Əbədiyyəti qazanmış Hüseynqulu Məmmədlinin əsərləri haqqında mətbuatda çoxsaylı məqalələr dərc olunmuşdur. Həmin məqalələrin, rəylərin səhih ünvanı “Özu uçün yaşamayan insan” xatirələr kitabında göstərilmişdir. Həmin kitaba ön sözu filologiya elmləri namizədi Şərəf Cəlilli yazmışdır. Ön söz müəllifi Hüseynqulu müəllimin məmur kimi təmənnasızlığının, heç zaman şöhrət dalınca qaçmamasının altını cızır: “Maarif Nazirliyində tutduğu vəzifənin adı mufəttiş olsa da, elə Müəllim olaraq qaldı! Öyrədənin, öyrənənin haqq səsinə döndü. Qubadan ağ almanı, Göyçaydan narı, Gəncədən xur¬manı, Lənkərandan limonu, Salyandan, Ağdaşdan heyvanı, Şuşadan xarıbülbülü, Gədəbəydən tər bənövşəni onun eşqinə dərib xonça tutdular. Ayağının altında qoç kəsdilər. Çırağa çıraq kimi baxdılar. Səbəb bir idi: Bu müfəttiş o birilərdən deyildi. Elin-dilin, öyrədənin və öyrənənin Adamı idi! Haqqın tərəzisinə pərsəng vurmazdı. Düzü əyri, əyrini düz yazmazdı...”

Vətəndən nigaran gedən dahi

Ş.Cəlilli yazır ki, bütün dahilər, istedadlı insanlar kimi Hüseynqulu müəllim də Vətəndən, Qarabağdan nigaran getdi: “Təbrizi, Dərbəndi, Borçalını, İrəvanı, Göyçəni, Zəngəzuru, Dərələyəzi, Dərəçiçəyi gavur qabağında qolubağlı görmək onun onsuz da yuxa könlündən qəmli bayatılar cücərtdi...”
Ancaq onu da qeyd etmək yerinə duşər ki, Hüseynqulu Məmmədliyə adi bir insan kimi həyatdan nigaran köçdü demək olmaz. Yenə də Ş.Cəlillinin təbirincə desək, bütün olmuşlara, olanlara baxmayaraq Tanrı ona hər şey nəsib etmişdi. Oğul-qız, nəvə-nəticə payı vermişdi. Oğlu evli, qızı göylü olmuşdu. Elçi gedib gəlin gətirmişdi. Qız köçürüb “taxtını mən verdim, baxtını Tanrı versin” söyləmişdi. Xalq şairi Zəlimxan Yaqub yazır ki, Hüseynqulu müəllimin yaşı 80-i keçib, 90-nı haqlasa da, həmişə sərrast qalmışdır: “Adətən həmişə görmüşük ki, insan yaşlandıqca danışığını itirir, Hüseynqulu muəllimdə isə Allahın vergisi ilə bir yerdə o məktəbdən, müəllimdən gələn nizam-intizam, səliqə-sahman var di...

ÖYRƏDƏNİN VƏ ÖYRƏNƏNİN HAQQ SƏSİ El ağsaqqalı

Zəlimxan Yaqub Hüseynqulu Məmmədlinin bir ağsaqqal kimi örnək olduğunu vurğulayır: “Bizim anlamımızda, mən Zəlimxan Yaqubun şəxsində, Borçalıda yetişən ziyalıların anlamında ağsaqqal sözünün çəkisi çox böyükdü, cox şərəflidi. Elə bu gün bizi bu mərtəbələrə gətirib çatdıran, bəlkə də ağılkəsməz mərtəbələrə gətirib çatdıran bax həmin o ağsaqqallara ehtiramımız idi ki, biz onlardan öyrənə-öyrənə özümüz cavan yaşında ağsaqqal olduq. Yəni Hüseynqulu muəllimin bir xidməti də ondan ibarətdir ki, özünün rəftarı ilə, ünsiyyət mədəniyyəti ilə, insani dəyərləri ilə, əxlaqi keyfiyyətləri ilə bir ağsaqqal kimi bizə örnək oldu. Və biz həmişə fikirləşirdik ki, bax, ağsaqqal belə olar, alim belə olar, ziyalı belə olar. Adam öz elini-obasını belə sevər, müəllimini belə sevər, tələbəsi ilə belə fəxr eləyər. Bax bu mənada biz şadıq, xoşbəxtik ki, Hüseynqulu müəllimin şəxsində Borçalı mahalının Azərbaycana, türk dünyasına bəxş etdiyi böyük şəxsiyyətlər, böyük ziyalılar var və onlar tükənmir, davam eləyir, getdikcə də davam eləyəcək. Mən çox bö¬yük ehtiram hissi ilə hörmətli ağsaqqalımızın bizim üçun adı da, yaradıcılığı da, övladları da, yetirmələri də, torpağı da, kəndi də həmişə əziz olan, unudulmaz olan Hüseynqulu müəllimin ruhu qarşısında bir şair olaraq baş əyirəm və fəxr edirəm ki, bizim torpağın belə ağsaqqalı olub”.

Qayğıkeş ata

Hüseynqulu müəllim böyük və gözəl bir ailəyə başçılıq edib. Üç qızı və üç oğlu var. Övladlarının hamısı ali təhsil alıb. Böyük oğlu tanınmış folklorşünas alim Elxan Məmmədli Azərbaycan MEA-nın Folklor İnstitutunda şöbə müdiri, Azərbaycan Əməkdar mədəniyyət işçisidir. Eldar iqtisad elmləri namizədidir, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində çalışır. Ramiz “Ozon” zavodunun işçisidir. Ulduz bağçada tərbiyəçi müəllim, Firuzə fransız dili müəlliməsi, Firəngiz isə sənətşünasdır. Həmin ailənin özəllikləri barədə iqtisad elmləri namizədi Hətəm Həsənov 2002-ci ildə belə yazırdı: “Maraqlı faktdır ki, nəvələrinin körpə vaxtı hamısının tərbiyəsi ilə özü və xanımı məşğul olurlar. Odur ki, nəvələrinin əksəriyyəti babalarına oxşamağa çalışırlar. Ailədə hər kəsin öz kitabxanası var. 5 otaqlı mənzilin 3 oatğı kitabxanadır. Uşaqlar ailə qurub getdikcə ata payı kimi onlara böyük bir kitabxana bağışlanır. Göz gördüyünü götürər deyiblər. Övladlar atalarını daima oxuyan, yazan görmüşlər. Odur ki, ailə tamamilə ziyalılar ailəsidir”.
İngilislərdə belə bir müdrik deyim var: Bir cavan yaxınlaşıb aqil qocadan soruşur ki, kamil insan olmaq üçün nə etmək lazımdır. Pirani qoca cavab verir ki, üç kollec qurtarmaq lazımdır. Gənc təəccüblənir və sual verir: - Nə üçün məhz üç? Mütəfəkkir gülümsəyib deyir: - Kollecin birini baban, birini atan, birini də sən qurtarmalısan.
Bu nöqteyi-nəzərdən Hüseynqulu muəllimin nəvələri də babalarından, ata-analarından əxz etdikləri ziya işığı ilə kamilliyə yetişiblər. Onlar bu borcun əvəzini qismən də olsa çıxmağa çalı-şıblar. Belə ki, “Özü üçün yaşamayan insan” kitabı Hüseynqulu müəllimin nəvəsi Toğrul Bayramlının vəsaiti ilə nəşr olunub. Toplayanı və tərtib edəni isə Eldar Hüseynqulu oğludur. Beləliklə, Hüseynqulu müəllimin övladlarının, nəvələrinin kitabxanalarına bir qiymətli kitab da əlavə olunmuşdur.

Əlavə ştrixlər

Hüseynqulu Məmmədlinin şəxsiyyətini səciyyələndirən üstün məziyyətlər barədə söylənilən gözəl fikirlər kitabda yer alan xatirə məqalələrin sərlövhələrində öz əksini tapmışdır. Onların sırasından bəzilərinə bir yerdə göz ataq: “Əməli ilə özünə heykəl qoyan kişi” (B.Nəbiyev), “Cəfakeş, təmənnasız və unudulmaz insan” (H.İsmayılov), “Faxralı elinə ilahi tərəfindən göndərilən insan” (V.İsmayılov), “Dədə Qorqud kimi bir kişi” (K.Əliyev), “Hüseynqulu müəllim həm də həyat müəllimi idi” (G.Yoloğlu), “Abidə insan” (H.Həsənov), “Onu Dədə Qorqud ruhu yaşadırdı” (İ.Kərimov), “Qəmlərə Sarvan” (Ş.Cəlilli), “El üçün yaşayanlar ölməz olur” (G.Əliyeva), “Şagirdlərini doğma balaları kimi sevirdi” (K.Nuriyev), “Qorqudşünaslıq karvanın cəfakeş yolçusu”.
Topluda Hüseynqulu Məmmədliyə bağışlanan kitabların avtoqrafları da yer almışdır. Həmişə avtoqrafların müəllifləri Hüseynqulu Məmmədliyə bəslədikləri dərin hörməti “Əzizim”, “köhnə dostum”, “Hörmətli müəllimim”, “böyük qardaşım”, “Ata əvəzi Hüseynqulu müəllim”, “elimizin, obamızın ağsaqqal ziyalısı”, “əziz ağsaqqalımız”, “ustadımız” deyərək izhar edirlər. Avtoqraflar arasında orijinallığı ilə seçilənləri də vardır.

Əbədiyyətə qovuşan insan

Bu sətirlərin müəllifi də Hüseynqulu müəllimin yüz illər yaşamasını, yaratmasını istəmişdi. Ancaq Abdulla Bədəlov demişkən, neyləyəsən, çox təəssüflər olsun ki, ömrün yaşanma meydanı məhdud, arzuların at oynatdığı meydan isə hüdudsuzdur. Elmi-tədqiqatlar aparıb onlardan özündən sonra gələnlərin bəhrələnməsi üçün var gücü ilə çalışan Hüseynqulu müəllim ömrünün son gününədək, yəni 2005-ci il sentyabr ayının 21-də həyata əbədi göz yumanadək xoş arzuları yoluna parlaq işıq saçan şamtək yanmaqdan nəinki qorxmur, əksinə, tükənməz arzuların gerçəkləşməsi - həyati ifadəsini tapması naminə Ulu Tanrıdan möhlət diləyirdi.
Hüseynqulu müəllimin oğlu Elxan Məmmədli “Son söz və ya atama sonsuz məhəbbətim” adlı xatirə məqaləsində yazır: “Atamız şərəfli bir ömür yaşadı, mərd yaşadı. Heç vaxt nə əli-nin, nə də sözünün arxasını yerə vurdu. Bildiyi işə girişdi. Bil-mədiyi işdən yapışmadı. Obyektiv oldu, həmişə haqqın tərəfində durdu. Haqqı qorudu, haqq da onu qorudu".

Həmin xatirələrdən məlum olur ki, H.Məmmədli həm də çox haqsızlıqlar görmüşdü. Onun Dədə Qorquddakı fəaliyyəti vaxtında layiqincə qiymətləndirilməmişdir.
Ancaq Huseynqulu müəllimin əsl qiymətini tərbiyə üsulu, danəndəliyi, alicənablığı, qayğıkeşliyi, yuksək mədəniyyəti və savadı ilə nümunə göstərdiyi ardıcılları verdilər. Ərsəyə gətirdikləri “Özu üçün yaşamayan insan” kitabı ilə. Bu kitabın ərsəyə gəlməsində zəhməti olan, işıq üzü görməsində xidməti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Əsl qədirşünaslıq nümunəsi kimi dəyərləndirilməyə layiq olan bu kitab oxuculara həm də Hüseynqulu müəllimin müəllifi olduğu kitabların, elmi və məktəbşünaslığa aid məqalələrinin, oçerklərinin, xatirələrinin və şeirlərinin də adını və ünvanını göstərəcəkdir. Fikrimcə, “Özü üçün yaşamayan insan” haqqında kitab təkcə Hüseynqulu Məmmədlinin övladlarından, qohumlarından, dostlarından, ellilərindən, həmkarlarından ibarət dar çərçivədə deyil, bütün Azərbaycan və Türk dünyasında maraqla qarşılanacaqdır.

Səməndər Məmmədov


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus
BORÇALININ EL AĞSAQQALI,  MÜDRİK ZİYALISI HÜSEYNQULU MƏMMƏDOV

BORÇALININ EL AĞSAQQALI, MÜDRİK ZİYALISI HÜSEYNQULU MƏMMƏDOV

TDPİ-nin Azərbaycan bölməsi, Folklor, Bolus
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
Mənəvi dəyərlərimizin keşiyində dayanan fədakar xanım

Mənəvi dəyərlərimizin keşiyində dayanan fədakar xanım

Bolus
ELXAN MƏMMƏDLİ:

ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI"

Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Elm, Humanitar elmlər, Folklor, Bolus, Təbriklər
İsmayıl Güllər: FAXRALININ TORPAĞIDI BU YERLƏR...

İsmayıl Güllər: FAXRALININ TORPAĞIDI BU YERLƏR...

Bolus, Müşfiq Borçalı
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
KÖKLƏDİ KÖNÜL SAZINI

KÖKLƏDİ KÖNÜL SAZINI

Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Humanitar elmlər, Turan, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
FAXRALI KƏNDİ - 3

FAXRALI KƏNDİ - 3

"XXI əsrin Ziyalıları", Bolus
Nurdan yaranmışdı – nur oldu, getdi...

Nurdan yaranmışdı – nur oldu, getdi...

"Zirvə", "XXI əsrin Ziyalıları", Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
FAXRALI KƏNDİ - 1

FAXRALI KƏNDİ - 1

Bolus
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
BASQALIN TARİXİNİ YADDAŞLARA YAZAN ZİYALI

BASQALIN TARİXİNİ YADDAŞLARA YAZAN ZİYALI

"Şərqin səsi", "Elm və Təhsil"
Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

AzTU
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
Rəy yazın: